Məhkəmə qərarları › İş №1(056)-123/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-123/2025

16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-123/2025 16.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Sabirabad rayonu, Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul, hazırda məhkumluğu olmayan, Sabirabad rayonu, Suqovuşan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd kibrit qutusunda olmaqla 5,18 qram təmiz çəkidə, yəni xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Sabirabad rayonu, Suqovuşan kəndində yerləşən evinin həyətyanı sahəsində ot tayasının arasında saxlamış, 24 iyul 2025-ci il tarixdə saat 10:10 dəqiqədən saat 10:23 dəqiqəyədək əməliyyat-axtarış fəaliyyətinin subyektləri - Sabirabad RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Sabirabad RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvvəkili, polis kapitanı Şahid2 və Sabirabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman ot tayasının arasından 1 ədəd kibrit qutusunda təmiz çəkisi - 5,18 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hazırda Sabirabad rayonu, Suqovuşan kəndində qeydiyyatda olmaqla həmin kənddə bacısı X2 ilə birlikdə yaşayır. Anası dünyasını dəyişmiş, atası isə uzun illərdir ki, onlardan ayrı qalmışdır. Özü günəmuzd işlərdə işləyib özünü və bacısını dolandırmış, həmçinin öz həyətində 14 baş xırda buynuzlu heyvan saxlamışdır. 2013-cü ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2014-cü ildə cəzadan vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmışdır. Ondan sonra bir neçə il narkotik vasitələrdən uzaq durmuş, lakin son 1 il ərzində tapdıqca az-az narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Sonuncu dəfə, təxminən 3 gün bundan əvvəl səhər saatlarında kəndin çöl sahəsində yerləşən pay torpağına getmiş, bu zaman yerdə 1 ədəd kibrit qutusu görmüş, həmin kibrit qutusunu yerdən götürüb içərisinə baxdıqda qurudulmuş marixuana olduğunu bilmişdir. Əvvəl də istifadə etdiyi üçün həmin narkotik vasitəni tanımış, sonra gələcəkdə istifadə etmək üçün özü ilə götürüb yaşadığı evə gətirmiş, bu barədə bacısı Mətanətə və ya başqa hər hansı bir şəxsə məlumat verməmişdir. Narkotik vasitəni bacısı tapar deyə evdə saxlamaqdan çəkinmiş, bu səbəbdən həmin narkotik vasitəni həyətdə olan ot tayasının arasında gizlətmiş, lakin istifadəyə etməyə vaxtı olmamışdır. 24 iyul 2025-ci il tarixdə saat 10 radələrində yaşadığı evin həyətində olarkən darvazanın yaxınlığında avtomobil dayandığını eşitmiş, sonra adının çağırıldığını eşitmiş, darvazadan çölə çıxmışdır. Orada ona mülki geyimdə olan bir neçə şəxs yaxınlaşmış, onlar polis əməkdaşları olduqlarını deyib xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində, həyətində narkotik tərkibli çətənə bitkiləri əkməkdə və narkotik vasitə saxlamaqda şübhəli olduğumu demiş, ondan yaşadığı ünvanda narkotik vasitə olub-olmamasını soruşmuşlar. O da yaşadığı ünvanda 1 ədəd kibrit qutusunda narkotik vasitə olduğunu demiş, onlar videoçəkilişlə həyətyanı sahəyə baxış keçirəcəklərini və üzərini yoxlayacaqlarını qeyd etmiş, o da etiraz etməyərək bu barədə ərizə vermişdir. Yazı yaza bilmədiyi üçün ərizəni polis əməkdaşlarından biri yazmış, o da imza etmişdir. Yaşadığı evin həyətyanı sahəsində ot tayasının arasında gizlətdiyi 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı oradan çıxarıb təqdim etmiş, ondan həmin narkotik vasitəni haradan əldə etməsi soruşulduqda həmin narkotik vasitəni tapdığını bildirmişdir. Sonra həmin kibrit qutusu elektron tərəzidə çəkilmiş, çəkisinin 8,11 qram olduğu müəyyən olunmuş, həmin kibrit qutusu 1 ədəd ağ rəngli zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüş, qablaşdırmanın üzərinə o və digər iştirakçılar imza etmişlər. Sonra polis əməkdaşlarından biri onun üzərini yoxlamış, qara rəngli cins şalvarının sol yan cibindən ona məxsus 1 ədəd “Samsung” markalı və 1 ədəd “Nokia" markalı mobil telefonlar, həmin şalvarın sağ yan cibindən 1 ədəd “Keno” markalı siqaret və 1 ədəd alışqan, həmin şalvarın arxa sol cibindən 1 manat pul aşkar edilmişdir. İş üçün əhəmiyyət kəsb edildiyi deyilib həmin mobil telefonlar da götürülmüş, digər əşyaları isə özünə qaytarılmışdır. Sonra polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəlmiş, orada protokol tərtib olunmuş, protokola o və digər iştirakçılar imza etmişlər. Polis şöbəsində xidməti otaqların birində onun üzərindən aşkar olunmuş əşyalara baxış və götürmə keçirilmiş, kibrit qutusu olan zərf açıldıqdan sonra çəkisi çəkilmiş, qurudulmuş marixuanın qutu ilə birlikdə çəkisi 8.05 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə müstəntiq tərəfindən bir ədəd zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, üzəri möhürlənib götürülmüş, o və digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Eləcə də ona məxsus 1 ədəd “Samsung" markalı və 1 ədəd “Nokia" markalı mobil telefonlar iş üçün əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən götürülmüş, bu barədə protokol tərtib olunmuş, protokola o və digər iştirakçılar imza etmişlər. Sonra o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi kimi Səxavət müəllimi seçmişdir. O, narkotik vasitənin qurudulmuş marixuana növündən son 1 il ərzində yenidən istifadə etməyə başlamış, yaşadığı ünvandan aşkar edilmiş həmin kütləni təxminən 21 iyul 2025-ci il tarixdə səhər saatlarında kəndin çöl sahəsində yerləşən pay torpağına gedərkən çöl sahədən tapmış, həmin qurudulmuş marixuananı özü üçün saxlamış, heç kimə satmaq və ya əvəzsiz vermək kimi bir fikri olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və ya belə zorun tətbiq ediləcəyi hədəsi olmamışdır. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabirabad rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayoru xüsusi rütbəsindədir. 24 iyul 2025-ci il tarixdə xx.xx.1987ci ildə Sabirabad rayonu Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul, hazırda məhkumluğu olmayan, Sabirabad rayonu Suqovuşan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə, evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini kultivasiya etməsi, narkotik vasitəni saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, ona görə də 24 iyul 2025-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş, həmin qərar Sabirabad RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. 2025-ci ilin iyul ayının 24-də Sabirabad RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvvəkili, polis kapitanı Şahid2, Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 ilə birlikdə saat 10 radələrində Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Suqovuşan kəndində yerləşən evinin qarşısına getmiş, avtomobilləri saxlayıb aşağı düşmüşlər. Sonra polsi əməkdaşlarından biri İntiqamı səsləmiş, İntiqam darvazadan çölə çıxmış, orada sonuncuya polis əməkdaşları olduqlarını deyib xidməti vəsiqələrini göstərib özümüzü təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində, həyətində narkotik tərkibli çətənə bitkiləri əkməkdə və narkotik vasitə saxlamaqda şübhəli olduğunu demişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə olub-olmamasını soruşduqda sonuncu yaşadığı ünvanda 1 ədəd kibrit qutusunda narkotik vasitə olduğunu demiş, onlar videoçəkilişlə həyətyanı sahəyə baxış keçirəcəklərini və üzərinin yoxlayacağını bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş, bu barədə ərizə vermiş, yazı yaza bilmədiyi üçün ərizəni polis əməkdaşları Şahid2 yazmış, Təqsirləndirilən şəxs da imza etmişdir. Videoçəkilişi özü aparmış, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində ot tayasının arasında gizlətdiyi 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kiiltəni oradan çıxarıb təqdim etmiş, sonuncudan həmin narkotik vasitəni haradan əldə etməsi soruşulduqda həmin narkotik vasitəni tapdığını bildirmişdir. Sonra həmin kibrit qutusu elektron tərəzidə çəkildikdə çəkisinin 8.1 1 qram olduğu müəyyən olunmuş, həmin kibrit qutusu 1 ədəd ağ rəngli zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüş, qablaşdırmanın üzərinə Təqsirləndirilən şəxs və digər iştirakçılar imza etmişlər. Sonra polis əməkdaşlarından biri Təqsirləndirilən şəxs üzərini yoxlamış, sonuncunun əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı və 1 ədəd “Nokia” markalı mobil telefonlar, həmin şalvarın sağ yan cibindən 1 ədəd “Keno” markalı siqaret və 1 ədəd alışqan, həmin şalvarın arxa sol cibindən 1 manat pul aşkar edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyi üçün həmin mobil telefonlar da götürülmüş, digər əşyaları isə özünə qaytarılmışdır. Sonra Təqsirləndirilən şəxs onlar tərəfindən Sabirabad RPŞ-nə gətirilmiş, orada protokol tərtib olunmuş, protokola o və digər iştirakçılar imza etmişlər. Polis şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs yaşadığı ünvandan və üzərindən aşkar olunmuş əşyalara baxış və götürmə keçirilmiş, kibrit qutusu olan zərf açıldıqdan sonra çəkisi çəkilmiş, qurudulmuş marixuanın qutu ilə birlikdə çəkisi 8,05 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə müstəntiq tərəfindən bir ədəd zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, üzəri möhürlənib götürülmüş, o və digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Eləcə də Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı və 1 ədəd “Nokia” markalı mobil telefonlar iş üçün əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Şahid3 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və həyətyanı sahəyə baxış keçirilməsinə dair” 24 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə yaşadığı Sabirabad rayonu Suqovuşan kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki ot tayalarının arasından 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür ( i.v.11-13). “Əşyaya baxış keçirilməsi və götürmə haqqında” 24 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı ünvandan aşkar olunaraq götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılmış kütləyə həmin kağız zərf açılmaqla yenidən baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən olunmuşdur. Baxış zamanı qeyd olunan predmet yenidən bir ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür ( i.v.14-16). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 25 iyul 2025-ci il tarixli, 18/542 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 5,18 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (i.v. 39-42). “Maddi sübut kimi tanıma haqqında” 24 iyul 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək 24 iyul 2025-ci il tarixli protokolla qablaşdırılmaqla götürülmüş, ilkin çəkisi 5,18 qram olan, tədqiqatdan sonra çəkisi 5,16 qram qalmış narkotik vasitə olan qurudulmuş marixuana işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan 26 iyul 2025-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınması və saxlanılmasından ötrü Sabirabad RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmışdır (i.v.65). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 31 iyul 2025-ci il tarixli, 4625 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (i.v.89-90). “Sübutların qiymətləndirilməsi haqqında” 28 avqust 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunaraq götürülmüş təmiz çəkisi 5,18 qram olmaqla, ekspertiza tədqiqatından sonrakı qalığı 5,16 qram olan narkotik vasitə qurudulmuş marixuana xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyə kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən 26 iyul 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınması və saxlanılmasından ötrü Sabirabad RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməsinin nəzərə alınması, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və həyətyanı sahəyə baxış keçirilməsinə dair protokol, bu barədə videoçəkiliş, digər istintaq hərəkəti protokolları, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından, həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v.96-102). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi xeyli miqdar, 500 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” 24 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 24 iyul 2025-ci il tarixdə tutulmuş hesab edilmişdir (i.v. 17). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 26 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v.44-45). “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən həbsdən azad edilməsi haqqında” 26 iyul 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı MSYdən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.58). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 04 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən 06 ay 16 gün müddət cəzası qalmaqla şərti azad olunmuşdur, məhkumluğu ödənilmişdir (i.v.75). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını (AR CM 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Sabirabad rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Nəsirov X3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 iyul 2025-ci il tarixdən 26 iyul 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Sabirabad Rayon Polis Şöbəsində saxlanılan narkotik vasitə olan 5,16 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 31,95 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla sərf edilmiş 06 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Vəkillər Kollegiyasına ayrılan vəsaitdən Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi adına olan bank hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. HAKİM : Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar