Məhkəmə qərarları › İş №1(056)-140/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-140/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-140/2023 01.11.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Sabirabad rayonu Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olunmayan, Sabirabad rayonu Qalaqayın kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə elan edilən ittihama görə o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə ümumi çəkisi – 23,38 qram olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib, üzərində daşıyaraq yaşadığı Sabirabad rayonu Qalaqayın kəndindəki evinə gətirib saxlamış, 19 may 2023-cü il tarixdə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin yataq otağındakı mebel şkafının içərisindəki vazın içində 01 ədəd ağ rəngli sellofanın içərisində 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi – 6,07 qram; 5,92 qram; 5,61 qram və 02 ədəd salfet bükümündə ayrı-ayrılıqda təmiz çəkisi – 5,18 qram; 0,60 qram; ümumi çəkisi – 23,38 qram olan kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 15 ildir ki, narkotik vasitə istifadə edir. 2022-ci ilin təxminən oktyabr ayında Sabirabad rayonu Qalaqayın kəndində özünə məxsus çöl sahəsinə tərəf piyada gedən zaman sahədə 02 ədəd çətənə bitkisinin olduğunu görmüşdür. O özü narkotik vasitə istifadəçisi olduğuna görə, həmin bitkilərin narkotik tərkibli bitkilər olduğunu bilmişdir. Bundan sonra həmin bitkilərin yarpaqlarını yığmış və ağacların kötüyünü çıxararaq sahənin yanındakı kollektora tullamışdır. Bundan sonra həmin yarpaqları özü ilə birlikdə yaşadığı evə aparmış və yarpaqları qurudaraq 03 ədəd kibrit qutularına və 02 ədəd salfet bükümündə saxlamışdır. O, həmin narkotiki hissə-hissə özü istifadə etmiş, qalan hissəsini isə daha sonra istifadə etmək məqsədilə yaşadığı evin yataq otağındakı mebel şkafının içərisindəki vazın içində 01 ədəd ağ rəngli sellofan bükümündə saxlamışdır. 19 may 2023-cü il tarixdə polis əməkdaşları onun yaşadığı həyətə gələrək ailə üzvlərinə narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və bu səbəbdən onun yaşadığı evə baxış keçirməli olduqlarını demişlər. həmin vaxt o, evdə olmamış, lakin polis əməkdaşlarının yaşadığı evə baxış keçirmək üçün gəldiyini öyrəndikdən sonra qorxduğu üçün evə gəlməmişdir. Həmin vaxt yaşadığı evdə atası Şahid1 iştirakı ilə və iki hal şahidinin iştirakı ilə aşkar edilmiş narkotik vasitə götürülmüşdür. Bir müddət keçdikdən sonra o, Sabirabad Rayon Polis Şöbəsinə gələrək, baş verənlər barədə ifadə vermişdir. Müstəntiq həmin kütlələr barədə ondan soruşduqda, o, həmin kütlələrin özünə məxsus olduğunu və satış niyyətinin olmadığını bildirmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 istintaqa verdiyi ifadəsində göstərdi ki, 19 may 2023-cü il tarixdə Sabirabad rayonu Qalaqayın kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmiş, raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin İstintaq bölməsinin müstəntiqi Mirzahid Abasov, RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid4 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan başqa, baxış keçirilməsində iştirak etmək üçün Sabirabad rayonu Qalaqayın kənd İƏD-si üzrə nümayəndəliyində müavin vəzifəsində işləyən X1 və rayonun Qalaqayın kəndində X3 hal şahidi kimi dəvət olunmuşlar. Həmin şəxslər baxış keçirilməsində hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiklərini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Sabirabad şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün Təqsirləndirilən şəxs Sabirabad rayonu Qalaqayın kəndində yaşadığı evin qarşısına gəlmiş və qapını döyərək Təqsirləndirilən şəxs səsləmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs evdə olmamışdır. Təqsirləndirilən şəxs atası Şahid1 evdən çıxaraq ona tərəf yaxınlaşmış, o, özünü təqdim etdikdən sonra Rusifin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şübhəli olduğunu izah edərək yaşadığı evə, həyətyanı sahəyə baxış keçirməli olduğunu bildirmişlər. Şahid1 razılıq verərək yaşadığı evə və həyətyanı sahəyə baxış keçirməyə heç bir etirazının olmaması barədə ərizə yazmışdır. Bundan sonra hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəyə və yaşayış evinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs yataq otağındakı mebel şkafının içərisindəki vazın içində sonuncuya məxsus 01 ədəd ağ rəngli sellofanın içərisində 03 ədəd kibrit qutusunda və 02 ədəd salfet bükümündə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, aşkar olunmuş kütlələrə Rusifin Ağayevin atası Şahid1 iştirakı ilə baxış keçirilmiş, aşkar edilmiş kütlələr 01 ədəd zərfə qoyularaq qablaşdırılıb DİN-nin 139 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Həmin vaxt Şahid1 şifahi sorğu zamanı polis əməkdaşlarına qurudulmuş marixuananın oğlu Təqsirləndirilən şəxs məxsus olduğunu bildirdi. Bundan başqa yaşayış evində və həyətyanı sahədə qanunla qadağan olunmuş heç bir əşya və predmet aşkar olunmamışdır. Məhkəmə-kimyəvi ekspertizasının məhkəmə-bioloji ekspertizasının 20 may 2023-cü il tarixli, 18/535 nömrəli ekspert rəyindən görünür ki: Tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs məxsus...” sözləri yazılmış və imzalar olan kağız paketdə 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri – 6,07 qram; 5,92 qram; 5,61 qram və 02 ədəd salfet bükümdə ayrı-ayrılıqda təmiz çəkilər – 5,18 qram; 0,60 qram olmaqla, ümumi çəkisi – 23,38 qram olan kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator xx.xx.2023-cü il tarixli, 4142 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad Rayon İHB-nin Sabirabad rayonunun Qalağayın kənd icra nümayəndədəliyi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şifahi və yazılı şikayət daxil olmayıb. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarından göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə Təqsirləndirilən şəxs göstərilən cinayəti əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, maddi sübut, şahid ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsi ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, həmçinin təqsirləndirilən şəxsin əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olunaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini, buna baxmayaraq yenidən eyni kateqoriyalı və bir qədər də dah təhlükəli xarakterli cinayət əməli törətməklə islah yoluna qədəm qoymamasını nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər tərəfindən cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində tutulmuşdur. Sabirabad rayon məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Sabirabad rayon məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs 09 oktyabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur. Qeyd olunanlarla yanaşı məhkəmə, qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanmasını, onun narkamaniyadan məcburi müalicə edilərək ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı olmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 (otuz bir manat doxsan beş qəpik) məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməsini, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan narkotik vasitə olan marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli olduğunu əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 iyun– 20 sentyabr 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında olduğu müddətin bir günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər hesablanmaqla, 3 ay 15 günlük müddət ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkamaniyadan məcburi müalicə edilərək ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan 01 ədəd ağ rəngli sellofanın içərisində 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi – 6,07 qram; 5,92 qram; 5,61 qram və 02 ədəd salfet bükümündə ayrı-ayrılıqda təmiz çəkisi – 5,18 qram; 0,60 qram; ümumi çəkisi – 23,38 qram olan kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspert tədqiqatı nəticəsində qalıq qalmış 23,28 qramı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar