Məhkəmə qərarları › İş №1(056)-14/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-14/2023

13.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-14/2023 13.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi2 və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X3 iştirakı ilə, xx.xx.1978-cİ ildə Sabirabad şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 nəfər azyaşlı uşaqları olan, işləməyən, əvvəllər Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(106)-164/2022 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 (bir) il 02 (iki) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hazırki günədək çəkilməmiş cəzası 03 (üç) ay 16 (on altı) gün qalmış və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədilə qanunsuz olaraq 1 ədəd bükümdə 0,746 qram çəkidə narkotik vasitə heroini və 1 ədəd bükümdə 0,066 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərinə qanunsuz daşıyaraq 07 iyul 2022-ci il tarixdə Sabirabad şəhəri İ.İsgəndərov küçəsində tanışı Sabirabad şəhər sakini X7 40 manata satmış, xx.xx.2022-ci il tarixdə Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən sonuncunun üzərinə şəxsi axtarış aparılan zamam 1 ədəd bükümdə 0,746 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd bükümdə 0,066 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respubikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmidir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Sabirabad şəhəri Nizami küçəsi dalan 2, ev 4-də yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər bir dəfə narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olduğu üçün tutulmuşdur. 2021-ci ilin yanvar ayının 21-i tarixində 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hal-hazırda ayağında elektron qolbaq vardır. Sabirabad şəhər sakini Nadiri tanıyır, münasibətləri normaldır. 07 iyul 2022-ci il tarixdə saat 15-16 radələrində Nadir onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib narkotik vasitə istəmişdir. Özündə sellofon bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğu üçün Nadirə demişdir ki, təşkil etmək olar. Nadirlə belə razılaşmışdır ki, 1 ədəd sellofon bükümün içərisində olan 2 ədəd xırda bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetami 40 manata satacaqdır. Qabaqcadan razılaşdıqları kimi həmin gün saat 17-18 radələrində poçt yolu deyilən Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində Nadirlə görüşmüş və 1 ədəd xırda bükümdə narkotik vasitə heroini və 1 ədəd bükümdə psixotrop maddə metamfetamini sellofon bükümdə Nadirə vermişdir. Nadir isə əvəzində ona 40 manat pul vermişdir. Nadirlə sağollaşıb evə gəldikdən 1 saat sonra Nadirin nömrəsindən ona zəng gəlmiş telefonla danışanda zəng edənin polis əməkdaşları olduğunu bilmiş və polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona məlum olmuşdur ki, Nadir polis əməkdaşları tərəfindən tutulmuş və Nadir Davudov narkotiki vasitə olan heroini və psixotrop maddəni ondan aldığını polis əməkdaşlarına demişdir. Nadir Davudovun dediklərini təsdiq etdiyini, Nadirə 07 iyul 2022-ci il tarixdə saat 17-18 radələrində 1 ədəd sellofon bükümün içərisində 1 ədəd xırda bükümdə narkotik vasitə heroini və 1 ədəd bükümdə psixotrop maddə metamfetamini ümumilikdə 40 manata satdığını etiraf etmişdir. O, əlavə olaraq bildirmişdir ki, Nadir Davudovla görüşə özünə məxsus sarı rəngli “VAZ 21011” markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Onun yanında isə heç kim olmamışdır. Nadir Davudova satmış olduğum narkotik vasitə olan heroin 1 ədəd xırda sellofon bükümdə və psixotrop maddə metamfetamin isə 1 ədəd xırda sellefon bükümdə olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, əvvələr Nadir Davudova və ya başqa bir şəxsə narkotik vasitə satmamışdır. Narkotik vasitə olan marixuanadan istifadə etmiş və başqa narkotik vasitə qəbul etməmişdir. Bildirmişdir ki, Nadir Davudova satdığı 1 ədəd bükümdə narkotik vasitə heroini və 1 ədəd bükümdə psixotrop maddə metamfetamini Sabirabad şəhəri bazar yolu deyilən yerdə həmin hadisədən təxminən 20-25 gün əvvəl siqaret qutusunda tapmışdır. Lakin istifadə etmədiyi üçün özündə saxlamışdır, lakin Nadir çox təkid etdiyi üçün ona satmışdır. O, həmçinin qey etmişdir ki, tutulan zaman Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən ona qarşı heç bir təsir və təziq göstərilməmişdir. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşimançılıq hissi keçirdiyini, himayəsində 3 nəfər azyaşlı uşaqları olmasını, maddi durumunun aşağı olması səvəbindən belə bir cinayəti ilk dəfə törətdiyini, ailəsinin yeganə qazanc gətirən şəxsi olaraq ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyat olmaqla, həmin ünvanda yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Hal-hazırda 3-cü qup əlil olmaqla, ayda 120 manat pensiya alır. Əvvəllər bir dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Sabirabad rayon məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, sonra isə cəzası dəyişdirilərək həbs olunmuşdur. 07 iyul 2022-ci il tarixdə saat 19 radələrində Sabirabad şəhər sakini Qalaş kimi tanıdığı şəxslə özünün istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib istifadə etmək üçün narkotik vasitə olan heroin və patı kimi adlanan psixotrop maddə metamfetamin istəmişdir. Qalaş da ona narkotik tapa biləcəyini söyləmişdir. Sonra danışdıqları kimi xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində Sabirabad şəhəri İ.İsgəndərov küçəsində, yəni mərkəzi poçt tərəfdə Qalaşla görüşmüş ondan 1 ədəd sellofon büküm içərisində 1 ədəd xırda bükümdə narkotik vasitə heroin və 1 ədəd bükümdə psixotrop maddə metamfetamini 40 manata Qalaşdan almışdır. Qalaşla sağollaşıb piyada evə getmək istəyərkən polis əməkdaşları ona yaxınlaşıb üzərində narkotik vasitə olması barədə məlumat aldıqlarını və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getməsini demişlər. O da etiraz etməmiş və polislərlə birlikdə Sabirabad rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində vəkilin və hal şahidlərin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman əlində saxlamış olduğu 1 ədəd sellofon bükümün içərisindəki 1 ədəd bükümdə narkotik vasitə heroini və 1 ədəd bükümdə psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları onun üzərinə şəxsi axtarış aparsalar da hər hansı dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. Aşkar edilmiş kütlələr isə bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və müstəntiq tərəfindən götürülmüşdür. O əlavə olaraq bildirmişdir ki, narkotik vasitə olan heroindən və psixotrop maddə metamfetamindən istifadə edir, başqa heç bir narkotik vasitə qəbul etməmişdir. Heç vaxt narkotik vasitə satmamışdır. Üzərində aşkar edilmiş kütlələri özü istifadə etmək məqsədi ilə saxlamışdır. Narkotik vasitədən kiməsə satmaq fikri olmamışdır. Qalaş adlı şəxsin yalnız adının Qalaş olmasını və ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə etməsini bilmişdir. Qalaş adlı şəxsdən yalnız bir dəfə də narkotik vasitə heroin aldığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabirabad RPŞ-nin CAB-nin rəisi vəzifəsində işləyir. 07 iyul 2022-ci il tarixdə Sabirabad şəhər sakini X5 üzərində narkotik vasitə gəzdirməsi barədə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq raportla polis şöbəsinin rəhbərliyinə məruzə edilmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi Şahid2 özünə həvalə olunmuşdur. Şahid2 tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra onun və Şahid2 iştirakı ilə Sabirabad şəhəri İ.İsgəndərov küçəsində əməliyyat tədbirləri keçirilmiş və X1 polis şöbəsinə gətirilmişdir. Dəvət edilmiş vəkilin, iki nəfər hal şahidlərinin və Nadir Davudovun özünün iştirakı ilə üzərinə şəxsi axtarış aparılmamışdan əvvəl Nadir Davudova izah edilmişdir ki, şəxsi axtarış aparılan zaman telefon vasitəsi ilə foto şəkillər çəkiləcəkdir, eyni zamanda təklif edilmişdir ki, üzərində narkotik vasitə və ya digər dövriyyəsi qadağan edilmiş əşya və predmet varsa təqdim etsin. Nadir Davudov isə əlində saxlamış olduğu 1 ədəd sellofon bükümün içərisindəki 1 ədəd bükümdə narkotik vasitə heroini və 1 ədəd bükümdə psixotrop maddə metamfetamini stolun üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra Davud Nadirovun üzərimə şəxsi axtarış aparılsa da hər hansı dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. Aşkar edilmiş kütlələr isə bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və müstəntiq tərəfindən götürülmüşdür. Şəxsi axtarış aparılması ilə əlaqədar olaraq protokol tərtib edilmiş, o da həmin protokola imza etmişdir. Bundan sonra Davud Nadirova narkotik vasitələri hardan əldə etməsi barədə sual verilmiş, o suala cavab olaraq üzərində aşkar edilmiş narkotik vasitələri Qalaş adlı şəxsdən almasını bildirmişdir. Bundan sonra Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilmiş və sonuncu RPŞ-yə gəldikdən sonra işin mahiyyəti ona aydın olmuşdur. Bundan sonra Nadir Davudov bir daha narkotik vasitəni Təqsirləndirilən şəxs yanında sonuncudan aldığını bildirmiş, Təqsirləndirilən şəxs Nadirdə aşkar olunan narkotik vasitələrin onun tərəfindən 40 manat müqabilində satıldığını etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstəriyi xüsusatları bir daha təsdiq etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2022-ci il tarixdə saat 15:33-də 30 saniyə, saat 15:50-də 16 saniyə, saat 16:51-də 15 saniyə, saat 18-51-də 41 saniyə, saat 19:34-də 29 saniyə olmaqla, ümumilikdə gün ərzində 5 dəfə olmaqla X5 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zənglər daxil olmuşdur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 08 iyul 2022-ci il tarixli 18/740 №-li rəyindən görünür ki, “...X5 üzərinə şəxsi axtarış..” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,746 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd bükümdə təmiz çəkisi-0,066 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin narkotik vasitə heroindən 0,05 qr tədqiqata sərf olunmuş, 0,696 qram qalıq qalmışdır. Psixotrop maddə metamfetamindən 0,03 qr tədqiqata sərf olunmuş, 0,036 qram qalıq qalmışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 09 avqust 2022-ci il tarixli 4359 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(055)-88/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 11 ay 28 gün müddətə azadlqdan məhrumetmə cəzası saxlanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(106)-164/2022 saylı qərarına əsasən Saatlı rayon Məhkəməsinin həmin hökmü dəyişdirilmiş, o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən azadlığın məhdudlaşdırılması cəzasının hazırki vaxtadək çəkilməmiş qalan hissəsi 03 (üç) ay 16 (on altı) gündür. İş materiallarında olan Sabirabad rayon Sabirabad şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfində verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 nəfər – xx.xx.2014-cü, xx.xx.2013-cü və xx.xx.2016-cı il təvəllüdlü azyaşlı uşaqları vardır. İş materiallarında olan Sabirabad rayon Sabirabad şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfində verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı ərazi üzrə müsbət xarakterizə edilir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, baxış keçirilməsi protokolu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşaqlarının olmasını məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən və Azərbaycan respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cinayətini etiraf edib əməlindən peşman olmasını, ailəsinin maddi durumunun ağır olmasını, yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınır. Onun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları o cümlədən cəzanı yüngülləşdirən halları və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını əsaslı, qanuni və cəzanın məqsədinə nail olunması üçün daha səmərəli hesab edir. Eyni zamanda məhkəmə CM-nın 67.1 və 68.1.1-1-ci maddələrinə əsaslanaraq, hazırkı hökmlə təyin ediləcək 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(106)-164/2022 saylı qərarı ilə təyin olunmuş və hazırki günədək çəkilməmiş qalan 03 (üç) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla hökmlərin məcmusu qaydasında hazırki cinayətə görə təyin edilmiş 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaq yolu ilə ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmasını əsaslı və məqsədəmüvafiq hesab edir. Belə ki, həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza azadlıqdan mərhum etmə ilə toplandıqda, azadlığın məhdudlaşdırılmasının iki gününə azadlıqdan məhrum etmənin 01 günü hesablanır. Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmçinin, Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi az ağır cinayət təsnifatına aiddir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07-09 iyul 2022-ci il tarixlərdə şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 07-09 iyul 2022-ci il tarixlərdə şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir həbs günü bir gün azadlıqdan məhrumetə cəzasına bərabər hesablanmaqla, ona təyin olunmuş 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından 02 (iki) gün çıxılmalı və üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı və həmin cəzanın cəzaçəkmə müddətinin əvvəli hazırki gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsini, onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin ləğv edilməsini, onun barəsində «həbs» qətimkan tədbirinin seçilməsini, həmçinin onun məhkəmə iclas zalından həbsə alınmasını və seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını əsaslı hesab edir. Cinayət işi üzrə maddi sübut hesab edilən 0.696 qram narkotik vasitə heroin və 0.036 qram narkotik vasitə metamfetamin X5 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(056)-207/2022 saylı hökmü ilə məhv edilməsi və qeyd olunan narkotik vasitə üzrə aparılmış ekspertiza təhqiqatının xərclərinin də həmin iş üzrə təqsirləndirilən şəxs X4 tutulması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən ona Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(106)-164/2022 saylı hökmü ilə təyin olunmuş və hazırki günədək çəkilməmiş qalan 03 (üç) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla hökmlərin məcmusu qaydasında hazırki cinayətə görə təyin edilmiş 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaq yolu ilə ona 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07-09 iyul 2022-ci il tarixlərdə şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir həbs günü bir gün azadlıqdan məhrumetə cəzasına bərabər hesablanmaqla, ona təyin olunmuş 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından 02 (iki) gün çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın; cəzaçəkmə müddətinin əvvəli hazırki gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablansın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut hesab edilən 0.696 qram narkotik vasitə heroin və 0.036 qram narkotik vasitə metamfetamin X5 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(056)-207/2022 saylı hökmü ilə məhv edilməsi və qeyd olunan narkotik vasitə üzrə aparılmış ekspertiza təhqiqatının xərclərinin də həmin iş üzrə təqsirləndirilən şəxs X4 tutulması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar