Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-146/2024 01.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X8 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Sabirabad rayonu Şıxsalahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Sabirabad rayonu Şıxsalahlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad rayon məhkəməsinin inzibatı binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 43,42 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində daşıyaraq yaşadığı Sabirabad rayonu Şıxsalahlı kəndindəki evinə gətirib saxlamış, 27 fevral 2024-cü il tarixdə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saat 19:10 dəqiqədə yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilən zaman evin yataq otağındakı çarpayının üzərindəki döşəyin altında 01 ədəd polietilen torbada təmiz çəkisi – 43,42 olan bitki mənşəli kütlə - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Sabirabad rayonu Şıxsalahlı kəndində ailə üzvlərilə birlikdə yaşayır. Uzun müddətdir imkan olduqca el arasında “nəşə” kimi adlanan narkotik vasitə qurudulmuş marixuanadan siqaretin tütününə qarışdırıb qəbul etmişdir. 2023-cü ilin aprel ayının əvvələrində özüdə saxladığı 1 ədəd çətənə bitkisinin toxumunu yaşadığı kənddə Kür çayının kənarındakı kolluq sahəsində kauçuk dibçəkdə əkmiş, həmin toxuma mütəmadi olaraq su verib qulluq etmişdir. Toxumdan cücərmiş çətənə bitkisinə təxminən 2023-cü ilin oktyabr ayına qədər qulluq etmişdir. O, çətənə bitkisinin yetişmiş hissələrini yığdıqdan sonra kolluq sahəsində qurutmuş, kökünü və budaqlarını isə sındırıb Kür çayına atmışdır. Sonra isə çətənə bitkisinin hissələri sellofon torbaya yığıb yaşadığı evə gətirmişdir. O, gün ərzində nəşəni siqaretin tütününə qarışdırıb qəbul etmişdir. 27 fevral 2024-cü il tarixdə saat 19 radələrində kənddə olarkən arvadı Samirə onun mobil telefonuna zəng edib həyətə polis əməkdaşlarının və iki nəfər hal şahidlərinin, yəni icra nümayəndəsi və müavinin gəlməsini demiş və onu evə çağırmışdır. O, evə gəldikdən sonra polis əməkdaşları ona narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat aldıqlarını və təxirəsalınmaz qərarla yaşadığı evə və həyətyanı sahəyə baxış keçirəcəklərini bildirmişlər. O da baxış keçirilməsi ilə bağlı heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra 2 nəfər hal şahidlərinin iştirakı ilə evə baxış keçirilmiş, evin yataq otağındakı çarpayının üzərindəki döşəyin altında 1 ədəd sellofon torbanın içərisindəki 1 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş həmin kütlə elektron tərəzidə çəkilmiş, sonra aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana müstəntiq tərəfindən qablaşdırılıb götürülmüşdür. Bundan əlavə, yaşadığı evə və həyətyanı sahəyə baxış zamanı dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O və digər iştirakçılar, protokolun doğru olmasını imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən səmimi peşman olduğunu, ilk dəfə az ağır cinayət əməli törətməsini və himayəsində 2 nəfər azyaşlı uşaqlarının olmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsə istinad olunan cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, işdə olan sənədlər və cinayət işinin digər rəsmi dəlilləri ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 fevral 2024-cü il tarixdə Sabirabad rayonu Şıxsalahlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, yaşadığı ev və evin həyətyanı sahəsində saxlamasında şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmiş, əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin İstintaq bölməsinin baş müstəntiqi Mirzahid Abasov, RPŞ-nin İTB-nin sahə rəisi Şahid2, RPŞ-nin İTB-nin sahə nəfəri Şahid3 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan başqa baxış keçirilməsində iştirak etmək üçün Sabirabad rayonu Şıxsalahlı kənd İƏD-si üzrə nümayəndəsi vəzifəsində işləyən X1 və Sabirabad rayonu Şıxsalahlı kənd İƏD-si üzrə nümayəndəsinin müavini vəzifəsində işləyən X3 hal şahidi kimi dəvət olunmuşlar. Həmin şəxslər baxış keçirilməsində hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiklərini və baxış keçirilməsi prosesində hal şahidi kimi iştirak edəcəklərini bildirmişlər. Həmin gün, yəni 27 fevral 2024-cü il tarixdə saat, təxminən 19 radələrində Təqsirləndirilən şəxs Sabirabad rayonu Şıxsalahlı kəndində yaşadığı evin qarşısına gəlmişlər və qapını döyərək Təqsirləndirilən şəxs səsləmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs evdə olmamışdır. Onların qarşısına Təqsirləndirilən şəxs həyat yoldaşı X4 çıxmışdır. Onlar özlərini təqdim etdikdən sonra Samirə Məmmədovaya həyat yoldaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şübhəli olduğunu izah edərək yaşadığı evə, həyətyanı sahəyə baxış keçirməli olduqlarını bildirmişlər. Samirə Məmmədova razılıq verərək yaşadığı evə və həyətyanı sahəyə baxış keçirməyə heç bir etirazının olmaması barədə ərizə vermişdir. Samirə Məmmədova həyat yoldaşı Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayaraq evə gəlməsini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə gəldikdən sonra Təqsirləndirilən şəxs özünün, hal şahidlərinin, polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəyə və yaşayış evinə baxış keçirilən zaman, evin yataq otağındakı çarpayının üzərindəki döşəyin altında 01 ədəd sellofan torbada qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Aşkar olunmuş kütləyə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Aşkar edilmiş kütlə 01 ədəd zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və müstəntiq tərəfindən götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs şifahi sorğu zamanı polis əməkdaşlarına qurudulmuş marixuananın özünə məxsus olduğunu bildirmiş və bundan ailə üzvlərinin heç birinin məlumatının olmamasını demişdir. Bundan başqa yaşayış evində və həyətyanı sahədə qanunla qadağan olunmuş heç bir əşya və predmet aşkar olunmamışdır. Daha sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin istintaq materiallarında olan 27 fevral 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilən zaman, evin yataq otağındakı çarpayının üzərindəki döşəyin altında 01 ədəd polietilen torbada təmiz çəkisi – 43,42 olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin istintaq materiallarında olan məhkəmə bioloji ekspertizasının 28 fevral 2024-cü il tarixli, 3-16-16/2-18/221 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “...Təqsirləndirilən şəxs yaşadığı evə...” sözləri yazılmış və imzalar olan polietilen torba bükülüdəki 1 ədəd polietilen torbada təmiz çəkisi 43.42 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış Narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin istintaq materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1953 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin istintaq materiallarında olan Sabirabad Rayon İHB-nin Şıxsalahlı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin istintaq materiallarında olan Sabirabad Rayon İHB-nin Şıxsalahlı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-70-34/2-117- 2024 saylı arayışdan və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 nəfər (2015 və 2017- ci il təvəllüdlü) azyaşlı uşaqları var. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 - cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cinayət əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, əməlindən səmimi peşiman olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirli bilindiyi maddənin sanksiyası daxilində Təqsirləndirilən şəxs 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27-29 fevral 2024-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq 2 gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 həbs günü 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılaraq üzərində 2 (iki) il 7 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Təyin olunmuş cəza müddətinin başlanğıcı onun cəzasının icrasını həyata keçirən orqan tərəfindən qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilimiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalı, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan, Sabirabad Rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı çəkisi 43,37 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının 49,74 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Göstərillənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27-29 fevral 2024-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla, ona təyin olunmuş 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılsın və onun üzərində qəti olaraq 2(iki) il 7 (yeddi) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun; cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Sabirabad Rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı çəkisi 43,37 qram narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının 49,74 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №1(056)-146/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-146/2024
01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver