Məhkəmə qərarları › İş №1(056)-130/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-130/2025

01.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-130/2025 01.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, xüsusi ittiham qaydasında şikayət verən şəxs - X1 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs - X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası CM-nın 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında verdiyi şikayətə, məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cəzalandırılmasına dair ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. X4 xüsusi ittiham qaydasında şikayətini belə əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində cavabdeh Sabirabad RPŞ-yə müraciət edərək guya onun azyaşlı qızı Zahra Məmmədovanı avtomobillə vurmaqla, ölümlə hədələdiyini iddia etmişdir. Sabirabad RPŞ-nin Təhqiqat Bölməsi tərəfindən aparılmış araşdırmalar nəticəsində bu iddiaların əsassız olduğu müəyyən edilmiş və xx.xx.2025-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Qərarda göstərildiyi kimi, cavabdehin müraciətində qeyd olunan hallar sübuta yetirilməmiş, cinayət tərkibi müəyyən edilməmişdir. Cavabdehin davamlı olaraq belə böhtan xarakterli müraciətlər etməsi onun nüfuzuna, ailəsinin psixoloji vəziyyətinə və sosial həyatına ciddi zərər vurmuş, cəmiyyət arasında haqqında mənfi rəy formalaşdırmağa xidmət etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147-ci maddəsi (böhtan) yalan məlumatlarla şəxsi cinayət törətməkdə ittiham etmə, 148-ci maddəsi (təhqir) - şəxsin şərəf və ləyaqətini alçaldan hərəkətlər, cavabdehin əməllərinə tam uyğun gəlir. Cinayət Prosessual Məcəllənin 43.2-ci maddəsinə əsasən, böhtan və təhqir cinayətləri xüsusi ittiham qaydasında baxılan işlərdir və bu halda zərərçəkmiş şəxs (mən) birbaşa məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmədən xahiş edir: 1. Cavabdeh X3 ona qarşı böhtan və təhqir xarakterli hərəkətlərinə hüquqi qiymət verilsin. 2. Onun barəsində Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət işinə xitam verilmədən xüsusi ittiham qaydasında icraat başlanılsın. 3. Mənim nüfuzumun bərpası, şərəf və ləyaqətimin qorunması, həmçinin gələcəkdə bu kimi əsassız müraciətlərin qarşısının alınması üçün qanuni tədbirlər görülsün. Məhkəmə iclasında iştirak etmiş xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətinin məzmununa uyğun izahat verərək X2 Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirli bilib, onun barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 şikayət ərizəsini əsassız hesab edərək, şikayətin icraata qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi dinləyib hesab edir ki, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı üçün xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nın 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası CPM-nın 302.1 və 302.1.3-cü maddələrinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı halda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nın 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək digər qərarlarla bərabər həmçinin bu Məcəllənin 302.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda (şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda) xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir.. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 298, 299, 300, 302 və 321ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası CM-nın 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar