Məhkəmə qərarları › İş №1(056)-138/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-138/2025

29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-138/2025 29.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli-hiamyəsində iki nəfər azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Osmanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, 22 may 2025-ci il tarixdə, saat 18:30 radələrində etibarnamə əsasında texniki cəhətdən saz vəziyyətdə olan ’’VAZ-21074” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili Şirvan-Sabirabad avtomobil yolunun Sabirabad rayonu Şıxsalahlı kəndi ərazisindən keçən hissəsində Sabirabad istiqamətində idarə edərkən «X13» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı), yəni o, avtomobili hadisə baş verən sahədə icazə verilən 50 km/saat sürətdən artıq sürətlə hərəkət etdirərək hadisənin qarşısını ala biləcəyi halda buna riayət etməməklə, həmin qaydaları pozaraq, avtomobilin ön hissəsi ilə onun hərəkət istiqamətində yolu sağdan sola dönmə əməliyyatına başlamış Zərərçəkmiş şəxs2 idarə etdiyi “Opel Astra” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsindən vurmuş, nəticədə o, ehtiyatsızlıqdan avtomobilinin ön oturacağında əyləşmiş X1 açıq küt travması, sağ təpə-gicgah sümüklərinin açıq basılmış, qəlpəli sınığı, sınıq proyeksiyasında baş beyinin sərt və yumşaq qişasının cırılması, qansızması, baş beynin əzilməsi, qansızması, baş beynin və ağ ciyərin ödemi, daxili orqanların doluqanlılığı, sağ təpə-gicgah nahiyəsində yara, alın nahiyəsində, sol çənə bucağı proyeksiyasında, sağ və sol əlir üst səthində sıyrıqlar, sağ təpəgicgah sümüklərinin açıq basılmış, qəlpəli sınığı, sınıc proyeksiyasında baş beyinin sərt və yumşaq qişasının cırılması, qansızması, baş beynir əzilməsi, qansızması, sağ təpə-gicgah nahiyəsində yara, alın nahiyəsində, sol çənə bucağ proyeksiyasında, sağ və sol əlin üst səthində sıyrıqlarla nəticələnən ağırlıq dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətlərindən hadisə yerində ölümünə, “Opel Astra” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 sol 11-ci qabırğanın qapalı sınığı ilə müşayiət olunan, sol təpə-alın nahiyəsində, sol körpücük sümüyü proyeksiyasında, sol ön qoltuqaltı xətt üzrə 10-12-ci qabırğa səviyyəsində, sağ baldırın yuxarı 1/3-də ön səthdə qançırlarla nəticələnən, ağırlı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağ zərər vurulmasına, həmçinin, qəza zamanı Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin arxa sol oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 sol mil və dirsək sümüklərinin yuxarı 1/3-nin qapalı yerdəyişən sınıqları ilə nəticələnən, ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, həmkəndlisi X4 ilə birlikdə Hacıqabul rayonu Meyniman kəndindəki evdə usta işləmiş, hər gür səhər saatlarında Əlikramla birlikdə yaşadıqları kənddən ona məxsus olan “VAZ-21074” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yuxarıda qeyd olunan ünvana getmiş, axşam saatlarında isə geri qayıtmışlar. Əlikram Abdullayev onun həmkəndlisi, həm də dayısı nəvəsidir. xx.xx.2025-ci ıl tarixdə, səhər saatlarında o, Əlikramla birlikdə evdən çıxıb Hacıqabul rayona işə getmiş, həmin gün orada işləmiş, saat 17 radələrində isə işi bitirdikdən sonra ona məxsus olan avtomobillə Əlikramla birlikdə Sabirabad istiqamətində yaşadıqları kəndə geri qayıtmaq üçün hərəkətə başlamışdır. Avtomobil ona məxsusdur, lakin qardaşı Ceyhun Zeynalovun adınadır, etibarnamə əsasında idarə edir. O, avtomobili idarə etmiş, Əlikram isə ön sərnişin oturacağında əyləşmişdir. Saat 18 radələrində o, Sabirabad-Şirvan avtomobil yolunun Sabirabad rayonu Şıxsalahlı kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən 50 metr irəlidə yolun sağında, sol təkərləri asfalt yolun sağ tinində, sağ təkərləri isə yolun ehtiyyat hissəsində olan, qara rəngli “Opel” markalı avtomobilin sanki irəliyə doğru hərəkətə başlamaq üçün sükanını bir az sola burduğunu və aşağı sürətlə hərəkətə başladığını görmüşdür. Bu anda o, təhlükəni hiss etməyə başlamış,yolun əks istiqamət hissəsinə keçərək həmin avtomobili ötməyi planlaşdırmış, buna görə də bir neçə dəfə əyləci basaraq sürəti azaltmağa çalışmış, lakin həmin zaman kəsiyində “Opel”in sürücüsünün sükanı sola doğru tam buraraq geriyə manevr etməyə başladığını görmüşdür. Bu zaman o, əyləci tam basmış, avtomobil asfalt yolda sürüşməyə başlamışdır. Avtomobili bir neçə metr sürüşmüş və daha çox sol ön hissəsi "Opel” markalı avtomobilin sol yan hissəsinə çırpılmışdır. Toqquşma anından sonra o, huşunu itirmiş, nələrin baş verməsindən xəbəri olmamış, ayıldıqda Şirvan Şəhər Mərkəzi Xəstəxanasında olduğunu öyrənmişdir. Qəza nəticəsində o, qabırğalarının və çanaq sümüyünün sınığı xəsarətləri almış, xx.xx.2025-ci il tarixdə "Bakı Sağlamlıq Mərkəzi”nə yerləşdirilmiş, xx.xx.2025-ci il tarixdə çanaq sümüyündən əməliyyat olunmuş, xx.xx.2025-ci il tarixdə isə evə buraxılmışdır. Hazırda hadisə ehtiyyatsızlıqdan baş vermiş olsa da, avtomobilini qanuni tələblər çərçivəsində idarə etmədiyi üçün peşmançılıq hissi keçirir. Həlak olmuş zərərçəkmişin ailəsi və digər zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin və digər zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbi yoxdur. İlk dəfədir cinayət əməli törədir. Ailəlidir və himayəsində iki azyaşlı övladı vardır. Bundan başqa, özü Vətən müharibəsi iştirakçısıdır və “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Ailəsinə yeganə qazanc gətirən şəxsdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir ki, azadlıqda qala bilib yüngül işlərdə işləməklə ailəsinin tələbatlarını qarşılaya bilsin. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hadisənin iştirakçısı olan “VAZ-21074” markalı avtomobilin ön sərnişin oturacağında əyləşmiş sərnişin Əlikram Abdullayev onun oğludur. xx.xx.2025-ci il tarixdə, saat 18 radələrində o, Osmanlı kəndinin digər tərəfində dayanarkən orada olan bir nəfər kəndin digər tərəfində, Şıxsalahlı kəndinin ərazisində yol-nəqliyyat hadisəsi baş verdiyini xəbər vermişdir. O, dərhal hadisə yerinə getmiş və orada qəzanın iştirakçısının həmkəndlisi Təqsirləndirilən şəxs məxsus olan 'VAZ-21074'’ markalı, göy rəngli avtomobil olduğunu görmüşdür. Təqsirləndirilən şəxsla oğlu X5 rayonunda bır yerdə işləmiş və onlar oraya birlikdə gedib-gəlmişlər. O, avtomobili gördüyü anda böyük həyəcan keçirmiş və oğlu Əlikramın harada olduğunu orada olan şəxslərdən soruşmuş, həmin şəxslər ona Əlikramın mülki avtomobillə Şirvan ŞMX-yə aparıldığını bildirmişlər. O, Şirvan ŞMX-yə getmiş və orada Əlikramın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişdiyindən xəbər tutmuşdur. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Ona görə də o, təqsirləndirilən şəxsə yüngül cəz təyin edilməsini məhkəmə xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, özünə məxsus olan “X14” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Sabirabad rayonu Qaratoğay kəndi ilə Şirvan şəhəri arasında taksi fəaliyyəti göstərir. xx.xx.2025-ci il tarixdə, saat 18:30 radələrində avtomobili ilə Şirvan şəhərinə getmək üçün hərəkətdə olarkən yolun sol tərəfində Sabirabad istiqamətində dayanan “Kamaz" markalı yük avtomobilinin sürücüsü ona dayanması üçün əl etmiş, o, həmin sürücünün yanında dayanan 3 nəfər şəxsi müştəri hesab edərək irəlidən geri qayıtmış və Sabirabad istiqamətində yolun ehtiyat hissəsində dayanmışdır. Həmin şəxslər ona yaxınlaşaraq onları Qaragüney kəndi ərazisində Əvəz adlı şəxsə məxsus marketin qarşısında düşürməsini xahiş etmişlər. O, razılaşmış və bundan sonra həmin üç nəfərdən ikisi arxa oturacaqda, biri isə ön sərnişin oturacağında əyləşmişdir. Daha sonra o, yolun ehtiyyat hissəsindən geri qayıtmaq üçün hərəkətə başlamış və qarşıdan avtomobil gəlmədiyini görmüşdür. Bu anda o, asqırmağa başlamışdır. Hansı ki, o asqıranda 6-7 dəfə ardıcıl asqırır və gözləri sulanır. Hətta, dəfələrlə belə hallarda o, avtomobilini yol kənarında saxlayaraq asqırması bitdikdən sonra hərəkətə davam etmişdir. Lakin qəza anından əvvəl o, gözləmədən və geriyə baxmadan hərəkətini davam etdirmişdir. Belə ki, o, sola dönmə işığını yandıraraq yolu geriyə tərəf dönməyə başlamışdır. Avtomobili yolun tam ortasında olarkən arxadan gələn “VAZ-2107” markalı avtomobil zərbə ilə onun avtomobilinin sol yan hissəsinə çırpılmışdır. Zərbənin təsirindən idarə etdiyi avtomobil yolun sağında lilli, palçıqlı yerə düşərək dayanmışdır. Həmin vaxt o və avtomobildəki digər sərnişinlər güclü həyəcan keçirmişlər. Onun və digər sərnişinlərin avtomobildən kimlər tərəfindən, necə çıxarıldığını xatırlamır. O, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində qarın boşluğu və baş nahiyəsindən əzik xəsarətləri almışdır. Qəza baş verən anda avtomobili təxminən 5 km/saat sürətlə idarə etmiş, hadisə baş verərkən tam ayıq vəziyyətdə olmuş, spirtli içki və ya digər sərxoşedici vasitə istifadə etməmiş, avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuş, hadisənin qarşısını almağa heç bir imkanı olmamış və qəza anidən baş vermişdir. Hazırda onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Ona görə də o, təqsirləndirilən şəxsə yüngül cəz təyin edilməsini məhkəmə xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, həmkəndliləri Şahid2 və Şahid3 ilə birlikdə 21,05.2025-ci il tarixdə, axşam saatlarında rayonun Şıxsalahlı kənd sakini İlkin adlı şəxsə məxsus, sonuncunun idarə etdiyi “Kamaz” markalı yük avtomobili ilə fəhlə kimi ot presləri yükləyib Şamaxı rayonuna getmişlər. Onlar orada ot preslərini boşaltdıqdan sonra xx.xx.2025-ci il tarixdə, axşam saatlarında rayonun Şıxsalahlı kəndi ərazisinə qayıtmışlar. İlkin “Kamaz”ı yolun sağında saxlamışdır. Həmin vaxt onlar yolun “Kamaz” dayanan hissəsində, yolun kənarında dayanaraq taksi gözləmişlər ki, taksi ilə yaşadıqları Qaragüney kəndinə evlərinə getsinlər. Bu zaman “Opel Astra” markalı, qara rəngli taksi avtomobilinin Sabirabad istiqamətindən Şirvan istiqamətinə hərəkət etdiyini görmüş və İlkin əl edərək həmin avtomobili saxlatdırmışdır. Sürücü az irəli getdikdən sonra geriyə, Sabirabad istiqamətinə dönərək onların yanına gəlmişdir. Yasin həmin avtomobilin ön sərnişin oturacağında, Coşqun arxa oturacaqda sağda, o isə arxa oturacaqda solda əyləşmişdir. Onlar avtomobilə əyləşərkən avtomobilin çox hissəsi yolun ehtiyat hissəsində, sol təkərləri isə yolun asfalt hissəsinin sağ tinində olmuşdur. Həmin sürücü, yəni Zərərçəkmiş şəxs2, avtomobili idarə etməyə başlamış və geriyə, Şirvan istiqamətində hərəkət etmək üçün manevr etmişdir. Yolun orta hissəsində olduqda o, sol tərəfdən, yəni Şirvan istiqamətindən Sabirabad istiqamətinə gələn avtomobilin əyləc səsini eşitmiş, təxminən 3-4 saniyə sonra isə həmin avtomobil sərnişini olduğu avtomobilin sol yan hissəsinə çırpılmışdır. Zərbənin təsirindən avtomobil yolun əks tərəfinə düşərək dayanmışdır. Bir neçə saniyə ərzində onun gözü qaralmış və özünə gəldikdən sonra sol qolunun şişdiyini görmüşdür. Bir müddət sonra isə oraya adamlar toplaşmış və o, təcili tibbi yardım avtomobil ilə Sabirabad RMX-yə aparılmışdır. Orada onun sol qolunun mil sümüyünün yerini dəyişən sınıq xəsarəti aldığı müəyyən edilmişdir. Hazırda onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Ona görə də o, təqsirləndirilən şəxsə yüngül cəz təyin edilməsini məhkəmə xahiş edir. Məhkəmə iclası zamanı elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, o, özünə məxsus olan “Kamaz” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə alverlə məşğuldur. 21 05.2025-ci il tarixdə, axşam saatlarında əvvəllər tanıdığı, rayonun Qaragüney kənd sakinləri Şahid3, Şahid2 və Zərərçəkmiş şəxs1lə birlikdə yaşadığı Şıxsalahlı kəndində ot preslərini “Kamaz” avtomobilinə yükləmiş və birlikdə Şamaxı rayonuna getmişlər. Orada ot preslərini boşaltmış, gecəni həmin yerdə qalmış və növbəti gün, xx.xx.2025-ci il tarixdə, saat 18 radələrində birlikdə mənsub olduğu Şıxsalahlı kəndi ərazisinə qayıtmışlar. O, avtomobilini hər zaman saxladığı yerdə, Sabirabad istiqamətində yolun ehtiyat hissəsində saxlamış və birlikdə avtomobildən düşmüşlər. Təxminən 20-30 dəqiqə ərzində Yasin və digərləri əşyalarını toplamış, o isə onlarla hesablaşaraq pullarını vermişdir. Bundan sonra onlar mənsub olduqları Qaragüney kəndinə getmək qərarına gəlmiş və taksiyə ehtiyac yaranmışdır. Bu zaman Sabirabad istiqamətindən Şirvan istiqamətinə hərəkətdə olan qara rəngli “Opel” markalı taksi minik avtomobilini görmüş və birlikdə əllə işarə edərək həmin avtomobili saxlatdırmışlar. O, həmin vaxt telefonla danışmış, avtomobilin artıq geri dönərək Yasin və digərlərinin yanına gələcəyini bilib telefonla danışa-danışa piyada evinə tərəf getməyə başlamışdır. Həmin avtomobil irəlidən dönərək Yasin və digərlərinin yanına gəlmiş və onlar həmin avtomobilə əyləşmişlər. Həmin vaxt onun arxası yola tərəf olmuşdur. Bu zaman o, tormoz səsi eşitmiş, səsi eşitdikdən 2-3 saniyə sonra isə güclü gupbultu səsi eşitmişdir. O, dərha qəza olduğunu anlamış, geriyə, yola tərəf qaçmağa başlamış, bu zaman “VAZ-2107” markalı avtomobilin sərnişinindən yüksək təzyiqlə qan çıxdığını görmüşdür. O, həmin an güclü həyəcan keçirmiş və yolun kənarına düşən “Opel” markalı avtomobilə tərəf qaçmağa başlamışdır. Bu vaxt oraya adamlar toplaşmış və o, köməklik göstərərək Elvin və digərlərini avtomobildən çıxarmışdır. Həmin vaxt Coşqun və Yasin tam şok vəziyyətində olmuş, Elvin isə ayıq qalmışdır. O, Coşqunun guya onların evinə gəlib çay içmələrini, Yasininsə guya ot yığmağa getdiyini danışdıqlarını sonradan eşitdiyini, lakin belə bir şey olmamışdır. O, bu sözlərin Coşqungilin şok vəziyyətinin təsirindən deyildiyini güman edir. Əslində isə nə Yasin, nə də Coşqun onun avtomobilindən düşdükdən sonra heç yerə getməmişlər. Məhkəmə iclası zamanı elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, o, həmkəndliləri Şahid3 Vidadi oğlu və Zərərçəkmiş şəxs1 ilə birlikdə xx.xx.2025-ci il tarixdə, axşam saatlarında rayonun Şıxsalahlı kənd sakini İlkin adlı şəxsə məxsus, sonuncunun idarə etdiyi "Kamaz” markalı yük avtomobili ilə fəhlə kimi ot presləri yükləyib Şamaxı rayonuna getmişlər. Orada ot preslərini boşaltdıqdan sonra xx.xx.2025-ci il tarixdə, axşam saatlarında rayonun Şıxsalahlı kəndi ərazisinə gəlmişlər. İlkin “Kamaz”ı yolun sağından saxlamış və onlar birlikdə İlkinin evinə çay içməyə getmişlər. Orada çay içdikdən sonra İlkin onların pullarını vermiş, İlkin evində qalmış, o, Yasin və Elvin isə İlkinin evindən çıxaraq piyada İlkinin "Kamaz”ı saxladığı yerin yanına gəlmişlər. Onlar orada taksi ilə mənsub olduqları Qaragüney kəndinə, evə getməyi qərarlaşdırmışlar. Bu zaman yolla keçən sürücüsünün kim olduğunu bilmədiyi, qara rəngli "Opel” markalı taksiyə əl etmişlər. Taksi gəlib onların qarşısında Sabirabad istiqamətində dayanmışdır. O, arxa oturacaqda sağda, Elvin arxa oturacaqda solda, Yasin isə ön sərnişin oturacağında əyləşmişdir. Bundan sonra qəzanın necə baş verdiyini, onun qəzadan sonra necə olmağı, Sabirabad RMX-yə necə getməyi və digər hallar hazırda yadında deyildir. Yəni, o, qəzanın necə baş verdiyini ümumiyyətlə xatırlamır. O, qəza nəticəsində sol qarın boşluğundan əzik xəsarətləri almışdır. Məhkəmə iclası zamanı elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, o, həmkəndliləri Şahid2 və X11 ilə birlikdə 21,05.2025-ci il tarixdə, axşam saatlarında rayonun Şıxsalahlı kənd sakini İlkin adlı şəxsə məxsus, sonuncunun idarə etdiyi “Kamaz" markalı yük avtomobili il fəhlə kimi ot preslərini yükləyib Şamaxı rayonuna getmişdir. Orada ot preslərini boşaltdıqda sonra xx.xx.2025-ci il tarixdə, axşam saatlarında Şıxsalahlı kəndi ərazisinə qayıtmışdır. İlkin "Kamaz”ı yolun sağında saxlamış və o, Osmanlı kəndi ərazisində tanımadığı şəxsin evinin həyətyanı sahəsinə gedərək təxminən 40 dəqiqə ərzində həyətdə yerdə olan ot preslərini tayaya yığmış, daha sonra yenidən İlkinin “Kamaz”ı saxladığı yerə qayıtmışdır. Həmin vaxt onlar yolun “Kamaz” dayanan hissəsində dayanaraq taksi gözləmiş, məqsədləri Qaragüney kəndinə, evlərinə getmək olmuşdur. Bu zaman Sabirabad istiqamətindən Şirvan istiqamətinə hərəkətdə olan “Opel” markalı, qara rəngli taksi avtomobilini əllə işarə edərək saxlatdırmışlar. O, sürücüyə “saxla orada, keçirik yolun əks tərəfinə” demişdir. Lakin, sürücü avtomobili idarə etməyə başlamış, irəlidən dönərək onların yanına gəlmişdir. Sonradan məlum olmuşdur ki, həmin sürücünün qulağı zəif eşidirmiş. O, avtomobilin ön sərnişin oturacağında, Coşqun arxa oturacaqda sağda, Elvin isə arxa oturacaqda solda əyləşmişdir. Onlar avtomobilə əyləşərkən avtomobilin çox hissəsi yolun ehtiyat hissəsində, sol təkərləri isə yolun asfalt hissəsində olmuşdur. Sürücü Zərərçəkmiş şəxs2 avtomobili idarə etməyə başlamış və geriyə, Şirvan istiqamətində hərəkət etmək üçün manevr etmişdir. Avtomobil yolun ortasında olarkən o, sol tərəfdən - yəni Şirvan istiqamətindən Sabirabad istiqamətinə gələn avtomobilin əyləc səsini eşitmiş, təxminən 4 saniyə sonra isə həmin avtomobil sərnişini olduğu avtomobilin sol yan hissəsinə çırpılmışdır. Toqquşmadan sonra “Opel”in təhlükəsizlik yastığı açılmış və o, başının sol nahiyəsi, bədəninin sol nahiyəsindən əzik xəsarətləri alaraq huşunu itirmişdir. Bundan sonra nələrin baş verdiyini xatırlamır. Cinayət işində olan BD 500157 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququna malikdir, vəsiqə xx.xx.2020-ci ildə verilmiş, xx.xx.2030-cu il tarixinə kimi etibarlıdır. Cinayət işində olan BD179480 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-21074 minik” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6r. Cinayət işində olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibranamənin surətindən görünür ki, “VAZ-21074 minik” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün X2 Ağaqulu Əlisa oğluna xx.xx.2022-ci ildə xx.xx.2030-cu il tarixinədək etibarnamə vermişdir. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 17 saylı rəyindən görünür ki, X3 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: a/ Kəllənin açıq küt travması, sağ təpə-gicgah sümüklərinin açıq basılmış, qəlpəli sınığı, sınıq proyeksiyasında baş beyinin sərt və yumşaq qişasının cırılması, qansızması, baş beynin əzilməsi, qansızması, baş beynin və ağ ciyərin ödemi, daxili orqanların doluqanlılığı, sağ təpəgicgah nahiyəsində yara, alın nahiyəsində, sol çənə bucağı proyeksiyasında, sağ və sol əlin üst səthində sıyrıqlar. b/ Aşkar edilmiş xəsarətlər - sağ təpə-gicgah sümüklərinin açıq basılmış, qəlpəli sınığı, sınıq proyeksiyasında baş beyinin sərt və yumşaq qişasının cırılması, qansızması, baş beynin əzilməsi, qansızması, sağ təpə-gicgah nahiyəsində yara, alın nahiyəsində, sol çənə bucağı proyeksiyasında, sağ və sol əlin üst səthində sıyrıqlar-həyatidir, küt travma təsirinə malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2025-ci il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurma əlamətlərine malikdirlər. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. c/ X4 ölümündən az əvvəl spirtli içki qəbul etməmişdir. d/ X3 ölümünə səbəb almış olduğu başın açıq kü travması nəticəsində, baş beyin toxumasının əzilməsi olmuşdur. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 206 sayl rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 İsrəfıl oğlunun məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: a/Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə “döş qəfəsinin ön hissəsinin travması” diaqnozu ik Sabirabad RMX-yə müraciət edib, tibbi yardım almışdır. b/Müayinə zamanı aşkar edilmiş xəsarətlər - sol 11-ci qabırğanın qapalı sınığı il müşayiət olunan, sol təpə-alın nahiyəsində, sol körpücük sümüyü proyeksiyasında, sol c qoltuqaltı xətt üzrə 10-12-ci qabırğa səviyyəsində, sağ baldırın yuxarı 1/3-də ön səthc qançırlar küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 250 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: a/ Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixdə “sol saidin sümüklərinin 1/3 hissəsinin yerdəyişən sınıqları, bədənin müxtəlif növ nahiyələrinin küt travması” diaqnozu ilə Sabirabad RMX-yə müraciət edib, tibbi yardım almışdır. b/ Müayinə zamanı aşkar edilmiş xəsarətlər-sol mil və dirsək sümüklərinin yuxarı 1/3-nin qapalı yerdəyişən sınıqları küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gəlmə bilərdi. Cinayət işində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 8/1658 nömrəli ekspert rəyində qeyd olunur ki; VAZ-2107 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "X13" Azərbaycan Respublikası qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı) tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və "X13" Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı) tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspertiza rəyləri, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi etirafedici ifadəsi, şahid və zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, eyni zamanda digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıq üzündən az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslər və həmçinin digər zərərçəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə etmə nəticəsində zərərçəkmişin hüquqi varisinin, həmçinin digər zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını, təqsirini etiraf etməsini, törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində iki azyaşlı övladının olmasını, Vətən müharibəsi iştirakçısı olmaqla medallarla təltif edilməsini Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunanlara əsaslanıb məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, eyni zamanda təyin ediləcək cəzanı yüngülləşdirən halları və ağırlaşdıran hallarının müəyyən edilməməsini, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Azərbaycan Respublikasının CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən iş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat ekspertizası tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməli, iş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə məsrəfi, aparılmış xx.xx.2025-ci il tarixli 8/1658 nömrəli Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertiza tədqiqatının dəyəri - 150 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün ekspertiza xərci - 150 manat pulun tutulması hissəsinin icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar