Məhkəmə qərarları › İş №1(056)-149/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-149/2024

29.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-149/2024 29.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamı üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1983-cü il tarixdə Sabirabad rayonu, Ulacalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, Sabirabad rayonu, Ulacalı kəndində qeydiyyatda olmaqla yaşayan, əvvəllər məhkum olunmuş (Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(074)-40/2023№-li hökmü ilə CM-nın 234.1ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixə cəzasının çəkilməmiş hissəsi 02 ay 22 gün təşkil edir), məhkumluğu ödənilməmiş, hazırda cəza çəkən, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilən ittihama görə o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayəti törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda, 6,53 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində bir ədəd kibrit qutusunda və 1 ədəd şəffaf sellofan bükümdə saxlamış, 06 aprel 2024-cü il tarixdə saat 20:15-də Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat - axtarış tədbirləri nəticəsində Sabirabad rayonu Ulacalı kəndi ərazisində saxlanılaraq, Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon Polis Şöbəsinə gətirilmiş, həmin tarixdə saat 22:35-də üzərinə polis şöbəsinin inzibati binasında şəxsi axtarış aparılan zaman əynindəki qolsuz gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi- 4,55 qram və 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi-1,98 qram, ümumi çəkisi-6,53 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 3-4 ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Əvvəllər də barəsində çıxarılmış Şamaxı rayon Məhkəməsinin hökmü ilə CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Baş vermiş sonuncu məlum hadisə ilə əlaqədar qeyd etmişdir ki, tutulmamışdan iki gün əvvəl, yəni 04 aprel 2024-cü il tarixdə yaşadığı kəndin ərazisindən keçən su kanalına balıq tutmağa getmişdir. Həmin vaxt kanalın kənarında 1 ədəd sellofan bükümü görmüş və ona maraqlı gəldiyi üçün ilk əvvəl ayağı ilə vurduqda içərisində nə isə olmasını bilmişdir. Ona görə də, sellofan torbanı açarkən içərisində 1 ədəd kibrit qutusu və 3 ədəd xırda bükümlərin olmasını görmüşdür. Kibrit qutusunu açarkən el arasında “nəşə” kimi adlanan narkotik vasitə qurudulmuş marixuana olmasını bilmiş, lakin digər bükümləri açmamış və fikirləşmişdir ki, həmin bükümlərdəki kütlələrdə narkotik vasitə qurudulmuş marixuanadır. Sonra sellofan torbanın içərisindəki 1 ədəd kibrit qutusunu və 3 ədəd bükümləri cibinə qoymuşdur ki, istifadə edər. Həmin günü, kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanadan bir qədər götürüb siqaretin tütününə qarışdırıb qəbul etmişdir. Bundan sonra aşkar etdiyi həmin kütlələri istifadə etmək məqsədilə üzərində saxlamışdır. 06 aprel 2024-cü il tarixdə saat 20:15-də yaşadığı Ulacalı kəndində yerləşən evin yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Sabirabad rayon Polis Şöbəsinə dəvət etmişlər. Sabirabad RPŞ-də onu təhqiqatçının xidməti otağına aparmışlar və təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilərək, hüquq və vəzifələri izah olunmuş, bununla bağlı bildiriş təqdim edilmişdir. Bundan sonra üzərində şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddənin olduğu halda təqdim etməsini bildirmişdir. Bu təklifdən sonra üzərində narkotik vasitə qurudulmuş marixuana olmasını demiş və əynində olan qəhvəyi rəngli qolsuz gödəkçənin sağ yan cibindən 1 ədəd kibrit qutusunda və 3 ədəd bükümdə olan kütlələri təqdim etmişdir. Müstəntiq ona üzərində olan digər əşyaları da təqdim etməsini istədikdə üzərində heç bir əşyanın olmadığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış aparılan zamanı 1 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Bundan sonra təqdim etdiyi kütlələr təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdən sonra kağız zərfə qablaşdırılmış, özü, müdafiəçi və digər polis əməkdaşları kağız zərfin üzərində imza etmişdir. Eyni zamanda üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon təhqiqatçı tərəfindən əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra şəxsi axtarışın aparılması ilə əlaqədar protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda ona qarşı istinad edilən cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, ailəli olaraq himayəsində üç nəfər yetkinlik yaşına çatmayan övladlarının olmasını və ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, polis leytenantı rütbəsində olmaqla Sabirabad RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 aprel 2024-cü il tarixdə Sabirabad rayonu Ulacalı kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq Sabirabad RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid1 tərəfindən raportla polis şöbəsinin rəhbərliyinə məruzə edilmiş və raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi Şahid1 həvalə olunmuş və onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin Təhqiqat Bölməsinin təhqiqatçısı polis mayoru Bəxtiyar Paşayev, NMQ-nin əməliyyat müvəkkili Şahid1 və özündən ibarət olması təsdiqlənmişdir. 06 aprel 2024-cü il tarixdə saat 20:15-də keçirilmiş müvafiq əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sabirabad rayonu Ulacalı kəndində saxlanılıb polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində dəvət edilmiş vəkilin, polis əməkdaşlarının Təqsirləndirilən şəxs özünün iştirakı ilə üzərinə şəxsi axtarış aparılmamışdan əvvəl üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olmasını demiş və əynində olan qəhvəyi rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən 1 ədəd kibrit qutusunda və 3 ədəd bükümdə olan kütlələri təqdim etmişdir. Müstəntiq ona üzərində olan digər əşyaları da, təqdim etməsini istədikdə üzərində heç bir əşyanın olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı 1 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Sonra aşkar edilmiş kütlələr təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdən sonra kağız zərfə qablaşdırılmış, iştirakçılar və özü kağız zərfin üzərində imza etmişdir. Eyni zamanda aşkar edilmiş “Samsung” markalı mobil telefon təhqiqatçı tərəfindən əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra şəxsi axtarışın aparılması ilə əlaqədar protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdir. Məhkəmə iclasında elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid1 ifadəsindən görünür ki, o, digər Şahid2 göstərdiklərinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarında olan 06 aprel 2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə rayon polis şöbəsində şəxsi axtarış aparılan zaman əynindəki qolsuz gödəkçənin sağ cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi-4,55 qr, 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi-1,98 qr, ümumi çəkisi-6,53 qram olan narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-1,17 qr, 0,69 qr, ümumi çəkisi-1,86 qram olan tünd yaşılımtıl rəngli, narkotik vasitələrə aid edilməyən bitki mənşəli kütlələr və 01 ədəd samsung markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının 07 aprel 2024-cü il tarixli 3-16-16/2-18/387 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi-4,55 qr, 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi-1,98 qr, ümumi çəkisi-6,53 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 02 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-1,17 qr, 0,69 qr, ümumi çəkisi-1,86 qram olan tünd yaşılımtıl rəngli, qurudulmuş bitki mənşəli kütlələr narkotik vasitələrə aid deyildir. Qurudulmuş marixuanadan 0,04 qram tədqiqata sərf olunmuş, 6,49 qram qalıq qalmışdır. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16 aprel 2024-cü il tarixli 2404 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Sabirabad rayon İcra və Probasiya Şöbəsindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(074)- 40/2023№-li hökmü ilə CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixə cəzasının çəkilməmiş hissəsi 02 ay 22 gün təşkil edir. Beləliklə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, ailəli olaraq himayəsində üç nəfər yetkinlik yaşına çatmayan övladlarının olmasını və ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini CM-nın 59-cu maddəsinə əsasən ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nın 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində 01 (bir) il müddətində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs çəkilməmiş cəzası üzrə qeyd edir ki, iş materiallarında olan DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(074)-40/2023№-li hökmü ilə CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixə cəzasının çəkilməmiş hissəsi 02 ay 22 gün təşkil edir. Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. Məhkəmə Azərbaycan Respublikası CM-nın 67.1 və 68.1.1-1-ci maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(074)-40/2023№-li hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq hesablanmaqla müəyyən edilmiş 01 ay 11 gün azadlıqdan məhrum etmə cəzasının, hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməli və Təqsirləndirilən şəxs üzərində 01 il 11 gün müddətində azadlıqdan məhrum etmə cəzası müəyyən edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024cü il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmışdır. Məhkəmə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının 01 günü 01 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla müəyyən olunmuş 02 gün təyin olunmuş 01 il 11 gün müddətində azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlarla yanaşı həmçinin məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanmasını, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək, onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin «həbs» qətimkan tədbiri ilə əvəz edilərək onun, məhkəmə iclası zalından dərhal həbsə alınmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 AZN məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməsini, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan, ekspetiza tədqiqatından sonrakı qalıq çəkisi 6,49 qram narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(074)-40/2023№-li hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq hesablanmaqla müəyyən edilmiş 01 ay 11 gün azadlıqdan məhrum etmə cəzasının, hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 11 (on bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 2 (iki) gün ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad rayon Polis Şöbəsində saxlanılan, narkotik vasitə, tədqiqatdan sonrakı qalıq çəkisi 6,49 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar