Məhkəmə qərarları › İş №1(056)-151/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-151/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-151/2023 11.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Ələkbər Əlisahib oğlu Əliyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər – Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(056)-94/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixədək çəkilməmiş qalan cəzası 1(bir) il 2 (iki) ay 23(iyirmi üç) gün təşkil edən və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə xx.xx.2023-cü il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə 13,90 qram çəkidə narkotik vasitə- qurudulmuş marixuana əldə edib üzərində daşıyaraq işlədiyi Sabirabad şəhər Muğan prospektində yerləşən təmir sexinə gətirmiş, qurudulmuş narkotik vasitənin 12,59 qramının 4,04 qramini bir ədəd kibrit qutusunda; 0,55 qram, 0,72 qram, 0,47 qram, 0,46 qram olmaqla 4 ədəd kağız bükümdə; 6,35 qramını telefon qutusunda qanunsuz saxlamış, 1,31 qramını isə 0,45 qram, 0,47 qram və 0,39 qram olmaqla 3 ədəd kağız bükümdə qablaşdırıb 25 iyun 2023-cü il tarixdə üzərində daşıyarkən Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhər Muğan prospektində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarının sol yan cibindən həmin 3 ədəd kağız bükümdə- ümumi çəkisi 1,31 qram olan qurudulmuş marixuana aşkar edilib götürülmüş, yenə də həmin tarixdə Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən işlədiyi təmir sexinə baxış keçirilən zaman isə sexdə telefon qutusunda saxladığı 6,35 qram və ümumi çəkisi 4,04 qram olan 4 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respubikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmidir. Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən bildirmişdir ki, ibtidai istintaqda veriyi ifadəsini tam şəkildə təsdiq edir.Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 25 iyun 2023-cü il tarixdə, saat 19:40 radələrində Sabirabad şəhəri Muğan prospektində olan zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini ona polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmiş, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, barəsində əməliyyat–axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Sabirabad RPŞ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 02 (iki) ədəd gümüşü rəngli kağız bükümdə və 01 ədəd ağ kağız bükümdə narkotik vasitə marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı əlavə olaraq şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, şalvarının sağ arxa cibindən içində 104 manat 50 qəpik pul olan pulqabı aşkar edilərək götürülmüşdür. Üzərindən əlavə hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı bundan əlavə, Sabirabad rayonu Muğan prospektində yerləşən işlədiyi təkər təmiri sexində də marixuana saxladığını bildirmişdir. Həmin yerə polis əməkdaşları ilə birlikdə getmiş və baxış keçirilən zaman sexdə olan təkərin içində saxladığı telefon qutusunda olan 01 ədəd kibrit qutusunda, 02 ədəd ağ kağız bükümdə, 02 ədəd gümüşü kağız bükümdə və telefon qutusunda açıq vəziyyətdə olan narkotik maddə marixuananı təqdim etmişdir. Həmin kütlələr polis əməkdaşları tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Onun üzərindən aşkar olunmuş kütlə özünə məxsusdur, həmin kütlələri bir il əvvəl Sabirabad rayonunda Kür çayının sahilində əkdiyi çətənə bitkisindən əldə etmiş, istifadə etmək üçün üzərində və işlədiyi Sabirabad rayonu Muğan prospektində yerləşən təkər təmiri sexində saxlamış, heç bir şəxsə narkotik vasitə satmamışdır.Odur ki, o, özünü Azərbaycan Respublikası CM-234-cü maddəsi ilə deyil , 234.1-ci maddəsilə təqsirli bilir. O heç vaxtı kiməsə narkotik vasitə satmamış , satmaq niyyəti də olmamışdır. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşimançılıq hissi keçirdiyini və şəxsiyyətinin yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 25 iyun 2023-cü il tarixdə xidmətdə olarkən Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və günün müxtəlif vaxtlarında satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı ilk öncə tərəfindən rəhbərliyə raportla müraciət olunmuş, daha sonra isə tərəfindən təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Sonra həmin qərarın icra olunması ilə bağlı yaradılmış qrupun üzvü Cinayət-axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə əldə etdikləri məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı Sabirabad şəhər Muğan prospektində yaxınlaşaraq özlərini təqdim etmişlər, sonuncuya üzərində narkotik vasitələri saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu izah edib, Təqsirləndirilən şəxs Sabirabad rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməyib onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsində olarkən Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmiş və vəkil gəldikdən sonra onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları könüllü təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 02 (iki) ədəd gümüşü rəngli kağız bükümdə və 01 ədəd ağ kağız bükümdə narkotik vasitə marixuanaya oxşar kütlələri təqdim edərək masanın üzərinə qoymuş, təqdim olunan kütlə qablaşdırılaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı əlavə olaraq, Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, şalvarın sağ arxa cibindən isə 104 manat 50 qəpik pul olan pulqabı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən əlavə hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bundan əlavə, Sabirabad şəhər Muğan prospektində yerləşən işlədiyi təkər təmiri sexində də marixuana saxladığını bildirmişdir. Həmin yerə Təqsirləndirilən şəxs və müdafiəçisi ilə birlikdə gedilmiş və təkər təmiri sexinə baxış keçirilən zaman, sonuncu sexdə olan təkərin içində saxladığı telefon qutusunda olan 01 ədəd kibrit qutusunda, 02 ədəd ağ kağız bükümdə, 02 ədəd gümüşü kağız bükümdə və telefon qutusunda açıq vəziyyətdə olan narkotik maddə marixuananı təqdim etmişdir. Həmin kütlələr də qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Sahid qismində dindirilmiş Sabirabad RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 məhkəmədə dindirilərkən digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Sabirabad şəhəri Muğan prospektində özünə məxsus olan avtomobil təkəri təmiri sexi vardır. Qeyd edilən sexin və sexin üzərində yerləşdiyi torpaq sahəsinin sənədləri tam olaraq qaydasındadır. Təkər təmiri sexində onunla bir yerdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs işləyir. Vüqar həmin sexdə 20 ildir ki işləyir, lakin sex onun olduğundan sexə gec-gec gəlir. 25 iyun 2023-cü il tarixdə saat 20:50 radələrində sexdə olan zaman, polis əməkdaşları gələrək Vüqarın narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını və sexə baxış keçirəcəklərini bildirmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş və ərizə ilə müraciət edərək baxış keçirilməsinə razılığını bildirmişdir. Baxış keçirilməsində o da iştirak etmişdir. Polis əməkdaşları və baxış iştirakçıları ilə sexə baxış keçirilən zaman, sexdə olan traktor təkərlərinin arasından telefon qutusunun içərisindən 1 ədəd kibrit qutusunda, 2 ədəd ağ kağız bükümdə, 2 ədəd gümüşü kağız bükümdə və telefon qutusunun içərisində açıq vəziyyətdə olan narkotik vasitə oxşar kütlələr aşkar edilmişdir. Baxış prosesində iştirak edən Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olmasını bildirmişdir. Sonda polis əməkdaşları tərəfindən sənədləşmə aparılaraq protokol tərtib edilmiş, o da protokola imza etmişdir. Təqsirləndirilən şəxs ifadəsində Təqsirləndirilən şəxs ona məxsus sexdə 20 ildir ki, işlədiyini, sexin ona məxsus olduğu üçün sexə gec-gec gəldib-getdiyini, sexdə mütamadi olaraq Vüqarın olduğunu, bu səbəbdən də Vüqarın narkotik satması və sexdə narkotik vasitələr saxlaması ilə bağlı heç bir məlumatıının olmadığını bildirmişdir. İş materiallarında olan Məhkəmə-bioloji ekspertizasının 26 iyun 2023-cü il tarixli, 18/673 nömrəli rəyində göstərilmişdir ki: Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,45 qram, 2 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,47 qram, 0,39 qram, ümumi çəkisi 1,31 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs işlədiyi sexdən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd telefon qutusunun içərisində 1 ədəd kibrit qutusunda təmiz çəkisi 4,04 qram, 2 ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,55 qram, 0,72 qram, 2 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,47 qram, 0,46 qram, həmin telefon qutusunda açıq vəziyyətdə təmiz çəkisi 6,35 qram, ümumi çəkisi 12,59 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannbis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən və işlədiyi sexdən götürülmüş, ümumi çəkisi 13,90 qram olan marixuanalar eyni tərkiblidir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 18 avqust 2023-cü il tarixli, 5300 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(056)-94/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Sabirabad rayon Məhkəməsinin hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2023-cü il tarixədək çəkilməmiş qalan hissəsi 1(bir) il 02 (iki) ay 23 (iyirmi üç) gündür. İş materiallarında olan Sabirabad rayon, Sabirabad şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfində verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı ərazi üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət məsuliyyətinə səbəb olur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir: narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarın 8-ci və 9-cu maddələrində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə, 13,90 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində daşıyaraq işlədiyi Sabirabad şəhər Muğan prospektində yerləşən təmir sexinə gətirmiş, qurudulmuş narkotik vasitənin 12,59 qramının 4,04 qramını bir ədəd kibrit qutusunda, 0,55 qram, 0,72 qram, 0,47 qram, 0,46 qram olmaqla 4 ədəd kağız bükümdə, 6,35 qramını telefon qutusunda qanunsuz saxlamış, 1,31 qramını 0,45 qram, 0,47 qram və 0,39 qram olmaqla 3 ədəd kağız bükümdə qablaşdırmışdır və üzərində şəxsi axtarış aparılan zaman, əynindəki şalvarının sol yan cibindən 3 ədəd kağız bükümdə ümumi çəkisi 1,31 qram olan qurudulmuş marixuananı gəzdirməsi müəyyən edilmişdir. Qanunvericiliyin tələblərini və Azərbaycan Respublukası Ali Məhkəməsinin yuxarıda qeyd olunan müddəalarını nəzərə almaqla hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs iş yerində saxladığı və üstündə daşıdığı qurudulmuş marixuananı məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilibyetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə özünü CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək narkotik vasitələri satmaq niyyətində olmaması və özünün istifadə etmək məqsədi ilə xırda bükümlərə bölərək saxlaması barədə göstərdiyi xüsusatlar özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və məhkəmədə tədqiq edilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, sənədlər və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq inarkotik vasitə qurudulmuş marixuana əldə etmə və saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, videoçəkiliş materialı, baxış keçirilməsi protokolu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin V.Ə.Fərzullayevin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində müəyyən edilmiş cəzanı yüngülləşdirən və Azərbaycan Respublikası CMnin 61-ci maddəsində müəyyən edilmiş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxs V.Ə.Fərzullayevə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını əsaslı, qanuni və cəzanın məqsədinə nail olunması üçün daha səmərəli hesab edir. Məhkəmə bu qənaətə gələrkən təqsirləndirilən şəxs V.Ə.Fərzullayevin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət əməli törətməsini, məhkəmə tərəfindən ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza (Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(056)-94/2022 saylı hökmü) təyin edilməsinə baxmayaraq islah yolunu tutmamasını və cəza çəkdiyi müddət döründə eyni tərkibli cinayıt əməli törətməsini də nəzərə alır. Eyni zamanda məhkəmə CM-nın 67.1 və 68.1.1-1-ci maddələrinə əsaslanaraq, hazırkı hökmlə təyin ediləcək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(056)-94/2022 saylı hökmü ilə təyin olunmuş və şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixədək çəkilməmiş qalan 01 (bir) il 02 (iki) ay 23 (iyirmi üç) gün azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla hökmlərin məcmusu qaydasında hazırki cinayətə görə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirmək yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmasını əsaslı və məqsədəmüvafiq hesab edir. Belə ki, həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza azadlıqdan mərhum etmə ilə toplandıqda, azadlığın məhdudlaşdırılmasının iki gününə azadlıqdan məhrum etmənin 01 günü hesablanır. Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq hazırki günədək qətimkan tədbiri qismində həbsdə saxlanılmışdır. Odru ki, təyin edilmiş qəti cəzanın cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, təqsirləndirilən V.Ə.Fərzullayevə azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası CM-nin 93.1-ci maddəsinə əsasən və məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq təqsirləndirilən şəxsin barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsini, onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını əsaslı hesab edir. Bundan əlavə, cinayət işi üzrə maddi sübut hesab edilən tədqiqatdan sonra çəkisi 13,72 qram qalmış narkotik vasitə olan qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini və ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən ona Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(056)-94/2022 saylı hökmü ilə təyin olunmuş və və şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixədək çəkilməmiş qalan 01 (bir) il 02 (iki) ay 23 (iyirmi üç) gün azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla hökmlərin məcmusu qaydasında hazırki cinayətə görə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirmək yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun; təyin edilmiş qəti cəzanın çəkilməsi müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ**********0000003944 SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra çəkisi 13,72 qram qalmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar