Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-136/2023 18.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil X1 iştirakları ilə, xx xxxx 1979-cu ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə elan edilən ittihama görə o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi ilə 10 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi-4,095 qr, 3,752 qr, 3,930 qr, 4,065 qr, 3,703 qr, 1,423 qr, 3,640 qr, 4,032 qr, 3,567 qr və 3,820 qr olmaqla, ümumi çəkisi 36,027 qram narkotik vasitə qurudulmuş marixuananı və 0,08 qram çəkidə narkotik vasitə 2 ədəd metadon həblərini əldə edib üzərində qanunsuz daşıyaraq saxlamış, 16 may 2023-cü il tarixdə saat 12:20 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Saatlı rayonu Qara Nuru kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq Sabirabad RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılan zaman şalvarın sol yan cibindən 10 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi-4,095 qr, 3,752 qr, 3,930 qr, 4,065 qr, 3,703 qr, 1,423 qr, 3,640 qr, 4,032 qr, 3,567 qr və 3,820 qr olmaqla, ümumi çəkisi 36,027 qram narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd konvalyut kəsiyində 0,08 qram çəkidə 2 ədəd metadon həbləri və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 16 may 2023-cü il tarixdə saat 12:10 radələrində Saatlı rayonunda yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan qara rəngli şalvarın sol yan cibindən 10 (on) ədəd kibrit qutusunda, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuana və 2 (iki) ədəd metadon həbini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 1(bir) ədəd “Nokia” markalı, 1(bir) ədəd, “Redmi” markalı mobil telefonlar, ona məxsus şəxsiyyət vəsiqəsi, **********630801 nömrəli bank kartı, 1(bir) ədəd elektron tərəzi və 20 (iyirmi) manat pul aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş marixuananı Saatlı rayonunda yaşadığı evin həyət yanı sahəsində kultivasiya edərək istifadə etmək məqsədi ilə əldə etmiş, metadonu isə 2 (iki) ay əvvəl Saatlı rayonunda istifadə etmək məqsədi ilə tanımadığı şəxsdən 20 (iyirmi) manata almışdır. Hazırda əməlindən peşmandır. Özü narkotik vasitə olan qurudulmuş marixuanadan və dərman həblərindən istifadə edir. Üzərindən aşkar edilmiş narkotik vasitəni və dərman həblərini istifadə etmək məqsədi ilə saxlamış, kiməsə satmaq fikri olmamışdır. Elektron tərəzini isə narkotik vasitə qəbul edən zaman istifadə etdiyi üçün üzərində saxlamışdır. Hazırda o, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə-kimyəvi ekspertizasının 17 may 2023-cü il tarixli 7/708-6/2845 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə...” yazı və imza olan zərfdə 1 ədəd ağ rəngli kiçik ölçülü sintetik torbada 10 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 4,095 qr, 3,752 qr, 3,930 qr, 4,065 qr, 3,703 qr, 1,1423 qr, 3,640 qr, 4,032 qr, 3,567 qr və 3,820 qram olmaqla, ümumi çəkisi 36,027 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır, həmin zərfdə olan 1 ədəd konvalyut kəsiyində 2 ədəd üzərində “F/M 40” yazılan həb öz aralarında xarici görünüşünə və kimyəvi tərkib kompenentlərinə görə eyni olan sintetik narkotik vasitə-metadon olub, 2 ədəd həbdə metadon təsir maddəsinin ümumi miqdarı 0,08 qramdır, 1 ədəd gümüşü rəngli elektron tərəzinin üzərində bitki hissəcikləri narkotik vasitə hissəcikləri yoxdur. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Həmin narkotik vasitə qurudulmuş marixuanadan 0,5 qram tədqiqata sərf olunmuş, 35,527 qram qalıq qalmışdır. 2 ədəd metadon həbinin 1 ədədi tədqiqata sərf edilmiş, 1 ədəd qalıq qalmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 19 may 2023-cü il tarixli 3063 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psxiostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad Rayon İHB-nin Saatlı rayon Qaranur ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şifahi və yazılı şikayət daxil olmayıb. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət məsuliyyətinə səbəb olur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir: narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarın 8-ci və 9-cu maddələrində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə Təqsirləndirilən şəxs göstərilən cinayəti əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, maddi sübut, şahid ifadələri və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı qeyd edir ki, hazırkı cinayət törədilən zaman Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 aprel 2015-ci il tarixli hökmü ilə təyin edilmiş cəzadan xx.xx.2019-cu il tarixdə azad olunduğu gündən 6 (altı) il müddət keçmədiyinə görə həmin hökmə əsasən yaranmış məhkumluq CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilməmişdir. Azərbaycan Respublikası CM-nın 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nın 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası CM-nın 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nın xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə-azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində tutulmuş, Sabirabad rayon məhkəməsinin 18 may 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə, qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanmasını, onun, ərazi narkoloji dispanserində qeydiyyata alınaraq narkamaniyadan məcburi müalicə olunmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı olmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 70 AZN məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməsini, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı tədqiqatdan sonra qalıq 35,527 qram narkotik maddə qurudulmuş marixuana, 1 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli olmasını nəzərə alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkamaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 70 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq tədqiqatdan sonrakı tədqiqatdan sonra qalıq 35,527 qram narkotik maddə qurudulmuş marixuana, 1 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-136/2023
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-136/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver