Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-15/2025 15.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Qubadlı rayonu Sarıyataq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Qubadlı rayonu Sarıyataq kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri 20 saylı məhəllə, ev 10/62, mənzil 9 a da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilən ittihama görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda 01 ədəd konvalyutda, ümumi sayı 08 ədəd, üzərində “ddp/M40” yazısı həkk olunmuş, açıq-qəhvəyi rəngli dərman həblərinin tərkibində təsiredici maddəsinin miqdarı 0,32 qram olan narkotik vasitə metadonu qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 05 avqust 2024-cü il tarixdə saat 08 radələrində Sabirabad Rayon Polis Şöbəsinin PPXB-nin əməkdaşı tərəfindən polisin qanuni tələbinə tabe olmaması və ünvansız söyüşlər söydüyü üçün ünvan 1əhəri, H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad Rayon Polis Şöbəsinə gətirilmiş və şöbənin növbətçi hissəsində məsul növbətçi, polis mayoru Şahid4 tərəfindən üzərində olan əşyaları təqdim etməsi tələb edildikdə əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd konvalyutda ümumi sayı 08 ədəd üzərində “ddp/M40” yazısı həkk olunmuş açıq-qəhvəyi rəngli dərman həblərinin tərkibində təsiredici maddəsinin miqdarı 0,32 qram olan narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Avtomobil alqı-satqısı ilə məşğuldur. Təxminən 3 ay əvvəl Sumqayıt şəhərində yerləşən maşın bazarından aldığı avtomobilin içərisini təmizləyərkən 01 ədəd siqaret qutusu olduğunu görmüş, həmin siqaret qutusunu açıb içərisinə baxdıqda bir ədəd konvalyut içərisində 8 dənə üzərində M 40 sözləri yazılmış həblər, bundan başqa açıq vəziyyətdə spesifik qoxulu yaşıl rəngli kütlə və kiçik kağıza bükülmüş ağ rəngli kütlə olduğunu görmüşdür. Əvvəllər istifadə etdiyi üçün həmin kütlələrdən yaşıl rəngdə olanın narkotik vasitə qurudulmuş marixuana, ağ rəngli kütlənin isə psixotrop maddə metamfetamin olduğunu bilmişdir. Onları istifadə etmək məqsədilə siqaret qutusu ilə birlikdə cibinə qoymuşdur. Sonradan tanışlarına tapdığı həbləri göstərərək nə işə yaradığını soruşmuş, tanışları da ona həmin həblərin cinsi əlaqə zamanı həzzi artırdığını və cinsi əlaqənin daha uzun müddət davam etməsinə kömək etdiyini bildirmişlər. O, tutulmamışdan bir neçə gün əvvəl əvvəlcədən Sabirabad rayonunda olan Niva markalı avtomobilin behini vermiş, Sabirabad rayonuna gəlmək istəmiş, lakin avtomobili olmadığı üçün gələ bilməmişdir. 04 avqust 2024-cü il tarixdə, saat 13 radələrində əvvəllər tanıdığı Şahid1 ilə görüşmüş, Dünyamalı ona dostu X3 markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhərinə gəldiyini, əgər benzinin pulunu verərsə, onunla Sabirabad rayonuna gedə biləcəklərini bildirmişdir. O, onunla razılaşmışdır. Bir az işləri olduğu üçün həmin gün saat təxminən 23 radələrində Sumqayıt şəhərindən çıxaraq Sabirabad rayonuna hərəkət etməyə başlamışlar. Yolüstü digər dostları Qisməti də özləri ilə götürmüşlər. Gecə saat 01 radələrində Sabirabad rayonuna çatmışlar. Üzərinə “Cavad” sözü yazılmış lövhədən kənd ərazisinə daxil olduqdan sonra arxalarınca bir avtomobilin gəldiyini görmüş, həyəcanlanmağa başlamışlar. O, həmin avtomobildə olan şəxslərin polis əməkdaşı olduğunu düşünmüş və Dünyamalıya həmin avtomobilən qaçmaq üçün kənd arasında olan yollara sürməsini bildirmişdir. Dünyamalı tanımadığı küçəyə daxil olub avtomobili sürətlə idarə etmişdir. Lakin Dünyamalı yolu tanımadığı və həyəcanlı olduğu üçün idarəetməni itirmiş, nəticədə avtomobilin ön hissəsi su kanalına düşmüşdür. O, avtomobildən düşmüş, həmin gün narkotik vasitə istifadə etdiyi üçün, həmçinin üzərində narkotik vasitə olduğu üçün avtomobildən düşəndən sonra qaçmağa başlamışdır. Qismət də onun arxasınca, eyni istiqamətdə qaçmışdır. Onlar qaçıb qamışlıq yerdə gizlənmişlər. Onlar bir neçə saat gizlənib gözləmişlər. Cibinə baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olan siqaret qutusunun cibində olmadığını, lakin üzərində “M40” sözləri yazılmış 8 ədəd həbin olduğu 01 ədəd konvalyutun cibində olduğunu görmüşdür. Səhər açıldıqdan sonra gizləndiyi yerdən çıxaraq əsas yolu axtarmağa başlamış, bu zaman bir nəfər şəxsi görərək ona yaxınlaşıb yolu soruşmaq istədikdə, həmin şəxsin polis əməkdaşı olduğu ona məlum olmuşdur. O, qaçıb getmək istəyərkən polis əməkdaşı onu saxlayıb Sabirabad Rayon Polis Şöbəsinə gətirmişdir. Polis şöbəsində ona üzərində olan əşyaları təqdim etməyi təklif olunmuşdur. O da üzərində olan bir ədəd “Nokia” markalı mobil telefonu, narkotik vasitə istifadə etmək üçün olan gümüşü rəngli kağızı və üzərində “M40” sözləri yazılmış 8 ədəd həbin olduğu 01 ədəd konvalyutu təqdim etmişdir. Həmin əşyalar polis əməkdaşları tərəfindən götürülərək akt tərtib edilmişdir. Daha sonra müstəntiq tərəfindən vəkillə təmin edilmiş, videoçəkilişlə üzərindən aşkar edilmiş əşyalara baxış keçirilmiş, müstəntiq ona üzərində M40 sözləri yazılmış həbləri hansı məqsədlə üzərində saxladığını soruşmuş, o, istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Müstəntiq ondan Şahid1 idarə etdiyi Toyota Prius markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman axtomobilin arxa oturacağının üzərindən açıq vəziyyətdə narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilərək götürüldüyünü, həmin kütlələrin kimə məxsus olduğunu soruşmuş, o da həmin kütlələrin ona məxsus olduğunu, qəza etdikləri zaman cibində olan siqaret qutusundan dağıldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş həblər qablaşdırılaraq möhürlənib götürülmüşdür. Hazırda əməlindən peşmandır. Himyəsində özünün bir, dul qalmış bacısının 2 azyaşlı övladı vardır. Anası vəfat etmiş, atası onları körpəliklərindən tərk edib getmişdir. Nə bacısı, nə də arvadı bir yerdə işləmir. Ailəsinə yeganə qazanc gətirən şəxs odur. Əgər həbs edilərsə, ailəsi maddi cəhətdən pərişan vəziyyətə düşəcəkdir. Ona görə də o, məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, Sumqayıt şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. Sumqayıt şəhərində Bulvar MMC-də yaşıllıqların suvarılması vəzifəsində işləyir. Vətən müharibəsində iştirak etmişdir və travma almışdır. Buna görə də ona 3cü qrup əlillik dərəcəsi verilmişdir. Təxminən 4 ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 5-6 ay olar ki, Dilsuz adında maşın alverçisini tanıyır. Təxminən 3-4 gün əvvəl Dilsuz ona Sabirabad rayonunda Niva markalı avtomobil aldığını, həmin avtomobili gətirib Bakı şəhərində satıb ona da pul verəcəyini demişdir. Onların da avtomobili olmadığı üçün Sabirabad rayonuna gələ bilməmişlər. 04 avqust 2024-cü il tarixdə, saat təxminən 13 radələrində müharibədə birlikdə olduğu döyüş yoldaşı Şahid3 qardaşına məxsus “Toyota Prius” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərinə gəlib onu götürmüş, birlikdə gedib dövlət tərəfindən verilən dərmanları almışlar. O, Dilsuza zəng edərək, Təbrizin avtomobillə gəldiyini, birlikdə Sabirabad rayonuna gedib Niva markalı avtomobili gətirə biləcəklərini xəbər vermiş, Dilsuz onunla razılaşmışdır. Lakin Dilsuzun işləri olduğu üçün, onlar təxminən axşam saat 23 radələrində Sumqayıt şəhərindən çıxıb Sabirabad rayonuna hərəkətə başlamışlar. O, Sumqayıt şəhərindən çıxmazdan əvvəl uşaqlıq dostu Şahid2 da geri qayıdanda tək qayıtmaması üçün onlarla birlikdə gəlməsini bildirmişdir. Qismət də onunla razılaşmış və onlarla birlikdə avtomobilə əyləşmişdir. Saat təxminən 01 radələrində Sabirabad rayonuna çatmışlar. Dilsuz arxa sağ oturacaqda əyləşib ona yolu göstərmişdir. Onlar “Cavad” yazılmış lövhədən kənd ərazisinə daxil olduqdan sonra Dilsuz həyacanlı şəkildə ona “tez sür, bizi izləyirlər” demişdir. O, həyəcanlanmağa başlamışdır. Əvvəl Dilsuza inanmasa da, bir qədər sonra arxalarınca onun fikrincə “Prado” markalı avtomobilin gəldiyini görmüşdür. Həmin avtomobilən qaçmaq üçün Dilsuzun dediyi yollarla kənd arasında hərəkət etmiş, həmin avtomobil də onların arxalarınca gəlmişdir. O, tanımadığı küçəyə daxil olub avtomobili sürmüş, lakin yolu tanımadığı və eyni zamanda həmin vaxt həyəcanlı olduğu üçün idarəetməni itirmiş, nəticədə idarə etdiyi avtomobilin ön hissəsi su kanalına düşmüşdür. O, sərnişin qapısından bayıra çıxmış və Dilsuzla Qismətin avtomobildən düşüb qaçdığını görmüşdür. Diqqətlə baxdıqda onların avtomobilindən bir qədər aralıda başqa bir avtomobilin dayandığını görmüşdür. O, Təbrizə oradan birlikdə qaçmağı demişdir. Onlar “Prado”nun yanına gəlmiş, lakin içərisində adam olmadığını görmüşlər. “Prado”nun yanından keçib kənd ərazisində işiq gələn tərəfə qaçmışlar. Sonra yolu tapa bilmədiyini görüb DİN-in 102 xidmətinə müraciət edərək, polisin onlara kömək etmələrini istəmişdir. Bir müddət sonra polis əməkdaşları oraya gəlmiş, polislərlə birlikdə avtomobilin su kanalına düşdüyü yerə getmişlər. Polis əməkdaşları avtomobilə vizual baxış keçirən zaman arxa oturacağın üzərində narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin olduğunu bildirmişlər. Onların iştirakı ilə avtomobilə baxış keçirilmiş və həmin kütlələr polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüşdür. O, həmin narkotik tərkibli kütlələrin kimə məxsus olduğunu sonradan bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, o, Sabirabad RPŞ-nin NH-nin məsul növbətçisi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə RPŞ-nin NH-nin məsul növbətçisi kimi xidmətdə olduğu zaman, saat 01:37 dəqiqədə DİN-in 102 Xidmətindən daxil olmuş məlumatda vətəndaş Şahid1 idarə etdiyi “Toyota Prius” markalı avtomobilin Sabirabad rayonu Cavad kəndi ərazisində aşırması qeyd olunmuşdur. Buna görə də o, həmin vaxt xidmətdə olan RPŞ-nin PPXB-nin manqa komandiri, polis serjantı Şahid5 hadisə yerinə kömək üçün getməsini bildirmişdir. Bir qədər sonra avtomobilin idarəetməni itirərək yoldan çıxması barədə hadisə yerinə gedən Şahid5 NH-yə zəng edərək, həmin avtomobilə baxdıqda, arxa oturacağın üzərində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və eyni zamanda psixotrop maddəyə bənzər kütlə müşahidə etdiyini bildirərək, raportla rəisə məruzə etmişdir. Daha sonra əməliyyat qrupunun üzvləri hadisə yerinə getmişlər. Saat 08 radələrində Şahid5 paltarı palçıqlı vəziyyətdə olan bir nəfər şəxsi RPŞ-yə gətirmiş və həmin şəxsin polisin qanuni tələbinə tabe olmayaraq ünvansız söyüşlər söydüyünü bildirmişdir. Həmin şəxsdən kim olduğu soruşulduqda, o, Sumqayıt şəhərində qaçqın şəhərciyində yaşayan Təqsirləndirilən şəxs olduğunu demişdir. Tərəfindən Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da əynində olan tünd göy rəngli cins şalvarın cibindən üzərinə “Methadone 40” sözləri yazılmış 01 ədəd konvalyutun içərisində, üzərində “M40” sözləri yazılan 08 ədəd həbi təqdim edərək masanın üzərinə qoymuşdur. Dilsuzdan həmin həblərin nə olduğunu soruşduqda o, həmin həblərin psixotrop tərkibli Metadon olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş və onlar birlikdə müstəntiqin otağına getmişlər. Müstəntiqin otağında müdafiəçinin iştirakı ilə əşyaya baxış və götürmə hərəkəti həyata keçirilmişdir. Müstəntiq Təqsirləndirilən şəxs içərisində 08 ədəd Metadon həblərinə bənzər həblər olan 01 ədəd konvalyutun nə olduğunu soruşduqda o, həmin həblərin istifadəçisi olduğunu, özünə məxsus olduğunu qeyd etmiş, həmçinin, Sabirabad rayonu Cavad kəndi ərazisində ona məxsus olan “Niva” markalı avtomobili götürmək üçün gəldiyini, avtomobil idarəetməni itirərək yoldan çıxdıqdan sonra avtomobildən düşüb qaçarkən su kanalına düşüb palçığa batdığını, avtomobildən aşkar olunan bir dəfə çəkimlik narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, avtomobildən düşərkən avtomobildə unutduğunu, kimsənin ona zor tətbiq etmədiyini qeyd etmişdir. Bundan sonra aşkar olunan 01 ədəd konvalyutda 08 ədəd həblər müstəntiq tərəfindən qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən bundan başqa qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, o, Sabirabad RPŞ-nin PPXB-nin manqa komandiri vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə, gecə saatlarında xidmətdə olduğu zaman, RPŞ-nin NH-nin məsul növbətçisi Şahid4 ona Sabirabad rayonu Cavad kəndi ərazisində avtomobilin idarəetməni itirərək qəza törətdiyini və hadisə yerinə köməyə getməyini bildirmişdir. O, xidməti avtomobillə Sabirabad rayonu Cavad kəndi ərazisinə getmiş və orada iki nəfər mülki geyimli şəxslərin dayandığını görmüşdür. Onlardan kim olduqlarını soruşduqda, Şahid1 və Şahid3 olduqlarını bildirmişlər. Daha sonra Şahid1 və Şahid3 avtomobilin düşdüyü yeri göstərmişlər. O, idarəetməni itirərək yoldan çıxıb ön hissəsi su xəndəyinə düşən “Toyota Prius” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. O, Dünyamalı və Təbrizlə birlikdə avtomobilə yaxınlaşmış və avtomobilə vizual baxış keçirərkən arxa oturacağın üzərində az miqdarda narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetaminə bənzər kütlələr olduğunu müşahidə etmişdir. Bundan sonra o, dərhal bu barədə NH-nin məsul növbətçisi Şahid4 məlumat vermişdir. Bir qədər sonra oraya müstəntiq və digər polis əməkdaşları gəlmişlər. Orada müstəntiq avtomobilə baxış keçirməyə başlamışdır. Baxış zamanı avtomobilin arxa oturacağından kağız bükümün içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, psixotrop maddə metamfetaminə bənzər kütlə, ağımtıl rəngli dənələr aşkar edilmişdir. Müstəntiq avtomobilin sürücüsü Şahid1 həmin kütlələrin kimə məxsus olduğunu soruşduqda sonuncu həmin kütlələrin yolda gələrkən arxa oturacaqda əyləşən Dilsuz adlı şəxsə məxsus olduğunu, Dilsuzun qəza baş verdikdən sonra qaçaraq oradan getdiyini bildirmişdir. Orada 2-ci Qarabağ müharibəsi veteranları Şahid3 və Şahid1 məxsus dərman preparatları da aşkar edilmişdir ki, həmin dərmanlar müstəntiq tərəfindən onların özlərinə qaytarılmışdır. Aşkar olunan qurudulmuş marixuana və psixotrop maddəyə bənzər kütlələr olan bükümlər müstəntiq tərəfindən qablaşdırılaraq möhürlənib götürülmüşdür. Hava açıldıqdan sonra isə Dilsuz adlı şəxs olduğunu düşündükləri, paltarı palçıqlı vəziyyətdə olan şəxsə yaxınlaşmışlar və özlərini təqdim etdikdə sonuncu onların ünvanına nalayiq söyüşlər söyərək qaçmaq istəmişdir. Həmin şəxsin kimliyini müəyyən etmək və əməlinə hüquqi qiymət verilməsi üçün Sabirabad RPŞ-nin NH-yə gətirmişlər. Həmin şəxs məsul növbətçiyə Sumqayıt şəhəri ərazisində qaçqın şəhərciyində yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. X2 Abışovdan üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə sonuncu əynində olan tünd rəngli şalvarın cibindən 01 ədəd konvalyutda ümumi sayı 08 ədəd üzərində “ddp/M40” yazısı həkk olunmuş açıq-qəhvəyi rəngli dərman həblərini təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş və birlikdə müstəntiqin otağına getmişlər. Müstəntiqin otağında müdafiəçinin iştirakı ilə əşyaya baxış və götürmə hərəkəti həyata keçirilmişdir. Müstəntiq Təqsirləndirilən şəxs onun müdafiəçisinin iştirakı ilə içərisində 08 ədəd Metadon həblərinə bənzər həblər olan 01 ədəd konvalyutun nə olduğunu soruşduqda sonuncu həmin həblərin narkotik tərkibli metadon həbləri olduğunu, istifadəçisi olduğunu, özünə məxsus olduğunu demiş, Sabirabad rayonu Cavad kəndi ərazisində “Niva” markalı avtomobili götürmək üçün oraya gəlmiş, avtomobil idarəetməni itirərək yoldan çıxdıqdan sonra avtomobildən düşüb qaçarkən su kanalına düşüb palçığa batmış, avtomobildən aşkar olunan bir dəfə çəkimlik narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu qeyd etmiş, həmin narkotikləri avtomobildən düşərkən avtomobildə unutmuş, kimsənin ona zor tətbiq etmədiyini qeyd etmişdir. Bundan sonra aşkar olunan 01 ədəd konvalyutda 08 ədəd həblər müstəntiq tərəfindən qablaşdırılıb möhürlənərək müstəntiq tərəfindən götürülmüşdür. İşdə olan məhkəmə fiziki-kimyəvi ekspertizasının “06” avqust 2024-cü il tarixli, 3-16-16/2- 6/3991 nömrəli ekspert rəyindən görünür ki, “Tədqiqata təqdim olunmuş: AR DİN “Zərflər üçün № 139” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həblər; 1. /imza/ Şahid4;” 2. /imza/ Şahid5; 3. /imza/ Təqsirləndirilən şəxs; 4. /imza/ Müdafiəçi; Qablaşdırdı: /imza/ A.Fərəcov” yazılar olan 01 ədəd zərfdəki 01 ədəd konvalyutda ümumi sayı: 08 ədəd üzərində “ddp/M40” yazısı həkk olunmuş açıq-qəhvəyi rəngli dərman həblərinin tərkibində təsiredici maddəsinin miqdarı: 0,32 qram (üzərindəki göstəricilərə əsasən 01 ədəd həbdə 0,04 qram) olan narkotik vasitə-metadon müəyyən edildi. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5951 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Qubadlı RİHB-nin Sarıyataq KİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə münsbət xarakterizə edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarından göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aidddir. Təqsirləndirilən şəxs narkotik vasitə hesab 08 ədəd üzərində “ddp/M40” yazısı həkk olunmuş açıq-qəhvəyi rəngli dərman həblərinin tərkibində təsiredici maddəsinin miqdarı: 0,32 qram (üzərindəki göstəricilərə əsasən 01 ədəd həbdə 0,04 qram) olan narkotik vasitə-metadon əldə edərək saxladığını və daşıdığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadəsi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, himayəsində az yaşlı uşağının olmasını CM-nin 59.1-ci maddəsinə əsasən, törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını və ailə vəziyyətini Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə onu cəmiyyətdən təcrid etmədən islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iki gün həbsdə saxlanmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla dörd gün müddət ona təyin olunan cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi tədqiqatdan sonra qalıq qalmış 6 ədəd üzərində “ddp/M40” yazısı həkk olunmuş açıq-qəhvəyi rəngli dərman həblərinin tərkibində təsiredici maddə olan narkotik vasitə-metadonun hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini və məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanmasının bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad RPŞ-də saxlanılan tədqiqatı nəticəsində qalıq qalmış 6 ədəd üzərində “ddp/M40” yazısı həkk olunmuş açıq-qəhvəyi rəngli dərman həblərinin tərkibində təsiredici maddəsinin miqdarı: 0,32 qram (üzərindəki göstəricilərə əsasən 01 ədəd həbdə 0,04 qram) olan narkotik vasitə-metadon hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sumqayıt şəhəri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-15/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-15/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver