Məhkəmə qərarları › İş №1(056)-138/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-138/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-138/2024 12.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 və Təqsirləndirilən şəxs Əskər oğlunun iştirakları ilə, xx.xx.1986-ci ildə Sabirabad rayonu Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Əskər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda, təmiz çəkisi – 1,045 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 13 fevral 2024-cü il tarixdə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Sabirabad şəhəri, H.Əliyev prospektində yol kənarında piyada hərəkətdə olan zaman saat 18:45 dəqiqədə polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə, saat 19:25 dəqiqədə üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli gödəkçənin sol iç cibində 01 ədəd siqaret qutusunun içərisində 01 ədəd sellofan bükümdə təmiz çəkisi – 1,045 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. . Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2 ildir ki, narkotik vasitədən istifadə edir. 11 fevral 2024-cü il tarixdə, saat təxminən 18 radələrində Sabirabad şəhəri H.Əliyev prospektində piyada gəzərkən yerdə 01 ədəd polietilen kəsiyində bükümün olduğunu görmüşdür. Həmin bükmünü açdıqda içərisindəki kütlənin heroin olduğunu bilmişdir. Həmin kütlənin az bir hissəsini istifadə etmiş, qalan hissəsini isə daha sonra istifadə etmək məqsədilə əynində olan gödəkçənin sol iç cibinə qoymuşdur. 13 fevral 2024-cü il tarixdə saat 18 radələrində Sabirabad şəhəri H.Əliyev prospektində yol kənarında piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər və bu səbəbdən onu polis şöbəsinə dəvət etmişlər. O da bununla razılaşmış və polis əməkdaşları ilə birlikdə Sabirabad RPŞ-nə gəlmişdir. Polis şöbəsində müstəntiq tərəfindən şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilmiş, hüquq və vəzifələri ona izah olunmuş, bununla bağlı ona bildiriş təqdim edilmişdir. Daha sonra, onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Müstəntiq ona təklif etmiş ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim edərək masanın üzərinə qoysun. O da əynində olan gödəkçənin sol iç cibində saxladığı 01 ədəd polietilen bükümdə heroin olduğunu bildirmiş, həmin kütləni çıxarmış, masanın üzərinə qoymuşdur. Müstəntiq ona üzərində olan digər əşyaları da təqdim etməyini istədikdə o, üzərində heç bir əşyanın olmadığını bildirmişdir. Daha sonra, onun üzərində şəxsi axtarış keçirilmiş və üzərindən 01 ədəd ödəniş qəbzi, 01 ədəd “Samsung” markalı mobil telefon və 11 manat nağd pul aşkar olunmuşdur. Bundan əlavə onun üzərindən başqa əşya aşkar edilməmişdir. Mobil telefon, qəbz və pul vəsaiti zərurət olmadığı üçün onun özünə geri qaytarılmışdır. Müstəntiq onun təqdim etdiyi bükümü açaraq içinə baxdıqdan sonra ondan həmin kütlə barədə soruşduqda o, həmin kütləni iki gün əvvəl Sabirabad şəhəri H.Əliyev prospektində piyada gəzərkən yol kənarında yerdən tapdığını və öz istifadəsi üçün üstündə saxladığənə bildirmiş, satış məqsədinin olmadığını bildirmişdir. Şəxsi axtarışın sonunda onun üzərindən aşkar edilmiş kütlə müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən səmimi peşman olduğunu, ilk dəfə az ağır cinayət əməli törətməsini və şəxsiyyətinin yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsə istinad olunan cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, işdə olan sənədlər və cinayət işinin digər rəsmi dəlilləri ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Məhkəmə iclasında İş üzrə şahid qismində dindirilmiş Şahid1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 fevral 2024-cü il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir, raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra, əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin İstintaq bölməsinin müstəntiqi Asiman Bəkirov, RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs Sabirabad rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün Təqsirləndirilən şəxs Sabirabad şəhəri H.Əliyev prospektində yol kənarında müşahidə edib Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə gəzdirməsi barədə şübhəli olduğunu izah edilərək, birlikdə Sabirabad Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs da razılıq verərək polislərlə birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa, təqdim etsin. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs özü könüllü şəkildə bildirmiş ki, cibində heroin var və əynindəki gödəkçənin sol iç cibindən 01 ədəd şəffaf polietilen kəsiyində bükümü təqdim etmişdir. Həmin büküm müstəntiq tərəfindən açılmış və baxış keçirilən zaman, içərisindəki maddənin narkotik vasitə heroinə oxşaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olduğunu və istifadə etdiyini, satış məqsədinin olmadığını bildirmişdir. Aşkar edilmiş bükümə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, daha sonra isə qablaşdırılaraq DİN-nin 139 saylı möhürü ilə möhürlənmiş, müstəntiq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən bundan başqa 01 ədəd ödəniş qəbzi, 01 ədəd “Samsung” markalı mobil telefon və 11 manat nağd pul aşkar olunmuş, lakin zərurət olmadığı üçün həmin əşyalar onun özünə qaytarılmışdır. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edildi və videoçəkiliş aparılmışdır. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işində olan: məhkəmə-bioloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli 18/54 saylı rəyindən görünür ki, 1. Tədqiqata təqdim edilmiş üzərində: “...X2 yaşadığı evə...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi-1,045 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Narkotik vasitə olan heroindən 0,10 qram tədqiqata sərf olunmuş, 0,945 qram qalıq qalmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məhkəmə-narkoloji ekspertizasının 07 mart 2024-cü il tarixli 1541 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sabirabad rayon İcra Hakimiyyəti Sabirabad rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Sabirabad rayon İcra Hakimiyyəti Sabirabad rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, o, subaydır və ünvan 5 ünvanında anası X3 ilə birlikdə yaşayır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yeri üzrə şəxsiyyətinin müsbət xarakterizə olunmasını, ilk dəfə az ağır cinayət əməli törətməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cinayət əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, əməlindən səmimi peşiman olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirli bilindiyi maddənin sanksiyası daxilində Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı ) ay müddətə müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13-15 fevral 2024-ci il tarixlərdə şübhəli şəxs qismində tutularaq 2 gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 həbs günü 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təyin olunmuş cəza müddətinin başlanğıcı onun cəzasının icrasını həyata keçirən orqan tərəfindən qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilimiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalı, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan Sabirabad RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonrakı çəkisi ,945 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə 31,95 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərillənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Əskər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Əskər oğlunun 13-15 fevral 2024-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla, ona təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və onun üzərində qəti olaraq 2(iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs Əskər oğlunun üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinindəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun; cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Əskər oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs Əskər oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Sabirabad Rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı çəkisi 0,945 qram narkotik vasitə - kustar üsulla hazırlanmışheroın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının 31,95 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs Əskər oğlundan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ**********0000003944 SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs Əskər oğlunun yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: FÜZULİ PƏNAHOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar