Məhkəmə qərarları › İş №1(056)-131/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-131/2024

07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-131/2024 07.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X8 Allahverdiyevin sədrliyi, Hakim köməkçisi X5 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1977-ci ildə Sabirabad rayonu Nizami kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Sabirabad rayonu Nizami kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə elan edilən ittihama görə o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə ümumi çəkisi – 3,44 qram olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib üzərində daşıyaraq saxlamış, 29 fevral 2024-cü il tarixdə saat 17 radələrində o, Sabirabad rayonu Nizami kəndi ərazisində həmin narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini, yəni 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 2,77 qramını həmkəndlisi X4 60 manat müqabilində qanunsuz olaraq satmış, sonuncu isə ondan aldığı həmin narkotik vasitəni 01 mart 2024-cü il tarixdə saat 18 radələrində Nizami kəndi ərazisində əvvəldən tanıdığı, xx.xx.2007-ci il tarixdə anadan olmaqla, yetkinlik yaşına çatmayan həmkəndlisi Şahid1 90 manat pul müqabilində satmış, 03 mart 2024cü il tarixdə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində o, rayonun Nizami kəndində yol kənarında balıq satarkən saat 12:25 dəqiqədə polis əməkdaşları tərəfindən saxlanılaraq, Sabirabad rayonu Qaragüney kəndində yerləşən Qaragüney polis bölməsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 13:00 dəqiqədə üzərində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən, Şahid1 üzərində aşkar edilmiş 2,77 qram qurudulmuş marixuana ilə orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynilik təşkil edən, 02 ədəd kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,33 qram və 0,34 qram olmaqla, ümumi təmiz çəkisi – 0,67 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2-3 ildir ki, narkotik vasitə istifadə edir. 27 fevral 2024-cü il tarixdə saat 09 radələrində Sabirabad rayonu Rüstəmli kəndində kollektordan balıq tutarkən kollektorun kənarında yerdə sellofan büküm olduğunu görmüş, həmin bükümü açıb içərisinə baxmış, içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bilmişdir. Bundan sonra həmin kütləni istifadə etmək üçün üzərində saxlamışdır. Həmin kütlədən istifadə edən zaman həmkəndlisi X7 onu görmüş, 29 fevral 2024-cü il tarixdə saat 17 radələrində Babək onun yanına gələrək əsgər yoldaşının gələcəyini, həmin kütlədən ona da verməyini bildirmişdir. O, həmin kütlədən bir ədəd kibrit qutusuna doldurub 60 manat müqabilində yaşadığı evin yaxınlığındakı küçədən təxminən 60 metr aralıda tibb məntəqəsinin yanında Babəkə satmışdır. Qalan kütləni də 7-8 kağız bükümə ayırıb istifadə etmək məqsədilə cibinə qoymuşdur. Bükümlərdən 5-6 ədədini istifadə etmiş, ikisi isə cibində qalmışdır. 03 mart 2024-cü il tarixdə saat 12 radələrində Sabirabad rayonu Nizami kəndində yolun kənarında balıq satan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək polis bölməsinə dəvət etmiş, o da polis əməkdaşları ilə birlikdə Sabirabad RPŞ-nin Qaragüney PB-nə gəlmişdir. Daha sonra orada o, üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və həmin kütləni təqdim etmişdir. Müstəntiq onun təqdim etdiyi 02 ədəd bükümü açaraq içinə baxdıqdan sonra ondan həmin kütlə barədə soruşduqda o, həmin kütləni rayonun Rüstəmli kəndində su kollektorunun kənarından tapdığını bildirmişdir. Müstəntiq həmin kütləni nə üçün üzərində saxladığını soruşduqda isə gələcəkdə özü istifadə etmək məqsədilə üzərində saxladığını, bir dəfə Babəkə bir kibrit qutusunda 60 manat müqabilində satdığını demişdir. Sonunda üzərindən aşkar edilmiş həmin kütlə müstəntiq tərəfindən qablaşdırılmış, möhürlənmiş və imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Odur ki, o, məhkəmədən barəsində ən aşağı həddə cəza qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, bir neçə ay bundan əvvəl istifadə etdiyi narkotik vasitəni həmkəndlisi X2 almışdır. 29 fevral 2024-cü il tarixdə saat 16 radələrində Nizami kəndi ərazisində olan zaman Babəkdən narkotik vasitə istəmiş, Babək ona narkotik vasitə sata biləcəyini bildirmiş, əvvəlcə ondan 40 manat almış və narkotik vasitəni alıb gətirəndə əlavə olaraq 50 manat da alacağını demişdir. Beləliklə, o Babəklə həmin narkotik vasitəyə görə 90 manata razılaşmışdır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Babək ona zəng edərək narkotik vasitəni əldə etdiyini bildirmişdir. O, Babəkin yaşadığı Sabirabad rayonu Nizami kəndindəki evindən 200 metr aralıda Babək ilə görüşmüş və qalan 50 manat pulu Babəkə verib bir kibrit qutusunda narkotik vasitə marixuananı almışdır. Kibrit qutusunu əynində olan şalvarın cibinə qoymuşdur. 03 mart 2024-cü il tarixdə saat 10 radələrində Sabirabad rayonunda yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, Sabirabad RPŞ-nin Qaragüney PB-yə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Sabirabad RPŞ-nin Qaragüney PB-nə gəlmiş, orada üzərində saxladığı narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Müstəntiq onun təqdim etdiyi 01 ədəd kibrit qutusunu açaraq içinə baxdıqdan sonra ondan həmin kütlə barədə soruşduqda o, həmin kütləni X2 90 manata aldığını bildirmişdir. Müstəntiq həmin kütləni nə üçün üzərində saxladığını soruşduqda, o, gələcəkdə özü istifadə etmək məqsədilə üzərində saxladığını və satış məqsədinin olmadığını demişdir. Şəxsi axtarışın sonunda üzərindən aşkar edilmiş həmin kütlə müstəntiq tərəfindən qablaşdırılmış, möhürlənmiş və imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin Qaragüney PB-nin sahə rəisi vəzifəsində işləyir. 03 mart 2024-cü il tarixdə Sabirabad rayonu Nizami kənd sakini Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, bununla bağlı olaraq əməliyyat müvəkkili Şahid3 raportla polis bölməsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi Şahid3 həvalə olunmuş, onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin İstintaq bölməsinin müstəntiqi Araz Fərəcov, CA üzrə baş əməliyyat müvəkkili Şahid3 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Şahid1 Sabirabad rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün Şahid1 Sabirabad rayonu Nizami kəndində yaşadığı evin yaxınlığında yol kənarında müşahidə edib, yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, üzərində narkotik vasitə gəzdirməsi barədə şübhəli olduğunu izah edərək Şahid1 Sabirabad RPŞ-nin Qaragüney PB-yə getməyi təklif etmişlər. Şahid1 razılıq verərək birlikdə polis bölməsinə gəlmiş, həmin vaxt Şahid1 yetkinlik yaşına çatmayan şəxs olduğu üçün Sabirabad rayonu Nizami kənd M.Məmmədov adına tam orta məktəbin müəllimi X1 da mütəxəssis kimi Qaragüney PB-yə dəvət olunmuş, polis bölməsində Şahid1 müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tanınmış və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı müstəntiq Şahid1 üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa, təqdim etməsini təklif etmiş, axtarışdan əvvəl Şahid1 özü könüllü şəkildə cibində narkotik vasitə qurudulmuş marixuananın olduğunu bildirmişdir. Həmin kibrit qutusu müstəntiq tərəfindən açılmış və baxış keçirilən zaman içərisindəki maddənin tünd-yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşaması müəyyən edilmişdir. Şahid1 həmin narkotik vasitəni X2 90 manata aldığını, istifadə etmək məqsədilə üzərində saxladığını və satış məqsədinin olmadığını bildirmişdir. Daha sonra qablaşdırılıb möhürlənərək müstəntiq tərəfindən götürülmüşdür. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Bundan sonra o, müstəntiq Araz Fərəcovun raportu əsasında X3 ətrafında təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə raportla polis bölməsinin rəisinə məruzə edilmişdir. Raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi Şahid3 həvalə olunmuş, onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. X11 Sabirabad rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün X9 rayonu Nizami kəndində “Tülkülük” adlanan ərazidə yol kənarında müşahidə edib, yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Babək Qasımova narkotik vasitə satması barədə şübhəli olduğunu izah edərək birlikdə Sabirabad RPŞnin Qaragüney PB-yə getməyi təklif etmiş, Babək Qasımov razılıq verərək birlikdə polis bölməsinə gəlmiş, polis bölməsində Babək Qasımov müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş əşya və predmetin aşkar edilməmişdir. Şifahi sorğu əsasında Babək Qasımov bir neçə dəfə istifadə etmək məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs siqaretə doldurulmuş narkotik vasitə marixuana aldığını, sonuncu dəfə 29 fevral 2024-cü il tarixdə həmkəndlisi Şahid1 ondan özü üçün narkotik vasitə tapmasını istədiyini, həmin gün Kazımdan 40 manat alaraq Bəxtiyardan 60 manat müqabilində bir ədəd kibrit qutusunda narkotik vasitə marixuana aldığını və xx.xx.2024-cü il tarixdə Kazımdan əlavə 50 manat da alaraq həmin kibrit qutusunu Kazıma satmaqla, 30 manat qazanc əldə etdiyini bildirmişdir. Sonra bu barədə protokol tərtib edilmişdir. Bundan sonra Şahid3 müstəntiq Araz Fərəcovun raportu əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə raportla polis bölməsinin rəisinə məruzə etmiş, raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuş, onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Sonra Təqsirləndirilən şəxs Sabirabad rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün Təqsirləndirilən şəxs Sabirabad rayonu Nizami kəndində yol kənarında balıq satarkən müşahidə edib, yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə gəzdirməsi və satması barədə şübhəli olduğunu izah edərək birlikdə Sabirabad RPŞ-nin Qaragüney PB-yə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs razılıq verərək birlikdə polis bölməsinə gəlmiş, polis bölməsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa, təqdim etməsini təklif etmişdir. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs özü könüllü şəkildə cibində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, daha sonra axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd kağız bükümü təqdim etmişdir. Həmin bükümlər müstəntiq tərəfindən açılmış və baxış keçirilən zaman, içərisindəki maddənin tünd-yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Rüstəmli kəndində su kollektorunun kənarından tapdığını bildirmişdir. Müstəntiq həmin kütləni nə üçün üzərində saxladığını soruşduqda isə gələcəkdə özü üçün istifadə etmək məqsədilə üzərində saxladığını, bir dəfə Babək Qasımova bir kibrit qutusunda 60 manat müqabilində narkotik satdığını demişdir. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütlə müstəntiq tərəfindən qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-18/243 nömrəli ekspert rəyində göstərilmişdir ki:

1. Tədqiqata təqdim olunmuş üzərində “...Şahid1 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 2,77 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin istintaq materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-18/244 nömrəli ekspert rəyində göstərilmişdir ki:

1. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 02 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,33 qram; 0,34 qram; ümumi çəkisi – 0,67 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən və Şahid1 üzərindən götürülmüş marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. Cinayət işinin istintaq materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2917 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad Rayon Nizami kənd İƏD nümayəndədəliyi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şifahi və yazılı şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarından göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə Təqsirləndirilən şəxs göstərilən cinayəti əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, maddi sübut, özününü etirafedici ifadəsi, şahid ifadələri və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində ilk dəfə cinayət əməli törətməsini və əməlindən peşman olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində həmin Məcəllənin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanın ağırlaşdıran hallarının olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olar. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər tərəfindən cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2024-ci il tarixdən şübhəli şəxs qismində tutulmuş, Sabirabad rayon məhkəməsinin 04 mart 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə, qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanmasını, onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, narkomaniyadan məcburi müalicə olunmalı olduğunuu, onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı olmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 99,48 (doxsan doqquz manat qırx səkkiz qəpik) manat məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməsini, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı çəkisi 0,63 qram olan qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli olduğunu əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 99,48 (doxsan doqquz manat qırx səkkiz qəpik) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı çəkisi 0,63 qram olan qurudulmuş marixuana məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar