Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-143/2024 10.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Sabirabad rayon Kovlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, işləməyən, əvvəllər məhkum olunmayan, Sabirabad rayonu Kovlar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə, o, 28 may 2024-cü il tarixdə saat 20:00 radələrində, Sabirabad rayonunun Kovlar kəndində, Şahid həyətində keçirilən toy məclisində, alkoqol təsiri altında, həmkəndlisi Zərərçəkmiş şəxs, çayçını yüksək səslə çağırmasına görə, əsaslı səbəb olmadan sonuncunu nalayiq ifadələrlə söyüb təhqir etməklə, yumruqla sağ qaş nahiyəsinə vuraraq ona, alın nahiyyəsində yara və sağ gözaltı nahiyyədə qançırla nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaqla, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaşlar üzərində zor tətbiq etməklə, qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həmkəndlisi Zərərçəkmiş şəxslə əvvəllər heç bir ədavət və düşmənçiliyi olmamış, normal münasibətləri olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 17:00-da həmkəndlisi və qohumu Şahid onu həyətində keçirilən oğlunun kiçik toy məclisinə dəvət etmiş və o həmin vaxt Əfsərin həyətinə toy məclisinə getmişdir. Toyda oturub çörək yeyib araq içmiş, həmkəndlisi Zərərçəkmiş şəxs də toyda iştirak etmişdir. Təxminən 2-3 saat sonra, saat 20:00 radələrində, yemək yeyib yığışdırılmış və çay verilmişdir. Sadiq də onun oturduğu cərgənin sonunda musiqiçilərin yaxınında əyləşmiş, aralarında isə iki-üç nəfər tanımadığı şəxslər oturmuşdur. Bu zaman görmüşdür ki, Sadiq qışqıraraq çayçını çağırır. O elə başa düşmüşdür ki, Sadiq söyüş söymüş, ona demişdir ki, “anqırma, camaat var”, Sadiq isə ona nəisə demiş, lakin başa düşə bilməmişdir. Sadiqin yüksək səslə çayçını çağırması, həm də özünün içkili olmağı istər istəməz ona pis təsir etmiş, yerindən durub ona yaxınlaşmış və qəflətən sağ qaş nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Sadiq sağ gözünü tutub başını aşağı əymiş, onun sağ qaşı partlayıb qanamışdır, o, isə artıq orada durmamış və çıxıb getmişdir. Bir müddət sonra Sadiqin 102 xidmətinə şikayət verməsini eşitmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda, əməlindən peşmançılıq hissi keçirdiyini, ilk dəfə belə hərəkətə yol verdiyini, iş üzrə zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını və onun ailəli olduğunu nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxs ilə münasibətləri normal olmuş, ədavətləri olmamışdır. Həmkəndlisi və qohumu olan Şahid xx.xx.2024-cü il tarixdə saat 17:00 üçün onu oğlunun kiçik toy məclisinə dəvət etmişdir. Məclisdə o, Elşənlə bir sırada oturmuş, orada başqa yerdən gəlmə tanımadığı kişi qonaqları da olmuşdur. Məclisdə çörək yeyib araq da içmişdir. Təxminən 40 dəqiqə keçmiş, hava isti olduğundan toydan çıxıb evinə getmiş, yuyunub paltarını dəyişib toya qayıtmışdır. Təxminən saat 20 radələrində toy məclisi öz qaydasında davam etmişdir. Toy məclisinə qaydarkən Elşən də orada öz yerində oturmuşdur, araq içmişdir. O keçib eyni cərgədə musiqiçilərin yanında sonuncu sırada əyləşmiş, aralarında 2-3 nəfər qonaq əyləşmiş və onlar gəlmə olduğu üçün tanımamışdır. Toy məclisində oturandan sonra çayçını səsləyib çay gətirməsini xahiş etmişdir. Bu zaman Elşən ona irad bildirmişdir ki, “niyə anqırırsan, səsindən qonaqlar narahat olur”. O demişdir ki, “qışqırmıram, musiqinin səsindən eşidilmir” deyə çayçını səsləyirəm. Bu söhbətə görə aralarında yüngül narazılıq olmuşdur. Üstündən 2-3 dəqiqə keçdikdən sonra Elşən yaxınlaşıb onu nalayiq söyüşlərlə təhqir edərək qəflətən sağ qaşının üstünə yumruq zərbəsi vurmuşdur. O sifətini tutub əyilmiş, sağ qaşının üstü yarılıb qanamış, təkrar söyüb vurmaq istəyərkən tanımadığı qonaqlar onun qarşısını almışlar. Sonra qonaqlardan kimsə ona salfetka isladıb vermiş, qanayan qaşının üstünə qoymuşdur. Həmin vaxt toy sahibi Əfsər yaxınlaşıb nə baş verdiyini soruşmuş, o demişdir ki, Elşənlə sözümüz oldu, yumruqla vurdu. Təxminən 15 dəqiqə orada oturandan sonra çıxıb evinə getmişdir. Bir müddət gözləmiş, Elşən gəlib üzrhaqlıq etmədiyi üçün DİN-in 102 xidmətinə məlumat vermiş, sonra da rayon polis şöbəsinə şikayət ərizəsi yazmışdır. Hazırda təqsirləndirilən Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığı nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, həmkəndliləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə qohumluq münasibətləri vardır. xx.xx.2024-cü il tarixdə Kovlar kəndində həyətində oğlunun musiqili kiçik toy məclisini keçirmiş, qohum kimi Sadiq və Elşəni də toya dəvət etmişdir. Saat 17:00 radələrində qonaqlarla yanaşı Elşən və Sadiq də toya gəlmişlər. Onlar bir birinə yaxın sırada, masada oturub çörək yeyib araq içmişlər. Toy məclisi normal qaydasında davam etmişdir. Saat 20:00 radələrində artıq yemək içmək masalardan yığışdırılmış, qonaqlara çay verilmişdir. Həmin zaman o ayaq üstə toya, qonaqlara nəzarət etmişdir. Sadiq bir sırada musiqiçilərə yaxın baş tərəfdə oturmuşdur. Bu zaman kənardan görmüşdür ki, Sadiqin oturduğu tərəfdə səs küy qalxmış, qonaqlardan bir neçə ayağa durub Sadiqin ətrafına toplaşmışlar. Yaxınlaşıb görmüşdür ki Sadiq əli ilə sağ gözünü tutub əyilmiş, ona nə isə olmüşdür. Yaxınlaşıb görmüşdür ki, Sadiqin sağ qaşının üstü partlayıb qanayır, salfetka ilə yarasını tutmuşdur. Ondan nə baş verdiyini soruşmuş, Sadiq demişdir ki, çayçını çağırıb ki ona çay gətirsin və bunun üstündə Elşən onu söyüb təhqir edərək sağ qaşının üstünə yumruqla vurmuş, başqa heç bir səbəb olmamışdır. O Sadiqə təsəlli vermişdir ki, fikir vermə, ola bilsin içkili olub, barışarsız gedər. Bundan 5-10 dəqiqə sonra Sadiq toydan çıxıb getmişdir, lakin ətrafa baxarkən Elşəni orada görməmişdir. Sonradan eşitmişdir ki, Sadiq Elşənin barəsində 102 xidmətinə şikayət vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 293 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxsnın bədəni üzərində aşkar olunan xəsarətlər - alın nahiyyəsində yara, sağ gözaltı nahiyyədə qançır küt əşyanın /əşyaların/ təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2024-cü tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Az. Res. DİN-in Baş Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ailəli olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən peşmançılıq hissi keçirməsini, zərərçəkmişlə barışmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, təyin ediləcək cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində aşağı həddə 1000 (bir min) manat məbləğində cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia və yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 347-349, 351-353, 381- 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-143/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-143/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver