Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-114/2025 22.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Sabirabad rayonu, Dadaşbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, Ş.Şükürov küçəsi dalan 5, ev 3-də qeydiyyatda olmaqla, Sabirabad rayonu, Dadaşbəyli kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittihama görə, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 1 ədəd şüşə bankada və 1 ədəd polietilen torbada olmaqla ümumi çəkisi 87,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanam qanunsuz olaraq əldə edib yaşadığı ünvanda saxlamış, 06 fevral 2025-ci il tarixdə saat 11 radələrində Sabirabad rayonu Dadaşbəyli kəndində yerləşən ünvanına anası Şahid4 DİN-in 102 Xidməti-Zəng mərkəzi sisteminə verdiyi oğurluq məlumatı əsasında Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı həyətyanı sahədə yerləşən əldamından 1 ədəd şüşə bankanın içərisindən 1 ədəd polietilen torbaya boşaldıldıqdan sonra ümumilikdə 2 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi - 17,0 qram, 70,0 qram olmaqla ümumi çəkisi 87,0 qram orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Sabirabad rayonu Dadaşbəyli kəndində anası Şahid4 ilə birlikdə yaşayır, atası Xeyrulla dünyasını dəyişmiş, qardaşı Xəyyam isə narkotik üstündə tutulmuşdur. Onlar öz həyətində ev quşları saxlamış, bir qayda olaraq özünə məxsus 50 ədəd toyuq və 8 ədəd hindquşuna həyətlərində olan əldamında baxmış, əldamının qapısını da dəmir qıfılla bağlı olmuşdur. xx.xx.2025-cü il tarixdə səhər saatlarında yatan zaman anası Naibə onu oyadıb əldamın qapısının kilidinin qırıldığını, 22 ədəd toyuğun və 8 ədəd hindquşunun oğurlandığını düşünüb bu barədə AR DİN-nin 102 xidmətinə zəng edib məlumat verdiyini demiş, sonra həmin məlumat əsasında yaşadıqları ünvana polis əməkdaşları gəlmiş, anası ev quşlarının saxlandığı yeri göstərəndə o da orada olmuşdur. Polis əməkdaşları orada baxış zamanı bir ədəd şüşə bankanın və sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, habelə 1 ədəd elektron tərəzi aşkar etmiş, o, həmin narkotik vasitənin qurudulmuş marixuana olduğunu, marixuananın və elektron tərəzinin ona məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları ondan həmin narkotik vasitəyə bənzər kütlələri necə əldə etdiyini soruşduqda həmin kütlələri çöl sahədə əkdiyi 2 ədəd çətənə (kannabis) bitkisindən əldə etdiyini və özü üçün orada saxladığını demiş, bundan sonra polis əməkdaşları bankada olan narkotik vasitəni aşkar olunduğu sellefona doldurub həmin sellofandakı kütlələri tərəzidə çəkərək qablaşdırıb götürmüşlər. O, yaşadıqları evin həyətyanı sahəsində əl damında saxladığı həmin narkotik vasitəni orada saxlamağı barədə nə anasına, nə də başqa hər hansı bir şəxsə demişdir. Həmin qurudulmuş marixuananı özü üçün saxlamış, heç kimə satmaq və ya əvəzsiz vermək kimi bir fikri olmamışdır. Yaşadığı ünvanda aşkar olunmuş elektron tərəzi isə hazırda məhkumluq həyatı yaşayan qardaşı X1 qalmışdır. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Əməlindən peşmandır. Himayəsində yaşlı və xəstə anası, məhkum olunmuş qardaşının ailəsi vardır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Göstərilənlərin nəzərə alınaraq məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, Sabirabad RPŞ-nin Qaragüney PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvvəkili vəzifəsində işləyir, polis kapitanı rütbəsindədir. 06 fevral 2025-ci il tarixdə səhər saatlarında Sabirabad rayonu Dadaşbəyli kəndində yaşayan Şahid4 DİN-nin 102 Xidməti-Zəng mərkəzinə zəng edərək yaşadığı ünvandan ona məxsus olan 22 ədəd toyuq və 8 ədəd hindquşunun oğurlandığı barədə məlumat vermiş, o da həmin məlumat əsasında növbədə olan digər polis əməkdaşları, təhqiqatçı Elnur Hacıyev və polis nəfəri Şahid2 ilə birlikdə həmin ünvana getmiş, Şahid4 ev quşlarının saxlandığı yeri göstərmiş, orada sonuncunun oğlu Təqsirləndirilən şəxs da olmuşdur. Həmin əldamı kimi olan tövləyə baxış zamanı bir ədəd şüşə bankanın və sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, habelə 1 ədəd elektron tərəzi aşkar etmiş, Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitənin qurudulmuş marixuana olduğunu və özünə məxsus olduğunu bildirmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə bənzər kütlələri necə əldə etdiyini soruşduqda sonuncu həmin kütlələri çöl sahədə əkdiyi 2 ədəd çətənə (kannabis) bitkisindən əldə etdiyini və özü üçün orada saxladığını demişdir. O, digər polis əməkdaşları ilə birlikdə bankada olan narkotik vasitəni aşkar olunduğu sellefona doldurub tərəzidə çəkmiş, sonra qablaşdırıb götürmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, o, Sabirabad RİHB-nin Qaragüney kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışır. 06 fevral 2025-ci il tarixdə səhər saatlarında Sabirabad rayonu Dadaşbəyli kəndində yaşayan Şahid4 DİN-nin 102 Xidməti-Zəng mərkəzinə zəng edərək yaşadığı ünvandan özünə məxsus olan 22 ədəd toyuğun və 8 ədəd hindquşunun oğurlandığı barədə məlumat verdiyini bölmənin polis əməkdaşlarından eşitmiş, polis əməkdaşları onu və nümayəndəliyin mühasibi Şahid5 hal şahidi kimi dəvət etmiş, o da Ramil müəllimlə həmin yerə getmiş, polis əməkdaşları orada olmuşlar. Şahid4 ev quşlarının saxlandığı yeri göstərmiş, orada sonuncunun oğlu Təqsirləndirilən şəxs da olmuşdur. Polis əməkdaşları həmin əldamı kimi olan tövləyə baxış keçirdikləri zaman bir ədəd şüşə bankanın və sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, habelə 1 ədəd elektron tərəzi aşkar etmiş, Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu deyib həmin marixuananın və elektron tərəzinin özünə məxsus olduğunu bildirmişdir. Polis əməkdaşlarından biri Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə bənzər kütlələri necə əldə etdiyini soruşduqda sonuncu həmin kütlələri çöl sahədə əkdiyi 2 ədəd çətənə (kannabis) bitkisindən əldə etdiyini və özü üçün orada saxladığını demişdir. Polis əməkdaşları bankada olan narkotik vasitəni aşkar olunduğu sellefona doldurub tərəzidə çəkmiş, sonra da qablaşdırıb götürmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 digər Şahid3 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 07 fevral 2025-ci il tarixli, 18/103 nömrəli ekspert rəyindən görünür ki: Tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs yaşadığı ünvandan... marixuanaya bənzər..X sözləri və imzalar olan kağız paketdəki 02 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi - 17,0 qr, 70,0 qr, ümumi çəkisi - 87,0 qram olan bitki mənşəli kütlələr orqanoleprik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 11 fevral 2025-ci il tarixli, 753 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş, məcburi müalicə tətbqi edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.8-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xəstəlikləri olan şəxslərə narkomanlıq xəstəliyinə düçar olmuş şəxs kimi hal-hazırda narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad rayon Sabirabad RİHB-nın Qaragüney KİƏD nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarından göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aidddir. Təqsirləndirilən şəxs narkotik vasitə hesab edilən çəkisi 86,80 qram olan narkotik vasitə marixuananın əldə edərək saxladığını və daşıdığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadələri və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, şəxsiyyətinin müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşmançılıq hissi keçirməsini, ailə vəziyyətini və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikasının CM-nın 59-cu maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun olar. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il iki gün həbsdə saxlandığı müddət dörd gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, həmin müddət ona təyin olunan cəzadan çıxılmalıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi tədqiqatdan sonra 86,80 qram olan narkotik vasitə marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini və məhkəmə xərcinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 02 (iki) gün həbsdə saxlandığı müdət 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 (otuz bir manat doxsan beş qəpik) məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE ********************) köçürülsün. İş üzrə maddi sübut olan və Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalmış 86,80 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-114/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-114/2025
22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver