Məhkəmə qərarları › İş №1(056)-116/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-116/2025

21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-116/2025 21.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 oğlunun, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi: Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2006-cı ildə Sabirabad rayon Çöl Beşdəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Sabirabad rayon Çöl Beşdəli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, 07 oktyabr 2024-cü il tarixdə saat 12:30 radələrində, Sabirabad rayon Çöl Beşdəli kəndində kənddaxili yolda sürücülük hüququ olmadan idarə etdiyi Mercedes Benz C 200 minik markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobili 20 km/saat sürətlə hərəkət etdirərkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozub, hərəkət üçün təhlükə yarandığı anda hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna riayət etməyərək, yolun sağından soluna keçən xx xxxxxx 2013-cü ildə anadan olmuş azyaşlı piyada Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan avtomobilin qabaq sağ tərəfi ilə vurmuş, nəticədə o, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 sağ bud sümüyünün aşağı 1/3-də qapalı sınıq, alın nahiyəsində yara əmələ gəlməsi ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 09 oktyabr 2024-cü il tarixdə həqiqi hərbi xidmətə getmişdir. Sabirabad rayon Nəsimi kəndində yaşayan Zərərçəkmiş şəxs3 onun doğma əmisidir. Əmisi Zərərçəkmiş şəxs3 “Mercedes Benz C 200 minik” markalı **-NP-*** dövlət nömrə nişanlı avtomobili var. Onun özünün sürücülük vəsiqəsi olmasa da, avtomobil idarə etməyi bacarır. Hərbi xidmətə getməsi ilə əlaqədar 07 oktyabr 2024-cü il tarixdə saat 15 radələrində yaşadığı evdə məclis təşkil olunmuş, həmin gün əmisi Zərərçəkmiş şəxs3 saat təxminən 09:30 radələrində idarə etdiyi avtomobillə onlara gəlmiş və birlikdə Şirvan şəhərinə bazara gedərək məclis üçün bazarlıq etmişlər. Onlar bazarlıq etdikdən sonra Çöl Beşdəli kəndindəki yaşadıqları evin həyətinə qayıtmışlar. Sonra əmisi Zərərçəkmiş şəxs3 onların evinə keçmiş, o isə həyətdə avtomobildən ərzaqları boşaldanda avtomobilin açarının üstündə olduğunu görmüşdür. Ərzaqları boşaldandan sonra saat 12 radələrində əmisi Zərərçəkmiş şəxs3 icazə almadan həyətdə olan avtomobili işə salıb idarə edərək kənd məktəbində 5-ci sinifdə oxuyan bacını evə gətirməyə getmiş, saat təxminən 12:30 radələrində kənddaxili yolda avtomobili təxminən saatda 20 km sürətlə idarə edərkən, yolun sərt döngəli hissəsini keçəndən sonra hərəkətdə olduğu istiqamətdə yolun sağ kənarı ilə azyaşlı məktəb uşaqlarının onun istiqamətinə gəldiyini görmüş, uşaqların gəldiyi istiqamətə çatanda həmkəndlisi Zərərçəkmiş şəxs2 yolun sağından soluna qaçıb keçmək istədiyini görərək təhlükə yarandığını hiss edərək avtomobilə tormoz vermişdir. Həmin vaxt Elxan avtomobilin qarşı sağ yan hissəsinə dəyərək asfalt yolun üzərinə yıxılmışdır. Elxan yerə yıxılandan sonra avtomobil bir neçə metr qarşıya getmiş və yolun sağ kənarında avtomobili saxlayıb yerə düşmüşdür. O, Elxanı yerdən götürüb avtomobilin arxa oturacağına əyləşdirmiş, sonra özü də sükan arxasına əyləşərək avtomobili idarə edib Zərərçəkmiş şəxs2 kənddə yerləşən tibb məntəqəsinə aparmış, həkim Elxana baxaraq onu xəstəxanaya aparmaq lazım olduğunu demiş, həmin vaxt əmisi RahimTarverdiyev də ora gələrək avtomobillə X6 şəhər mərkəzi xəstəxanasına aparmışdır. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törətmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də zərərçəkmiş şəxsin və qanuni nümayəndəsinin ona qarşı şikayət və tələbi yoxdur. Göstərdiyi halların, həmçinin hadisənin ehtiyyatsızlıqdan baş verməsinin nəzərə alınaraq məhkəmədən barəsində cərimə cəzası təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi: Qanuni nümayəndə iştirakı ilə dindirilərkən ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu Çöl Beşdəli kəndində valideynləri ilə birlikdə yaşayır. Çöl Beşdəli kənd Rasim Şirinov adına tam orta məktəbin 6-cı sinifində oxuyur. 07 oktyabr 2024-cü il tarixdə saat 12 radələrində məktəbdən çıxıb asfalt yolun sol kənarı ilə evləri istiqamətinə gedərkən, təxminən yaşadıqları evlərinin istiqamətinə çatmağa 80-90 metr məsafə qalmış həmkəndlisi Təqsirləndirilən şəxs Mercedes markalı avtomobillə qarşı tərəfdən gələrək yolun kənarında avtomobilin qarşı tərəfi ilə onu vurmuş, o, zərbənin təsirindən yerə yıxılmış, sonra Yusif avtomobili yolun kənarında saxlayaraq, onu yerdən qaldırıb avtomobilə qoyaraq kənddəki tibb məntəqəsinə aparmışdır. Hadisə nəticəsində onun sağ qıçı sınmış və alın nahiyəsindən xəsarət almışdır. Tibb məntəqəsində qadın həkim ona baxandan sonra onun xəstəxanaya aparılmasını demişdir. Həmin vaxt Yusifin əmisi Zərərçəkmiş şəxs3 oraya gələrək onu avtomobilinə qoyaraq Şirvan şəhər mərkəzi xəstəxanasına aparmışdır. Rahim onu xəstəxanaya apararkən babası Şahid də onlarla getmiş, xəstəxanada 7 gün müalicə olunduqdan sonra atası Rzaxan onu xəstəxanadan evlərinə aparmış və evlərində müalicəsini davam etdirmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Hazırda onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Ona yüngül cəza təyin edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, onun nəvəsi Zərərçəkmiş şəxs2 Sabirabad rayon Çöl Beşdəli kənd Rasim Şirinov adına tam orta məktəbin 6-cı sinifində oxuyur. 07 oktyabr 2024-cü il tarixdə saat 12 radələrindən sonra evində olarkən həmkəndlisi Təqsirləndirilən şəxs kənddaxili yolda əmisi Rahimin Mercedes markalı avtomobilini idarə edərkən məktəbdən çıxıb yolun kənarı ilə evlərinə gedən nəvəsi Elxanı avtomobillə vurduğunu və Elxanı kənd tibb məntəqəsinə apardığını eşitmişdir. O, bu xəbəri eşidəndən sonra dərhal kənd tibb məntəqəsinə getmiş, həmin vaxt Rahimin orada olduğunu görmüşdür. Tibbi məntəqəsində Elxanın Şirvan şəhər mərkəzi xəstəxanasına aparılması məsləhət olunmuş, ona görə də Elxanı Rahimin avtomobilinə mindirib xəstəxanaya getmişlər. Yolda gedərkən telefon vasitəsi ilə oğlu Rzaxana hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində Elxan sağ qıçından və alın nahiyəsindən xəsarət almış, xəstəxanada həkimlər Elxanı müayinə etdikdən sonra sağ qıçının sınması məlum olmuşdur. O, DİN-nin 102 xidmətinə də zəng edərək hadisə barədə məlumat vermiş, sonra isə həmin günü şikayət ərizəsi ilə Qaragüney polis bölməsinə müraciət etmişdir. Elxan xəstəxanada 7 gün qalaraq müalicə olunandan sonra onu evə aparmışlar. Sabirabad RPŞ-nin DYPB-dən daxil olmuş 13 may 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi yoxdur. Məhkəmə-tibbi ekspertizasının 24 oktyabr 2024-cü il tarixli, 667 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ bud sümüyünün aşağı 1/3-də qapalı sınıq, alın nahiyəsində yara küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbət olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 10 mart 2025-ci il tarixli, 8/3332 №-li rəyində göstərilmişdir ki, Mercedes Benz markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təqsirləndirilən şəxs Mercedes Benz markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 33cü maddəsinin 4-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işində olan BD № 439642 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz” markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs1dır. Cinayət işində olan etibarnamənin surətindən görünür ki, “Mercedes Benz” markalı **-NP- *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs1 X2 “Mercedes Benz” markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı 2023-cü ildə xx.xx.2028-ci il müddətinə etibarnamə vermişdir. Sabirabad Rayon Məhkəməsinin 1(056)-116/2025 saylı, xx.xx.2026-cı il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi qərara alınmışdır. Cinayət işində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad rayon Sabirabad rayon Çöl-Beşdəli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Beləliklə, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspertiza rəyləri, şahid və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, özünün etirafedici ifadəsi, eyni zamanda digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 60-cı maddəsində bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə cinayət əməlini törtəməsini və əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsaslanıb məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxsin hüquqi varisinin, həmçinin digər zərərçəkmiş şəxsin hazırda şikayətçi olmasını, eyni zamanda təyin ediləcək cəzanı yüngülləşdirən halları və ağırlaşdıran hallarının müəyyən edilməməsini, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi və əlavə cəza kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Azərbaycan Respublikasının CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən 10 mart 2025-ci il tarixli 8/3332 nömrəli Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertiza tədqiqatının dəyəri - 128 manat, pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Bundan əlavə, iş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1 (bir) il 2 (iki) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə məhkəmə məsrəfi, aparılmış xx.xx.2025-ci il tarixli 8/3332 nömrəli Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertiza tədqiqatının dəyəri - 128 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün ekspertiza xərci - 128 manat pulun tutulması hissəsinin icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandalığın müşadiəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar