Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-15/2024 01.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü ildə Sabirabad şəhərində an adan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittihama görə, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 8,47 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib üzərində daşımaqla 3,73 qram və 4,74 qram çəkilərdə, iki ədəd kibrit qutusunda saxlamış, 01 iyul 2023-cü il tarixdə saat 16:40 radələrində Sabirabad RPŞ-nin əməəkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri Q.Namazəliyev küçəsində piyada hərəkət edən zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Sabirabad rayon polis şöbəsinin inzibati binasına gətirilib, həmin tarixdə şöbənin inzibati binasında saat 17:15 radələrində üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sol yan cibindən iki ədəd kibrit qutusu içərisində ümumi çəkisi 8,47 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında paralic xəstəsi olan anası ilə birlikdə yaşayır. 6-7 il olar ki, narkotik vasitə marixuanadan istifadə edir. 2023-cü ilin iyun ayının sonlarında səhər saatlarında yaşadığı Q.Namazəliyev küçəsində piyada gəzən zaman bir ədəd sellofan büküm içərisində iki ədəd kibrit qutusu görmüş, kibrit qutularının içərisinə baxmış, orada marixuana olduğunu görmüşdür. Marixuanadan istifadə etdiyinə görə, ürəyi istəyəndə çəkər deyə həmin kibrit qutusunu götürüb cibinə qoymuş, həmin vaxtdan da şalvarının cibində saxlamışdır. 01 iyul 2023-cü il tarixdə, saat 16:40 radələrində Sabirabad şəhəri Q.Namazəliyev küçəsində yaşadığı evin yaxınlığında tanışı Şahid3 ilə birlikdə dayanıb söhbət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Sabirabad rayon polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Şöbənin inzibati binasında dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 2 (iki) ədəd kibrit qutusunda olan narkotik maddə marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Hazırda həm əməlinə görə, həm də bu günə kimi narkotik vasitə istifadə etdiyinə görə peşmandır. İlk dəfədir ki, cinayət əməli törədir. Evləri yanmış, paralic xəstəsi olan anası ilə birgə inşa etdikləri daxmada yaşayır. Anasına ondan başqa qulluq edən yoxdur. Özü vərəm xəstəsi olmaqla dispanserdə qeydiyyatdadır. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin narkomaniyaya qarşı mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 ifadə verərək bildirdi ki, 01 iyul 2023-cü il tarixdə xidmətdə olarkən ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, qeyd olunan məlumatın yoxlanılması ilə bağlı ilk öncə tərəfindən rəhbərliyə raportla müraciət olunmuş, daha sonra isə tərəfindən təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmiş, həmin qərarın icra olunması ilə bağlı yaradılmış əməliyyat qrupunun üzrə Sabirabad RPŞ-nin cinayət-axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Sabirabad şəhəri Q.Namazəliyev küçəsində Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb, sonuncuya yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitələri saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu izah edib onu Sabirabad rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməyib onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs tanışı Şahid3la piyada hərəkət etdiyindən sonuncu da onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Sabirabad rayon polis şöbəsində olarkən Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmiş və vəkil gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları könüllü təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan cins şalvarın sol yan cibindən iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana təqdim edərək masanın üzərinə qoymuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuananı 10 gün əvvəl yaşadığı küçədə piyada gəzən zaman yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra qeyd olunan kütlə təhqiqatçı tərəfindən qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında Ədliyyə Nazirliyi Məhkəmə X1 Regional Bölməsinin 02 iyul 2023-cü il tarixli, 18/685 nömrəli rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,73 qram, 4,74 qram, ümumi çəkisi 8,47 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 8,47 qramdan tədqiqata 0,04 qramı istifadə edilmiş, 8,43 qramı qalıq qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji ekspertizasının 24 avqust 2023-cü il tarixli, 5457 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimuyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkamaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad rayon Sabirabad şəhər RİHB-nın Şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarından göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aidddir. Təqsirləndirilən şəxs narkotik vasitə hesab edilən çəkisi ümumi çəkisi 8,47 qram marixuananı əldə edərək saxladığı və daşıdığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan marixuana əldə edib, daşımaqla saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadələri və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, şəxsiyyətinin müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşmançılıq hissi keçirməsini, anasının paralic xəstəsi olmasını və Təqsirləndirilən şəxs qulluğuna ehtiyacının olmasını, özünün vərəm xəstəsi olmasını Azərbaycan Respublikasının CM-nın 59-cu maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində ailə vəziyyəti və aşkar edilmiş narkotik vasitənin xarakterik xüsusiyyətləri nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun olar. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Sabirabad Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkna tədbiri seçilərək axtarış verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sabirabad RPŞ tərəfindən tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün və 28 noyabr 2023-cü il tarixdən həbsdə saxlanmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla, 4 ay 12 gün təyin olunan cəzadan çıxılmalıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməsini, onun məhkəmə iclas zalında həbsdən azad edilməsini, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmalı olmasını, ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi tədqiqatdan sonra 8,43 qram olan narkotik vasitə marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə qaldığı 2 (iki) ay 4 (dörd) günün bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) ay 12 (on iki) gün çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqına iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclasında həbsdən azad edilsin. Barəsində seçilmiş qətimkan tədnbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi mülaicə edilərək ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE ********************) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalmış 8,43 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-15/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-15/2024
01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver