Məhkəmə qərarları › İş №1(056)-148/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-148/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-148/2024 05.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1982-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 nəfər azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri Əli-Bayramlı küçəsi ev 49-da qeydiyyatda olmaqla, Sabirabad rayonu, Dadaşbəyli kəndində yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədilə qanunsuz olaraq xeyli miqdarda, 41,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq yaşadığı Sabirabad rayonu Dadaşbəyli kəndində yerləşən evin həyətindəki əl damına gətirmiş, daha sonra həmin narkotik vasitənin 1,92 qramını 01 ədəd kibrit qutusunda, 35,0 qramını isə 01 ədəd polietilen torbada əl damındakı siyirtmədə, digər hissəsini, yəni 4,08 qramını 06 ədəd kağız bükümlərdə qablaşdırmaqla 1 ədəd siqaret qutusuna yerləşdirməklə üzərində qanunsuz saxlamış, 11 mart 2024-cü il tarixdə Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, yaşadığı evin yaxınlığında saat 22:50-də saxlanılaraq rayonun Qaragüney kəndində yerləşən Qaragüney polis bölməsinə gətirilmiş, həmin tarixdə saat 23:50-də polis bölməsinin inzibati binasında üzərinə şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret qutusunun içərisində 06 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,52 qr, 1,02 qr, 0,56 qr, 0,74 qr, 0,49 qr, 0,75 qr olmaqla, ümumi çəkisi 4,08 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 12 mart 2024-cü il tarixdə saat 00:15də yaşadığı Sabirabad rayonu Dadaşbəyli kəndində yerləşən evin həyətindəki yardımçı tikiliyə baxış keçirilən zaman stolun siyirtməsində 01 ədəd kibrit qutusunda təmiz çəkisi-1,92 qram və 01 ədəd polietilen torbada təmiz çəkisi-35.0 qram, ümumi çəkisi - 36,92 qram olmaqla, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və həmin narkotik vasitələrin satışı zamanı çəkisinin müəyyən edilməsi üçün istifadə oluan üzərində narkotik vasitə marixuananın hissəcikləri aşkar edilmiş 01 ədəd saz vəziyyətdə elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə olan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, Şirvan şəhərində qeydiyyatda olmaqla, Sabirabad rayonu Dadaşbəyli kəndində yaşayır. Təxminən 2-3 ildir ki, narkotik vasitədən istifadə edir. Təxminın 3-4 il əvvəl Ukraynadan Azərbaycan Respublikasına gəldikdə üzərində çətənə bitkilərinin toxumlarını gətirmişdir. Həmin toxumları 2023-cü ilin may ayında Dadaşbəyli kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsinə səpmiş və həmin toxumlardan 2 ədədi yetişməyə başlamışdır. Həmin çətənə bitkilərinin yarpaqlarını qurutmuş və özüm gələcəkdə istifadə etmək məqsədilə yığmış və 01 ədəd sellofan torbaya doldurmuşdur. Həmin nəşəni yaşadığı evin həyətində olan əl damındakı stolun siyirtməsində saxlamışdır. Arabir həmin nəşədən istifadə etmişdir. Bu məqsədlə həmin nəşədən özünə məxsus elektron tərəzidə çəkərək hissə-hissə ayırmış və kiçik kağız bükümlərə doldurub “Sobranie” markalı siqaret qutusuna yığmışdır. Eyni zamanda həmin nəşədən bir hissəsini 01 ədəd kibrit qutusuna yığmışdır. Elektron tərəzini, 01 ədəd sellofan torbada nəşəni və 01 ədəd kibrit qutusunda əl damındakı siyirtmədə saxlamışdır. Həmin nəşədən istifadə etmək məqsədilə içərisində kağız bükümlərdə olan qurudulmuş marixuana olan “Sobranie” markalı siqaret qutusunu əynində olan qara rəngli gödəkçənin sağ cibinə qoymuşdur. 11 mart 2024-cü il tarixdə axşam saat 22 radələrində Sabirabad rayonu Dadaşbəyli kəndində yaşadığı evin yaxınlığında yol kənarında piyada hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra narkotik vasitələrin dövriyyəsində şübhəli olduğumu bildirərək, Sabirabad RPŞ-nin Qaragüney PB-yə dəvət etmişlər. Sonra həmin şəxslərlə birlikdə Sabirabad RPŞ-nin Qaragüney PB-yə gəlmişdir. Daha sonra, ona vəkil təqdim edilmiş, hüquq və vəzifələri izah olunmuş, bununla bağlı ona bildiriş təqdim edilmişdir. Müstəntiq tərəfindın ona üzərimdə qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etməsi bildirilmişdir. O da, üzərində narkoktik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və həmin kütləni təqdim etmişdir. Müstəntiq ona üzərində olan digər əşyaları da təqdim etməsini dedikdə, üzərində heç bir əşyanın olmadığını bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış və 01 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd alışqan aşkar olunaraq götürülmüşdür. Müstəntiq onun təqdim etdiyi 01 ədəd siqaret qutusunu açaraq içinə baxmış və həmin siqaret qutusunda olan 06 ədəd kazğız bükümlərin olduğu məlum olmuşdur. Həmin bükümlər bir-bir müstəntiq tərəfindən açılmış, ondan həmin kütlələr barədə soruşduqda həmin kütləni Sabirabad rayonu Dadaşbəyli kəndində yaşadığı evin həyətyanı sahəsində əkdiyi çətənə bitkilərindən yığdığını bildirmişdir. Müstəntiq həmin kütlələri nə üçün üzərində saxladığını soruşduqda isə gələcəkdə istifadə etmək məqsədilə üzərində saxladığını və satış məqsədinin olmadığını demişdir. Şəxsi axtarışın sonunda üzərindən aşkar edilmiş həmin kütlələr müstəntiq tərəfindən qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Daha sonra, müstəntiq başqa yerdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşduqda, o, yaşadığı evin həyətində olan əl damındakı stolun siyirtməsində də, narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra, müstəntiqin və onun iştirakı ilə yaşadığı evin həyətindəki əl damına baxış keçirilmişdir. Baxış zaman evin həyətində olan əl damındakı stolun siyirməsində 01 ədəd sellofan bağlamada nəşəni, 01 ədəd kibrit qutusunda nəşəni və 01 ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir və əldamında başqa heç bir əşyanın olmadığını bildirmişdir. Daha sonra əldamına baxış keçirilmiş və oradan qanunla qadağan olunmuş başqa heç bir əşya və predmet aşkar olunmamışdır. Müstəntiq onun təqdim etdiyi kütlələri açaraq içərilərinə baxdıqdan sonra həmin kütlələr barədə soruşduqda həmin kütlələri də, yaşadığı evin həyətyanı sahəsində əkdiyi çətənə bitkilərindən yığdığını bildirmişdir. Baxışın sonunda əldamından aşkar edilmiş həmin kütlələr müstəntiq tərəfindən qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədi ilə deyil, özünün istifadəsi məqsədilə əldə edib saxlaması barədə verdiyi ifadəsinə dıgər araşdırılmış sübutlar və qanunvericiliyin müddəaları ilə əlaqəli şəkildə araşdırıb hüquqi qiymət verərək hesab edir ki, onun bu ifadəsi məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır, digər sübutlarla təkzib olunur. Odur ki, məhkəmə tərəfindən qəbul edilmir. Bundan başqa o, ifadəsini davam etdirərək göstərmişdir ki, üzərindən və yaşadığı evin həyətindəki əldamında aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanan yaşadığı evin həyətyanı sahəsində əkdiyi çətənə bitkilərindən yığmış, sonra istifadə etmək məqsədilə üzərində və əldamında saxlamışdır. Heç kəsə narkotik vasitə satmamışdır, tutularkən və bütün istintaq müddətində Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təsir və təzyiq göstərilməmişdir. O, ifadəsində, həmçinin, qeyd etmişdir ki, hazırda əməlindən peşmandır, ilk dəfə az ağır cinayət əməli törətməsini, himayəsində az yaşlı uşaqlarının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Sabirabad rayonu Dadaşbəyli kənd sakini Təqsirləndirilən şəxs qaununsuz yolla əldə etdiyi narkotik vasitəni üzərində və yaşadığı evdə saxlaması, istifadə etməsi və satması barədə ona məliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq tərəfindən raportla polis şöbəsinin rəhbərliyinə məruzə edilmişdir. Bundan sonra, raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi onun özünə həvalə olunmuşdur. Bundan sonra, tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən edilmişdir. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Nurlan Mirzəyev, KMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, PPXB-nin polis nəfəri Şahid2 və özündən ibarət olması təsdiqlənmişdir. 11 mart 2024cü il tarixdə saat 22:50-də keçirilmiş müvafiq əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sabirabad rayonu Dadaşbəyli kəndində saxlanılıb Sabirabad RPŞ-nin Qaragüney polis bölməsinə gətirilmişdir. Polis bölməsində dəvət edilmiş vəkilin, polis əməkdaşlarının və Təqsirləndirilən şəxs özünün iştirakı ilə videoçəkliş aparılmaqla üzərinə şəxsi axtarış keçrilmişdir. Axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs izah edilmişdir ki, şəxsi axtarış aparılan zaman telefon vasitəsi ilə video çəkiliş aparılacaq, eyni zamanda təklif edilmişdir ki, üzərində narkotik vasitə və ya digər dövriyyəsi qadağan edilmiş əşya və predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ cibindən 01 ədəd “Sobranie” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusuna baxış keçirilən zaman içərisində 06 ədəd kağız bükümün olduğu müəyyən edilmişdir. Həmin bükümlər açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman 01 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd alışqan aşkar edilsə də, zərurət olmadığı üçün həmin əşyalar Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Daha sonra aşkar edilmiş 06 ədəd kağız bükümdə olan kütlələr elektron tərəzi çəkilmiş və kağız zərfə qoyularaq qablaşdırılmış, polis şöbəsinin 139 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı müstəntiq tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs səmimi olaraq yaşadığı Dadaşbəyli kəndində yerləşən evinin həyətindəki əldamında da narkotik vasitə saxladığını və təqdim edə biləcəyini demişdir. Bundan sonra, Təqsirləndirilən şəxs, müdafiəçisi Qədir Qədirovun, polis əməkdaşlarının və dəvət edilmiş iki nəfər hal şahidləri Şahid4 və Şahid5 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Dadaşbəyli kəndində yerləşən evinə gətmişlər, həyətyanı sahədə yerləşən əldamına baxış keçirilən zaman stolun siyirməsində 01 ədəd sellofan torbada və 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana və həmin siyirmədə 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evin həyətində 2023-cü il tarixdə əkdiyi 02 ədəd çətənə bitkisinin hissələrindən yığıb saxladığını bildirmişdir. O, həmçinin bildirmişdir ki, əvvəllər diş həkimi işlədiyi üşün həmin elektron tərəzini almış və ondan ixtisası ilə əlaqədar istifadə etmişdir. Həmçinin, özünün istifadəsi üçün narkotik vasitələri də ayrı - ayrı bükümlərə ayırarkən həmin elektron tərəzidən istifadə etmişdir. Bundan sonra, aşkar edilmiş həmin kütlələr elektron tərəzidə çəkilmiş və kağız zərfə qoyularaq qablaşdırılmış, polis şöbəsinin 139 saylı möhürü ilə möhürlənmişdir. Üzərində o, digər polis əməkdaşları, hal şahidləri, Təqsirləndirilən şəxs və müdafiəçisi imza etmişdir. Daha sonra, evə, həyətyanı sahəyə və yardımçı tikililərə baxış keçirilən zaman dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Baxış zamanı müstəntiq tərəfindən telefon vasitə ilə foto şəkillər çəkilmiş, protokol tərtib edilmiş, o və digər iştirakçılar protokola imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Sabirabad rayonu Qaragüney kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 12 mart 2024-cü il tarixdə gecə saat 24 radələrində küçədə olarkən polis əməkdaşları ona yaxınlaşıb Sabirabad rayonu Dadaşbəyli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evinə və həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Polis işçiləri baxış keçirilən zaman onun da, hal şahidi kimi iştirak etməsini xahiş etmişlər. O da, buna razılıq vermişdir. Ondan başqa Qaragüney kənd icra nümayəndəliyində baş mühasib işləyən Şahid5 da, hal şahidi qismində dəvət edilmişdir. Sonra, polis əməkdaşları ilə birlikdə Dadaşbəyli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı həyətə getmişlər. Polis əməkdaşları ilə birlikdə gələn Təqsirləndirilən şəxs polis əməkdaşlarının təklifi ilə həyətyanı sahədə yerləşən əldamını göstərərək orada narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs göstərdiyi əl damına daxil olmuşlar. Təqsirləndirilən şəxs qeyd etdiyi əl damındakı stolun siyirməsinə baxış keçirilən zaman 01 ədəd sellofon torbada və 01 ədəd kibrit qutusunda polis əməkdaşlarının dediyi kimi narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Həmin siyirmədə bundan əlavə 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Daha sonra, aşkar edilmiş həmin kütlələr elektron tərəzidə çəkilmiş, kağız zərfə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Daha sonra evə və həyətyanı sahəyə baxış keçirilən zaman dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Eyni zamanda baxış zamanı müstəntiq tərəfindən telefon vasitə ilə foto şəkillər çəkilmiş, protokol tərtib edilmiş, o və digər iştirakçılar protokola imza etmişdir. Bundan başqa şahid qismində dindirilmiş Şahid5 oxşar məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişdir. İş üzrə təyin edilmiş Məhkəmə-kimyəvi ekspertizasının 12 mart 2024-cü il tarixli 18/270 №li rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan 1 kağız paketdəki 01 ədəd siqaret qutusunda olan 06 ədəd kağız bükümdə ümumilikdə təmiz çəkisi 4,08 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, digər 1 kağız paketdəki 01 ədəd kibrit qutusunda və polietlen torbada ümumi çəkisi 36,92 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə marixuananın hissəcikləri vardır. Ekspert rəyində həmşinin qeyd olunmuşdur ki. narkotik vasitənin ümümi çəkisi 41,0 qram olmuş, cəmi tədqiqatda 0,16 qr. İstifadə olunmuş, qalıq- 40,84 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 16 aprel 2024-cü il tarixli 2415 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət məsuliyyətinə səbəb olur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir: narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarın 8-ci və 9-cu maddələrində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilibyetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, maddi sübut, özünün qismən etirafedici və şahid ifadələri, həmçinin digər iş materialları ilə işə əlavə edilmiş və məhkəmədə baxış keçrilmiş audio-video materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.2ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, himayəsində 2 nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nın 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə az ağır cinayət əməli törətməsini və əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası CM-nın 59-cu maddəsinə əsasən təyin ediləcək cəzanın yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun hesab edir. Məhkəmə eyni zamanda təqsirləndirilən şəxsə cəza təyin edərkən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 11-13 mart 2024-cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu 02 (iki) günü, ona verilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxmaqla qəti olaraq üzərində 2(iki) il, 11(on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasının saxlanmalıdır. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan təbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalından həbsə alınmalı, təyin olunmuş cəzanın çəkilməsi müddətinin əvvəli onun həbsə alındığı hazırkı gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssiəsində çəkməlidir. Qeyd olunanlarla yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 AZN məbləğində dəyərinin Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməli, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra çəkisi 40,84 qram olan narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 11-13 mart 2024cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin edilmiş cəzadan çıxısın və üzərində qəti olaraq 2(iki) il 11(on bir) ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından həbsə alınsın. Cəzasını umumi rejimli cəzaçəkmə müəssiəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli hazırki gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydə alınsın. Sabirabad Rayon Polis Şöbəsində saxlanılan, iş üzrə maddi sübut - tədqiqatdan sonra çəkisi 40,84 qram olan narkotik vasitə qurudulmuş marixuanavə bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının cəmi 31,95 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar