Məhkəmə qərarları › İş №1(056)-130/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-130/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-130/2024 25.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1991-ci il tarixdə Sabirabad rayonu Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Sabirabad rayonu Qaraqaşlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan, xeyli miqdarda, təmiz çəkisi 0,346 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, bir ədəd ağ rəngli kağız bükümdə üzərində saxlamış, Şirvan Apellyasiya Məhkəməsinin 01 avqust 2023-cü il tarixli 2(106)- 996/2023 nömrəli icra vərəqəsinə və Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli “borclunun axtarılması barədə” qərarına əsasən, Sabirabad rayon Polis Şöbəsində açılmış xx.xx.2024-cü il tarixli 710476 nömrəli axtarış işinin icrasının təmin edilməsi məqsədilə həyata keçirilmiş tədbirlər zamanı xx.xx.2024-cü il tarixdə Bakı şəhərində saxlanılaraq Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, şöbənin inzibati binasında saat 00:15 dəqiqədə üzərindən çıxarılmış əşyalara baxış keçirilən zaman, 01 ədəd “Palmall” markalı siqaret qutusunun içərisindən bir ədəd kağız bükümdə 0,346 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Qaraqaşlı kəndində yaşayır, bir neçə aydır ki, psixotrop maddə metamfetamin növündən istifadə edir. Sabirabad rayonu İcra və Probasiya Şöbəsində mülki işlə əlaqədar olaraq öhdəliklərini yerinə yetirməməsi barədə çağırışlara gəlmədiyi üçün mülki axtarışda olduğu barədə əvvəlcədən məlumatlı olmuşdur. Onun çağırışlara gəlməməkdə niyyəti Bakı şəhərində bir qədər işləyib pul əldə etmək və həmin pulla öhəliklərini yerinə yetirmək olmuşdur. Bir müddətdir ki, Bakı şəhərində işlədiyi “Tokio-shushi” çatdırılma xidmətində iş yoldaşı olan Orxanla tanış olmuş, Orxanla aralarında olan söhbətlər əsnasında hər ikisinin psixotrop maddə metamfetamin istifadə etdyini müəyyən etmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Orxanla işlədiyi yerdə olarkən sonuncudan üzərində psixotrop maddə olub-olmamasını, əgər vardırsa ona bir qədər satmasını istəmişdir. Orxan ona üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmiş və ona bir ədəd ağ rəngli kağız bükümdə olan psixotrop maddə metamfetamin vermişdir. O da bunun qarşılığında Orxana 15 manat məbləğində pul vermişdir. Sonra o həmin bükümü əynində olan qara rəngli şalvarın sağ yan cibindəki bir ədəd “Palmall” markalı siqaret qutusunun içərisinə qoymuş və işləri ilə məşğul olmuşdur. Fikri həmin kütləni axşam vaxtlarında istifadə etmək olmuşdur. Həmin gün saat 20 radələrində kafedə işləri ilə məşğul olarkən iki nəfər şəxs ona yaxınlaşıb Sabirabad RPŞ-nin əməkdaşları olduqlarını, onun barəsində axtarış elan edilməsi haqqında məhkəmə qərarı olduğunu bildirərək onu Sabirabad rayon Polis Şöbəsinə dəvət etmişl və o, həmin şəxslərlə razılaşıb birlikdə Sabirabad rayon Polis Şöbəsinə gəlmişlər. Sabirabad rayon Polis Şöbəsinə gələrkən polis əməkdaşları yanında olduqları üçün üzərində olan psixotrop maddəni atmaq niyyətində olsa da, həmin niyyətini reallaşdıra bilməmişdir. Daha sonra Sabirabad RPŞ-nin məsul növbətçisi və digər polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış aparılarkən üzərində olan bir ədəd “Honor” markalı mobil telefon, bir ədəd “Palmall” markalı siqaret qutusu, bir ədəd plastik Bakı kartı, bir ədəd 50 qəpik pul əskinasında metal pul, bir ədəd qapı açarını təqdim etmişdir. Sonra növbətçi tərəfindən həmin əşyalara baxış keçirildikdə siqaret qutusunun içərisində olan bir ədəd ağ rəngli kağız bükümdəki psixotrop maddə metamfetamin aşkar edilmişdir. Növbətçi Şahid2 həmin kütlənin nə olmasını ondan soruşduqda o, kütlənin metamfetamin olduğunu, istifadə etmək məqsədi ilə üzərində saxladığını, xx.xx.2024-cü il tarixdə tanışı Orxandan Bakı şəhərində 15 manat pul qarşılığında aldığını bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuşdur. Bu zaman ona hüquq və vəzifələri izah edilmiş və ona öz istəyi ilə təyin edilmiş Müdafiəçi iştirakı ilə müstəntiq tərəfindən üzərindən aşkar edilmiş əşyalara baxış keçirilərkən ondan masanın üzərində olan bir ədəd “Honor” markalı mobil telefon, bir ədəd “Palmall” markalı siqaret qutusu, 50 qəpik məbləğində pul, bir ədəd plastik Bakı kartı və bir ədəd qapı açarının kimə məxsus olması soruşulmuş, o da həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Daha sonra isə məsul növbətçi tərəfindən üzərinə şəxsi axtarış aparılarkən üzərindən psixotrop maddəyə bənzər kütlə aşkar edildiyi bildirilmişdir. O, həmin ifadələrin doğru olduğunu qeyd etmiş masanın üzərində olan “palmall” markalı siqraet qutusunun içərisində bir ədəd ağ rəngli kağız büküm olduğunu, həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu, həmin kütləni xx.xx.2024-cü il tarixdə Bakı şəhərində tanışı Orxan adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra siqaret qutusunun içərisindən həmin büküm çıxarılmış, baxış keçirilib yenidən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmışdır. Zərfin üzəri möhürləndikdən sonra o və iştirakçılar imza etmişlər. Bundan sonra isə ona məxsus olan bir ədəd “Honor” markalı mobil telefon müstəntiq tərəfindən götürülsə də, bir ədəd Bakı kartı, 50 qəpik məbləğində pul, bir ədəd qapı açarı və içərisində beş ədəd siqaret dənəsi olan “Palmall” markalı siqaret qutusu məsul növbətçiyə təhvil verilmişdir. Bundan sonra isə baxış yekunlaşdırılmış və protokol tərtib edilərək ucadan oxunmuş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini, himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını, ilk dəfə az ağır cinayət əməli törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nın PPXB-nın polis nəfəri vəzifəsini daşıyır. Şirvan Apellyasiya Məhkəməsinin 01 avqust 2023-cü il tarixli 2(106)-996/2023 nömrəli icra vərəqəsinə və Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli 710476 nömrəli Sabirabad rayon Qaraqaşlı kənd sakini Təqsirləndirilən şəxs barəsində axtarış işinin icrasının təmin edilməsi məqsədilə Sabirabad RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə Bakı şəhərinə xx.xx.2024-cü il tarixdə ezam olunmuşlar. Həmin xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrosunun yaxınlığında yerləşən “Tokio-Shushi” adlı çatdırılma xidmətinin inzibati binasında işləyən Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Sonra onlar Təqsirləndirilən şəxs özlərini təqdim edərək, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında məhkəmə qərarı ilə tanış etdikdən sonra, onlarla birgə Sabirabad RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna heç bir etiraz etməmiş və onlarla birlikdə Sabirabad RPŞ-nə gəlmişdir. RPŞ-nin inzibatı binasına gəldikdən sonra Təqsirləndirilən şəxs RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. RPŞ-nin məsul növbətçisi Şahid2 tərəfindən onların iştirakı ilə Sabirabad rayon Qaraqaşlı kənd sakini Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindəki “Palmall” markalı siqaret qutusunun içərisindən 01 ədəd ağ rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sonra isə aşkar olunanlarla bağlı şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib edilmiş və iştirakçılar imza etmiş, Təqsirləndirilən şəxs isə şübhəli şəxs kimi tutulmuş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmiş, müstəntiqin və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalara yəni 01 ədəd “Honor” markalı mobil telefon, 01 ədəd “Palmall” markalı siqaret qutusu, 01 ədəd palstik Bakı kartı, 0,50 manat məbləğində pul vəsaiti və 01 ədəd ev açarına baxış keçirən zaman Təqsirləndirilən şəxs həqiqətəndə həmin əşyaların sırasında psixotrop maddə metamfetaminə bənzər kütlə olub-olmaması barədə sual verilmişdir. Təqsirləndirilən şəxs masanın üzərində olan əşyaların hər birinin özünə məxsus olduğunu, eləcə də 01 ədəd “Palmall” markalı siqaret qutusunun içərisində 01 ədəd kağız bükümdə psixotrop maddə metamfetin olduğunu, həmin kütləni xx.xx.2024-cü il tarixdə tanışı Orxan adlı şəxsdən 15 manat pul qarşılığında aldığını bildirmişdir. Siqaret qutusu açıldıqda içərisində 05 ədəd siqaret dənələri və 01 ədəd ağ rəngli kağız büküm olduğu görünmüşdür. Həmin bükümü açıb içərisinə baxdıqda isə ağ rəngli, kristalvari kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra həmin kütlə müstəntiq tərəfindən götürülərək 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmışdır. Zərfin üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq Sabirabad RPŞ-yə gətirilərkən və Sabirabad RPŞ-də olarkən ona qarşı hər hansı zor tətbiqinin olmamasını, aşkar edilmiş kütlənin özünə məxsus olmasını qeyd etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məxsus olan “Honor” markalı mobil telefon gələcəkdə sübut əhəmiyyəti daşıyacaq məlumatların aşkar edilməsi ehtimalı ilə götürülsə də, 0,50 manat məbləğində pul vəsaiti, 01 ədəd Bakı plastik kartı, 01 ədəd ev açarı və içərisində 05 ədəd siqaret dənələri olan 01 ədəd “Palmall” markalı siqaret qutusu Sabirabad RPŞ-nin MSY-nə təhvil verilməsi üçün növbətçi Şahid2 verilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin məsul növbətçisi Şahid2, digər Şahid1 göstərdiklərinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş baxış keçirilməsi və götürmə haqqında 19 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindəki əşyalara baxış keçirilən zaman bir ədəd ağ rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X2 Regional Bölməsinin 19 yanvar 2024-cü il tarixli 18/82 nömrəli rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,346 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,346 qramdan tədqiqata 0,05 qramı istifadə edilmiş, 0,296 qramı qalıq çəkisi qalmışdır. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 13 fevral 2024-cü il tarixli 909 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, təmiz şəkisi 0,346 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadəsi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Sabirabad rayonu, Quruzma kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı (2019 və 2020-ci il təvəllüdlü) uşaqları vardır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun ilk dəfə az ağır cinayət əməli törətməsini, törətdiyi əməlindən peşmançılıq hissi keçirməsini, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini, ailəli olaraq himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nın 59-cu maddəsinə əsasən təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, təyin ediləcək cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla müəyyən olunmuş dörd gün, ona təyin olunacaq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsini, onun narkoloji dispanserdə qeydiyyata alınmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, həmçinin iş üzrə maddi sübut kimi Sabirabad rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq qalmış 0.296 qram çəkidə psixotrop maddə metamfetaminin hökmün qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində iki gün tutularaq, bir gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, müəyyən edilmiş dörd gün təyin olunan 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkməsi müddətinin başlanğıcı cəzanın icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazı narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri - 31.95 AZN məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı qalıq çəkisi 0,296 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar