Məhkəmə qərarları › İş №1(056)-123/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-123/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-123/2024 30.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Qafarov Anar Neymət oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Sabirabad rayonu, Həşimxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, İİ Qarabağ Vətən müharibəsi iştirakçısı, Sabirabad rayonu, Həşimxanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi irəli sürülmüş ittihama görə, o, 06 may 2023-cü il tarixdə saat 08 radələrində “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan etibarnamə ilə idarə etdiyi “Qaz-3110” markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili Sabirabad rayonu Həşimxanlı kənd ərazisindəki kənddaxili asfalt yolda 50 km/saat sürətlə hərəkət etdirərkən, qeyd olunan qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunlara riayət etmədən, yolun sağ ehtiyyat hissəsində Zərərçəkmiş şəxs2 idarə etdiyi VAZ-21013 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə geriyə dönmə əməliyyatı apardığını görüb, toqquşmanın qarşısını almaq üçün sükanı sola manevr etdirməklə avtomobili həmin tərəfə istiqamətləndirmiş, bu vaxt idarəetməni itirdiyindən avtomobilin qabaq hissəsi ilə yolun hərəkət hissəsinin sağ kənarından sola doğru 5,1 metr masəfə qət etmiş Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin sol yan tərəfi ilə toqquşmuş, nəticədə o, ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs2 avtomobilinin qabaq sağ oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 Müşviq oğlunun sol 4-5-6-cı qabırğalarının qapalı sınıqları ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olub sağlamlığına az ağır, sürücü Zərərçəkmiş şəxs2 isə qapalı sinə zədəsi, solda 1-2-3-4-5-6-7-8-9-cu qabırğalarının yerdəyişmiş sınığı, sol tərəfli hemopnevmotoraks, sağ tərəflli pnevmotoraks, döş qəfəsinin yumşaq toxumalarının emfizaması, çanaq sümüklərinin yerdəyişməyən sınığı ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 263-1.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu Həşimxanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur, avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmasa da, etibarnamə əsasında idarə etdiyi sahiblik hüququ ilə özünə məxsus olan QAZ-3110 markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili var. 06 may 2023-cü il tarixdə səhər saat 08 radələrində yaşadığı Həşimxanlı kəndində idarə etdiyi həmin avtomobillə Sabirabad şəhəri istiqamətində hərəkət edən zaman, qabaqda, sağ hərəkət hissəsinin ehtiyyat hissəsində VAZ-2106 markalı avtomobilin sola geriyə dönməsini görmüşdür. Bu zaman o, idarə etdiyi avtomobillə həmin avtomobilə çatmasına az qaldığını görüb, avtomobilinin həmin avtomobilə dəyməməsi üçün toqquşma baş verməsin deyə sükanı bir qədər sola döndərmişdir. Lakin bütün cəhdlərinə baxmayaraq yolun sol hərəkət hissəsində toqquşma baş vermişdir. Belə ki, onun avtomobilinin qabaq tərəfi, VAZ-2106 markalı avtomobilin sol tərəfindən dəymişdir. Hadisədən sonra o, xəsarət almamış, lakin VAZ-2106 markalı avtomobilin sürücüsü və sağ oturacqda əyləşmiş sərnişinin xəsarət aldıqlarını görmüşdür. Bir qədər sonra o, VAZ-2106 markalı avtomobildə əyləşmiş sərnişinin həmkəndlisi Zərərçəkmiş şəxs1, eləcə də həmin avtomobilin sürücüsünün Axtaçı- Muğan kənd sakini Zərərçəkmiş şəxs2 olmasını bilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinin sonunda ilk dəfə ehtiyyatsızlıqdan cinayət əməli törətməsini, əməlindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, həmçinin onun İİ Qarabağ Vətən müharibəsində aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərdiyinə görə ölkə başçısı tərəfindən “Xocavəndin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunduğunu təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirib ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Axtaçı-Muğan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Sabirabad rayon Axtaçı-Muğan kəndində yerləşən MKT MMC-də yanacaq anbardarı vəzifəsində işləyir. Onun etibarnamə ilə idarə etdiyi “VAZ-21013” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 06 may 2023-cü il tarixdə idarə etdiyi avtomobillə yaşadığı Axtaşı-Muğan kəndindən çıxıb Həşimxanlı kəndində “Kapital Bank”a məxsus bankomatdan pul çıxarmağa getmişdir. Həşimxanlı kəndində olan zaman, həmin kənddə yaşayan iş yoldaşı Zərərçəkmiş şəxs1 zəng edib işə gedəcəyi təqdirdə apara biləcəyini demiş, sonuncu da razılaşmış və Həşimxanlı kənd ərazisində yolun kənarında gözlədiyini demişdir. O, idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs1 gözlədiyi yerə gəlmiş və Şükürün avtomobilə əyləşməsi üçün avtomobili yolun sağ hissəsindəki ehtiyat hissədə saxlamışdır. Şükür avtomobilin qabaq oturacağında əyləşmişdir. Şükür avtomobilə əyləşdikdən sonra o, geriyə, yəni işlədiyi Axtaçı-Muğan kəndindəki MKT MMC-yə tərəf getməli olduğundan, yolun sağ ehtiyyat hissəsində sola geriyə dönməyə başlamışdır. Bu vaxt yolun sol hərəkət hissəsində arxada hərəkətdə olan, sonradan Həşimxanlı kənd sakini olduğunu bildiyi, Təqsirləndirilən şəxs idarə etdiyi “QAZ-31” markalı avtomobili ilə toqquşmuşdur. Nəticədə o və avtomobilində əyləşən Zərərçəkmiş şəxs1 xəsarət almışlar və onları Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparmışlar. Hadisədən əvvəl o, QAZ-31 markalı avtomobilin arxa tərəfdən gəldiyini görməmiş, ona görə də sola geriyə dönmə əməliyyatı aparmış, nəticədə toqquşma baş vermişdir. İfadəsinin sonunda zərərçəkmiş Zərərçəkmiş şəxs2 təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığı qeyd edib, bu barədə ərizə təqdim edərək ifadəsini tamamlamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Həşimxanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Sabirabad rayon Axtaçı-Muğan kəndində yerləşən MKT MMC-də gözətçi vəzifəsində işləyir. 06 may 2023-cü il tarixdə səhər saat 08 radələrində iş yoldaşı Zərərçəkmiş şəxs2 ona zəng edib Həşimxanlı kəndində olduğunu, istədiyi təqdirdə onu da işə apara biləcəyini demişdir. Belə ki, Zərərçəkmiş şəxs2 VAZ-21013 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. O da Şahmara gəldiyini demiş və Şahmar onu yolun kənarında gözləmişdir. O, Şahmarın avtomobilində qabaq sağ oturacaqda əyləşmiş, avtomobildə başqa heç kim olmamışdır. Şahmar idarə etdiyi avtomobilin mühərrikini işə salıb yolun sağ kənarından geriyə, əks istiqamətə dönən zaman, arxadan gələn avtomobilə fikir verməmiş və yolun sol tərəfində təxminən 40-50 km/saat sürətlə hərəkət edən QAZ-31 markalı avtomobillə toqquşmuşdur. Nəticədə Şahmar özü və o xəsarət almışdır. Hadisə baş verdikdən sonra onları xəstəxanaya aparmışlar, xəstəxanada müalicə olunduqdan sonra evə buraxılmışdır. Hadisə baş verdikdən sonra bilmişdir ki, Zərərçəkmiş şəxs2 avtomobili ilə toqquşan avtomobilin sürücüsü Sabirabad rayonu Həşimxanlı kənd sakini Təqsirləndirilən şəxsdir. İfadəsinin sonunda zərərçəkmiş Zərərçəkmiş şəxs1 təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığı qeyd edib, bu barədə ərizə təqdim edərək ifadəsini tamamlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Sabirabad rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin baş dövlət avtomobil müfəttişi vəzifəsində işləyir. 06 may 2023-ci il tarixdə saat 09:01 dəqiqədə Sabirabad rayon mərkəzi xəstəxanasından həkim telefonla RPŞ-nin növbətçi hissəsinə məlumat verərək, Sabirabad rayonu Axtaçı-Muğan kənd sakini Zərərçəkmiş şəxs2 və Sabirabad rayonu Həşimxanlı kənd sakini Zərərçəkmiş şəxs1 Meşfiq oğlunun müxtəlif xəsarətlərlə xəstəxanaya daxil olmasını, sonuncuların demələrinə görə Sabirabad rayon ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldıqlarını bildirmişdir. Araşdırma zamanı qeyd olunan xəsarətlərin yolnəqliyyat hadisəsi nəticəsində baş veməsi müəyyən edilmişdir. Ona görə də müstəntiqlə birlikdə yol-nəqliyyat hadisəsi baş verən yerə getmişlər. Yol-nəqliyyat hadisəsinin Sabirabad rayonu Həşimxanlı kəndi ərazisində baş verdiyi müəyyən edilmişdir. Hadisə yerində VAZ- 21013 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil və QAZ-3110 markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sol tərəfindəki ehtiyyat hissədə aşkar edilmişdir. VAZ-2113 markalı avtomobilinin sürücüsünün Axtaçı-Muğan kənd sakini Zərərçəkmiş şəxs2, QAZ-3110 markalı avtomobilin sürücüsünün isə Həşixmxanlı kənd sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilməsi üçün hadisə yeri mühafizə edilmiş, müstəntiq hadisə yerinə baxış keçirməklə fotoşəkillər çəkilmişdir. Hadisə yerinə baxış QAZ-3110 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmişdir. Bir qədər sonra xəsarət almış Zərərçəkmiş şəxs1 hadisə zamanı VAZ-21013 markalı avtomobildə sərnişin qismində əyləşməsi onlara məlum olmuşdr. Cinayət işi materiallarında olan Sabirabad rayon MTE və PA Birliyinin xx.xx.2023-cü il tarixli, 469 nömrəli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə tibbi ekspertizasına, tibbi sənədlərdə yazılanlara əsasən və ilk məlumatı nəzərə alıb aşağıdakı nəticətəyə gəlinmişdir: a) Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixə kimi BAKU CİTY hospitalında “qapalı sinə zədəsi, solda 1-2-3-4-5-6-7-8-9-cu qabırğaların yerdəyişmiş qabırğaların sınığı,sol tərəfli hemopnevmotoraks, sağ tərəfli pnevmotoraks. Pnevmomediastium. Döş qəfəsinin yumşaq toxumalarının emfizeması. Çanaq sümüklərinin yerdəyişməyən sınığı” diaqnozu ilə stasionar müalicədə olmuşdur. b) müayinə zamanı aşkar edilmiş xəsarətlər-qapalı sinə zədəsi, solda 1-2-3-4-5-6-7-8-9-cu qabırğaların yerdəyişmiş sınığı, sol tərəfli hemopnevmotoraks, sağ tərəflli pnevmotoraks. Pnevmomediasastium.döş qəfəsinin yumşaq toxumalarının emfizaması,çanaq sümüklərinin yerdəyişməyən sınığı küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. Cinayət işi materiallarında olan MTE və PA Birliyinin xx.xx.2023-cü il tarixli 848 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 müayinə zamanı aşkar edilmiş xəsarətlər sol 4-5-6-cı qabırğaların qapalı sınıqları küt /əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. Cinayət işi materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2023-cü il tarixli, 8/3460 nömrəli rəyindən görünür ki: istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “QAZ 3110 markalı ** ME *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs QAZ 3110 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkərlətində “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işi materiallarında olan sərxoşluq hallarının yoxlanılmasına dair aparılan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisədən sonra müayinə olunan zaman ayıq vəziyyətdə olmuşlar. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, şahid və zərərçəkmişlərin ifadəsi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nın 263-1.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nın 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nın 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan DİN-in Baş Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslərin ərizəsindən görünür ki, onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materillarına əlavə edilmiş vəsiqələrin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə Təqsirləndirilən şəxs İİ Qarabağ Vətən müharibəsində aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərdiyinə görə ölkə başçısı tərəfindən “Xocavəndin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıq üzündən az ağır cinayət törətməsini, təqsirini etiraf edərək, törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, həmçinin onun İİ Qarabağ Vətən müharibəsində iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsinə görə ölkə başçısı tərəfindən imzalanmış sərəncam əsasında medallarla təltif olunmasını CM-nın 59-cu maddəsinə əsasən təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunanlara əsaslanmaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini və təyin ediləcək cəzanın yüngülləşdirən hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyası həddində 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Azərbaycan Respublikası CM-nın 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını və CPM-nın 196.4-cü və 197.1.4cü maddələri əsasında iş üzrə keçirilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası tədqiqatının (xx.xx.2023-cü il tarixli 8/3460№-li rəy) dəyəri - 128 manat pul vəsaitinin təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə məhkəmə məsrəfi, aparılmış Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertiza tədqiqatının dəyəri - 128 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar