Məhkəmə qərarları › İş №1(056)-124/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-124/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-124/2024 06.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlu, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012cü il tarixli hökmü ilə 9 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhumluğu ödənilməmiş, Sabirabad şəhəri, M.S.ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1 və 234.1-ci maddələri ilə elan edilən ittihama görə o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 412,25 qram çəkidə orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana və 1915-ci ildə X4 silah zavodunda zavod üsulu ilə istehsal edilmiş 01 ədəd 7,62 mm kalibrli, 44157 nömrəli Naqan sistemli, texniki cəhətdən saz, atəş üçün yararlı yivli odlu silah – revolveri əldə edib, yaşadığı Sabirabad şəhəri, M.S.ünvan 1 ünvanında yerləşən evinə gətirmiş, odlu silahı evin yataq otağında olan çarpayının üzərindəki döşəyin altında, narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini, yəni 01 ədəd polietilen torbada təmiz çəkisi – 390 qramını yaşadığı evin yataq otağındakı paltar rəfinin içərisində, digər hissəsini, yəni təmiz çəkisi – 22,25 qramını isə 01 ədəd polietilen bükümə yığaraq üzərində saxlamış, 08 fevral 2024-cü il tarixdə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin qarşısında dayanarkən saat 14:15 dəqiqədə polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Sabirabad rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 15:15 dəqiqədə üzərində şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sol yan cibində 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi – 22,25 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq polis əməkdaşları tərəfindən yaşadığı Sabirabad şəhəri, M.S.ünvan 1 ünvanında yerləşən evinə saat 16:20 dəqiqədə baxış keçirilən zaman evin yataq otağındakı paltar rəfinin içərisində gizlətdiyi 01 ədəd polietilen torbada təmiz çəkisi – 390 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və evin yataq otağında olan çarpayının üzərindəki döşəyin altında saxladığı 01 ədəd 7,62 mm kalibrli, 44157 nömrəli Naqan sistemli revolver aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 7 ildir ki, narkotik maddələrdən istifadə edir. Tutulmamışdan bir ay əvvəl yaşadığı evin yaxınlığında istifadə edilməyən dəmiryolu relslərinin üzərində piyada hərəkət edərkən, kolların arasında bükülü vəziyyətdə gizlədilmiş sellofan torba görmüş, torbaya yaxınlaşmış və torbanı götürüb içərisinə baxarkən içərisində digər bir sellofan torba və əski parçasına bükülmüş əşya olduğunu görmüşdür. Digər torbanı açdıqda içərisində narkotik vasitə marixuana olduğunu bilmişdir. Bundan sonra əski parçasına bükülmüş əşyanı açmış və köhnə, barabanlı tapança olduğunu görmüşdür. Tapançanı yoxlamış və içərisində patron olmadığı ona məlum olmuşdur. Narkotik vasitəni istifadə etmək məqsədilə özü ilə götürmüş, tapançanı tullamaq istəmiş, lakin tapançanın köhnə və boş olduğunu, işə yaramayacağını düşünərək suvenir kimi saxlamaq məqsədi ilə özü ilə götürüb yaşadığı evə aparmışdır. Narkotik vasitəni yaşadığı evdə yataq otağındakı paltar rəfində, tapançanı isə yatdığı çarpayının üzərindəki döşəyin altında gizlətmişdir. Narkotik vasitədən hər gün müəyyən qədərini götürüb istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 08 fevral 2024-cü il tarixdə saat 14 radələrində yaşadığı küçədə olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərib polis olduqlarını bildirmiş və narkotik vasitənin dövriyyəsində şübhəli olduğunu bildirməklə, onu polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsində şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiə edilməsi üçün ona müdafiəçi təyin edilmişdir. Bundan sonra polis əməkdaşları ondan üzərində dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet olub-olmamasını, olacağı halda isə könüllü olaraq təqdim etməyi bildirmiş, o, üzərində bir ədəd sellofan bükümdə narkotik vasitə marixuana olduğu bildirmiş və təqdim edərək masanın üzrinə qoymuşdur. Sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı müstəntiq ona narkotik vasitəni haradan əldə etdiyini və hansı məqsədlə üzərində saxladığını soruşmüş, o, narkotik vasitəni dəmiryolunun üzərindən tapdığını, istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Müstəntiq ona başqa yerdə narkotik vasitə və qanunla qadağan edilmiş hər hansı bir əşya saxlayıb-saxlamadığını soruşmuş, o, polis əməkdaşlarına yaşadığı evdə də narkotik vasitə marixuana və bir ədəd odlu silah olan tapança saxladığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş narkotik vasitə marixuana kağız zərfdə qablaşdırılmış və möhürlənmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə müdafiəçinin iştirakı ilə Sabirabad şəhəri M.S.ünvan 1 ünvanında yerləşən yaşadığı evə getmişdir. Orada müstəntiq ondan yaşadığı evə baxış keçirilməsinə etirazının olubolmadığını soruşmuş, o, etirazının olmadığını bildirmişdir. Müstəntiq ona yaşadığı evdə olan narkotik vasitəni və odlu silahı təqdim etməyi bildirmişdir. O, evin yataq otağındakı paltar rəfinin içərisində gizlətdiyi 01 ədəd polietilen torbada olan narkotik vasitə qurudulmuş marixuananı müstəntiqə təqdim etmişdir. Daha sonra müstəntiq onun təqdim etdiyi 01 ədəd polietilen torbaya baxdıqdan sonra ondan həmin kütləni nə üçün yaşadığı evdə saxladığını soruşduqda isə öz istifadəsi üçün saxladığını və satış məqsədinin olmadığını demişdir. Daha sonra evin yataq otağında olan çarpayının üzərindəki döşəyin altında saxladığı 01 ədəd odlu silah olan tapançanı müstəntiqə təqdim etmişdir. Müstəntiq onun təqdim etdiyi 01 ədəd tapançaya baxdıqdan sonra həmin tapançanı nə üçün yaşadığı evdə saxladığını soruşduqda isə o, həmin silahı suvenir kimi saxladığını və satış məqsədinin olmadığını demişdir. Baxış prosesinin sonunda evdən aşkar edilmiş 01 ədəd sellofan torbada olan qurudulmuş marixuana və 01 ədəd odlu silah olan tapança qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 fevral 2024-cü il tarixdə Sabirabad şəhəri, M.S.ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə ona əməliyyat məlumatı daxil olmuş, bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuş, onun tərəfindən təxirəsalınmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunaraq əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin İstintaq bölməsinin müstəntiqi Araz Fərəcov, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid3 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sabirabad rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün Təqsirləndirilən şəxs Sabirabad şəhəri, M.S.ünvan 1 ünvanında yerləşən yaşadığı evin qarşısında müşahidə edib ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə gəzdirməsi barədə şübhəli olduğunu izah edib birlikdə Sabirabad Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etsin. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs özü könüllü şəkildə bildirmişdir ki, cibində qurudulmuş marixuana vardır. Daha sonra axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibində 01 ədəd polietilen kəsiyində büküm aşkar edilmişdir. Həmin büküm müstəntiq tərəfindən açılmış və baxış keçirilən zaman, içərisindəki maddənin narkotik vasitə qurudulmuş marixuanaya oxşaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olduğunu və istifadə etdiyini, satış məqsədinin olmadığını bildirmişdir. Aşkar edilmiş bükümə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, daha sonra isə qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Müstəntiq ona üzərində aşkar edilmiş narkotik vasitədən başqa yaşadığı evdə narkotik vasitə olub-olmadığını soruşmuş, o da yaşadığı evdə də narkotik vasitə marixuana, həmçinin bir ədəd odlu silah olan tapança olduğunu və təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə Sabirabad şəhəri M.S.ünvan 1 ünvanında yerləşən onun yaşadığı evə getmiş, orada müstəntiq ondan yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşmuş, o, etirazının olmadığını bildirmişdir. Müstəntiq ona yaşadığı evdə olan narkotik vasitəni və odlu silahı təqdim etməyi bildirmiş, o da evin yataq otağındakı paltar rəfinin içərisində gizlətdiyi 01 ədəd polietilen torbada olan narkotik vasitə marixuananı müstəntiqə təqdim etmişdir. Daha sonra müstəntiq onun təqdim etdiyi 01 ədəd polietilen torbaya baxdıqdan sonra ondan həmin kütləni nə üçün yaşadığı evdə saxladığını soruşduqda isə o, öz istifadəsi üçün saxladığını və satış məqsədinin olmadığını demişdir. Daha sonra o, evin yataq otağında olan çarpayının üzərindəki döşəyin altında saxladığı 01 ədəd odlu silah olan tapançanı müstəntiqə təqdim etmiş, müstəntiq onun təqdim etdiyi 01 ədəd tapançaya baxdıqdan sonra ondan həmin tapançanı nə üçün yaşadığı evdə saxladığını soruşduqda isə o, tapançanı suvenir kimi evdə saxladığını və satış məqsədinin olmadığını demişdir. Baxış prosesinin sonunda onun yaşadığı evdən aşkar edilmiş 01 ədəd sellofan torbada olan qurudulmuş marixuana və 01 ədəd odlu silah olan tapança qablaşdırılıb möhürlənərək götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid3, Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə X1 Regional Bölməsinin məhkəmə-bioloji ekspertizasının 09 fevral 2024-cü il tarixli, 3-16-16/2-18/155 nömrəli ekspert rəyindən görünür ki:

1. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi – 22,25 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.

2. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “...Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri yazılmış və imzalar olan 01 ədəd polietilen torbada təmiz çəkisi – 390,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən və evindən ötürülmüş, ümumi çəkisi – 412,25 qram olan marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. Cinayət işinin istintaq materiallarında olan məhkəmə-ballistik ekspertizasının xx.xx.2024cü il tarixli, 24/493 nömrəli ekspert rəyindən görünür ki:

1. Tədqiqata təqdim olunmuş 01 ədəd 44157 nömrəli silah zavod üsulu ilə X4 silah zavodunda 1915-ci ildə istehsal olunmuş 7,62 mm kalibrli Naqan sistemli revolverdir, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmləri üzərində sonradan silahın təyinatını dəyişdirən kustar üsulla heç bir əlavə və dəyişiklik edilməmişdir.

2. Tədqiqata təqdim olunmuş 01 ədəd 7,62 mm kalibrli, 44157 nömrəli Naqan sistemli revolverdən eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “Güllə-Giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2509 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad RİHB-nın şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-cü il tarixli hökmü ilə 9 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. Məhkumluğu ödənilməmişdir. Həmçinin, Zeynalov X3 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə Təqsirləndirilən şəxs göstərilən cinayəti əməllərini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, maddi sübut, şahid ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 228.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı qeyd edir ki, sonuncu, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-cü il tarixli hökmü ilə 9 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə cəzad edilərək azad olunduğu gündən 6 (altı) il müddət keçmədiyinə görə həmin hökmə əsasən yaranmış məhkumluq CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilməmiş hesab edilir. Azərbaycan Respublikası CM-nın 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası CM-nın 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın müddəti azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(056)-47/2024-cü il saylı hökmü ilə təyin edilmiş 2 il azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə qismən toplanılmalıdır. Cəzaçəkmə müəssisəsinin növününü müəyyənləşdirilməsinə gəldikdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə-azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Digər tərəfdən o da qeyd edilməlidir ki, iş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş, Sabirabad Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 3 ay müdddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanmasını, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1 (056) 47/2024-cü il saylı hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə qismən toplanmasını, narkomaniyadan məcburi müalicə təyin edilməklə ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olmasını, barəsində seçilmiş «həbs» qətimkan dəyişdirilmədən saxlanılmalı olmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 manat məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməli olmasını, iş üzrə maddi sübut olan Sabirabad RPŞdə saxlanılan 01 ədəd 7,62 mm kalibrli, 44157 nömrəli Naqan sistemli yivli odlu silah revolverin müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təchizat anbarına verilməli olmasını və Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı tədqiqatdan sonra qalıq qalmış 412,25 qram çəkidə olan narkotik vasitə marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli olmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona qəti təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə üzərində qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE ********************) köçürülsün. İş üzrı maddi sübut olan Sabirabad RPŞ-də saxlanılan 01 ədəd 7,62 mm kalibrli, 44157 nömrəli Naqan sistemli yivli odlu silah revolver Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təchizat anbarına verilsin. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalmış 412,25 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar