Məhkəmə qərarları › İş №1(056)-115/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-115/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-115/2023 16.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlu, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad şəhəri, Babək küçəsi, dalan 1, ev 6-da qeydiyyatda olmaqla yaşayan,barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilən ittihama görə, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,570 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib idarə etdiyi Vaz-21064 markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşımaqla saxlamış, 28 fevral 2023-cü il tarixdə saat 21 radələrində Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri ərazisində idarə etdiyi Vaz-21064 markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinə gətirilib, idarə etdiyi avtomobilə baxış aparılan zaman avtomobilin salonundakı qoltuqaltı deyilən yerdən «Rothmans» markalı siqaret qutusunun içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 0,570 qram olan həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, atasına məxsus Vaz-21064 markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobillə etibarnamə əsasında Sabirabad şəhərində taksi fəaliyyəti ilə məşğul olur. 28 fevral 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evdən çıxıb küçə ilə avtomobili saxladığı yerə gedən zaman yerdə bir ədəd büküm görmüş və həmin büküm onun diqqətini cəlb etdiyi üçün onu yerdən götürüb içərisinə baxdıqda ağ rəngli psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Bu səbəbdən həmin bükümü Rothmans markalı siqaret qutusunun içərisinə qoymuşdur ki, onu gecə evə gələn zaman isifadə edər. Sonra avtomobilə əyləşib Sabirabad şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Həmin gün saat 21:30 radələrində bir nəfər müştərini Balakənd yolu deyilən əraziyə aparıb qayıdarkən Sabirabad şəhəri ərazisində polis əməkdaşları avtomobilinə əl edib saxlatmışlar və ona narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə Sabirabad RPŞ-yə gəlmişdir. Həmin vaxt avtomobilində polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olarkən o, təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və vəkil Qədir Qədirov gəldikdən sonra hal şahidləri və polis əməkdaşlarının iştirakı iləüzərindəşəxsi axtarış aparılmış, lakin heç bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra onun iştirakı və icazəsi ilə idarə etdiyi avtomobilə baxış keçirilmiş və baxış zamanı ondan avtomobildə hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə olub-olmadığı soruşulduqda, o, avtomobildə psixotrop maddə metamfetamin olduğunu demişdir. Daha sonra o, avtomobilin salonundakı qoltuqaltı deyilən yerdəki Rothmans markalı siqaret qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etmiş və həmin qutuda bir ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu demişdir. Polis əməkdaşları tərəfindən siqaret qutusundakı büküm açılaraq baxılmış və içərisində həqiqətən də psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Baxış zamanı qoltuqaltı hissədə olan qırılmış dərman qabını da təqdim etmiş və həmin qabdan narkotik vasitə heroin qəbul edərkən istifadə etdiyini demişdir. Həmin vaxt təqdim etdiyi 01 ədəd bükümdə psixotrop maddə metamfetamin və qırılmış şüşə qablaşdırılaraq götürülmüşdür. Hazırda əməlindən peşmandır. Söz verir ki, bir daha narkotik vasitə istifadə etməyəcəkdir. Ona görə də o, məhkəmədən göstərdiyi xüsusatların nəzərə alınaraq barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 28 fevral 2023-cü il tarixdə xidmətdə olarkən Sabirabad şəhəri, Babək küçəsi, dalan 1, ev 6-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, qeyd olunan məlumatın yoxlanılması ilə bağlı ilk öncə tərəfindən rəhbərliyə raportla müraciət olunmuş, daha sonra isə tərəfindən təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Həmin qərarın icra olunması ilə bağlı o və əməliyyat müvəkkili Şahid2 Sabirabad şəhərinə getmişlər. Şəhərin H.Əliyev prospektində əməliyyat tədbirləri keçirən zaman Təqsirləndirilən şəxs idarə etdiyi Vaz- 21064 markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğunu görüb əl edib avtomobilini saxlatmışlar. Sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələri saxlaması haqda əməliyyat məlumatının daxil olduğunu izah edib, Təqsirləndirilən şəxs Sabirabad RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə RPŞ-yə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobili də RPŞ-yə gətirilmişdir. RPŞ-də olarkən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmiş və vəkil gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə hal şahidlərinin iştirakı ilə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs icazəsi ilə sonuncunun idarə etdiyi avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin salonundakı qoltuqaltı deyilən yerdən bir ədəd Rothmans siqaret qutusunu və bir ədəd qırılmış şüşə ampulanı təqdim edib demişdir ki, siqaret qutusunun içərisində psixotrop maddə metamfetamin vardır, şüşə ampulanı isə narkotik vasitə heroin qəbul edərkən istifadə etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusu açıldıqda içərisində bir ədəd bükümdə ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Daha sonra qeyd olunan büküm və qırılmış şüşə ampula qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə X1 regional Bölməsinin 01 mart 2023-cü il tarixli, 18/253 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuşüzərində “..Təqsirləndirilən şəxs avtomobilindən...” sözləri yazılmış kağız paketdəki siqaret qutusunda 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,570 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 ədəd yuxarı hissəsi sındırılmış şüşə ampulada narkotik vasitə heroinin izi vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən miqdarını müəyyən etmək mümkün deyildir. İşdə olan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 31 may 2023-cü il tarixli, 3356 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət məsuliyyətinə səbəb olur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir: narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarın 8-ci və 9-cu maddələrində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aidddir. Təqsirləndirilən şəxs narkotik vasitə hesab edilən 1 ədəd bükümdə təmiz çəkisi 0,570 qram olan həmin psixotrop maddə metamfetamin əldə edərək saxladığı və daşıdığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadələri, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, törətdiyi əməlindən peşmançılıq hissi keçirməsini, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və ilk dəfə cinayət əməli törətməsini CM-nin 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iki gün həbsdə saxlanmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla, dörd gün müddət ona təyin olunan cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq cəza çəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, Təqsirləndirilən şəxs narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı olmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiatdan sonra qalıq qalmış 0,520 qram metamfetamin məhv edilməli, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməli olmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 02 (iki) gün həbsdə saxlanıldığı müddət bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün olaraq çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49 manat 74 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE**********00********) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalmış 0,520 qram metamfetamin məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar