Məhkəmə qərarları › İş №1(056)-132/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-132/2025

28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-132/2025 28.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.1-ci maddəsi ilə elan edilən ittihama görə, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 23 iyun 2025-ci il tarixdə saat 10 radələrində Sabirabad şəhəri, Heydər Əliyev prospekti 45A ünvanında yerləşən “Perla” mebel salonundakı masanın üzərində qoyulmuş Zərərçəkmiş şəxs məxsus 20 manat dəyərində “ShanGİPJ” markalı əl çantasını, həmin çantanın içərisində olan 2936 manat nağd pulu, eləcə də Türkiyə istehsalı olan xırda brilliant qaşlı 700 manat dəyərində 1 cüt qızıl sırğanı və Rusiya istehsalı olan 583 əyarlı tək brilliant qaşlı 300 manat dəyərində 1 ədəd qızıl üzüyü gizli yolla talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 3956 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda tək yaşayır, gündəlik olaraq dəmir içki qabları yığıb sataraq dolanır. 2009-cu ilə Azərbaycan Respublikası CM-nın 180-cı maddəsinin müvafiq bəndləri ilə təqsirli bilinib 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2015-ci ildə cəzadan azad olunmuşdur. Lakin hazırda bir qayda olaraq mütəmadi şəkildə spirtli içki olan araq qəbul edir. 2025-ci ilin iyun ayının 23-də səhər saat 09 radələrində evdən çıxıb Sabirabad rayonu “Qlobus dairəsi” deyilən yerə getmiş, orada olan kafelərin birində - Taleh adlı şəxsin kafesində yemək yemiş, spirtli içki olan araq qəbul etmiş, bir qədər sərxoş olmuşdur. Özünün də böyrəkləri xəstə olmuş, pulunun az olması və müalicə ala bilməməsi ona çox pis təsir etmiş, bu səbəbdən oğurluq etmək qərarına gəlmişdir. Həmin gün saat təxminən 10-11 radələrində Sabirabad şəhəri H.Əliyev prospekti ilə piyada hərəkət edən zaman “Perla” mebel salonunun qarşısına çatmış, orada oğurlamağa bir şey tapacağını güman edib içəri girmiş, sağ tərəfdə masanın üzərində bir ədəd əl çantası olduğunu görmüşdür. O, həmin çantanı götürüb cəld oradan uzaqlaşmış, sonra Sabirabad şəhər ərazisində olarkən çantanın içərisini açmış, həmin çantanın içərisində bir topa pul və bir sıra qadın üçün olan əşyalar olmuşdur. Lakin o, həmin pulu saymamış, evə gedib çantanı qaldığı otaqda olan karton qutunun içərisinə atmış, həmin puldan da 200 manat karton qutunun altına qoymuşdur. Digər pulu isə topa şəkildə özü ilə götürmüş, sonra Sabirabad şəhəri H.Əliyev prospektinə gedib orada yerləşən hazırda xatırlamadığı meyvə-tərəvəz mağazasından 1 ədəd qarpız almış, eləcə də 1 butulka araq götürmüş, sonra parkda oturub araqdan içərək həmin qarpızı yemişdir. Günorta saatlarından sonra dəqiq tarixi yadında qalmayan vaxtda Sabirabad şəhəri H.Əliyev prospektində gedərkən tanışı Mürşüd əmini görmüş, sonuncu ona yenə içdiyini deyib irad tutmüş, bu zaman müvazinətini itirib yerə yıxılmışdır. Mürşüd əmi ona köməklik etmiş, orada olan tanımadığı taksidən onu öz evinə aparmasını xahiş etmiş, bu zaman oğurladığı puldan 50 manatını Mürşüd əmiyə verib sonra ondan götürəcəyini demişdir. Həmin taksi onu yaşadığı evə aparmış, evinin qarşısında aşağı düşmüş, bu zaman ona polis əməkdaşları yaxınlaşaraq oğurluqda şübhəli olduğunu dedikdə oğurluq etdiyini etiraf etmişdir. Sonra o, polis əməkdaşları ilə birlikdə Sabirabad RPŞ-yə gəlmiş, orada onun oğurladığı çantasının sahibinin Sabirabad şəhər sakini Zərərçəkmiş şəxs adlı şəxs olduğunu öyrənmiş, tutduğu əməldən peşman olmuşdur. Sadaladığı oğurluqdan başqa heç bir cinayət törətməmiş, oğurluq etməsi barədə də heç kimə xəbər verməmişdir. Pulu konkret olaraq saymasa da, 2- 3 min manat arası pul olmuş, lakin həmin puldan nə qədərin xərclədiyini xatırlamamışdır, həmin vaxt sərxoş olmuş, evinə gələn polis əməkdaşları isə evinə baxış zamanı oradan 200 manat pul və Könül adlı qadına məxsus qızıl-zinət əşyalarını tapmışlar. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşmançılıq hissi keçirdiyini və ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən “Perla” mebel salonunda satıcı kimi il yarımdır işləmiş, onun əmək müqaviləsi olmuş, satış olduqdan sonra bir qayda olaraq gündəlik gəliri işdə qoymamış, özü ilə yaşadığı evə aparmışdır. Müəyyən vaxtda yığıldıqdan sonra "xxxx" ASC-nın Sabirabad şəhərinə filialına aparıb mağazanın hesabına qoymuş, 23 iyun 2025-ci il tarixdə səhər saat 09 radələrində işə gəlmiş, bu zaman evdən özü ilə ona məxsus çantada 2936 manat işin pulu, 700 manat dəyərində türk istehsalı olan 3-4 qram çəkidə xırda brilliant qaşlı 1 cüt qızıl sırğa, həmçinin 300 manat dəyərində 583 ayarlı 1 qramlıq tək brilliant qaşlı 1 ədəd qızıl üzük, habelə şəxsi əşyaları, dərmanları, şəxsiyyət vəsiqəsi olmuşdur. İşə gəldikdən sonra təxminən saat 10-11 radələrində həmin çantadakı içərisində pul, qızıl-zinət əşyaları və digər əşyalar ilə birlikdə işlədiyi mebel salonunda olan masalardan birinin üzərinə qoymuş, başı işə qarışmış, bir neçə dəqiqə sonra çantasını götürmək istədikdə masada olmadığını görmüş, orada olan iş yoldaşı Fidan adlı qızdan da soruşduqda sonuncu çantadan xəbərinin olmadığını bildirmişdir. Artıq çantasının içərisindəki əşyalar ilə birlikdə oğurladığını düşünmüş, bu səbəbdən Sabirabad RPŞ-yə gələrək baş vermiş oğurluq hadisəsi ilə bağlı ərizə vermiş, daha sonra polis əməkdaşları ilə birlikdə işlədiyi mağazaya qayıtmışdır. Orada onun və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, sonra protokol tərtib olunmuş, protokola o və digər iştirakçılar imza etmişlər. Əsas nağd pulu və qızıl-zinət əşyalarını istəmiş, onun digər əşyalarla bağlı şikayəti olmamışdır. Ona 2936 manat nağd pul və 1000 manat qızıl-zinət əşyası olmaqla ümumilikdə 3936 manat məbləğində maddi ziyan dəymişdir. Çantasında olan pul işin pulu olmasına baxmayaraq rəsmi olmadığı üçün həmin pul onun sayılmış, bu səbəbdən də zərər ona dəymişdir. O, sonradan ona məxsus çantanı içərisindəki əşyalarla birlikdə oğurlayan şəxsin Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs olduğunu öyrənmiş, Mehman adlı həmin şəxsi əvvəlcədən tanımamış, sonuncu ilə arasında heç bir düşmənçiliyi və ədavəti olmamışdır. İşlədiyi mebel salonunda hər hansı bir müşahidə kamerası quraşdırılmamışdır. İfadəsinin sonunda zərərçəkmiş Zərərçəkmiş şəxs, ona dəymiş zərərin əvəzi ödənilmədiyi üçün, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirərək, onun barəsində sərt cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda təqaüddəçüdür, bir qayda olaraq günorta saatlarndan sonra evinin yaxınlığında yerləşən kafedə çay içir. 23 iyun 2025-ci il tarixdə saat 16 radələrində həmin kafeyə getmiş, orada çay içən zaman Sabirabad rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs onun yanına gəlmiş, sonuncunun sərxoş vəziyyətdə olduğunu görmüşdür. Mehmanın dəmir içki qabları yığıb satdığını bilmiş, sərxoş olduğunu görüb yenə içdiyini soruşduqda sonuncu danışa bilməyib yerə yıxılmışdır. O, Mehmana köməklik edib yerdən qaldırmış, orada olan tanımadığı taksi sürücüsündən Mehmanı öz evinə aparmasını xahiş etmiş, əgər Mehmanın pulu olmasa özünün yol pulunu verəcəyini demiş, bu zaman Mehmanın cibindən yerə pullar dağılmışdır. Həmin pullar 1 manatlıq və 5 manatlıq şəklində olmuş, həmin pulların arasında cəmi 1 ədəd 50 manatlıq əskinas olmuş, Mehman da həmin pulu ona verib saxlamasını, sonra özünün gəlib götürəcəyini demişdir. Sonra Mehman taksi sürücüsü ilə çıxıb getmiş, bir qədər sonra taksi sürücüsü onun olduğu kafeyə qayıtmış, həmin taksi sürücüsü ona Mehmanı evinə düşürdüyünü, bu zaman polis əməkdaşlarının gəlib sonuncunu apardıqlarını demişdir. Bir neçə saat sonra onu izahat vermək üçün Sabirabad RPŞ-nə çağırılmış, o da izahat vermək üçün Sabirabad RPŞ-nə getmişdir. Orada olan zaman Mehman tərəfindən Könül adlı qadına məxsus çantanı, həmin çantanın içərisindəki pul və dəyərli əşyaları oğurladığını öyrənmiş, onun Mehmanın oğurluq etməsindən və ona verdiyi 50 manatın oğurluq olmasından xəbəri olmamış, Mehmanın ona verdiyi 50 manat pulu artıq istintaqa təqdim etmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 2895 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, zərərçəkmiş və şahid ifadəsi, təqsirləndirilən şəxsin etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində 01 (bir) il müddətində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlarla yanaşı həmçinin məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin «həbs» qətimkan tədbiri ilə əvəz edilərək onun, məhkəmə iclası zalından dərhal həbsə alınmasını və iş üzrə maddi sübutların qiymətləndirilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. İş üzrə zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs məxsus olmuş ümümlikdə 2936 manat pulun maddi sübut kimi tanımış 250 manat hissəsinin onun özünə qaytarılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar