Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-120/2025 15.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, DOST MMC-də fəhlə işləyən, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittihama görə, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 5,12 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamış və 22 aprel 2025-ci il tarixdə, saat 21:40 radələrində Sabirabad rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri, Vüqar Əhmədov küçəsində yol kənarında piyada hərəkətdə olarkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılmış və həmin küçədə saat 21:45 radələrində üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd sellofan bükümündə saxladığı 5,12 qram çəkidə, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Sabirabad şəhəri H.Aslanov küçəsi 2 saylı evdə həyat yoldaşı X2, övladları Sevil, oğlanları Turqut və Mövlud ilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə, saat 21:40 radələrində Sabirabad şəhəri, Vüqar Əhmədov küçəsində mağazadan çıxıb yaşadığı evə piyada gedərkən keçmiş qonşusu Şahid5 görmüş və birlikdə piyada hərəkətdə olarkən 4 nəfər mülki geyimli polis əməkdaşları onlara yaxınlaşmış və onlar özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, üzərində narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı yerdə xeyli sayda piyadalar, avtomobillər keçirdi. Buna görə də o, onlardan onu adamların arasında tutmamalarını xahiş etmişdir. Polis əməkdaşları onunla razılaşmış və polis əməkdaşları ilə birlikdə bir neçə metr aralanmış, ara küçənin sakit hissəsinə gəlmişlər. Bundan sonra polis əməkdaşının biri avtomobili idarə edib qarşıda saxlamış, avtomobilin arxa hissəsinə tərəf gəlmişlər. Orada polis əməkdaşı Elgün narkotik vasitənin üzərində gəzdirməyi ilə bağlı şübhəli olduğunu və bununla bağlı üzərinə videoçəkilişlə yoxlayacağını, üzərində qanunsuz nə kimi əşya və ya narkotik vasitə varsa təqdim etməyi istəmişdir. O, yenidən üzərində özü üçün saxladığı və bir neçə gün əvvəl Sabirabad şəhərində Kür çayının kənarında yabanı halda bitən nəşə kolundan qalmasını bildirmiş və əynində olan qara rəngli gödəkçənin cibində saxladığı 01 ədəd sellofan bükümdə olan narkotik vasitə olan qurudulmuş marixuananı çıxararaq polis əməkdaşına təqdim etmişdir. Üzərindən aşkar olunan 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana orada elektron tərəzidə çəkilmiş və çəkisinin 5,22 qram olması müəyyən edilərək kağız zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Daha sonra Sabirabad rayon polis şöbəsinin inzibati binasına gəlmişlər və polis şöbəsində protokol tərtib olunmuş, protokol iştirakçılar arasında uçadan oxunmuş və düzgün tərtib olunduğu üçün həmin protokola özü şəxsən imza etmişdir. Bildirir ki, o, Sabirabad rayonu ərazisində, Kür çayının kənarında piyada yeriyərkən kolların arasında yabanı halda bitmiş bir ədəd çətənə kolu tapmış və həmin çətənə kolunu kökündən çıxararaq Kür çayına atmış, yarpaqlarını isə cibinə yığmış və qurudaraq bir ədəd sellofan bükümə dolduraraq öz istifadəsi üçün saxlamış, həmin marixuana elə cibində də qurumuşdur. Özü ali təhsillidir, Beynəlxalq Universitetin Hüquq Fakültəsini bitirmişdir. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Himayəsində 3 övladı vardır. Onlardan biri tələbədir, biri yaxın zamanlarda həqiqi hərbi xidmətə yollanacaq və digərinin üç yaşı vardır. Ailəsinə yeganə qazanc gətirən şəxsdir. O, mütəmadi narkotik vasitə qəbul edən olmamışdır. Sadəcə toydan-toya istifadə etmişdir ki, daha peşman olub bu hərəkətə də yol verməməkdədir. Göstərilənlərin nəzərə alınaraq məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, Sabirabad rayon polis şöbəsinin cianyət-axtarış bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Sabirabad şəhəri H.Aslanov küçəsi 2 saylı evdə qeydiyyatda olmaqla yaşayan, DOST MMC-də fəhlə işləyən, əvvələr məhkumluğu olmayan Təqsirləndirilən şəxs əvvələr tanımamışdır. 22 aprel 2025-ci il tarixdə ona məxfi mənbədən əməliyyat məlumatı daxil olmuş, həmin məlumatda Təqsirləndirilən şəxs Sabirabad şəhəri Vüqar Əhmədov küçəsində piyada halda hərəkət etməsi və üzərində narkotik vasitə saxlaması və istifadəçisi olması göstərilmişdir. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə tərəfindən bu barədə Şöbə rəhbərliyinə raportla məruzə edilmiş, daha sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi ilə bağlı qərar qəbul etmiş, bundan sonra şöbə rəisinin əmrinə əsasən əməliyyat qrupunun tərkibinə rəhbəri o, olmaqla üzvüləri Sabirabad rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid4, Sabirabad rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid2, Sabirabad rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid3 ibarət tərkib daxil edilmişlər. Bundan sonra Sabirabad şəhəri Vüqar Əhmədov küçəsində olmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs yanında bir nəfər şəxslə piyada şəhər istiqamətində hərəkət etməsini görüb onu insanların çox görsəndiyi və piyada hərəkət etdiyi səkidə özlərini təqdim edib saxlamış və ona üzərində narkotik vasitə saxlamasında şübhəli olmasını, barəsində əməliyyat məlumatı daxil olduğunu və üstünü yoxlayacağını bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, ətrafda insanlar hərəkət edir, üzərində narkotik vasitə var və bir qədər oldluğu yerdən kənara çəkilsələr o, üzərində olan narkotik vasitəni təqdim edər. Bundan sonra olduğu yerdən təxminən 50 metr piyada hərəkət edib ara küçəyə keçmişlər. Sənədləşmə aparmaq üçün Şahid3 idarə etdiyi avtomobili ara küçədə saxlamış, avtomobilin arxasında Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına başlamazdan əvvəl ona barəsində əməliyyat məlumatı daxil olduğunu və həmin məlumatda üzərində narkotik vasitə gəzdirməsində şübhəli olmasını bildirmişdir. Daha sonra ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa çıxarıb təqdim etməsini istəmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol cibindən bir ədəd sellofan bükümdə ilk görünüşündən qurudulmuş marixuanaya bənzər yaşıl kütləni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar olunan 01 ədəd sellofan bükümdə olan kütlə orada elektron tərəzidə tərəfindən çəkilmiş və çəkisi 5,22 qram olması müəyyən edilmişdir. Sorğu zaman Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə olduğunu və yoldan tapdığını bildirmişdir. Həmin bir ədəd sellofan büküm kağız zərfə qoyulmuş, üzəri möhürlənmiş və götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs barəsində toplanmış sənədlərlə birlikdə istintaq bölməsinə təhvil verilmiş və təkrarən istintaq bölməsində müstəntiq tərəfindən videoçəkilişlə zərf açılmış və müstəntiq zərfin içərisində olan qurudulmuş marixuanaya bənzər yaşıl kütlənin Təqsirləndirilən şəxs ona məxsus olub olmadığını soruşmuş, Təqsirləndirilən şəxs zərfin içərisində sellofan bükümdə olan kütlənin ona məxsus olmasını və Kür çayı ərazisində bir ədəd kolun yarpaqlarını toplayaraq cibinə yığdığını və qurudaraq özündə istifadə etmək üçün saxladığını demişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İttiham aktında adı şahid qismində keçən şəxslərin ifadələri məhkəmə iclasında elan olunmuş kimi qəbul edilmişdir. İş materiallarında 23 aprel 2025-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X3 Bölməsinin 18/336 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «..Təqsirləndirilən şəxs üzərindən...» sözləri və imzalar olan kağız paketdə olan 01 ədəd bükmdə təmiz çəkisi- 5,12 qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 3472 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad rayon Sabirabad RİHB-nın Şəhər İƏD nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarından göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aidddir. Təqsirləndirilən şəxs narkotik vasitə hesab edilən çəkisi 5,22 qram olan narkotik vasitə marixuananı əldə edərək saxlamasını və daşımağı dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qeyd edilən cinayətini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadələri və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, şəxsiyyətinin müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşmançılıq hissi keçirməsini, artıq bu yoldan uzaqlaşması, özünün öz əməlinə tənqidi yaşaması barədə ifadəsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikasının CM-nın 59-cu maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun olar. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa qeyd edilməlidir ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək iki gün həbsdə saxlandığı müddət dörd gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, həmin müddət ona təyin olunan cəzadan çıxılmalıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını, onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi tədqiqatdan sonra 5,10 qram olan narkotik vasitə marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini və məhkəmə xərcinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 02 (iki) gün həbsdə saxlandığı müdət 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 (otuz bir manat doxsan beş qəpik) məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE ********************) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalmış 5,10 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-120/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-120/2025
15.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver