Məhkəmə qərarları › İş №1(056)-151/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-151/2024

07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-151/2024 07.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi2 iştirakları ilə, 03 may 1998-ci il tarixdə Əli Bayramlı şəhəri Hacıqəhrəmanlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə elan edilən ittihama görə, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə, xeyli miqdarda 8,96 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 03 fevral 2024-cü il tarixdə həmin narkotik vasitənin 2,98 qram çəkidə olan hissəsini bir ədəd kibrit qutusunda qablaşdırılmış halda 40 manata yaşadığı Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində tanışı Hacıqabul şəhər sakini Şahid5 qanunsuz olaraq satmış, 03 fevral 2024-cü il tarixdə saat 22:55-də Sabirabad rayon X5 PB-nın əməkdaşları tərəfindən Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Sabirabad rayonu Qaragüney kəndində yerləşən Sabirabad rayon Polis Şöbəsinin X3 inzibati binasına gətirilmiş, bölmənin inzibati binasında 04 fevral 2024-cü il tarixdə saat 00:05 dəqiqədə üzərində şəxsi axtarış aparılan zaman, əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunda 5,98 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında iştirak etmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2-3 ildir ki, narkotik vasitə istifadə edir. 03 fevral 2024-cü il tarixdə günorta saat 14 radələrində Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində yaşadığı evin yaxınlığında yol kənarında 02 ədəd kibrit qutusunun olduğunu görmüş və həmin kibrit qutularına yaxınlaşmışdır. Özü narkotik istifadəçisi olduğuna görə həmin kibrit qutularındakı kütlələrin nəşə olduğunu dərhal bilmiş və həmin narkotikdən biraz siqaretə doldurub çəkmiş və kütlənin nəşə olduğuna əmin olmuşdur. Bundan sonra həmin kütlələri istifadə etmək məqsədilə əynində olan tünd-göy rəngli gödəkçənin sağ yan cibində saxlayaraq üzərində daşımışdır. Həmin gün saat 19 radələrində Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində olan zaman tanışı Şahid5 ona zəng edərək narkotik vasitə almaq istədiyni bildirmiş, o da üzərində narkotikin olduğunu və yaşadığı Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində olduğunu demişdir. Həmin yerdə Elvinlə görüşmüş və 40 manata 01 kibrit qutusunda nəşəni Elvinə satmışdır. Bundan sonra digər kibrit qutusunu da özü çəkmək üçün üzərində daşımışdır. O, Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində piyada hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, onu Sabirabad RPŞ-nin Qaragüney PB-yə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə Sabirabad RPŞ-nin Qaragüney PB-yə gəlmişdir. Sonra müstəntiq yaxınlaşmış və o, müstəntiq tərəfindən şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilərək, hüquq və vəzifələri izah olunmuş, bununla bağlı ona bildiriş təqdim edilmişdir. Müstəntiq ona üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsini bildirmiş, o da üzərində narkoktik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və həmin kütləni təqdim etmişdir. Müstəntiq ona üzərində olan digər əşyaları da təqdim etməsini bildirdikdə, o, üzərində heç bir əşyanın olmadığını bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış və üzərindən qanunla qadağan olunmuş əşya predmet aşkar olunmamışdır. O, üzərində olan 01 kibrit qutusunu təqdim etmişdir. Müstəntiq onun təqdim etdiyi 01 ədəd kibrit qutusunu açaraq içinə baxdıqdan sonra ondan həmin kütlə barədə soruşduqda o, həmin kütləni Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində yol kənarından tapdığını bildirmişdir. Müstəntiq həmin kütləni nə üçün üzərində saxladığını soruşduqda isə gələcəkdə özü istifadə etmək məqsədilə üzərində saxladığını və satış məqsədinin olmadığını demişdir. Müstəntiq ondan kiməsə narkotik vasitə satıb-satmadığını soruşduqda, o, cavabında müstəntiqə tanışı Elvinə 40 manata 01 ədəd kibrit qutusunda nəşə satdığını bildirmişdir. Şəxsi axtarışın sonunda onun üzərindən aşkar edilmiş həmin kütlə müstəntiq tərəfindən qablaşdırılmış, “Zərflər üçün №139” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən ona hər hansı bir təsir və təzyiq göstərilməmişdir. Hazırda ona istinad edilən cinayət əməlini etiraf etməsini və ilk dəfə törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirməsini nəzərə alıb, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabirabad RPŞ-nin X3 sahə polis nəfəri vəzifəsində işləyir. 03 fevral 2024-cü il tarixdə daxil olmuş məlumat əsasında Sabirabad rayonu Nizami kənd sakini Şahid4 üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olmuş və bu məlumat əməliyyat marağı doğurduğu üçün rayonun Nizami kəndi ərazisində keçiriləçək tədbirdə iştirak edərək Şahid4 onun və X3 sahə polis nəfəri X2 tərəfindən saxlanılıb Sabirabad rayon X5 Polis Bölməsinə gətirilmişdir. Həmin vaxt Şahid4 yanında Hacıqabul şəhər sakini Şahid5 da olduğundan, sonuncunun da üzərində şəxsi axtarış keçirilməsi üçün polis bölməsinə gətirilmişdir. Polis bölməsində Şahid4 üzərində şəxsi axtarış aparılan zaman, üzərindən bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Bundan başqa, Şahid4 üzərindən bir ədəd kibrit qutusu, bir ədəd “Redmi” markalı mobil telefon, 5 manat pul, 01 ədəd siqaret qutusu, 3 ədəd qəbz və kağız hissəsi aşkar edilmişdir. Şahid4 üzərində şəxsi axtarış aparılan zaman, bir ədəd kibrit qutusu içərisində qurudulmuş marixuanaya oxşar kütlə qablaşdırılmaqla götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuş, protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra o da şəxsi axtarış iştirakçıları kimi protokola imza etmişdir. Araşdırma zamanı Şahid4 üzərində aşkar edilərək götürülmüş kütləni tanışı Hacıqabul şəhər sakini Şahid5 aldığını bildirdiyindən, sonuncunun da üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid5 üzərindən bir ədəd “Keno” markalı siqaret, 01 ədəd alışqan, 01 ədəd “İphone” markalı mobil telefon və iki ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq, 5 ədəd 1 manatlıq olmaqla ümumilikdə 65 manat məbləğində pul aşkar edilmişdir. Şifahi sorğu əsasənda Şahid5 üzərindən aşkar edilmiş iki ədəd 20 manatlıq, ümumilikdə 40 manat pulun Şahid4 ona verdiyi puldan qalan qazanc pulu olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Şahid5 üzərindən iki ədəd 20 manatlıq olmaqla ümumilikdə 40 manat pul və bir ədəd “İphone” markalı mobil telefon götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmaqla protokol tərtib olunmuş, protokol ucadan oxunmaqla o da şəxsi axtarış iştirakçıları kimi protokola imza etmişdir. Araşdırma zamanı Şahid5 da Şahid4 80 manata satdığı narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni, tanışı Şirvan şəhər sakini Təqsirləndirilən şəxs 40 manata aldığını bildirdiyindən, sonuncunun da ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin küçəsində saxlanılaraq polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman, üzərindən bir ədəd kibrit qutusu içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən bir ədəd kibrit qutusu, 01 ədəd siqaret qutusu və bir ədəd əlcək aşkar edilmiş, zərurət olmadığı üçün özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını, həmin kütlədən də bir ədəd kibrit qutusunda qablaşdırılmış halda tanışı Şahid5 40 manata satdığını bildirmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmaqla protokol tərtib olunmuş, protokol ucadan oxunmaqla o da şəxsi axtarış iştirakçıları kimi protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 digər Şahid2 göstərdiyinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilmişdir ki, etibarnamə əsasında “VAZ-21099” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonunda taksi fəaliyyəti ilə məşğul olur, hərdən narkotik vasitə marixuanadan istifadə edir. “VAZ-21099” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə tanışı Şahid4 ilə Sabirabad rayonu Nizamikənd kəndində olan zaman Nicat ona nəşə çəkmək istədiyini demiş, o da Nicata pul müqabilində nəşə tapa biləcəyini demişdir. Nicat nə qədər pul lazım olduğunu soruşmuş, o da Nicata 1 ədəd kibrit qutusunda nəşəni 80 manata ala biləcəyini demişdir. O, Nicatdan 80 manat pul almış və tanışı Şirvan şəhər sakini Təqsirləndirilən şəxs ilə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində görüşüb 40 manata ondan 1 ədəd kibrit qutusunda nəşə almış və yenidən Nicatın yanına gəlmişdir. O, nəşəni 40 manata almış və Nicatdan da 80 manat aldığı üçün onun 40 manat qazancı olmuşdur. xx.xx.2024-cü il tarixdə axşam saat 21 radələrində Sabirabad rayonu Nizamikənd kəndində idarə etdiyi avtomobillə Nicatla birlikdə dayanan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, onu Sabirabad RPŞ-nin Qaragüney PB-yə dəvət etmişlər. O da idarə etdiyi avtomobillə polislərlə birlikdə Sabirabad RPŞ-nin Qaragüney PB-yə gəlmişdir. Sonra ona müstəntiq yaxınlaşmış və müstəntiq tərəfindən şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilərək, hüquq və vəzifələri ona izah olunmuş, bununla bağlı ona bildiriş təqdim edilmişdir. Müstəntiq ona üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsini bildirmişdir. O da üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış və üzərindən 01 ədəd “İphone” markalı mobil telefon, 65 manat pul vəsaiti, “Keno” markalı siqaret qutusu aşkar olunmuş, sonra zərurət olmadığı üçün həmin siqaret qutusu onun özünə qaytarılmışdır. Müstəntiq ondan narkotik vasitə satıb-satmadığını soruşduqda, o, Nicat adlı tanışına 80 manat müqabilində narkotik aldığını və həmin narkotikə 40 manat verərək, özü üçün də 40 manat qazanc əldə etdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən heç bir təsir və təzyiq göstərilməmişdir. Şahid4 başqa şəxsə və ya şəxslərə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Cinayət işi materiallarından görünür ki, Şahid4 üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş 2,98 qram çəkidə, eləcə də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş 5,98 qram çəkidə, ümumilikdə 8,96 qram çəkidə, tədqiqatdan sonra çəkisi 8,92 qram qalmış narkotik vasitə qurudulmuş marixuana 24 aprel 2024-cü il tarixli qərarla maddi sübut kimi hesab edilmiş və saxlanılması üçün Sabirabad RPŞnin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 04 fevral 2024-cü il tarixli 3-16-16/2-18/149№-li rəyindən görünür ki, “...Şahid4 üzərindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 2,98 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs üzərindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,98 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş cəmi 02 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuana orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkiblidir. Məhkəmə-narkoloji ekspertizasının 09 mart 2024-cü il tarixli, 1595 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib, daşımaqla satması cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun cinayət əməlini ilk dəfə törədərək, əməlini etiraf etməsini və əməlindən peşmançılıq hissi keçirməsini CM-nın 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixdən hesablamaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə CPM-nın 158.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda, o, cəzasını ümumi rejimli cəzaçəkmə üəssisəsində çəkməlidir. Qeyd olunanlarla yanaşı həmçinin məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını, onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 AZN məbləğində dəyərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini və iş üzrə maddi sübutların qiymətləndirilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 AZN məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - tədqiqatdan sonrakı qalıq çəkisi 5,98 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar