Məhkəmə qərarları › İş №1(056)-140/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-140/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-140/2024 11.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olumayan, Sabirabad şəhəri İ.İsgəndərov küçəsi ev 46 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan, xeyli miqdarda, təmiz çəkisi 0,260 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, bir ədəd bükümdə olmaqla əynindəki qış gödəkcəsinin sağ yan cibində saxlamış, Sabirabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 11 fevral 2024-cü il tarixdə saat 22:40 dəqiqədə Sabirabad şəhəri İ.İsgəndərov küçəsində saxlanılaraq Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon Rolis Şöbəsinin inzibati binasına gətirilmiş və şöbənin inzibati binasında 12 fevral 2024-cü il tarixdə saat 00:05 dəqiqədə üzərində şəxsi axtarış aparılan zaman, əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə xeyli miqdarda 0,260 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, uzun zamandır ki, psixotrop maddənin metamfetamin növündən istifadə edir. Buna görə də 2010-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Mahiyyəti üzrə qeyd etmişdir ki, bir neçə gün əvvəl yaşadığı Sabirabad şəhəri İlham İsgəndərov küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən zibillikdən piyada şəkildə keçərkən yerdən bir ədəd sarı rəngli sellofan büküm görmüş və həmin bükümü götürüb içərisinə baxdıqda içərisində psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Sonra həmin bükümü əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Həmin zaman niyyəti psixotrop maddə metamfetamini istifadə etmək olmuş, lakin həmin vaxt tapıb istifadə edə bilməmişdir. 11 fevral 2024-cü il tarixdə saat 23 radələrində yaşadığı evin qarşısında küçədə dayanarkən bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərinin Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirib narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu qeyd edib onu rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşaraq birlikdə Sabirabad rayon Polis Şöbəsinə gəlmişdir. Sabirabad rayon Polis Şöbəsində müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulub hüquq və vəzifələri izah edildikdən sonra üzərinə Müdafiəçi iştirakı ilə şəxsi axtarış keçirilmişdir. O, üzərində qanunla dövriyyəsi qadağan edilmiş predmet olduğunu deyib, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd “Marlboro” markalı siqaret qutusunu təqdim edərək içərisində sarı rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetamin olduğunu demişdir. Həmin kütlənin nə olması və kimə məxsus olması soruşulduqda metamfetamin olmasını, özünə məxsus olmasını, bir neçə gün əvvəl Sabirabad şəhəri İ.İsgəndərov küçəsində yerləşən zibilliyin yaxınlığından yerdən tapdığını, istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış aparılan zaman üzərindən bir ədəd plastik benzin kartı, bir ədəd “Kapital bank”a məxsus olan plastik kart, bir ədəd “unibank”a məxsus olan plastik kart, bir ədəd plastik Bakı kartı, bir ədəd özünə məxsus sürücülük vəsiqəsi, 8 manat 10 qəpik və 5 Gürcüstan larisi məbləğində pul, bir ədəd “Kgtel” markalı sadə tipli mobil telefon, bir ədəd “Poco” markalı mobil telefon, bir ədəd gümüşü rəngli alışqan və bir ədəd pulqabı aşkar edilmişdir. Daha sonra həmin əşyalardan bir ədəd plastik benzin kartı, bir ədəd “Kapital bank”a məxsus olan plastik kart, bir ədəd “unibank”a məxsus olan plastik kart, bir ədəd plastik Bakı kartı, bir ədəd özünə məxsus sürücülük vəsiqəsi, 8 manat 10 qəpik və 5 Gürcüstan larisi məbləğində pul, bir ədəd gümüşü rəngli alışqan və bir ədəd pulqabı ona geri qaytarılmış, bir ədəd “Kgtel” markalı sadə tipli mobil telefon, bir ədəd “Poco” markalı mobil telefon isə gələcəkdə sübut əhəmiyyəti kəsb edə biləcək məlumatların əldə olunması ehtimalı olduğu bildirilərək götürülmüşdür. Aşkar edilmiş bir ədəd sarı rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetamin isə götürülərək ağ rəngli kağız zərfdə qablaşdırılmışdır. Zərfin üzəri möhürləndikdən sonra isə tərəfindən imzalanmışdır. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və məhkumluğunun olmamasını nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin Post Patrul Xidməti bölüyünün polis nəfəri vəzifəsini daşıyır. 11 fevral 2024-cü il tarixdə xidmətdə olarkən ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı ilk öncə Sabirabad RPŞ-nin narkomaniyaya qarşı mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 tərəfindən rəhbərliyə raportla müraciət olunmuş, daha sonra isə onun tərəfindən təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Sonra həmin qərarın icra olunması ilə bağlı yaradılmış əməliyyat qrupunun üzvü o və Sabirabad RPŞnin narkomaniyaya qarşı mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 ilə birlikdə əldə etdikləri məlumat əsasında Sabirabad şəhəri İ.İsgəndərov küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və barəsində üzərində narkotik vasitələri saxlaması, istifadə etməsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu izah edib, Təqsirləndirilən şəxs Sabirabad Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməyib onlarla birlikdə Rayon Polis Şöbəsinə gəlmişdir. Sabirabad rayon Polis Şöbəsində olarkən Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmiş və vəkil gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları könüllü təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd “Marlboro” markalı siqaret qutusunu təqdim edərək içərisində sarı rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetamin olduğunu demişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərindən bir ədəd plastik benzin kartı, bir ədəd “Kapital bank”a məxsus olan plastik kart, bir ədəd “unibank”a məxsus olan plastik kart, bir ədəd plastik Bakı kartı, bir ədəd Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi, 8 manat 10 qəpik və 5 Gürcüstan larisi məbləğində pul, bir ədəd “Kgtel” markalı sadə tipli mobil telefon, bir ədəd “Poco” markalı mobil telefon, bir ədəd gümüşü rəngli alışqan və bir ədəd pulqabı aşkar edilmişdir. Həmin əşyalardan bir ədəd plastik benzin kartı, bir ədəd “Kapital bank”a məxsus olan plastik kart, bir ədəd “unibank”a məxsus olan plastik kart, bir ədəd plastik Bakı kartı, bir ədəd ona məxsus sürücülük vəsiqəsi, 8 manat 10 qəpik və 5 Gürcüstan larisi məbləğində pul, bir ədəd gümüşü rəngli alışqan və bir ədəd pulqabı geri qaytarılmış, bir ədəd “Kgtel” markalı sadə tipli mobil telefon, bir ədəd “Poco” markalı mobil telefon isə gələcəkdə sübut əhəmiyyəti kəsb edə biləcək məlumatların əldə olunması ehtimalı olduğu bildirilərək müstəntiq tərəfindən götürülmüşdür. Aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar kütlə isə bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məlumatı əldə olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş şəxsi axtarış aparılması haqqında 12 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Ədliyyə Nazirliyi Məhkəmə X2 Regional Bölməsinin xx.xx.2024-cü il tarixli 3-16-16/2- 18/163№li rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,260 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,260 qramdan tədqiqata 0,05 qramı istifadə edilmiş, 0,210 qramı qalıq çəkisi qalmışdır. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 2320№li ambulator məcburi-narkoloji tibbi yoxlama rəyində qey olunur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, təmiz şəkisi 0,260 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadəsi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu mövcud deyil. Cinayət işi materiallarına əlavə edilmiş Sabirabad RİHB-nın şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan (2009 və 2013-ci il təvəllüdlü) uşaqları vardır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun məhkumluğunun olmamasını, törətdiyi əməlindən peşmançılıq hissi keçirməsini, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini, ailəli olaraq himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nın 59-cu maddəsinə əsasən təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, təyin ediləcək cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla müəyyən olunmuş dörd gün, ona təyin olunacaq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsini, onun narkoloji dispanserdə qeydiyyata alınmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, həmçinin iş üzrə maddi sübut kimi Sabirabad rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq qalmış 0,210 qram çəkidə psixotrop maddə metamfetaminin hökmün qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində iki gün tutularaq, bir gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla müəyyən olunmuş 04 gün ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkməsi müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazı narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31.95 AZN məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut, Sabirabad Rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı qalıq çəkisi 0,210 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar