Məhkəmə qərarları › İş №1(056)-119/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-119/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-119/2023 06.09.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2a yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına görə, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay bir uşağa 160,00 manat olmaqla cəmi 320,00 manat sabit pul məbləğində alimentin tutularaq X5 verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli, 2(001)-1197/2020 saylı, həmçinin Təqsirləndirilən şəxs əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla aliment məbləği artırılaraq yuxarıda qeyd edilən uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay bir uşağa 175,00 manat olmaqla cəmi 350,00 manat sabit pul məbləğində alimentin tutularaq X5 verilməsinə dair həmin məhkəmənin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli, 2(001)-5752/2021 saylı qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(056)-178/2021 saylı qərarı ilə on gün, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 3(056)-480/2022 saylı qərarı ilə on beş gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il, xx.xx.2022-ci il və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixinədək cəmi 11040,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs X5 maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Abbasova (Cabbarova) Tünzalə Azad qızı ilə rəsmi ailə qurmuş, münasibətlərindən xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X9 adında övladları anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da, sonradan yola getmədiklərindən ayrılmaq qərarına gəlmişlər və həmin vaxtdan da Zərərçəkmiş şəxs (Cabbarova) uşaqlarla birlikdə ayrı yaşayır. Ayrılandan sonra Zərərçəkmiş şəxs (Cabbarova) uşaqların saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərilmədiyini və uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1197/2020 saylı qətnaməsinə əsasən ondan əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla yuxarıda qeyd edilən uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay bir uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq Abbasova (Cabbarova) Tünzalə Azad qızına verilməsi qət edilmişdir. Daha sonra Zərərçəkmiş şəxs (Cabbarova) aliment məbləğinin artırılması üçün yenidən məhkəməyə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(001)-5752/2021 saylı qətnaməsinə əsasən odan əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla aliment məbləği artırılaraq həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün ondan hər ay bir uşağa 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq Abbasova (Cabbarova) Tünzalə Azad qızına verilməsi qət edilmişdir. İcra vərəqələri ayrı-ayrılıqda Sabirabad Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(056)-178/2021 saylı qərarı ilə 10 (on) gün, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 3(056)-480/2022 saylı qərarı ilə 15 (on) beş gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Aparılmış bütün icra tədbirlərinə baxmayaraq maddi imkanı kifayət qədər olmadığından ödəməli olduğu aylıq alimenti ödəmədiyindən təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək qeyd edilən qətnamələr üzrə cəmi 11040 manat aliment borcu yaranmışdır. Övladlarına baxmalı olduğunu dərk edir, buna görə özünü təqsirli bilir. Fəhləlik edir, aylıq stabil gəliri yoxdur. İşlə bağlı Məşğulluq Mərkəzində qeydiyyatda düşsə də, təklif edilən işlərin əmək haqqısı az olduğuna və işlədiyinə görə işlə bağlı yenidən mərkəzə müraciət etməmişdir. Hazırda həmin pulu ödəməyə imkanı yoxdur. Babasına məxsus ev vardır. Həmin ev satışa çıxarılmışdır. Satılan kimi tələbkara olan borcu tam şəkildə ödəyəcəkdir. Ona görə də o, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə teleqramla müraciət edərək təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, məhkəmə gələ bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərərçəkmiş şəxs Abbasova (Cabbarova) Tünzalə Azad qızının ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə rəsmi ailə qurmuş, münasibətlərindən xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X9 adında övladları anadan olmuşdur. Təqsirləndirilən şəxs ilə bir müddət mehriban yaşasalar da, sonradan yola getmədiklərindən ayrılmaq qərarına gəlmişlər və həmin vaxtdan da uşaqlarla birlikdə ayrı yaşayır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqların saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmiş, uşaqları tək başına saxlaya bilmədiyindən Təqsirləndirilən şəxs qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1197/2020 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay bir uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Daha sonra aliment məbləğinin artırılması üçün yenidən məhkəməyə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(001)- 5752/2021 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla aliment məbləğinin artırılaraq yuxarıda qeyd edilən uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay bir uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. İcra vərəqələri Sabirabad Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(056)- 178/2021 saylı qərarı ilə 10 (on) gün, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 3(056)- 480/2022 saylı qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsə də, aparılmış bütün icra tədbirlərinə baxmayaraq işləməklə gəlir əldə etsə də Təqsirləndirilən şəxs ödəməli olduğu aylıq alimenti ödəmədiyindən təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək qeyd edilən qətnamələr üzrə cəmi 11040 manat aliment borcu yaranmışdır. Bu müddət ərzində aylıq alimenti vaxtında ödəməməyi bir yana, uşaqları ilə maraqlanmamış, maddi bir yana, mənəvi köməkliyi olmamışdır. Qeyd edilən yaranmış aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini istəyir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Sabirabad Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid4 ifadəsində bildirdi ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1197/2020 saylı icra vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Təqsirləndirilən şəxs hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq X5 verilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulmalıdır. Göstərilən icra vərəqəsi xx.xx.2020-ci il tarixdə Sabirabad Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar və bildiriş borclunun ünvanına göndərilmiş, lakin borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını könüllü müddət ərzində təmin etməmişdir. Tərəflərindən borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə "Elektron İcra Xidməti" portalı ilə sorğu edilmiş və borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı bir əmlakı və ya gəlirləri aşkar edilməmişdir. Həmçinin tələbin təmin edilməsi məqsədi ilə borclunun yaşadığı ünvanda olub baxış keçirilmiş, lakin ona məxsus tələbin yönəldilə bilinəcəyi hər hansı bir əmlakının və ya əşyasının olmadığı müəyyən edilmişdir. Borclu Təqsirləndirilən şəxs icra məmurunun çağırışına gəlmədiyi üçün onun barəsində borclunun məcburi gətirilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli təqdimat ilə məhkəməyə müraciət olunmuş, Sabirabad rayon Məhkəməsinin 17 dekabr 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş və icra olunması üçün Sabirabad rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu icra sənədi üzrə tələbi təmin etmədiyi üçün barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırması barədə təqdimat ilə Sabirabad rayon məhkəməsinə müraciət olunmuş, Məhkəmənin xx.xx.2021-ci il tarixli, 8(056)-43/2021 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs yaşadığı ünvanı dəyişdiyi üçün Sabirabad Rayon Məhkəməsinin 17 dekabr 2020-ci il tarixli qərardadının icrası təmin edilməmişdir. Bu səbəbdən 10 mart 2021-ci il tarixdə borclunun axtarılması barədə qərar ilə Sabirabad rayon Polis Şöbəsinə müraciət olunmuş, xx.xx.2021-ci il tarixdə borclu barəsində 710321 saylı axtarış işi açılmışdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi və icra sənədi üzrə aliment borcunu ödəmədiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq Sabirabad Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5752/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu aliment məbləği artırılaraq qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər bir uşağa görə 175 manat, cəmi 350 manat alimentin Təqsirləndirilən şəxs tutularaq X2nın xeyrinə ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə icra vərəqəsi daxil olmuşdur. Həmin icra vərəqəsi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş borclunun ünvanına göndərilmiş və həmin tarixli qərar ilə iki icra vərəqəsinin ümumi icraatda birləşdirilməsi barədə qərar qəbul edilmişdir. Borclu Təqsirləndirilən şəxs dəfələrlə borcunun ödənilməsi tələb olunmuş, əks halda inzibati məsuliyyətinə cəlb ediləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir. 25 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şöbəyə dəvət olunaraq ondan təkrar izahat alınmış, o, izahatında xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar və bildirişi alıb tanış olduğunu, aliment borcunu işləmədiyi və imkanı olmadığını əsas gətirərək ödəmədiyini bildirmişdir. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi və icra sənədi üzrə aliment borcunu ödəmədiyi üçün onun barəsində təkrar inzibati xəta haqqında protokol tərtib olunaraq Sabirabad rayon Məhkəməsinə göndərilmiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs dəfələrlə borcunun ödənilməsi tələb olunmuş, əks halda cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir. X2 xx.xx.2022-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək borclu Təqsirləndirilən şəxs ona olan borcu qəsdən ödəmədiyini, inzibati məsuliyyətdən nəticə çıxarmamaqla, qətnamənin icrasından qərəzli olaraq yayındığını, bu səbəbdən onun barəsində daha ciddi tədbir görülməsini xahiş etmişdir. 2020-ci ilin iyul ayından hazırki vaxta kimi heç bir ödəniş etməmişdir. Nəticədə, 2023-cü ilin aprel ayı daxil olmaqla 11040 manat borcu yaranmışdır. Görülmüş bütün icra tədbirləri nəticə verməmiş, Təqsirləndirilən şəxs borcun ödənilməsi üçün heç bir cəhd göstərməmiş, əksinə, hərəkətsizlik nümayiş etdirmiş və müxtəlif bəhanələr gətirməklə qərəzli olaraq Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qətnamələrinin icrasından qərəzli olaraq yayınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmə cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahid ifadəsi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət əməli törətməsini təyin ediləcək cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halı, həmçinin məhkəmə qətnamələri qəbul edildiyi zamandan təqsirləndirilən şəxsin uzun müddət aliment ödəməməklə yaranmış borcun həcmini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin etməklə, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olar. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan əlavə, qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, həmçinin iş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübutun olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar