Məhkəmə qərarları › İş №1(056)-135/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-135/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-135/2023 01.11.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Sabirabad rayonu Beşdəli kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, həbs olunana kimi Sabirabad rayonu Beşdəli kəndində qeydiyyatda olmaqla yaşamış, Sabirabad Rayon Məhkəməsinin 4(056)-111/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 03 müddətində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı şəhər Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1, 221.3 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1, 221.3 və 315-ci maddələri ilə elan edilmiş ittihama görə, 26 aprel 2023-cü il tarixdə saat 17 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadığı Sabirabad rayonu Beşdəli kəndində yerləşən evində olarkən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Sabirabad RPŞ-yə daxil olmuş, onun qanunsuz balıq ovu ilə məşğul olduğuna görə inzibati məsuliyyətə cəlb edilməsi üçün şəxsiyyət vəsiqəsi üzrə baza məlumatlarının dəqiqləşdirilməklə həmin idarəyə təqdim edilməsi xahiş edilən 05 aprel 2023-cü il tarixli, Ç- HM/4223-031 saylı məktubun icrası ilə əlaqədar xidməti vəzifəsini yerinə yetirmək üçün yaşadığı ünvana gəlmiş hakimiyyət nümayəndəsi hesab edilən Sabirabad rayon Polis şöbəsinin X5 polis sahə rəisi, polis leytenantı Zərərçəkmiş şəxs3 şəxsiyyətini təsdiq edən sənədi təqdim etməkdən imtina etmiş, bu məsələnin araşdırılmasının polisin səlahiyyətlərinə aid olmadığını bildirib əyninə geydiyi polis geyim formasının yaxasından tutub çəkişdirərək zor tətbiq etməklə müqavimət göstərmiş, daha sonra özünü cəmiyyətin fövqündə qoyub, ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, ətrafda olan şəxslərə məhəl qoymadan ucadan qışqırıb səs-küy salmaqla, Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının, həmçinin polis əməkdaşı Zərərçəkmiş şəxs3 ünvanına nalayiq söyüşlər söyməklə xuliqanlıq etmiş, həmin vaxt onun bu qərəzli hərəkətlərini görən qardaşı Zərərçəkmiş şəxs2 hadisə yerinə gələrək ondan hərəkətlərini dayandırmasını tələb etdikdə o, xuliqanlıq hərəkətlərini davam etdirərək, yerdən götürdüyü daş parçasından silah qismində istifadə etməklə ictimai qaydanın pozulmasının qarşısını alan qardaşı Zərərçəkmiş şəxs2 baş nahiyəsinə qəsdən vuraraq müqavimət göstərməklə, sonuncuya küt əşyanın təsirindən əmələ gəlməyə xarakterik, ənsə nahiyəsində səthi çapıq-sağalmış yaranın izi ilə müşayiət olunan, dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmiş, həmin vaxt ətrafda kənar şəxslərin olmasına fikir verməyib, cinayətkarcasına etinasızlıq göstərərək baş verə biləcək ictimai təhlükəli nəticəni qabaqcadan görməli olduğu halda görməyərək, yerdən götürdüyü növbəti daş parçasını polis əməkdaşı Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mercedes Benz E Class” markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilə doğru atarkən, ehtiyatsızlığından daş parçası onun yaşadığı evdən çıxmaqla qonşuluqda yerləşən evinə doğru hərəkət etməkdə olan xx.xx.1945-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 baş nahiyəsinə dəyib, sonuncuya küt əşyanın təsirindən əmələ gəlməyə xarakterik sağ gicgah - təpə sümüklərinin açıq qəlpəli basılmış sınıqları, sınıq proyeksiyasında yara, yumşaq toxumalarda qansızma, baş beynin yumşaq qişasında, baş beyin toxumasında qansızma, baş beynin əzilməsi ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya xarakterik bədən xəsarətləri yetirmiş, zərərçəkmiş şəxs kəllənin açıq küt travması nəticəsində baş beyin toxumasının əzilməsi nəticəsində 13 may 2023-cü il tarixdə Respublika Klinik Xəstəxanasında öldüyündən, o ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 öldürmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərdi ki, o, anası Əzizbikə və bacısı Ülviyyə ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 Balabəy qızı qoşnusu olmuş, onunla ədavəti olmamışdır. Qələm anası ilə rəfiqə olmuş, tez-tez sonuncunun yanına gəlib getmişdir. xx.xx.2023-cü il tarixdə saat təxmini 12-13 radələrində sahələrindən yonca sulamaqdan qayıtmış, yorğun olduğu üçün 250 ml spirtli içki olan araq qəbul edib yatmışdır. Təxminən saat 16 radələrində qardaşı Cəmil gəlib onu oyatmış, polis əməkdaşı Zərərçəkmiş şəxs3 onu axtardığını bildirmiş, qardaşının arxası ilə evlərinin həyətinə düşmüşdür. Bu zaman polis formasında olan Zərərçəkmiş şəxs3 görmüş, onunla birlikdə evin xaricinə çıxmışdır. Zərərçəkmiş şəxs3 qanunsuz balıq ovladığı üçün Ekologiya Nazirliyindən ona 2000 manat cərimə yazıldığını, cəriməni ona ödəməli olduğunu bildirmiş, o da cərimənin bildirişini verməsini, gedib özünün ödəyəcəyini demişdir. Lakin Elnur yenidən ona cəriməni dərhal ödəməyi ilə bağlı fikirlər səsləndirmiş, o da sonuncuya ekologiya orqanı olmadığını bildirərək cavab vermişdir. Həqiqətən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları qanunsuz balıq ovu ilə məşğul olarkən onu yaxalamış, lakin ona cərimə yazmamışlar. Daha sonra qardaşı Cəmil də oraya gəlmiş və bu zaman Elnur ona “mənimlə necə danışırsan?” deyə irad bildirmişdir. Bu zaman qardaşı onu kənara çəkərkən ayağı qaz borusuna ilişərək arxası üstü darvaza və qaz borusu arasına yıxılmışdır. Daha sonra Cəmil onu yerdən qaldırmağa çalışarkən bacısı Ülviyyə gəlib onları görmüş, mübahisə etdiklərini zənn edərək Elnurdan kömək istəmişdir. Lakin Elnur “mənlik deyil” deyə bildirib getmişdir. Daha sonra isə qardaşı onu həmin yerdən təxminən 20 metr sol tərəfə doğru aparmış, bir müddət orada gözlədikdən sonra öz evinə getmişdir. Bir müddət sonra özü də evlərinə qayıdarkən Qələmin əlini başına tutub qapılarına tərəf gəldiyini görmüşdür. Dərhal ona tərəf qaçmış və nə olduğunu soruşduqda, sonuncu “yıxılmışam, başım daşa dəyib” deyə bildirmiş, lakin harada yıxıldığını deməmişdir. Daha sonra Qələmi evlərinin daxilinə aparmış, bu zaman bacısı Ülviyyə də gəlib ona kömək etmişdir. Qələm Ülviyyəyə də yıxıldığını bildirmişdir. Daha sonra Qələm onu evlərinə aparmalarını istədiyi üçün Ülviyyə onu evlərinə aparmağa hazırlaşmış, yolda anası Əzizbikə ilə rastlaşmışlar. Anası Əzizbikə də onun Cəmil ilə dalaşdıqlarını zənn edərək kömək çağırmağa getmiş, Qələm ona da yıxıldığını və başının daşa dəydiyini bildirmişdir. Daha sonra anası və bacısı Qələmi evinə aparmış, özü isə geri qayıtmışdır. Saat təxminən 21:00 radələrində Qələmin evlərinə gedərkən həyətlərində heç kimi görməmiş, geri qayıdanda bacısı ona Qələmi Şirvan xəstəxanasına apardıqlarını bildirmişdir. Daha sonra evinə gedib yatmışdır. Həmin günü axşam saatlarında polislər evinə gəlmiş, lakin qorxduğu üçün ayağa qalxa bilməmişdir. Növbəti gün səhər saat 9 radələrində polis əməkdaşları yenidən gələrək onu bölməyə aparmışlar. Daha sonra izahatını alıb, Şirvan ŞMX-də tibbi yoxlanışdan keçirib bölməyə geri qaytarmışlar. Zərərçəkmiş şəxs3 gəldikdə evlərində anası, bacısı, Qələm və qardaşı Cəmil olmuş, Elnur onu döyməmiş, vurmamış, sadəcə cəriməni mütləq şəkildə ödəməyi ilə bağlı fikirlər səsləndirmişdir. Heç kimə daş atmamış, təhqir etməmiş və ya xəsarət yetirməmiş, polis əməkdaşı Zərərçəkmiş şəxs3 yaxasından tutmamışdır. Sadəcə qardaşı onu kənara çəkəndə yıxılmış və bu zaman qardaşının başının arxasına doğru əli ilə yüngül zərbə vurmuş və "məni niyə çəkirsən ki, nağarıram mən" deyə ifadələr səsləndirmişdir. O, Ruhinə anasına daş atması ilə bağlı ifadələr səsləndirməmişdir. Əksinə, ondan danasını satıb anasını sağalatmaları tələb edilmiş, o, razılaşmayaraq, heç bir şey etmədiyini, günahı olarsa gedib cəzasını çəkəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 hüquqi varisi X3 ifadəsində göstərdi ki, Sabirabad rayonu Beşdəli kəndində yaşayır və Zərərçəkmiş şəxs1 onun doğma anasıdır. Anası ölənə kimi ortancıl qardaşı Eydulla ilə birlikdə yaşamışdır. Ehtiram ilə münasibətləri əvvəllər yaxşı olmuş, heç bir ədavətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində evində olmuş, digər qardaşları və qohumları isə Şirvan şəhərinə həmkəndlisi İlqarın qızının toyuna getmişlər. Təxminən saat 17:30 radələrində bacısı Naibənin oğlu Kamil ona zəng edərək “nənəm yaman gündədir, özünü çatdır” deyə bildirmiş, dərhal yoldaşı Mehriban Lətifova ilə birlikdə anasının evinə gəlmişdir. Həyətə daxil olduqda anasının stolda əyləşdiyini görmüşdür. Həmin vaxt onun baş nahiyəsindən qan axmış, ağız nahiyəsi isə əyilmişdir və bu səbəbdən danışa bilməmişdir. Bu zaman ondan nə olduğunu soruşsa da, anası heç bir şey deyə bilməmişdir. Həmin vaxtı həyətdə Əzizbikə, Ülviyyə və Ellada olmuş, bu vaxt Əzizbikə anasının yıxıldığını bildirmişdir. Lakin, onun paltarlarına baxanda hər hansı ləkə görməmişlər. Bu zaman evə qardaşları və bacıları daxil olmuş, dərhal əmisi oğlu Camaləddinin avtomobili ilə anasını Şirvan ŞMX-yə aparmışlar. Həmin vaxtı onunla birlikdə qardaşı Ruhin və bacısı Nailə də getmişdir. Xəstəxanaya çatan kimi onlardan nə baş verdiyi soruşulduqda anasının yıxıldığı barədə məlumat vermişdir. Lakin, adını xatırlamadığı həkim ona bunun yıxılma olmadığını bildirmişdir. O da Əzizbikənin ağbirçəkliyinə inanaraq onun yıxıldığını demişdir. Saat təxminən 23 radələrində kəndə qayıtmışlar. Bu zaman məlumat almışdır ki, Ehtiram ailə üzvlərinə daş atmaq istəyərkən, həmin daş gedib anasının başına dəymişdir. Daha sonra bu barədə məlumat alan kimi dərhal qardaşı Ruhin “102” xidmətinə şikayət etmişdir. Hadisədən sonra anası 3 gün Şirvan ŞMX-də qalmış, daha sonra onu təcili tibbi yardım ilə Bakı şəhəri Respublika Klinik xəstəxanasına aparmışlar. Qələm xx.xx.2023-cü il tarixə kimi reanimasiyada qalmış, həmin günü səhər saatlarında rəhmətə getmişdir. Ehtiramın anasına daş atması hadisəsinə şahid olmasa da, sonradan Ehtiramın bu barədə gəlinləri Elladaya, bacısı Naibəyə və onun əri Tahirə könüllü şəkildə etiraf etməsini eşitmişdir. Hazırda Ehtiramın anasına xəsarət yetirməsi ilə əlaqədar şikayətçidir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 həmkəndlisidir və tez-tez anasının ziyarətinə gəlmişdir. 26 aprel 2023-cü il tarixdə 17:30 radələrində anasına məxsus Beşdəli kəndindəki evdə anası Əzizbikə, Qələm, bacısı Ülviyyə ilə çay içərkən evin çölündə avtomobil dayanmış, bir nəfər polis formalı şəxs gəlib özünü təqdim edərək, Zərərçəkmiş şəxs3 olduğunu bildirmiş, daha sonra onlardan Ehtiramı çağırmalarını istəmişdir. Ülviyyə əvvəl Ehtiramın başının ağrıdığını, yatdığını desə də, sonuncu Ehtiramı çağırmalarını istəmişdir. Zərərçəkmiş şəxs3 qanunsuz balıq ovu ilə məşğul olduğu üçün Ehtirama cərimə yazıldığını və şəxsiyyətini təsdiq edən sənədin lazım olduğunu bildirmiş, o da evə qalxaraq Ehtiramı oyadaraq polisin onu axtardığını demişdir. Ehtiram gələcəyini desə də, gəlməmiş, daha sonra gedib onu bir də çağırmışdır. Təxminən 10 dəqiqə sonra Ehtiram gəlmiş və Elnura əsəbi formada “səni kim göndərib” deyə bildirmişdir. Elnur da “ekologiyadan adına sənəd gəlib, sənədlərin lazımdır” deyə bildirdikdə, Ehtiram da “sənədlərim yoxdur” deyə cavab vermişdir. Daha sonra onlar birlikdə çölə çıxmışlar. O isə qayıdıb həyətdə oturmuşdur. Bu zaman çöldən səslər gəlmiş və Ehtiramın Elnura qarşı işlətdiyi söyüşləri eşidilmişdir. Dərhal qapıya çıxdıqda Elnur və qardaşının bir-biri ilə qamarlaşdıqlarını, bir-birinin yaxasından tutduqlarını görmüş, qardaşı Elnura yüksək səslə təhqiramiz ifadələr səsləndirərək, “səni kim göndərib bura, sənin varyoxunu sikim” tərzində ifadələr səsləndirmişdir. Hadisə olmasın deyə dərhal qardaşını geriyə çəkmiş və “ayıbdır, söyüş söymə” deyə irad bildirmiş, Elnur Ehtiramın içkili olduğunu bildirib heç bir şey demədən öz maşınına minib getmişdir. Bu zaman Ehtiramı geri çəkərkən ayağı ilişərək qaz borusu ilə darvaza arasına arxası üstə yıxılmış, onu oradan çıxarmağa çalışarkən əsəbi şəkildə ayağa qalxıb ona da “sən niyə gəlmisən, sənin ağzını sikim” formasında təhqirlər səsləndirərək, yerdən təxminən ovuc içi ölçüsündə iki ədəd daş götürmüşdür. Bu vaxt Elnur artıq avtomobilinə minib oradan uzaqlaşmışdır. Daha sonra Ehtiram daşı götürüb ona atmış, atdığı daş başının arxasına dəyərək xəsarət yetirmişdir. Ehtiram daha sonra digər daşı Elnurun maşınına atmaq istəyərkən həmin daş gedib Qələmə dəymişdir. Qələm həmin vaxtı həyətdən çıxıb sağa doğru, öz evinə tərəf gedirdi. Elnur həmin hadisəni görməmiş və döngədən dönüb çıxmışdır. Daş Qələm xalaya dəyəndən sonra o, yerə yıxılmış, özü isə başı qanadığı üçün dərhal evinə getmişdir. Bu zaman evlərində heç kim olmamış, qaz borusunun üstündə oturub gözləmişdir. Daha sonra Ellada gəlmiş və onun başına əsgi ilə buz qoymuşdur. Saat təxminən 19 radələrində yoldaşı Billurə evə gəlmiş və ona qardaşının evinə getməyi ilə bağlı iradlar səsləndirmişdir. Belə ki, əvvəllər də qardaşı ilə mübahisələri olmuşdur. Bir müddət sonra Ehtiram evlərinə gəlmiş, “gətirin onu bura, vuracam” deyə ifadələr səsləndirmişdir. Daha sonra əmisi oğlu Elxan Ehtiramı sakitləşdirib evdən göndərmişdir. Həmin tarixdən sonra Ehtiram ilə üzbəüz gəlməmişdir. Hadisə vaxtı Ehtiram içkili olmuşdur. Hazırda o, qardaşı Ehtirama qarşı şikayətçi deyildir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2010-cu ildən DİO-da, 2022-ci il tarixdən isə Sabirabad RPŞ Qaragüney PB-də polis sahə rəisi vəzifəsində çalışmışmışdır. Xidmət sahəsinə rayonun Dadaşbəyli, Qaragüney, Minbaşı, Qarağac, Beşdəli və Yaxa Dəllək kəndləri daxildir. 21 aprel 2023-cü il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Şirvan Regional İdarəsindən Sabirabad rayonu Yaxa Beşdəli kənd sakini Təqsirləndirilən şəxs qanunsuz balıq ovu ilə məşğul olmasına görə cərimə olunması üçün şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı məktub daxil olmuşdur. O, portala Ehtiramın şəxsiyyətini təsdiq edən məlumatları daxil etsə də, məlumat əldə etmək mümkün olmamış, bu səbəbdən 26 aprel 2023-cü il tarixdə saat 17 radələrində onun yaşadığı kəndə getmişdir. Kənd sakini Əşrəfdən Ehtiramın evini soruşmuş, o da evin yolunu göstərmişdir. Bu zaman Ehtiramın evinin qarşısına gəlib qapılarını döymüş və qapıya Ehtiramın qardaşı Cəmil çıxmışdır. Ondan Ehtiramın harada olduğunu soruşmuş və qanunsuz balıq ovu ilə məşğul olduğuna görə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş sorğu ilə bağlı şəxsiyyətini təsdiq edən sənədin lazım olduğunu bildirmişdir. Bu zaman Cəmil gedib Ehtiramı oyatmağa çalışmış, lakin Ehtiram oyanmamışdır. Daha sonra ondan Ehtiramın şəxsiyyət vəsiqəsini gətirməsini istəsə də, Cəmil Ehtiramın özündən soruşmasını istəmiş, yenə Ehtiramı çağırmağa getmişdir. Getdikdən 5 dəqiqə sonra Cəmil və Ehtiram gəlmişlər. Ehtiram həmin vaxtı içkili vəziyyətdə olmuş və ona özünü təqdim etmişdir. Ehtirama barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məktub gəldiyini deyərək, şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini istəmiş, Ehtiram isə bu vaxt Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin ünvanına uca səslə nalayiq ifadələr səsləndirmişdir. Ondan bir daha şəxsiyyətini təsdiq edən sənədi istədikdə, “sənlik deyil, sən Ekologiyanın işçisi deyilsən, məni narahat edirsən” məzmunda fikirlər səsləndirmiş, ondan ədəbli olmasını tələb etsə də, nizam-intizama dəvət etsə də, Ehtiram onun yaxasından tutub zor tətbiq edərək, “a kişi sən ekologiya deyilsən, məni narahat eləmə” formasında iradlar bildirib aqressiv hərəkətlər etmişdir. Bu zaman qardaşı Cəmil onun söyüşlərinə müdaxilə edərək “a kişi, kəndin sahə rəisidir, onluq bir şey yoxdur burda, sakit dur, içərdi ailə uşaq var” deyə bildirmiş, bu zaman onlar öz aralarında şifahi mübahisə etməyə başlamışlar. O daha sonra Cəmilə, “Ehtiram hazırda içkilidir, mən gedim, sənədi sən götürərsən, mən də səndən götürərəm” deyə bildirmiş və avtomobilinə minərək hərəkətə başlamışdır. Daha sonra avtomobilini düzəldib öz yolu ilə getmişdir. Bu zaman avtomobilin sağ yan güzgüsündən arxaya baxarkən Ehtiramın yerdən daş götürdüyünü və ona tərəf istiqamətlənmiş formada olduğunu görmüş, lakin həmin daşı atıb atmadığını görməmişdir. Həmçinin, həmin ərəfədə çöldə tanımadığı bir qadın da görmüşdür. Lakin, həmin qadının kim olduğunu bilməmişdir. Ehtiram içkili olduğu üçün hadisə olmasın deyə ona bir şey demək istəməmiş, şöbədə Ehtiramın söyüş və təhqirlər işlətməsi ilə bağlı rəisin adına raport yazaraq məlumat vermişdir. Gecə saat 01 radələrində növbətçi hissədən məlumat daxil olmuşdur ki, Beşdəli kəndində bir nəfər şəxsi daş ilə vurublar, onu vuran şəxs içkilidir və onu bölməyə gətirmək lazımdır. Dərhal oraya getmişlər, lakin Ehtiram ağır vəziyyətdə içkili olduğu üçün onu bölməyə gətirə bilməmişlər. Səhər saat 9 radələrində Ehtiramı gətirərək Şirvan ŞMX-də yoxlanışdan keçirmişlər və bu zaman orta dərəcəli sərxoş olması müəyyən edilmişdir. Ehtiram barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Hadisə vaxtı Ehtiram yüksək səslə səs-küy salaraq, yüksək səslə təhqirlər işlətmişdir. Hadisə vaxtı Ehtiram onun yaxasından tutmuş, bu zaman qardaşı da onu nizamintizama dəvət etsə də, Ehtiram sakitləşməmişdir. Cəmil ilə Ehtiramın şifahi mübahisə etdiyini görsə də, Ehtiramın yıxılmasını görməmiş, sonradan məlumat almışdır ki, Ehtiramın ona atdığı daş Zərərçəkmiş şəxs1 başına dəymişdir. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sabirabad rayonu Beşdəli kəndində oğlu Ehtiram və qızı Ülviyyə ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 Balabəy qızını həmkəndlisi kimi tanımış, onunla yaxın rəfiqə olmuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində evlərinin həyətində Ülviyyə, Qələm və Cəmil ilə çay içərkən küçədə bir maşın dayanmış, sonradan adının Elnur olduğunu öyrəndiyi bir şəxs polis formasında əlində dəftər ilə içəri daxil olaraq Ehtiramı soruşmuşdur. Ondan nə olduğunu soruşduqda isə ekologiyadan cəriməsi olduğunu, Ehtiramın şəklini çəkdiklərini, qanunsuz balıq ovladığını demişdir. Həmin vaxtı Ehtiram evdə yatmış, Ülviyyə isə onu çağırmaqdan imtina etmişdir. Daha sonra Cəmil gedib Ehtiramı çağırmış və 10 dəqiqə sonra Ehtiram əsəbi formada gəlmişdir. Daha sonra Elnur, Ehtiram və Cəmil həyətdən çıxmış, onlar isə həyətdə qalmışdır. 10 dəqiqə sonra evin darvazasının silkələndiyini görmüş, daha sonra çölə çıxmışdır. Bu zaman Ehtiramın qaz borusu ilə darvaza arasında yıxılıb qaldığını, Cəmilin isə onu çıxarmağa çalışdığını görmüşdür. Daha sonra Ehtiram yerdən daş götürüb Cəmilə atmış, həmin daş gedib Cəmilin başının arxasına dəymişdir. Cəmil dərhal qaçıb evlərinə getmiş, Elnurun maşınını orada görsə də, Elnurun özünü görməmişdir. Dərhal kənd yolu ilə döngəyə tərəf getmişdir ki, kömək çağırsın. Bu zaman qonşu Nicatın evinə getmiş və ondan kömək istəmişdir. Lakin, Nicatın tədbiri olduğu üçün gəlməmişdir. Daha sonra öz evlərinə tərəf gedəndə Ülviyyənin Qələmi gətirdiyini görmüş, həmin vaxt sonuncunun başı qanamışdır. Qələmdən nə olduğunu soruşanda, sonuncu yıxıldığını demiş, daha sonra onu köməkli şəkildə Nicatgilin küçədəki oturacağına əyləşdirmişlər. Daha sonra Qələmi ilkin olaraq öz evinə, daha sonra da Elladanın evinə aparmışlar. Ellada da nə olduğunu soruşanda Qələm “yıxılmışam” deyə bildirmiş, bir müddət sonra Qələmin övladları gəlmişdir. Daha sonra onlar Qələmi götürüb xəstəxanaya aparmışlar. Qulaqları zəif eşitdiyi üçün Ehtiramın təhqir işlətməsini eşitməmiş, onun Cəmilə daş atmasının səbəbini bilməmiş, həmin vaxt ətrafda kənar heç kimi görməmişdir. Qələm ona Ehtiramın onu vurması barədə bir şey deməmişdir. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək, hadisə vaxtı evin çölündən Ehtiramın yüksək səsli söyüşlərini eşitdiyini, Şahid3 isə Zərərçəkmiş şəxs1 görüb ondan nə baş verdiyini soruşduqda sonuncunun “bala bilmədim, dayandığım yerdə birdən dəydim yerə” deyə cavab verdiyini, danışa bilmədiyini, əl hərəkətləri ilə özünü ifadə etməyə çalışdığını göstərmişdir. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Sabirabad rayonu Beşdəli kəndində yoldaşı Camaləddin və oğulları Emil, Camal ilə birlikdə yaşayır. Əzizbikəni isə qonşuları kimi tanıyır, onlarla hər hansı ədavəti yoxdur. Zərərçəkmiş şəxs1 bacısının qayınanası və yoldaşının əmisi arvadı olmuş, onunla münasibətləri hər zaman yaxşı olmuşdur. Qələm ilə Əzizbikənin münasibətləri olmuş və arasıra Əzizbikənin evinə gedib gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində bostandan qayıtmış, bu vaxt evlərində heç kim olmamışdır. Həmin günü saat təxminən 17 radələrində Cəmil qaça-qaça onların evlərinə tərəf gəlmiş, sonuncunun evində də həmin vaxt heç kim olmamışdır. Cəmilin ara-sıra sudurqası tutduğu üçün yenə də sudurqasının tutduğunu düşünmüş, lakin həmin vaxtı onun başının qanadığını görmüşdür. Ondan nə olduğunu soruşanda, Ehtiramın daş ilə başına vurduğunu demişdir. Hadisənin necə olduğunu soruşanda isə evlərinə polis gəldiyini, Ehtiram ilə polis arasında mübahisə olduğunu, Ehtiramın polisə və ona da hücum etdiyini bildirmişdir. Üzərindən 10 dəqiqə keçdikdən sonra Ehtiram onun evinə gələrək Cəmili soruşmuş, bu vaxt ondan nə baş verdiyini soruşduqda “kiməsə daş atırdım, bilmədən dəydi Dursun xalaya” deyə bildirmişdir. Dursun dedikləri şəxs Qələm xaladır. Ondan Qələmin harada olduğunu soruşduqda bilmədiyini demiş, bir müddət keçdikdən sonra Əzizbikə ilə Ülviyyənin Qələmi gətirdiyini görmüşdür. Həmin vaxtı Qələmin başından qan axmış, dərhal onu divanda əyləşdirib başını bağlamış və su vermişdir. Həmin vaxtı o ağzı əyildiyindən suyu içə bilməmiş, hətta danışa da bilməmiş, danışdıqları isə başa düşülməmişdir. Daha sonra əri Camaləddinə zəng edib məlumat vermiş, üzərindən yarım saat keçdikdən sonra Camaləddin gəlib çatmışdır. Lakin, Qələm onların evində oturmaq istəməmiş, öz evinə getmək istəmişdir. Daha sonra onu Ülviyyə və Əzizbikə ilə birlikdə öz evinə aparmış və evə çatdıqdan bir müddət sonra Qələmin oğulları Urufulla, Ruhin, qızı Nailə gələrək onu Camaləddin ilə birlikdə xəstəxanaya aparmışlar. Bu vaxt Əzizbikə və Ülviyyə Qələmin yıxıldığını, başının daşa dəydiyini bildirmiş, lakin onun bədənində başqa bir xəsarət görməmişlər. Həmin hadisədən sonra Ehtiramın gəldiyini və yoldaşının əmisi oğlu Tahir ilə söhbət elədiyini görmüş, lakin nə söhbət etdiklərini bilməmişdir. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun doğma anasıdır. Təqsirləndirilən şəxs kənd sakini kimi tanımış, onunla heç bir ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində həmkəndlisi İlqarın qızının toyunda olmuş, saat təxminən 17 radələrində Ellada, yoldaşı Camaləddinə zəng edərək “Qələm xala vurulub, deyirlər Ehtiram vurub” deyə bildirmişdir. Dərhal toydan çıxıb əri Tahir, bacısı Nailə və qardaşı Ruhin birlikdə kəndə getmiş, evə çatanda görmüşdür ki, qardaşı Eydulla, Ehtiramın anası Əzizbikə və bacısı Ülviyyə, böyük qardaşı Urufulla anasının evindədirlər və anası da həyətdə stolda oturmuşdur. Həmin vaxt onun başı qanamış, ağzı da əyilmişdir. Bu vaxt Qələm danışa bilməmiş və boğaz yolu bəlğəmli olmuşdur. Ondan nə qədər hadisənin necə baş verdiyini soruşsalar da, danışa bilməmişdir. Ehtiramın anası Əzizbikə və bacısı Ülviyyə isə Qələmin yıxıldığını və başının daşa dəydiyini bildirmişlər. Bu zaman Nailə ayağa durub anasının paltarlarına baxmış və “paltarları kirlənməmişdir axı” deyə bildirmişdir. Həmin vaxtı anasının əynində qara rəngli finka, qara rəngli jiletka kimi geyimlər olmuş, lakin sonradan həmin geyimlərin hamısını yumuşdur. Daha sonra anasını Camaləddin, qardaşı Urufulla, Ruhin və bacısı Nailə xəstəxanaya aparmışlar. Bir müddət sonra əri ilə evlərinə gedərkən yolda Ehtiram ilə qarşılaşmışlar. Tahir Ehtirama “hara gəlirsən, vurub yıxmısan, get sat malını, kömək elə” deyə bildirmiş, sonuncu isə “vurmuşam, gedib cəzamı çəkəcəm” deyə cavab vermişdir. Həmin vaxtı Ehtiram Tahiri kənara çəkib söhbət etməyə çalışsa da, Ehtiram içkili olduğu üçün Tahirin getməsinə icazə verməmişdir. Daha sonra Ehtiramdan anasını necə vurduğunu soruşduqda isə sonuncu, daş atdığını və həmin daşın gedib Qələmə dəydiyini bildirmişdir. Növbəti gün anasının ziyarətinə getsə də, anası yenə də danışa bilməmişdir. Daha sonra onu Bakı şəhərinə Respublika Klinik Xəstəxanasına aparsalar da, 13 may 2023-cü il tarixdə rəhmətə getmişdir. Qələmdən hadisə vaxtı və ondan sonra hadisənin necə baş verməsini dəfələrlə soruşsalar da, o cavab verə bilməmişdir. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş Şahid6 arvadı Şahid5 göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermiş, Təqsirləndirilən şəxs “hara gedirsən, vurmusan, xəsarət yetirmisən, nəyə bura gəlirsən, get malını heyvanını sat, camaata kömək elə” deyə irad bildirdikdə sonuncunun “nə satacam, eləmişəm, gedib cəzamı çəkəcəm” deyə cavab verdiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş Sabirabad şəhər İHB-nın Minbaşı kənd nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs sərxoş həyat tərzi sürür və müsbət xarakterizə olunmur. Cinayət işi materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 19 nömrəli rəyindən görünür ki, 1945-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 müayinəsi zamanı aşkar edilmiş xəsarətləri: sağ gicgah - təpə sümüklərinin açıq qəlpəli basılmış sınıqları, sınıq proyeksiyasında yara, yumşaq toxumalarda qansızma, baş beynin yumşaq qişasında, baş beyin toxumasında qansızma, baş beynin əzilməsi küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdirlər. Xəsarətlərin yerləşməsini, xarakteriki nəzərə alsaq həmin xəsarətlər məhdud səthə malik əşyanın, ola bilsin müəyyən məhdud məsafədən atılmış daşın təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs1 bədəni üzərində yıxılma üçün xarakterik olan xəsarətlər aşkar edilməmişdir. Zərərçəkmiş şəxs1 ölümündən az əvvəl spirtli içilər və güclü təsiredici maddələr qəbul etməmişdir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb kəllənin açıq küt travması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur, ölüm müayinədən 6-8 saat əvvələ baş vermişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 301 nömrəli rəyindən görünür ki, 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 müayinəsi zaman aşkar edilmiş xəsarətləri - ənsə nahiyəsində səthi çapıq- sağalmış yaranın izi küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir, qeyd edilmiş xəsarət müəyyən məsafədən atılmış məhdud səthə malik daşın təsirindən əmələ gələ bilərdi. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 328 nömrəli rəyindən görünür ki, 1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ bazunun aşağı 1/3-də arxa səthdə, sağ kürək sümüyü proyeksiyasında piqmentasiya sahələri (sağalmış sıyrıq izləri) küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Cinayət işinə əlavə edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 05 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədləri təqdim etmədən qanunsuz balıq ovu ovladığı yerdən uzaqlaşmış, bu səbəbdən onun inzibati məsuliyyətə cəlb edilməsi üçün şəxsiyyət vəsiqəsi üzrə baza məlumatlarının idarəyə təqdim edilməsi üçün köməklik göstərilməsi xahiş edilmişdir. Həmin məktuba qoyulmuş dərkənardan görünür ki, məktubun icrası xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 həvalə edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xidməti vəzifəsini yerinə yetirmək üçün yaşadığı ünvana gəlmiş hakimiyyət nümayəndəsi hesab edilən Sabirabad rayon Polis şöbəsinin X5 polis sahə rəisi, polis leytenantı Zərərçəkmiş şəxs3 şəxsiyyətini təsdiq edən sənədi təqdim etməkdən imtina etmiş, bu məsələnin araşdırılmasının polisin səlahiyyətlərinə aid olmadığını bildirib əyninə geydiyi polis geyim formasının yaxasından tutub çəkişdirərək zor tətbiq etməklə müqavimət göstərmiş, daha sonra özünü cəmiyyətin fövqündə qoyub, ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, ətrafda olan şəxslərə məhəl qoymadan ucadan qışqırıb səs-küy salmaqla, Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının, həmçinin polis əməkdaşı Zərərçəkmiş şəxs3 ünvanına nalayiq söyüşlər söyməklə xuliqanlıq etmiş, həmin vaxt onun bu qərəzli hərəkətlərini görən qardaşı Zərərçəkmiş şəxs2 hadisə yerinə gələrək ondan hərəkətlərini dayandırmasını tələb etdikdə o, xuliqanlıq hərəkətlərini davam etdirərək, yerdən götürdüyü daş parçasından silah qismində istifadə etməklə ictimai qaydanın pozulmasının qarşısını alan qardaşı Zərərçəkmiş şəxs2 baş nahiyəsinə qəsdən vuraraq müqavimət göstərməklə, sonuncuya küt əşyanın təsirindən əmələ gəlməyə xarakterik, ənsə nahiyəsində səthi çapıqsağalmış yaranın izi ilə müşayiət olunan, dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmiş, həmin vaxt ətrafda kənar şəxslərin olmasına fikir verməyib, cinayətkarcasına etinasızlıq göstərərək baş verə biləcək ictimai təhlükəli nəticəni qabaqcadan görməli olduğu halda görməyərək, yerdən götürdüyü növbəti daş parçasını polis əməkdaşı Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mercedes Benz E Class” markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilə doğru atarkən, ehtiyatsızlığından daş parçası onun yaşadığı evdən çıxmaqla qonşuluqda yerləşən evinə doğru hərəkət etməkdə olan xx.xx.1945-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 baş nahiyəsinə dəyib, sonuncuya küt əşyanın təsirindən əmələ gəlməyə xarakterik sağ gicgah - təpə sümüklərinin açıq qəlpəli basılmış sınıqları, sınıq proyeksiyasında yara, yumşaq toxumalarda qansızma, baş beynin yumşaq qişasında, baş beyin toxumasında qansızma, baş beynin əzilməsi ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya xarakterik bədən xəsarətləri yetirmiş, zərərçəkmiş şəxs kəllənin açıq küt travması nəticəsində baş beyin toxumasının əzilməsi nəticəsində 13 may 2023-cü il tarixdə Respublika Klinik Xəstəxanasında ölməsi cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi və cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 124.1, 221.3 və 315-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respbulikasının CMnin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlində cəzanı yüngülləşdirən hallar müəyyən etmədi. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməməsini özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə kimi qəbul edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün təqsirləndirilən X2 azadlıqdan məhrum etmə cəzası təyin edildiyi üçün o, cəzasını ümumi rejimli cəzaçəkmə üəssisəsində çəkməlidir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il Sabirabad rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə, qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanmasını, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı olmasını nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 315.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli 11 iyul 2023-cü il tarixdən hesablansın. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar