Məhkəmə qərarları › İş №1(056)-116/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-116/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-116/2023 23.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə, xx.xx.1980-cı ildə Sabirabad rayonu Kürkəndi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Sabirabad rayonu Kürkəndi kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə irəli sürülmüş ittihama görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 64,39 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşımaqla yaşadığı Sabirabad rayonu Kürkəndi kəndində olan evinə gətirərək evin qonaq otağında olan dolabın arxa hissəsində 01 ədəd polietilen torbada qanunsuz saxlamış, həmçinin istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin fevral ayının ortalarında yaşadığı evin həyətində olan hində torpağa əkmiş, həmin toxumlardan yetişmiş 13 ədəd çətənə bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, 02 mart 2023-cü il tarixdə saat 22 radələrində Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə, evin həyətyanı sahəsində olan tikililərə baxış keçirilən zaman evin qonaq otağında olan dolabın arxa hissəsində 01 ədəd polietilen torbada təmiz çəkisi 64,39 qram narkotik vasitə qurudulmuş marixuana və evin həyətində olan hində qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi xeyli miqdarda – ümumi çəkisi 0,40 qram olan 13 ədəd yaş vəziyyətdə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, bu ilin fevral ayının əvvələrində yaşadığı kənddə Kür çayının kənarında gəzərkən torpaqdan sellofanın görsəndiyini görmüş, sellofanında içərisində bankanın ağzı görsənmişdir. Ona maraqlı olduğu üçün həmin sellofanı banka qarışıq torpaqdan çıxartmış, sellofanın içərisində qurudulmuş marixuana, bankanın içərisində isə çətənə bitkisinin toxumlarını görmüşdür. O, marixuanadan istifadə etdiyi üçün sellofanı və bankanı özü ilə aparmış və yaşadığı evdə qonaq otağında dolabın arxasında gizlətmişdir. Təxminən fevral ayının ortalarında tapdığı çətənə bitkisinin toxumlarından həyətində olan balaca hində əkməyi, yetişdikdən sonra qurudub istifadə etməyi fikirləşmiş, bu səbəbdən həmin toxumlardan həyətdə olan balaca hinə səpmişdir. Hinin üzərində olan şiferi götürüb kənara qoymuşdur ki, toxumlara günəş dəysin. Təxminən iki üç gün əvvəl hinə baxdıqda toxumların cücərdiyini və yetişdiyini görmüşdür. 02 mart 2023-cü il tarixdə gecə saatlarında yaşadığı evdə olan zaman polis əməkdaşları həyətə gəlib onu çağırmış, ona narkotik vasitələrin qanunsuz olaraq saxlanmasında, əkilməsində şübhəli olduğunu, təxirəsalınmaz qərarla yaşadığı evə, evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. O, etiraz etməmiş, bu barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən iki nəfər hal şahidi və aqronomun iştirakı ilə yaşadığı evə baxış keçirilmiş, evin qonaq otağında olan dolabın arxasında saxladığı torbada qurudulmuş marixuana aşkar edilmişdir. Sonra evin həyətyanı sahəsinə baxış keçirilmiş, həyətyanı sahədə olan hində əkdiyi və cücərmiş 13 ədəd çətənə bitkisinin şitilləri də aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə və çətənə bitkisinin şitilləri polis əməkdaşları tərəfindən qablaşdırılmış və götürülmüşdür. Hazırda o, əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Ailəsinə yeganə qazanc gətirən şəxs odur. Söz verir ki, bir daha narkotik vasitədən nə istifadə edəcək, nə də onun kultivasiyası ilə məşğul olacaqdır. Göstərdiyi xüsusatların nəzərə alınaraq barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, o, Sabirabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 mart 2023-cü il tarixdə Sabirabad rayonu Kürkəndi kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması və narkotik tərkibli bitki əkib-becərməsi barədə ona əməliyyat məlumatı daxil olmuş, bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmiş, raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Onun tərəfindən təxirəsalınmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin İstintaq bölməsinin müstəntiqi Mərifət Ağazadə, Sabirabad RPŞ-nin PPXB-nin komandiri Şahid1, RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan başqa, baxış keçirilməsində iştirak etmək üçün Sabirabad rayonu Kürkəndi kəndində qeydiyyatda olmaqla yaşayan Şahid4 və Sabirabad şəhəri Şərifzadə küçəsi, ev 3-də qeydiyyatda olmaqla yaşayan X3 hal şahidi kimi dəvət olunmuşlar. Həmin şəxslər baxış keçirilməsində hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiklərini və baxış keçirilməsi prosesində hal şahidi kimi iştirak edəcəklərini bildirmişlər. Bundan sonra avtomobillə Təqsirləndirilən şəxs yaşadığı evinə gəlmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs özü həyətdə olmuşdur. Onlar Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması və narkotik tərkibli bitki əkib-becərməsi barədə məlumat aldıqlarını bildirmiş, buna görə onun həyətinə və yaşadığı evə baxış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs həyətinə və yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə vermişdir. Bundan sonra hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman həyətyanı sahədə olan hində torpağa əkilmiş 13 ədəd çətənə (kannabis) bitkisinə oxşar bitkinin şitilləri, daha sonra isə evin qonaq otağında olan dolabın arxasında 01 ədəd polietilen torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinin şitilləri torpaqdan çıxarılmış, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə ilə birlikdə qablaşdırılıb DİN-nin 139 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs şifahi sorğu zamanı polis əməkdaşlarına 13 ədəd narkotik tərkibli çətənə bitkilərini öz istifadəsi üçün əkdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiklərini təsdiq etdi. İş üzrə keçirilmiş Ədliyyə Nazirliyi Məhkəmə X2 Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, 18/270 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “... Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağından...” sözləri yazılmış və imzalar olan polietilen torbada təmiz çəkisi-64,39 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı..” sözləri yazılmış və imzalar olan kağız paketdəki cəmi 13 ədəd, nəm vəziyyətdə, ümumi çəkisi- 0,40 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Qurudulmuş marixuanadan 0,02 qram tədqiqata sərf olunmuş, 64,37 qram qalıq qalmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3628 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabionidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Kürkəndi kənd inzibati ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Kürkəndi kənd inzibati ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı və iki oğlundan ibarətdir. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmə, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, şahidlərin ifadələri, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, baxış keçirilməsi protokolu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirməsini, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, yuxarıda sadalanmış cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci və 237.1-ci maddələri həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək şübhəli şəxs qismində 1 gün saxlanılmışdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin məhkəmə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.20223-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 1 günlük müddət iki gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulub hesablanaraq 2 gün müddət ona təyin olunmuş qəti cəzadan çıxılmalıdır. Qeyd edilənlərlə yanaşı məhkəmə, qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan, 13 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri və tədiqatdan sonra çəkisi 64,37 qram narkotik vasitə qurudulmuş marixauananın məhv edilməsini, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla, Təqsirləndirilən şəxs üzərində 05 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı 1 gün müddət iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq hesablanmaqla təyin olunmuş 05 il azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmənin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Sabirabad Rayon Polis Şöbəsində saxlanılmış 13 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri və tədiqatdan sonra çəkisi 64,37 qram narkotik vasitə qurudulmuş marixauana məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar