Məhkəmə qərarları › İş №1(056)-122/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-122/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-122/2023 23.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlu, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı ildə Sabirabad rayonu Surra kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Surra kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələri ilə elan edilmiş ittihama görə, o, özgənin əmlakını gizli talamaq məqsədi ilə, tanışı Şahid2 və Şahid1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 mart 2022-ci il tarixdə gecə saat 03 radələrində sonuncunun idarə etdiyi «VAZ 21074» markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad rayonu Mürsəlli kənd sakini Zərərçəkmiş şəxs məxsus mağazanın qarşısına gəlmiş, əvvəldən aralarında olan rol bölgüsünə əsasən Şahid1 avtomobildə oturaraq gözləmiş, o isə ola biləcək təhlükələr barədə əvvəldən əmlumat vermək üçün mağazanın qarşısında dayanmış, Şahid2 isə əlindəki dəmir alətlə mağazanın dəmir barmaqlıqlardan olan qapısının qıfıllarını sındırıb qanunsuz olaraq içəri daxil olmuş, orada, kassa aparatının yanındakı siyirtmədən 170 manat dəyərində müxtəlif danışıq kartları, 600 manat kağız əskinasları və 40 manat qəpik pulları, cəmi 810 manat məbləğində özgənin əmlakını götürüb çölə çıxarkən həmin vaxt onların bu əməllərini görüb mağazaya gəlmiş, qarşılarını kəsmək istəyən kənd sakinləri Şahid4 və onun oğlu Şahid3nа məhəl qoymadan, onların gözləri qarşısında avtomobilə oturaraq orada uzaqlaşmaqla, Zərərçəkmiş şəxs məxsus 810 мmanat məbləğində əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla açıq talayıb soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələri ona elan olunmuş ittihamda özünü təqsirli bilərək bildirdi ki, o, Sabirabad rayonu Surra kəndində qeydiyyatda olmaqla, Sabirabad şəhərində müvəqqəti valideynləri ilə birlikdə yaşamışdır. 17 mart 2023-cü il tarixdə gecə saat 02-03 radələrində tanışları Rəşad və Fəridlə görüşmüş, Şahid2 ona təklif etmişdir ki, rayonun Mürsəlli kəndinə gedib oradan oğurluq etsinlər. O, Rəşadın təklifi ilə razılaşmışdır. Hətda bildiyi qədər Rəşad buna görə evdən iki ədəd qara rəngli başa geymək üçün maska da gətirmişdir. Sonra birlikdə Fəridin idarə etdiyi “VAZ 21074” markalı ağ rəngli avtomobilə əyləşmişlər. Şahid2 avtomobilin arxa və qabaq nömrələrini çıxardıb avtomobilə qoymuşdur. Sonra Fərid avtomobili idarə etmiş və birlikdə rayonun Mürsəlli kəndi istiqamətində hərəkətlərini davam etdirmişlər. İlk əvvəl avtomobillə rayonun Mürsəlli kəndi ərazisində olarkən yol kənarında ərzaq mağazasının qarşısından keçib getmişlər. Təxminən 500-600 metr getdikdən sonra Rəşad Fəridə demişdir ki, geriyə qayıtsın. Fərid mağazanın qarşısından keçərkən Rəşad Fəridə demişdir ki, avtomobili mağazanın qarşısında saxlasın. Fərid avtomobili mağazanın qarşısında saxladıqdan sonra yun papaqları başlarına geyinib boyunlarına kimi aşağıya çəkmişlər. Ətrafı yaxşı görmək üçün isə Rəşad papaqda iki ədəd göz yeri düzəltmişdir. İlk əvvəl Rəşad mağazanın ətrafında fırlanıb mağazaya baxmışdır ki, mağazaya haradan rahat girmək olar. Sonra gəlib təkrarən avtomobilə əyləşmiş, Fəridə demişdir ki, avtomobili mağazanın qarşısında deyil, kənarında saxlasın. Fərid avtomobili saxladıqdan sonra Rəşad və o, avtomobildən düşmüş, mağazanın yanında dayanmışlar. Fərid isə avtomobildə əyləşmişdir. Rəşad “qadağ çıxaran” aləti avtomobildən götürüb mağazanın qarşısındakı metal barmaqlıqlardan hazırlanmış qapının 3 ədəd qıfıllarını qırmış, lakin tros qıfılı qıra bilməmişdir. Rəşad metal qapını araladıqdan sonra mağazanın ikinci qapısını açıb mağazaya daxil olmuş, o isə mağazanın yanında Rəşadı gözləmişdir. Bir neçə dəqiqə sonra görmüşdür ki, kənardan bir öndə, digəri isə arxada olmaqla iki nəfər mağazanın qarşısına gəlir. Buna görə də o, dərhal Rəşadı səsləyib demişdir ki, iki nəfər mağazaya tərəf gəlir, mağazadan dərhal çıxmaq lazımdır. Rəşad mağazadan çıxdıqdan sonra qaçıb avtomobilə minmək istəyərkən mağazaya gələn iki nəfərdən biri əlindəki taxta parçası ilə onun kürəyindən bir dəfə vurmuş, zərbənin təsirindən o, yerə yıxılmışdır. Sonra həmin iki nəfər şəxs Rəşadın üzərinə gəlməyə başlamışdır. Rəşad həmin şəxsləri avtomobilin ətrafında bir dəfə dolandırmış, həmin anda o, avtomobilə əyləşmişdir. Fərid isə avtomobili idarə edib uzaqlaşmaq istəyərkən Rəşad özü də avtomobilin qabaq sağ oturacağına əyləşmişdir. Həmin anda şəxslərdən biri avtomobilin qabaq alınlıq şüşəsini bir dəfə vurmuş və şüşə çatlamışdır. Fərid avtomobili idarə etmiş və oradan uzaqlaşmışdır. Rəşad yolda oğurladığı puldan 40 manat pulu Fəridə vermişdir ki, alınlıq şüşəsini düzəldirsin. Özünə isə Rəşad 9 manat pul vermişdir. Rayon mərkəzinə gəldikdən sonra isə hamı öz evinə getmişdir. O, mağazadan nə oğurlanmasını bilməmişdir. Rəşad isə onlara pul oğurlandığını, pulun qədərinin isə 50-60 manat olmasını bildirmişdir. Onun danışıq kartlarının oğurlanmasından xəbəri olmamışdır. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Zərərçəkmiş şəxsə dəymiş zərər ödənilmişdir. Buna görə də sonuncunun ondan şikayət və tələbi yoxdur. Göstərdiklərinə əsasən o, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindiriliş Zərərçəkmiş şəxs bildirdi ki, o, Sabirabad rayonu Mürsəlli kəndində yaşayır. Sabirabad rayonu Mürsəlli kəndində asfalt yolun kənarında yerləşən gündəlik tələbat malları mağazası vardır. Mağazanı özü idarə edir, özü də satıcı kimi işləyir. xx.xx.2022-ci il tarixdə gecə saat 02-03 radələrində yatarkən dostu Əliqara ona zəng edib demişdir ki, mağazadan kimsə oğurluq edir. Buna görə dərhal atasına demiş və avtomobillə mağazaya gəlmişdir. Mağazaya çatanda artıq oğurluq etmiş şəxlər hadisə yerindən uzaqlaşmışdır. Mağazanın qarşısında isə dostu Əliqara və atası Vadər olmuşdur. Əliqaranın və Vadərin deməsindən başa düşmüşdür ki, həmin şəxslərdən biri mağazadan oğurluq etmiş, digəri isə mağazanın qarşısında dayanmışdır. Vadər və Əliqara mağazaya gəldikləri üçün həmin şəxslər avtomobilə minmiş və hadisə yerindən uzaqlaşmışlar. Sürücü isə başqası olmuşdur. Hətta Əliqara oğurluq etmiş şəxslərdən birinin kürəyinə taxta parçası ilə də vurmuşdur. Hadisə baş verən günü 100 ədəd 1 manatlıq sim kart almış, bundan əlavə mağazada 10 ədəd 2 manatlıq bakcell danışıq kartı, 20 ədəd 1 manatlıq bakcell danışıq kartı, 15 ədəd 2 manatlıq nar danışıq kartları olmuşdur. Buna görə də dəqiq bilmişdir ki, 170 manat dəyərində danışıq kartları oğurlanmışdır. Bundan başqa, kassada olan 40 manatlıq qəpik pullar və 600 manat kağız pullar oğurlanmışdır. Hazırda ona dəymiş ziyan ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilmiş X1 bildirdi ki, o, Sabirabad rayonu Mürsəlli kəndində yaşayır. 17 mart 2022-ci il tarixdə gecə saat 03 radələrində evdə olarkən yatmamış, arvadı isə şirniyyat bişirmişdir. Həmin vaxt arvadı ona demişdir ki, kimsə yolun kənarındakı Kərimov Əlinin mağazasının qapısını sındırmaq istəyir. O, evin ikinci mərtəbəsindən baxarkən görmüşdür ki, həqiqətən kimsə mağazanın dəmir barmaqlıqlarını sındırmaq istəyir. O, dərhal oğlu Əliqaraya demişdir ki, mağazadan kimsə oğurluq edir. Ona görə də oğlu əlinə taxta parçası götürmüş və o da əlinə yaba götürüb yol kənarı ilə mağazaya tərəf qaçmışlar. Oğlu ondan qabaqda, özü də oğlunun arxasınca qaçırdı. Bir anda görmüşdür ki, mağazadan arıq, bir qədər uzun boylu olan şəxs çıxmış, digər balaca boylu şəxs isə mağazanın yanında dayanmışdır. Əliqara ilk əvvəl balaca boylu şəxsi vurduqdan sonra həmin şəxs yerə yıxılmışdır. O, avtomobilə çatan kimi həmin iki nəfər şəxs avtomobilə minmiş, o da yaba ilə ağ rəngli “VAZ 21074” markalı avtomobilin alınlıq şüşəsini bir dəfə vurmuşdur. Qeydiyyat nişanı olmayan avtomobili sürücü idarə edib hadisə yerindən uzaqlaşmışdır. Bir qədər sonra mağaza sahibi Əli Kərimov və polis əməkdaşları gəlmişdir. Həmin şəxslərin başlarında qara rəngli maska olmuş, lakin həmin şəxslərdən biri hündür boylu, digəri isə alçaq boylu olmuşdur. Həmin 2 nəfər şəxsdən əlavə bir nəfər də avtomobildə əyləşmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, Sabirabad şəhəri H.Əliyev prospekti dalan 7, ev 3-də valideynləri ilə birlikdə yaşayır. Onun özünə məxsus “VAZ 21074” markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, həmin avtomobillə rayon ərazisində taksi kimi fəaliyyət göstərməklə məşğuldur. 17 mart 2022-ci il tarixdə gecə saat 02 radələrində tanışı Şahid2 və Təqsirləndirilən şəxsla birlikdə yaşadıqları küçədə görüşmüş, Elşən və Rəşad arasında olan söhbətdən bilmişdir ki, oğurluq etmək istəyirlər. Ona da sürücü kimi onlarla getməyi təklif etmişlər və o, razılaşmışdır. Küçədə Elşən avtomobilin qeydiyyat nişanlarını çıxarmışdır ki, heç kim avtomobili tanımasın. Rəşad isə evlərindən iki ədəd maska gətirmişdir. Həmim maskalardan birini Rəşad özünə götürmüş, digər maskanı isə Elşənə vermişdir. Sonra avtomobili idarə edib Mürsəlli kəndinə gəlmişlər. Mürsəlli kəndi ərazisində olarkən yol kənarında ərzaq mağazasının qarşısından keçib getmişlər. Təxminən 500-600 metr getdikdən sonra Rəşad ona demişdir ki, geriyə qayıtsın. O, avtomobili geriyə hərəkət etdirib mağazanın qarşısından keçməyə yaxınlaşanda Rəşad ona demişdir ki, avtomobili mağazanın qarşısında saxlasın. O, avtomobili mağazanın qarşısında saxladıqdan sonra Rəşad və Elşən maskaları başlarına geyinmişlər. Elşən və Rəşad avtomobildən düşsələr də, özü avtomobildən düşməmişdir. Rəşad avtomobildə olan ona məxsus “qadağ çıxaran” aləti avtomobildən götürüb mağazanın qarşısındakı metal barmaqlıqlardan hazırlanmış qapının qıfıllarını qırmışdır. Elşən isə mağazanın qarşısında dayanmışdır. Bir qədər sonra Elşən Rəşada səslənmişdir ki, kimsə mağazaya tərəf gəlir. Ona görə də Rəşad mağazadan çıxmışdır. Rəşad və Elşən avtomobilə minmək istəyərkən mağazaya gələn iki nəfərdən biri əlindəki taxta parçası ilə Elşənin kürəyindən bir dəfə vurmuş, Elşən yerə yıxılmışdır. Sonra birtəhər Elşən və Rəşad avtomobilə minmişlər. O, avtomobili idarə edib uzaqlaşmaq istəyərkən şəxslərdən biri avtomobilin qabaq alınlıq şüşəsini bir dəfə vuraraq şüşəni çatlatmışdır. O, avtomobili idarə etmiş və oradan uzaqlaşmışlar. Rayona çatdıqdan sonra Rəşad ona 9 manat qəpik pul vermişdir. Bundan əlavə isə alınlıq şüşəsini dəyişmək üçün əlavə olaraq da 40 manat pul vermişdir. Sonradan isə hamı sağollaşıb öz evinə getmişdir. Mağazadan nə oğurlanmasını bilməmişdir. Rəşad ona ancaq pul oğurlandığını, pulun qədərinin isə 50-60 manat olmasını bildirmişdir. Onun danışıq kartlarının oğurlanmasından xəbəri olmamışdır. Cinayət işində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 180.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspertiza rəyləri, şahid və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, eyni zamanda digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 180.2.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 60-cı maddəsində bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmiş və onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən zərərşəkmiş şəxslə barışıq etməsini, ona qarşı şikayət və tələbin olmamasını, əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini CM-nin 59.2-ci maddəsinə əsasən ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Bundan əlavə o da qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi CM-nin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar aşkar edilməmişdir. Qeyd olunanlara əsaslanıb məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təyin ediləcək cəzanı yüngülləşdirən halları, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini, təqsirləndirildiyi maddənin sanksiyasında alternativ cəza növünün müəyyən edilməməsini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin iş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il trixədək həbsdə qaldığı 7 ay 27 gün müddətin bir günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hesablanmaqla ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasından 07 (yeddi) ay 27 (iyirmi yeddi) gün çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və onun barəsində “həbs” qətimakn tədbiri seçilərək məhkəmə iclası zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaşəçəkmə müddətinin əvvəli 23 avqust 2023-cü tarixdən hesablandın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar