Məhkəmə qərarları › İş №1(056)-119/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-119/2025

23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-119/2025 23.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X12 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Sabirabad rayonu, Qaragüney kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Sabirabad rayonu, Dadaşbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o cavabdeh kimi ondan əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170,00 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq Cəfərova (Əliyeva) Kamilə Sabir qızına verilməsinə dair Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021 -ci il tarixli, 2(056)-1576/2021 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(056)-1580/2024 nömrəli qərarı ilə barəsində 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilməsinə, bundan sonra icra üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə xx.xx.2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün verilən xx.xx.2025-ci il tarixli təqdimata əsasən cəmi 5820,00 (beş min səkkiz yüz iyirimi) manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Cəfərova (Əliyeva) Kamilə Sabir qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Cəfərova (Əliyeva) Kamilə Sabir qızı ilə el adəti ilə toy edərək xx.xx.2014-cü il tarixdə rəsmi ailə qurmuşdur. Münasibətlərindən xx.xx.2015-ci il təvəllüdlü X9 adında bir övladı dünyaya gəlmişdir. Bir müddət münasibətləri yaxşı olsa da sonradan münasibətləri pozulduğundan Zərərçəkmiş şəxs (Əliyeva) ilə ayrılmışlar. Uşaq anası Cəfərova (Əliyeva) Kamilə Sabir qızında qalmışdır. Daha sonra Zərərçəkmiş şəxs (Əliyeva) onun uşaqla maraqlanmadığını və heç bir maddi köməklik göstərmədiyini əsas gətirərək boşanmaq və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(056)-1576/2021 saylı qətnaməsinə əsasən cavabdeh kimi ondan əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170,00 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq Cəfərova (Əliyeva) Kamilə Sabir qızına verilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi Sabirabad rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək tələbin dərhal icrası barədə bildirişlə birlikdə onun ünvanına göndərilmişdir. Həmin müddətlərdə o, Qarabağ ərazisində sürücü kimi işləyirdi. Traktor (tikinti texnikası) sürürdü. Əlbəəl 700,00 (yeddi yüz) manat əməkhaqqı alırdı. Aldığı əməkhaqqını şəxsi xərclərinə sərf etmiş, ona görə də aylıq alimenti ödəyə bilməmişdir. O, Sabirabad rayon icra və probasiya şöbəsi tərəfindən tərtib olunmuş protokol əsasında Sabirabad Rayon Məhkəməsinin 04.11,2024-cü il tarixli, 3(056)-1580/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Sabirabad rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli təqdimata əsasən cəmi 5820.00 (beş min səkkiz yüz iyirimi) manat aliment borcu yaranmışdır. Təkrar evlənməmişdir. Övladı Nəzrin anası Kamilənin yanında və himayəsindədir. Əvvəllər Məşğulluq mərkəzinə müraciət etsə də, özü iş taparaq xx.xx.2024-cü il tarixdə Qarabağ zonasında sürücü kimi işə başlamışdır. Hazırda fərdi əməklə məşğul olaraq operator işləyir. Aylıq təxminən 650,00-700,00 (altı yüz əlli-yeddi yüz) manat qazancı olur. Zərərçəkmiş şəxsə 150 və 200 manat ödəniş etmişdir. Ona vaxt verilərsə yenə ödəniş edəcəyini bildirdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə faktiki ailə qurmuşdur. Nikahlarının rəsmiləşdirilməsi sonradan, yəni xx.xx.2014-cü il tarixdə olmuşdur. Münasibətlərindən xx.xx.2015-ci il təvəllüdlü X9 adında bir övladları dünyaya gəlmişdir. Bir müddət münasibətləri yaxşı olsa da sonradan münasibətləri pozulduğundan Təqsirləndirilən şəxs ayrılmışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqla maraqlanmamış və heç bir maddi köməklik göstərməmişdir. Bu səbəbdən o, boşanmaq və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170,00 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi Sabirabad rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək tələbin dərhal icrası barədə bildirişlə birlikdə borclu Təqsirləndirilən şəxs ünvanına göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs bildirişləri qəbul etsə də aliment pulunu maddi imkanı olduğu halda ödəməkdən qərəzli olaraq yayınmışdır. Bundan sonra icra məmurunun qanuni tələbini icra etmədiyindən Sabirabad Rayon Məhkəməsinin 04.11,2024-cü il tarixli qərarı ilə 08 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilmişdir. Daha sonra ona icra üçün yeni müddətlər təyin edilərək, icra sənədini könüllü icra etməsi tələb olunmuşdur. Həmçinin cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında rəsmi xəbərdarlıq edilsə də işləməsinə və gəlir əldə etməsinə baxmayaraq alimenti ödəməmiş və Sabirabad rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli təqdimata əsasən Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021 -ci il tarixli qətnaməsi üzrə cəmi 5820,00 (beş min səkkiz yüz iyirimi) manat aliment borcu yaranmışdır. Əlavə olaraq qeyd edir ki, boşandıqdan sonra ata soyadı olan Cəfərova soyadına qayıtmış və yenidən şəxsiyyət vəsiqəsi almışdır. Həmçinin 2023-cü ildə yenidən faktiki ailə qurmuşdur. Nikahlarının rəsmiləşdirilməsi sonradan, yəni xx.xx.2023-cü ildə olmuşdur. İkinci evliliyindən X7 adında bir övladı var. Təqsirləndirilən şəxs həbs olunmasını yox, ona olan aliment borcunu ödəməsini istəyir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, Sabirabad Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 2(056)-1576/2021 saylı qətnaməsi və həmin qətnamə əsasında verilmiş 02 noyabr 2021-ci il tarixli 2(056)-1576/2021 saylı icra vərəqəsinə əsasən 21 iyun 2015-ci il təvəlldlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün 29 sentyabr 2021 -ci il tarixdən hesablanmaqla hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq Cəfərova (Əliyeva) Kamilə Sabir qızına verilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi 10 mart 2022-ci il tarixdə Sabirabad rayon icra və probasiya şöbəsinin daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etmiş, lakin icra sənədi üzrə tələbi icra etməmişdir. Borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən aliment ödənilməmiş, o, Sabirabad rayon icra və probasiya şöbəsinə dəvət olunmuş, izahatı alınmış və inzibati məsuliyyət barədə xəbərdarlıq təqdim olunmuşdur. Sabirabad Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 8(056)- 288/2022 saylı qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvanda yaşamadığı müəyyən edildiyindən 18 yanvar 2023-cü il tarixdə barəsində axtarış qərarı qəbul edilmişdir. Borclu Təqsirləndirilən şəxs 04 noyabr 2023-cü il tarixdə tapılaraq Sabirabad rayon icra və probasiya şöbəsinə gətirilmiş, onun izahatı alınmış, o, izahatında müxtəlif bəhanələrlə alimenti ödəməkdən yayınmışdır. Borclu Əliyev X8 Rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli 3(056)-1580/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdən sonra borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə alimenti ödəməkdən müxtəlif bəhanələrlə qərəzli olaraq yayınmış, ona cinayət məsuliyyəti elan olunmaqla xəbərdarlıq təqdim olunmuşdur. Tələbkar Cəfərova (Əliyeva) X6 rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi icra etmədiyi bildirirərək sənədlərin istintaq idarəsinə göndərilməsini xahiş etmişdir. Borclu Əliyev X8 Rayon Məhkəməsinin 02 noyabr 2021 -ci il tarixli 2(056)- 1576/2021 saylı icra vərəqəsi üzrə xx.xx.2025-ci il tarixə qədər 1150 (bir min yüz əlli) manat məbləğində aliment ödəmiş, ümumilikdə 5820 (beş min səkkiz yüz iyirmi) manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Görülmüş bütün icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti tam ödəməmiş, alimentin ödənilməsi üçün heç bir cəhd göstərməmiş, əksinə məhkəmə qərarının icrasından yayınmış və müxtəlif bəhanələr gətirməklə qərəzli olaraq Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qətnaməsinin icrasından yayınmışdır. Bununla əlaqədar borclu Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış qətnaməni qərəzli olaraq icra etmədiyi üçün barəsində Azərbaycan Respublikası CM-in 306.1 -ci maddəsi ilə cinayət təqibinin başlanılması üçün Ədliyyə Nazirliyini İsintaq idarəsinə təqdimat verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad Rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 digər Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(056)-1576/2021 saylı qətnaməsindən görünür ki, xx.xx.2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla hər ay 170 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq iddiaçı Cəfərova (Əliyeva) Kamilə Sabir qızına verilməsi qət edilmişdir (i.v.12-14). “İcraat başlama haqqında” 10 mart 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(056)-1576/2021 saylı icra vərəqəsi üzrə icraata başlanılmış, həmin tarixdə qərar və tələbin könüllü icrası barədə bildiriş Təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir (i.v.15-16). Sabirabad Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 3(056)-1580/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 08 gün inzibati qaydada həbs edilmişdir (i.v.45-47). Sabirabad Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 8(056)-288/2022 saylı qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (i.v.33-34). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X3 Filialının 26 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Sabirabad rayonu, Dadaşbəyli kənd sakini Təqsirləndirilən şəxs halhazırda MEİS-də qeydiyyatı mövcud deyildir. 04 iyul 2024-cü il tarixdə MEİS-də Qanunun 5.9.1-ci maddəsinə əsasən işlə təmin olunduğuna görə vətəndaşın qeydiyyatı ləğv (i.v.54-55). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə qərarları və onların icraya yönəldilməsini təsdiq edən sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə — iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin ikinci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki iş materiallarından görünür ki, icra sənədinin icra edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə, barəsində məhkəmə qərarı ilə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsinin tələbləri yerinə yetirilməmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs iş materiallarında olan 19 dekabr 2024-cü il izahatından görünür ki, “Alimentə görə borclu olduğu məbləği keçmiş həyat yoldaşı Kamilə Əliyevaya bu vaxta qədər tam ödəməməsinin səbəbi işləməməsi olmuş, o da bu səbəbdən aliment borcunu ödəməkdən yayınmışdır” (i.v.50-52). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs izahatında göstərdiyi bu xüsusat onun məhkəmə qətnaməsini icra etməkdən qərəzli olaraq yayınmasının bariz nümunəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 02 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Hazırki işin hallarından görünür ki, məhkəmə qətnaməsi uzun illər ərzində icra olunmamış, Təqsirləndirilən şəxs ötən illər ərzində dəfələrlə xəbərdarlıq olunmaqla izahatları alınmış, o, qeyd olunan məhkəmə qətnaməsini icra etməməyə görə inzibati məsuliyyətə cəlb olunmuş və bundan nəticə çıxarmamış, məhkəmə qətnamənin icrası üçün yetərli tədbirlər görməmiş və məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə onu da xüsusi qeyd edir ki, təqsirləndirilən şəxsin Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş 14 aprel 2025ci il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.88). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmişdir (i.v. 92-93). “Təqsirləndirilən şəxsin axtarışa verilməsi və tutulması haqqında” 13 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (i.v. 95). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 13 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub istintaqa gətirilənə kimi ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (i.v. 98). “Axtarışda olan şəxsin tutulması barədə” 02 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonu ərazisində yeri müəyyən olunaraq tutulub Sabirabad RPŞ-nə gətirilmişdir (i.v. 103). “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 04 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir (i.v. 105). “Qətimkan tədbiri seçmək haqqında” 04 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v 126-127). Zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadədən görünür ki, ona məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 350 manat məbləğində aliment borcu ödənilmiş, o, qalan məbləğin ödənilməsi məqsədi ilə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsinə etiraz etmir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), zərərçəkmiş şəxsə dəymiş zərərdən qismən ödəniş etməsini (CM-59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında beş cəza növü nəzərdə tutulmuşdur: iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə. Həmin maddənin qeyd hissəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən məhkum edilmiş şəxs tərəfindən cəza çəkdiyi dövrdə cinayət məsuliyyətindən azad etmə ilə bağlı şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir. Göründüyü kimi qanunvericilikdə şəxsin məhkəmə qətnaməsini icra etdiyi halda cinayət məsuliyyətindən və cəza çəkməkdən azad edilməsi halları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki işin hallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs 350 manat ödəniş edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs yeni işə başlamış və məhkəmə qətnaməsinin icrası ilə bağlı addımlar ataraq qismən ödəniş etmişdir. Təqsirləndirilən şəxsin yeni işə başlaması və aylıq gəlirinin olması gələcəkdə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğin ödənilməsi üçün zəmin yaradır. Əksinə təqsirləndirilən şəxsə ağır cəzanın verilməsi onun yeni daxil olmuş işinin və gəlirinin əldən çıxmasına, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş vaxtaşırı ödənilməli olan aliment borcunun ödənilməməsinə səbəb olacaqdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın növü və həddi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi, təqsirləndirilən şəxsin rəsmi qaydada işləmədiyi və islah işləri cəzasının icrasının mümkün olmaması, həmçinin, məhkəmə qərarı qanuni qüvvəyə mindiyi vaxtdan ötən müddət ərzində borcun ödənilməsini tam təmin etməmiş şəxsin cərimə cəzasına məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməməsi, onun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılaraq bir sıra hüquqlarına məhdudiyyət qoyulmaqla islah olunmasının mümkün olması, onun hər ay aliment borcundan ödənişlər etməsinin təmin edilməsi üçün fərdi əməklə məşğul olmasının mümkünlüyü diqqətə alınmaqla onun cəmiyyətdən tam təcrid edilməməsinin xeyirlərinə aliment ödənilməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş uşağın da mənafeyinə xidmət etməsi nəzərə alınaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, onun ibtidai istintaq zamanı tutularaq saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 avqust 2025-ci il tarixdən 04 avqust 2025-ci il tarixədək tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla sərf edilmiş 06 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Vəkillər Kollegiyasına ayrılan vəsaitdən Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi adına olan bank hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. HAKİM : Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar