Məhkəmə qərarları › İş №1(056)-126/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-126/2025

23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-126/2025 23.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmaqla cəza çəkən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamışdır. Belə ki, o, naməlum mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,339 qram, xeyli miqdarda kustar üsülla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamış, 11 iyun 2025-ci il tarixdə saat 14:15 radələrində Sabirabad RPŞ-nin əməkdaşlarının təxirəsalınmadan keçirdikləri əməliyyət-axtarış tədbirləri zamanı o, Sabirabad şəhəri, H.Həmidov küçəsində narkotik vasitələrin qununsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün saxlanılmış, fasiləsiz olaraq videoçəkiliş aparılmaqla saat 14:15-dən saat 14:23-dək üzərinə baxış keçirilərkən əynindəki şalvarının arxa sağ cibində saxladığı bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,339 qram, xeyli miqdarda psixiotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, bir neçə il əvvəldən narkotik vasitələrdən istifadə edir. 10 iyun 2025-ci il tarixdə saat 17 radələrində Sabirabad şəhərində yerləşən RTS deyilən köhnə idarənin həyətindən piyada keçib gedərkən yerdə bir ədəd sellofan büküm olduğunu görmüşdür. O, həmin bükümü yerdən götürüb baxarkən, bükümün arasında narkotik vasitə olduğunu görmüşdür. Həmin bükümdə olan narkotik vasitəni özü istifadə etmək məqsədi ilə əynində olan şalvarının arxa sağ cibinə qoymuşdur. 12 iyun 2025-ci il tarixdə saat 14 radələrindən sonra Sabirabad şəhəri, H.Həmidov küçəsində olarkən 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək, Sabirabad RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları videoçəkliş aparmaqla ondan üzərində narkotik vasitə olub-olmadığını xəbər almışlar. O, əynində olan şalvarının arxa sağ cibində olan bir ədəd bükümdəki narkotik vasitəni çıxardıb yerə atmışdır. Sonra polis əməkdaşları həmin narkotik vasitəni yerdən götürüb onun cibinə qoymuşlar. Narkotik vasitəni onun cibinə qoyduqdan sonra ona demişlər ki, onu tutmayacaqlar, narahat olmasın. Daha sonra RPŞ-də ona sənədlərə imza etdirmişlər. Əlavə olaraq qeyd edir ki, ittiham aktında qeyd olunan onun üzərində aşkar edilən psixotrop maddə metamfetamin onun üzərində olmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs ona ibtidai istintaq zamanı hər hansı fiziki təsir-təzyiq göstərilmədiyini, etirafedici ifadələri psixoloji təzyiq altında imzaladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 11 iyun 2025-ci il tarixdə Sabirabad şəhəri, H.Həmidov küçəsi ev 130-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik vasitə əldə etməklə istifadə etməsi barədə keçirilmiş əməliyyat tədbirində iştirak etmişdir. Belə ki, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, Şahid1 əməliyyat qrupunun rəhbəri, o, RPŞ-nin ÇAB-nin əməliyyat müvəkkili Şahid3 əməliyyat qrupunun üzvləri təyin olunmuşlar. Bundan sonra onlar tədbirin keçirilməsi ilə əlaqdəar olaraq həmin gün Təqsirləndirilən şəxs yaşadığı H.Həmidov küçəsində müşahidə apararkən saat 14:15 dəqiqədə onun həmin küçədə piyada hərəkət etdiyini görmüşlər. Sonra onlar yaxınlaşıb videoçəkiliş aparılmaqla Şahid1 Sabirabad RPŞ-nin əməkdaşları olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlaması barədə məlumat daxil olduğunu bildirərək əgər üzərində narkotik vasitəsi varsa təqdim etməsini demişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının arxa sağ cibindən bir ədəd bükümdə psixotrop maddə matamfetaminə oxşar kütləni çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə oxşar kütlə elektron tərəzidə çəkildikdən sonra kağız zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş və iş üzrə əhəmiyyətli olduğuna görə götürülmüşdür. Bununla əlaqədar protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolun doğruluğunu imza etmişdir. Məhkəmə iclasında iştirak edən Şahid3 digər Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 11 iyun 2025-ci il tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdə saat 14:15 dəqiqədə Sabirabad şəhəri, H.Həmidov küçəsində piyada hərəkət edərkən şübhəli olduğu üçün saxlanılmış və videoçəkiliş aparılmaqla əynindəki şalvarının sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilib qablaşdırılaraq götürülmüşdür ( i.v.10-12). “Əşyaya baxış keçirilmə haqqında” 11 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə psixotrop maddəyə oxşar kütləyə video çəkiliş aparılmaqla tərəfimdən 11 iyun 2025-ci il tarixdə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdəki metamfetamin olduğunu və onun əynindəki şalvarının arxa sağ cibindən aşkar edildiyini təsdiq etmişdir. Həmin psixotrop maddə metamfetaminə oxşar kütlə elektoron tərəzidə çəkilərək bir ədəd kağız zərfə qoyulmaqla qablaşdırılaraq möhürlənib protokola əlavə edilmişdir ( i.v.13-15). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 12 iyun 2025-ci il tarixli, 18/459 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kağız paketdə qablaşdırılmış 01 ədəd bükümdə təmiz çəkisi 0,339 qram olan ağımtıl rəngli maddə kustar üsülla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqatda 0,339 qram metamfetamindən 0,05 qram sərf edilərək 0,289 qram qalıq qalmışdır (i.v.37-39). “Maddi sübut kimi tanıma haqqında” 14 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, tədqiqatdan sonra çəkisi 0,289 qram qalan psixotrop maddə olan metamfetamin 14 iyun 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutları saxlama ambarına təhvil verilmişdir (i.v.64-65). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 4270 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarxli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə «Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən RNM-da (F11x2) diaqnozu ilə 5 il ərzində dispanser qeydiyyatdadır ( i.v.87-88). “Sübutların qiymətləndirilməsi haqqında” 30 avqust 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri düzgün və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmış, iş üzrə əməliyyat-axtarış tədbiri keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair və iş üzrə əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında 11 iyun 2025-ci il tarixli protokollar, əşyaya baxış keçirilməsi və götürmə aparılan zaman video çəkiliş çəkilərək əldə olunmuş iki ədəd disk, məhkəmə-kimyəvi ekspertizasının 12 iyun 2025-ci il tarixli 18/459 nömrəli rəyi, ambulator məcburi-müalicə tibbi yoxlama komissiyasının 17 iyul 2025-ci il tarixli 4270 nömrəli rəyi, şübhəli və təqsirləndirilən şəxsin ifadəsi və şahid ifadələri cinayət təqibi üzrə sübut növü hesab olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə ittiham elan etmək mümkün olmadığından barəsində həmin xüsussat üzrə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, tədqiqatdan sonra çəkisi 0,289 qram psixotrop maddə metamfetaminin 14 iyun 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutları saxlama anbarına təvil verilməsi nəzərə alınmışdır (i.v.91-95). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı psixotrop maddənin olmadığını, ona psixoloji təzyiqlər göstərildiyindən və hədələndiyindən etirafedici ifadələrə imza etdiyini, narkotik vasitələrin istifadəçisi olsa da, özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın ilk günündən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, ibtidai istintaq zamanı müstəntiq tərəfindən, o cümlədən, hazırda məhkəmə iclasında dövlət ittihamçısı və sədrlik edən tərəfindən ona hər hansı zor və fiziki güc tətbiq edilib-edilməməsi ilə bağlı verilmiş suallara cavab olaraq ona istintaq zamanı hər hansı fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona psixoloji təzyiqlər göstərildiyini bildirsə də, bunu ümumi sözlərlə ifadə edərək ona göstərilən təzyiqlər barədə ətraflı və təfərrüatlı ifadə verə bilməmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair istintaq hərəkətinin görüntülərini özündə əks etdirən videodiskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində saxlaması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü şəkildə əynindəki şalvarının arxa sağ cibində saxladığı bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,339 qram, xeyli miqdarda psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün cibində saxladığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə,məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” 11 iyun 2025-ci il tarixli qərardan görünür ki, HK-1/1211 saylı material üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhə edilən şəxs kimi tutulmuşdur (i.v.16). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmişdir (i.v.47-48). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 13 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.57-58). “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 13 iyun 2025-ci il tarixli qərardan görünür ki, Sabirabad RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs MSY-dən azad olunmuçdur (i.v.60). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 23 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Cəbiyev X2 Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.71). Sabirabad Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 1(056)-160/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CMnin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v.81-86). Sabirabad Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 22 oktyabr 2025-ci il tarixli, 3-16-35-72/2-104907/2025 saylı məktubdan görünür ki, Cəbiyev X2 Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 1(056)-160/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 13 fevral 2024-cü il tarixdə qeydiyyata düşmüş, 21 oktyabr 2025-ci il tarixədək Təqsirləndirilən şəxs cəzasının 01 08 ay 08 gün hissəsini çəkmiş və ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 01 il 03 ay 20 gün təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlildir (i.v.89). Məhkəmə Təqsirləndirilən şəxs İİ qrup əlil olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəl də AR CM-nin eyni maddəsi ilə cinayət törətməsini, həmin cinayətə görə ona məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan, maddənin sanksiyasında nəzərdə tutumuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə baxmayaraq həmin hökmün çıxarılmasından sonra cəza çəkdiyi müddətdə yenidən eyni cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti (əvvəllər də AR CM-nin eyni maddəsi ilə məhkum olunması, ona məhkəmə tərəfindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə baxmayaraq yenidən AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi), cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də AR CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsini, ona məhkəmə tərəfindən azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkün olması nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə baxmayaraq hökmün çıxarılmasından bir müddət sonra yenidən eyni cinayət əməlini törətməsini, bununla da təqsirləndirilən şəxsə onun cəmiyyətdən tam təcrid edilməsini nəzərdə tutan azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət 11 iyun 2025-ci il tarixdə, yəni Sabirabad Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 1(056)-160/2023 saylı hökmündən sonra törədildiyindən Sabirabad Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 1(056)-160/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla) hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona AR CM-nin 67.1-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. AR CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 1(056)- 160/2023 saylı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi AR CM-nin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla AR CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmklə təyin edilmiş cəzaya birləşdirilməklə ona qəti cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətini hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, məhkəmə iclas zalından həbs edilməli, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata olması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 1(056)- 160/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 03 (üç) ay 18 (on səkkiz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla – 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddət, hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq müddəti zamanı 11 iyun 2025-ci il tarixdən 13 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 23 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Sabirabad Rayon Polis Şöbəsində saxlanılan psixotrop maddə olan 0,289 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata olması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 31,95 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla sərf edilmiş 06 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Vəkillər Kollegiyasına ayrılan vəsaitdən Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi adına olan bank hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. HAKİM : Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar