Məhkəmə qərarları › İş №1(056)-127/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-127/2023

18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-127/2023 18.09.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1996-cı ildə Sabirabad rayonu Qəzli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Qəzli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respubikasının CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, 24 mart 2023-cü il tarixdə, saat 15:30 radələrində Sabirabad rayonu Qəzli kəndində, kəndin mərkəzi olan yolun kənarında yerləşən “Mərkəz İnşaat” tikinti materialları mağazasının qarşısında Zərərçəkmiş şəxs ondan təxminən 1 ay əvvəl satdığı iri buynuzlu mal-qaraya görə borclu olduğu 1400 manat məbləğində pulu istəməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərin gözü qarşısında, insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozmaqla, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mədəniyyət normalarına qarşı saymamazlıqla ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə sonuncunun üzərinə hücum edib, yumruq zərbələri ilə sifət nahiyəsinə iki dəfə vuraraq baş beyin silkələnməsi ilə müşayiət olunan, sol gicgah-alın nahiyəsində qançırla nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər yetirməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, fərdi qaydada heyvan alveri ilə məşğul olur. O, Hacıqabul rayon sakini olan X1 uzun müddətdir ki, tanıyır və o, Saməddinə təxminən 1 ay bundan qabaq iki ədəd, erkək və dişi olmaqla heyvan almış və heyvanların qiyməti ümumilikdə 1300 manat təşkil etmişdir. O, Saməddinə 500 manat pul vermiş və Saməddinə 800 manat borcu qalmışdır. Bundan sonra Saməddinin əmisi oğlundan Saməddinin iştirakı ilə 1 baş erkək dana almış və sonuncuya bunun qarşılığında 1300 manat pul vermişdir. Onun ümumilikdə onlara 800 manat borcu qalmışdır. O, Saməddinə olan borcunu ona satdığı heyvan qısır olduğu üçün verməmiş və heyvanı qaytarmağını demişdir. Lakin Saməddin onunla razılaşmadığı üçün sonuncuya pulunu indiki zamana qədər verməmişdir. Bunun nəticəsində xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Saməddin ona məxsus evə getmiş və orada səs-küy salmışdır. Onun evdə olmadığını bilən kimi ona zəng vurmuş, o, Saməddinə çayxanada olmağını demişdir. Bundan sonra çayxanadan çıxıb kənd ərazisində olan və Xalid adlı şəxsin işlətdiyi tikinti materialları mağazasının qarşısına getmiş, orada olan zaman Saməddin ora gəlmiş və insanların gözü önündə onun ünvanına nalayiq söyüşlər söymüş və o, əsəbiləşərək Saməddinin başından yumruq zərbəsi vurmuşdur. Sonra Saməddin onun üstünə gəlib onu vurmaq istədikdə o, Saməddinin əlini kənara itələmiş və bu zaman Saməddin başını tutub mağazanın qarşısına qaçaraq oradan beli götürüb onu vurmaq üçün üzərinə gələn zaman Xalid Saməddinin əlindən beli almış və onlar mağazanın qarşısına tərəf getmişlər. Sonra o da oraya yaxınlaşmış və orada Saməddin yenə də onun ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra Saməddinlə bir-birlərinə yenə də əl-qol atmışlar və Saməddin deyinə-deyinə avtomobilinə tərəf getmişdir. Sonradan ona məlum olmuşdur ki, Saməddin ondan polis şöbəsinə şikayət etmişdir. Mübahisə 3-4 dəqiqə davam etmişdir. Mübahisənin yaranma səbəbi Saməddinin ondan pulunu istəməsi olmuşdur. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. İş üzrə zərərçəkmiş şəxslə barışmışdır. Bu görə də zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Özü ailəlidir, xüsusi təyinatlı olmaqla Azərbaycan Respublikasının ərazisinin müdafiəsi uğrunda gedən N saylı hərbi hissənin tərkibində Aprel döyüşlərində iştirak etmiş və Azərbaycan Ordusununun 100 illiyi (1918-2018) Yubley medalı ilə təltif olunmuşdur. Göstərdiyi xüsusatların nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, baş vermiş məlum hadisədən 2 ay əvvəl 3 ədəd, ikisi erkək və biri dişi olmaqla Alimə heyvan satmış, aralarında olan razılaşmaya görə Alim ona 3150 manat pul verməli olmuş, həmin puldan ona 1750 manatını vermiş və 1400 manat borclu qalmışdır. O, Alimdən dəfələrlə pulunu geri istəmiş, buna baxmayaraq Alim borcunu verməkdən boyun qaçırmışdır. O, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə günorta saatlarında Sabirabad rayonuna dəmir satmağa gəlmiş və geri qayıdan zaman Alimin evinə getmişdir. Orada olan zaman Alimin anası sonuncunun evdə olmadığını demiş, o, Alimə məxsus olan mobil nömrəyə zəng vurmuş və Alimin dediyi yerə, yəni Qəzli kəndində yerləşən tikinti materialları mağazasının qarşısına gəlmişdir. Orada olan zaman mağazanın iki nəfər işçisi, 1 nəfər qəssab və bir nəfər tanımadığı şəxs olmuşdur. Alimlə borcla bağlı bir qədər söhbət etmişlər və Alim pulu verməkdən imtina etmişdir. O, əsəbləşərək pulu geri istəmiş, Alim onun ünvanına nalayiq ifadələr işlətmiş və üstünə cumaraq ilk əvvəl bir dəfə şillə ilə vurmuş, buna görə aralarında söz mübahisəsi olmuşdur. O, yol kənarında dayanan avtomobilə söykənib onunla mübahisə edərkən Alim onu ikinci dəfə baş nahiyyəsindən yumruqla bir dəfə vurmuşdur. O, əsəbləşərək mağazanın qarşısında olan beli götürmüş və mağazanın işçiləri ona mane olmuşlar. Bundan sonra o, özünə məxsus olan avtomobilə minərək oradan uzaqlaşmış və Hacıqabul rayonuna qayıtmışdır. Onun halı pisləşdiyi üçün xəstəxanada tibbi yardım almış, sonradan Alim barəsində şikayət etmişdir. Hal-hazırda isə Alimlə barışmışdır. Onun Alim barəsində heç bir şikayəti və tələbi yoxdur. Ona görə o, təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Sabirabad rayonu Qəzli kəndində yerləşən «Mərkəz inşaat» mağazasında satıcı işləyir. 24 mart 2023-cü il tarixdə saat 15 radələrində mağazada olarkən küçədə səs eşitmiş və mağazadan çıxan zaman mağazanın qarşısında yolun digər tərəfindən bir nəfər şəxsin, adını sonradan bildiyi Saməddin adlı şəxsin tanıdığı Alimlə sözlə mübahisə etdiyini görmüşdür. Saməddin və Alim bir-birinin ünvanına söyüş söydüyü üçün Alim Saməddinin sifət nahiyəsindən yumruqla vurmuşdur. Saməddin də mağazanın qarşısına qaçıb, bir ədəd beli əlinə götürüb Alimin üzərinə gedib vurmaq istəyən zaman o, buna mane olmuş və Saməddin «başım qanamadıki bunu zibilə salım» deyərək oradan uzaqlaşıb getmişdir. Sonradan onlara məlum olmuşdur ki, Saməddin Alim barəsində polisə şikayət etmişdir. Hadisə təxminən 3-4 dəqiqə davam etmişdir. Alimlə Saməddinin arasında mübahisə Saməddinin Alimi söydüyü üçün olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Sabirabad rayonu Qəzli kəndində yerləşən mağazada qəssab işləyir. 24 mart 2023-cü il tarixdə saat 15 radələrində işlədiyi mağazadan aralıda yolun kənarında «Mərkəz inşaat» mağazasında işləyən Xalid, Ağadavud, həmkəndlisi Alim və əmisi Rasimlə dayanıb söhbət edərkən bir nəfər adını sonradan bildiyi Saməddin adlı şəxs gələrək Alimlə sözlə mübahisə etməyə başlamış və bir qədər sonra Saməddin və Alim bir-birinin ünvanına söyüş söymüşdür. Həmin vaxt Alim Saməddini özündən uzaqlaşdırmaq üçün sonuncunun başından zərbə vurmuşdur. Saməddin inşaat mağazasının yanına gedib oradan bir ədəd beli götürüb Alimin üzərinə gələrək vurmaq istədikdə, mağazanın işçiləri Saməddinə imkan verməmişdir. Saməddin orada Alimlə bir qədər söhbət edib onu şərləyəcəyini deyərək avtomobilinə əyləşərək çıxıb getmişdir. Sonradan onlara məlum olmuşdur ki, Saməddin Alim barəsində polisə şikayət etmişdir. Hadisə təxminən 3-4 dəqiqə davam etmişdir. Alimlə Saməddinin arasında mübahisə Saməddinin Alimi söydüyü üçün olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Sabirabad rayonu Qəzli kəndində yerləşən «Mərkəz inşaat» mağazasında fəhlə işləyir. 24 mart 2023-cü il tarixdə saat 15 radələrində mağazanın qarşısında yolun kənarında kənd sakinləri Alim, Rasim, Elgünlə dayanıb söhbət edən zaman bir nəfər adını sonradan bildiyi Saməddin adlı şəxs gələrək Alimlə mübahisə etməyə və pulunu istəməyə başlamış, onlar bir qədər sözlə mübahisə etdikdən sonra Saməddin və Alim qarşılıqlı söyüş söydüyü üçün Alim Saməddini başından vurub itələmişdir. Saməddin mağazanın qarşısına gedib oradakı beli götürərək Alimin üstünə gəlib vurmaq istəyən zaman Xalid və digərləri buna mane olmuşlar. Daha sonra Saməddin və Alim bir qədər də sözlə mübahisə etmişlər və Saməddin başını qaşıyaraq «niyə qan axmır axı bundan şikayət edim» deyə-deyə oradan uzaqlaşıb avtomobilinə minmiş və uzaqlaşıb getmişdir. Sonradan onlara məlum olmuşdur ki, Saməddin Alim barəsində polisə şikayət etmişdir. Hadisə təxminən 3-4 dəqiqə davam etmişdir. Alimlə Saməddinin arasında mübahisə Saməddinin Alimi söydüyü üçün olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məmmədov X4 Novruzovun göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X2 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan ******* saylı hərbi biletdən görünür ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissənin tərkibində 01-04.04.16-cı il tarixlərində Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Ordusununun 100 illiyi (1918-2018) Yubley medalı ilə təltif edilmişdir. Sabirabad rayon Quruzma Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs və ailəsi müsbət xarakterizə olunur, onun və ailəsi barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən Aprel döyüşlərində iştirak etməsini, Azərbaycan Ordusununun 100 illiyi (1918-2018) Yubley medalı ilə təltif edilməsini, əməlindən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını təyin ediləcək cəzanın yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran hallarının olmamasını, həmçinin cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində hər ay qazancından 10% (on faiz) pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə islah işləri növündə cəzanın təyin edilməsi daha məqsədəuyğundur. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və hər ay qazancından 10% (on faiz) pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmənin başlanğıcı işlədiyi və onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar