Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-145/2023 18.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1965-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə elan edilən ittihama görə 2023-cü ilin may ayının əvvəllərində Sabirabad şəhəri, S.Vurğun küçəsi ev 12 ünvanında yerləşən yaşadığı evin həyətyanı sahəsində torpağı şumlayıb istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə xeyli miqdarda, yəni 14 ədədini yetişdirərək kultivasiya etmiş, 31 may 2023-cü il tarixdə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman evin həyətyanı sahəsindən ümumilikdə 14 ədəd yaş vəziyyətdə ümumi çəkisi-4000 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. O, təxminən 20 ildir ki, narkotik vasitə qurudulmuş marixuana olan “nəşə” istifadə edir. 2023-cü ilin yanvar ayında Sabirabad şəhəri ərazisində piyada hərəkət edən zaman yerdə 01 ədəd sellofan bükümünün olduğunu görmüş, həmin sellofan bükümünün yanına yaxınlaşmış və bükümü götürərək içərisinə baxmışdır. Bu zaman o, sellofan bükümün içərisində 14 ədəd çətənə bitkilərinin toxumlarını görmüş, toxumların spesifik iyindən bilmişdir ki, bu narkotik tərkibli bitkidir. Daha sonra o, həmin toxumları əkmək qərarına gəlmişdir. Bu məqsədlə 2023-cü ilin may ayının əvvəlində özündə saxladığı həmin çətənə bitkisinin toxumlarını özünə məxsus həyətyanı sahəsində əkmiş, mütəmadi olaraq həmin bitkilərə qulluq etmiş, ətrafındakı alaq otlarını təmizləmiş, su vermişdir. 31 may 2023-cü il tarixdə evdə olan zaman polis əməkdaşları yaşadığı həyətə gələrək məlumat əsasında yaşadığı evə, həyətyanı sahəyə və həyətində olan yardımçı tikililərə baxış keçirməli olduqlarını bildirmişlər. Həmin vaxt iki hal şahidi dəvət olunmuşdu. Polis əməkdaşları ondan yaşadığı evə və həyətinə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşlar. O, baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən həyətyanı sahəyə baxış keçirilən zaman evin həyətyanı sahəsində yerləşən bağçada əkmiş olduğu 14 ədəd çətənə bitkiləri aşkar edilmiş, əkdiyi 14 ədəd olan çətənə bitkiləri torpaqdan çıxarılıb hal şahidlərinin, onun, aqronomun iştirakı ilə sellofan torbaya qoyularaq qablaşdırılıb möhürlənmişdir. Həyətyanı sahəyə və yardımçı tikililərə baxış keçirildikdən sonra yaşadığı evə də baxış keçirilmiş, yaşadığı evdə qanunla qadağan olunmuş heç bir əşya predmet aşkar olunmamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkilli vəzifəsində işləyir. 31 may 2023-cü il tarixdə ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkməsi barədə ona əməliyyat məlumatı daxil olmuş, bununla bağlı olaraq raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin İstintaq bölməsinin müstəntiqi Elvin Həmidov, RPŞnin CAB-nin əməliyyat müvəkkili Şahid3, NMQ-nin baş əməliyyat müvəkkili Şahid2 və ondan ibarət olması təsdiqlənmişdir. Daha sonra baxış keçirilməsi prosesində aqronom mütəxəssis qismində iştirak etməsi üçün Sabirabad DAİM-in aqronom mütəxəssisi Şahid6 dəvət olunmuş, bundan başqa baxış keçirilməsində hal şahidi kimi iştirak etmək üçün Sabirabad şəhəri, H.Əliyev prospekti döngə 4, 11-də yaşayan Şahid4 və Sabirabad şəhəri, H.Həmidov küçəsi ev 14-də yaşayan Şahid5 dəvət olunmuşlar. Həmin şəxslər baxış keçirilməsində hal şahidi qismində iştirak etməyə etiraz etmədiklərini və baxış keçirilməsi prosesində hal şahidi kimi iştirak edəcəklərini bildirmişlər. Bundan sonra avtomobillə Təqsirləndirilən şəxs yaşadığı evinə gəlmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs özü həyətdə olmuşdur. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə əkməsi barədə məlumat aldıqlarını bildirmiş, həyətinə və yaşadığı evə baxış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs həyətinə və yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra hal şahidlərinin, aqranom mütəxəssisin və polis əməkdaşlarının iştirakı ilə onun evinə və həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı sahəsində evinin qarşısındakı baxçada əkib becərdiyi ümumilikdə 14 ədəd narkotik tərkibli çətənə bitkilər aşkar edilmişdir. Baxışda iştirak edən aqronom da çətənə bitkilərinə baxmış, həmin bitkilərə aqrotexniki qaydada qulluq olunması barədə rəy tərtib edib müstəntiqə vermişdir. Aşkar edilmiş narkotik tərkibli çətənə bitkiləri torpaqdan çıxarılmış və qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həyətyanı sahəyə baxış keçirildikdən sonra evə və yardımçı tikililərə də baxış keçirilmiş, lakin başqa heç nə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid3, RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2, Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişlər. Məhkəmə-kimyəvi ekspertizasının məhkəmə-bioloji ekspertizasının 01 iyun 2023-cü il tarixli, 18/579 nömrəli ekspert rəyindən görünür ki,tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “Təqsirləndirilən şəxs həyətyanı sahəsindən...” sözləri yazılmış və imzalar olan sintetik torbada cəmi 14 (on dörd) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi – 4 kiloqram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4607 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs 3cü dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad Rayon İHB-nin Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şifahi və yazılı şikayət daxil olmayıb. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarından göstərilmişdir ki, Cinayət Məcəlləsinin 237.1-ci maddəsində göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə Təqsirləndirilən şəxs göstərilən cinayəti əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, maddi sübut, şahid ifadələri və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsi ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, həmçinin təqsirləndirilən şəxsin 2 ildən bir qədər artıq müddət əvvəl CM-nin 234.2-ci maddəsi ilə məhkum olunaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini, buna baxmayaraq yenidən eyni xarakterli cinayət əməli törətməklə islah yoluna qədəm qoymamasını nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər tərəfindən cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə üəssisəsində çəkməlidir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində tutulmuşdur. Sabirabad rayon məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə, qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanmasını, onun, ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı olmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməsini, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan 14 ədəd yaş vəziyyətdə ümumi çəkisi – 4000 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 3999,5 qram çətənə bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 may – 02 iyun 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq 2 (iki) gün həbsdə saxlanıldığı müddət bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 01 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan 14 ədəd yaş vəziyyətdə ümumi çəkisi – 4000 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 3999,5 qram çəkidən ibarət çətənə bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-145/2023
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-145/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver