Məhkəmə qərarları › İş №1(056)-147/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-147/2025

04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-147/2025 04.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 22 avqust 2000-ci ildə Sabirabad rayonu Axısxa kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Sabirabad rayonu Axısxa kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2025-ci ilin may ayının əvvəllərində Sabirabad rayonu Axıska kəndinin çöl torpaq sahəsində kolluq ərazinin bir hissəsini təmizləməklə və torpağı şumlayıb əkinə yararlı hala gətirməklə çətənə (kannabis) bitkisinin toxumlarını əkib, onlara aqrotexniki qaydada qulluq etməklə 3 ədəd, yəni xeyli miqdarda tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisini yetişdirmiş, 2025-ci ilin iyul ayının sonlarında həmin bitkilərin yarpaqlarını yığıb qurutmaqla satış məqsədi olmadan 15.51 qram çəkidə, yəni xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib bir ədəd sellofan bükümdə yaşadığı evin bağ sahəsində yerə yığılmış quru odunların alt hissəsində saxlamış, 06 avqust 2025-ci il tarixdə əməliyyat-axtarış fəaliyyətinin subyektləri-Sabirabad RPŞ-nin CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, NMQ-nın baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, NMQ-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid4 tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı o, narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinərək Sabirabad rayonu Axıska kəndinin çöl torpaq sahəsində saxlanılmış, saat 18:30-dan 18:44-dək olan müddət ərzində həmin əraziyə baxış keçirilən zaman kolluq sahədən ümumi çəkisi 140,0 qram olan 3 ədəd çətənə (kannabis) bitkiləri, keçirilmiş əməliyyat axtarış tədbirlərinin davamı olaraq saat 19:20-dən 19:33-dək olan müddət ərzində isə yaşadığı Sabirabad rayonu Axıksa kəndindəki evinə baxış keçirilən zaman evin bağ sahəsində yerə yığılmış quru odunların alt hissəsindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 15.51 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 234.1 və 237.1- ci maddələri ilə üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Sabirabad rayonu Axıska kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, iki il müddətdir ki, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir. 2025-ci ilin aprel ayının sonlarında yaşadığı Sabirabad rayonu Axıska kəndinin çöl torpaq sahəsinə heyvan otarmaq üçün getmiş, heyvan otaran zaman yerdən bir ədəd sellofan büküm tapmış və həmin bükümü açıb içərisinə baxan zaman içərisində çətənə bitkisinin toxumları olmasını görmüşdür. O, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyi üçün həmin toxumları əkib çətənə bitikisi yetişdirməklə qurudulmuş marixuana əldə edib istifadə etmək qərarına gəlmiş, bu məqsədlə 2025-ci ilin may ayının əvvəllərində Sabirabad rayonu Axıska kəndinin çöl torpaq sahəsinə getmiş, əvvəlcə toxumları kimsənin görməyəcəyi yerdə əkmək üçün çöl sahəyə baxış keçirmiş və sonda tikanlıq və kolluq ərazinin bir hissəsini kol və tikanlardan təmizləyib tapdığı toxumları həmin yerdə torpaqda əkmişdir. Bir müddət sonra əkdiyi toxumlardan 3 ədədi yetişərək inkişaf etmiş, o, vaxtaşırı olaraq həmin yerə gələrək bitkilərə su verməklə onlara qulluq göstərmişdir. Polis əməkdaşları tərəfindən saxlanmazdan bir neçə gün əvvəl, yəni 2025-ci ilin iyul ayının sonlarında həmin bitkilərin inkişaf etmiş yarpaqlarını qoparıb bitkilərin yanında qurutmuş və əldə etdiyi qurudulmuş marixuananı istifadə etmək məqsədilə bir ədəd sellofan bükümə yığıb yaşadığı Sabirabad rayonu Axıska kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin bağ hissəsində yığılmış odunların altında gizlətmişdir. xx.xx.2025-ci il tarixdə yaşadığı Axıska kəndinin çöl sahəsində yerləşən kolluq əraziyə getmiş, bu vaxt niyyəti əkib- becərdiyi narkotik tərkibli bitkilərə qulluq etmək olmuşdur. O, bitkiləri əkib-yetişdirdiyi yerin yaxınlığına çatandan sonra kolluq və otluq sahədən bir neçə şəxsin olduğu istiqamatə gəldiyini görmüş, həmin şəxslər onu görən kimi polis əməkdaşları və aqranom olduqlarını bildirmiş və onun narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli olmasını qeyd etmişlər. Bundan sonra polis əməkdaşları videoçəkiliş vasitəsilə həmin əraziyə baxış keçirmiş, baxış zamanı o, polis əməkdaşlarına həqiqətən də həmin ərazidə narkotik tərkibli bitkilər əkib- becərdiyini demişdir. O. polis əməkdaşları ilə birlikdə kolluq sahənin içərisində əvvəlcədən ot və kollardan təmizlədiyi keçiddən keçmiş və əkib-becərdiyi 3 ədəd narkotik tərkibli çətənə bitkisini polis əməkdaşlarına göstərmişdir. Bitkilərə aqronom tərəfindən baxış keçirildikdən sonra kökləri ilə birlikdə torpaqdan çıxarılmış və uzunluqları ölçülərək bir ədəd ağ rəngli sintetik kisədə qablaşdırılmışdır. O. polis əməkdaşlarının verdikləri suallara cavab olaraq aşkar edilmiş bitkilərin yarpaqlarını yığıb qurutduğunu, yaşadığı evin həyətyanı sahəsində gizlətdiyini və həmin kütləni təqdim edə biləcəyini qeyd etmişdir. Daha sonra çöl ərazidən çıxaraq polis əməkdaşları ilə birlikdə Sabirabad Axıska kəndində yerləşən evinin qarşısına getmiş və orada yenidən videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı o, evinin həyətinin bağ sahəsinə keçib orada yerə yığılmış odunların altından bir ədəd sellofanı çıxarıb təqdim etmiş, həmin sellofana polis əməkdaşları tərəfindən baxış keçirilən zaman içərisində qurudulmuş marixuana olması müəyyən edilmişdir. Bundan sonra həmin marixuana bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, o, və digər iştirakçılar həmin zərfin üzərinə imza etmişlər. Bundan sonra baxış başa çatdırılmış və o, aşkar edilərək götürülmüş narkotik vasitələrlə birlikdə polis şöbəsinə aparılmışdır. Polis şöbəsində müstəntiq tərəfindən aşkar edilmiş predmetlərə yenidən baxış keçirilmiş və qablaşdırılmaqla götürülmüşdür Sonda baxışın keçirilməsi başa çatıdırılmış. müstəntiq tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, o və digər iştirakçılar protokola imza edərək doğruluğunu təsdiq etmişlər. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşimançılıq hissi keçirdiyini bildirərək məhkəmədən ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki. Sabirabad RPŞ-nin NMQ-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayoru rütbəsindədir. 06 avqust 2025-ci il tarixdə Sabirabad rayonu Axıska kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs yaşadığı kəndin çöl torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri kultivasiya etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Sabirabad RPŞ-nın CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışan polis kapitanı Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Daha sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunaraq həmin polis əməkdaşlarının, o, NMQ-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid4 olmaları müəyyən edilmişdir. Onlar xx.xx.2025-ci il tarixdə Sabirabad rayonu Axıska kəndinin çöl torpaq sahəsinə gedərək otluq və kolluq sahə ilə bir qədər irəlilədikdən sonra Təqsirləndirilən şəxs görmüş və dərhal sonuncuya yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirməklə narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasında şübhəli olmasını qeyd etmişlər. Daha sonra videoçəkilişlə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs Sabirabad rayonu Axıska kəndinin çöl torpaq sahəsində hər hansı dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmeti saxlayıb-saxlamamasını soruşmuş, sonuncu isə yaxınlıqdakı kolluq sahədə narkotik tərkibli bitkiləri əkib-yetişdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs kolluq sahənin içərisində oval formada təmizlənmiş sahəni göstərərək həmin təmizlənmiş sahədən keçməklə əkib-yetişdirdiyi bitkilərin yerinə gedə biləcəklərini demiş, onlar həmin sahə ilə hərəkət etdikdən sonra kolluq sahənin arasındakı ot və alaqdan təmizlənmiş hissəyə çatmış, bu vaxt Təqsirləndirilən şəxs əkibyetişdirdiyi üç ədəd bitkini onlara göstərmişdir. Həmin bitkilərə aqranom tərəfindən baxış keçirildikdən sonra bitkilər tərəfindən kökü ilə birlikdə torpaqdan çıxarılmış və ümumilikdə bir ədəd sintetik kisənin içərisinə qoyulmaqla qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq aşkar edilmiş bitkiləri 2025-ci ilin aprelmay aylarında həmin torpaq sahəsində əkdiyini, mütəmadi olaraq onlara su və peyin verməklə qulluq etdiyini, həmin bitkilərin yarpaqlarını yığıb qurutmaqla narkotik vasitə qurudulmuş marixuana əldə etdiyini və həmin narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evin həyətyanı sahəsində gizlətdiyini bildirmişdir. Daha sonra o, baxışı yekunlaşdırmış, əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Axıska kəndinə yerləşən fərdi yaşayış evinin qarşısına getmiş və orada yenidən sonuncunun evinin həyətyanı sahəsinə videoçəkilişlə baxış keçirməyə başlamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs daha əvvəlki videoçəkiliş zamanı yaşadığı evin həyətyanı sahəsində gizlətdiyini bildirdiyi narkotik vasitəni təqdim etməsi təklif edilmiş sonuncu həmin narkotiki təqdim edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olub-olmaması barədə sual verildikdə məzmunu ilə tanış olaraq şifahi şəkildə razı olduğunu bildirmiş və ərizəni imzası ilə təsdiq etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin bağ hissəsinə daxil olaraq yerdə yığılmış quru odunların alt hissəsini göstərib həmin yerdə narkotik vasitə olduğunu bildirmiş, qeyd edilən yerə baxış keçirilən bir ədəd şəffaf rəngli sellofan aşkar edilmişdir. Həmin sellofan götürülərək içərisinə baxış keçirildikdə içərisində yaşıl rəngli, spesifik qoxuya malik, bitki mənşəli kütlə aşkar edilmiş, həmin kütlə bır ədəd kağız zəridə qablaşdırılaraq götürülmüş və zərfin üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra baxış başa çatıdırlmış və onlar Təqsirləndirilən şəxs aşkar edərək götürdükləri əşyalarla birlikdə Sabirabad RPŞ-yə gətirib raportla şöbə rəhbərliyinə məruzə etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs aşkar olunmuş predmetlərə yenidən müstəntiq tərəfindən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq qablaşdırılmış predmet yenidən açılmış qablaşdırılmaqla götürülmüşdür. Sonda keçirilmiş baxışla əlaqədar protokol tərtib edilərək ucadan oxunmuş və onlar protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilən DVD disklərə baxış zamanı Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə (kannabis) bitkisini əkib-becərməsi və qanunsuz yolla narkotik vasitəni əldə edib daşımaqla saxlaması öz təsdiqini tapmışdır. İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 18/573 №-li rəyində göstərilmişdir ki, “Təqsirləndirilən şəxs çöl sahəsindən sahəsində..03 ədəd.” sözləri və imzalar olan sintetik torbada ümumi sayı 03 (üç) ədəd yaş vəziyyətdə ümumi çəkisi –140,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronumun rəyinə əsasən təqdim olunmuş 03 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən.. sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen bükümdə təmiz çəkisi – 15,51 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 - X4 Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli 6466 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı Kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikas DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Axısxa kənd inzibati ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirməsini, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, AR CM-nin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmalı, şübhəli şəxs qismində saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Məhkəmədə X2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən 6 (altı) saat iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə olunmuş, 29 aprel 2025ci il tarixli son dəyişikliyə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 66 (altmış altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla, Təqsirləndirilən şəxs üzərində 03 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 avqust 2025-ci il tarixdən 08 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş 3 (üç) il 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılaraq, onun üzərində qəti olaraq 03 (üç) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31 manat 95 qəpik (otuz bir manat doxsan beş qəpik) məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sabirabad Rayon Polis Şöbəsində saxlanılan, iş üzrə maddi sübut, 3 ədəd çətənə kolu və tədqiqatdan sonra qalan 15,41 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını Sabirabad Rayon Məhkəməsində dövlət vəsaiti hesabına 06 saat müddətində müdafiə etdiyi üçün, Vəkillər Kollegiyasına ayrılan vəsaitdən 66 (altmış altı) manat Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi adına olan bank hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar