Məhkəmə qərarları › İş №1(056)-152/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-152/2023

23.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-152/2023 23.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Sabirabad rayonu, Nizami kəndində qeydiyyatda olan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının əvvəllərində Sabirabad rayonu Nizami kəndində yaşadığı evin həyətyanı sahəsində torpağı şumlayıb, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə (kannabis) toxumlarını qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə xeyli miqdarda, yəni 12 ədədini yetişdirərək kultivasiya etmiş, 18 iyun 2023-cü il tarixdə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həyətyanı sahəsinə baxış keçirilən zaman, yaş vəziyyətə ümumi təmiz çəkisi 1700 qram olan 12 ədəd xeyli miqdarda əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək işin mahiyyəti üzrə qeyd etmişdir ki, Sabirabad rayonu Nizami kəndində ailə üzvlərilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Təsərrüfatla məşğul olaraq ailəsinin ehtiyaclarını qarşılayır. Özü təxminən 4-5 il olarki narkotik vasitə olan el arasında “nəşə” kimi tanınan marixuadan istifadə edir. O, “nəşə”ni siqaretə doldurmaqla siqaret kimi çəkir. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün bir dəfə cinayət məsuliyyətinə cəlb olunmuşdur. 2022-ci ilin sentyabr ayında çöl sahədən heyvanları həyətinə gətirərkən, yolun qırağında 1 ədəd qara rəngli siqaret qutusu görmüş, həmin qutunu götürüb içərisinə baxarkən narkotik vasitə qurudulmuş marixuana olmasını və 12 ədəd çətənə bitkisinin toxumlarını olduğunu görmüşdür. Həmin toxumları gördükdən sonra fikirləşmişdir ki, həmin toxumları əkib yetişdirib özü üçün istifadə etsin. Sonra həmin toxumları siqaret qutusunun içərisində saxlamışdır. Ardınca həmin toxumları evə gətirib yataq otağında gizlətmişdir. 2023-cü ilin aprel ayının əvvələrində həmin 12 ədəd nəşə toxumunu həyətyanı sahədə müxtəlif yerlərdə torpağa əkmişdir. Həmin toxumları əkdikdən sonra toxumlara müntəzəm olaraq qulluq etməyə başlamışdır. Toxumları əkdiyi yeri sulamışdır ki, toxumlar tez cücərti versinlər. Əkdiyi həmin 12 ədəd nəşə toxumunun hamısı inkişaf edib cücərti vermişdir. Həmin nəşə toxumlarından inkişaf etmiş bitkilərə su vermiş, diblərini yumşaltmışdır. Həmin bitkilərin uzunluğu təxminən 20-40 sm olmuşdur. 18 iyun 2023-cü il tarixdə saat təxminən 18 radələrində polis əməkdaşlarları onun həyətə gəlmiş, ona narkotik tərkibli bitkilər əkib becərməsi barədə məlumat aldıqlarını və buna görə də onun həyətinə, evinə baxış keçirəcəklərini bildirmişlər. Polislər baxış keçirilən zaman iki nəfər şəxsin hal şahidi kimi iştirak edəcəklərini bildirmişlər. Polis əməkdaşları ondan yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşlar. O da baxış keçirilməsinə heç bir etirazımın olmadığını bildirmiş və bu barədə ərizə yazıb polis işçilərinə təqdim etmişdir. Sonra polis əməkdaşları baxış keçirməyə başlamışlar. Baxış zamanı həyətyanı sahədə əkib becərdiyi həmin 12 ədəd nəşə kollarını aşkar etmişlər. İlkin sorğu zamanı o, həmin nəşə kolarını özü çəkmək üçün əkib becərdiyini, həmin bitkilərə özü qulluq etdiyini etiraf etmişdir. Polis əməkdaşları ilə birlikdə gələn aqronom da əkdiyi çətənə bitkilərinə baxmış, bitkilərə qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, həmin 12 ədəd yaş vəziyyətdə olan əkib becərdiyi nəşə kolları torpaqdan çıxarılmışdır. Həmin nəşə kolları bir ədəd kisəyə yığılıb qablaşdırılaraq möhürlənmişdir. Həmçinin, o, nəşə kollarının qablaşdırıldığı kisənin üzərində imza etmişdir. Bundan əlavə, polis əməkdaşları ona üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O da səmimi olaraq üzərində narkotik vasitə olmasını bildirmiş və iki büküm narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Həmin kütlələrdə polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüşdür. Bundan sonra yaşadığı evə də baxış keçirilmiş. Evinə baxış zamanı evdən qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Sonda baxış zamanı aşkar edilənlərlə bağlı protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da hal şahidləri və polis əməkdaşları kimi protokola imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin PPXB-nin komandi Şahid2 ifadəsində göstərmişdir ki, 18 iyun 2023-cü il tarixdə Sabirabad rayonu Nizami kənd sakini Təqsirləndirilən şəxs həyətində və həyətyanı sahəsində narkotik vasitə olan çətənə bitkiləri əkməsi, üzərində gəzdirməklə istifadə etməsində şübhəli olması barədə Sabirabad RPŞ-də baş əməliyyat müvəkkili işləyən Şahid1 daxil olmuş əməliyyat məlumatına əsasən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilmişdir. Əməliyyat tədbirində o da iştirak etmişdir. Tədbirdə onunla bərabər Şahid2 özü, təhqiqat bölməsinin təhqiqatçısı Azər Əliyev, RPŞ-nin İTB-nin sahə rəisi Şahid3 iştirak etmişlər. Bundan başqa, baxış keçirilməsində hal şahidi kimi iştirak etmək üçün Sabirabad rayonu Nizami kənd İƏD-nin nümayəndəsi vəzifəsində işləyən Şahid4 və Sabirabad rayonu M.Məmmədov adına Nizami kənd orta məktəbində müəllim işləyən Şahid5 dəvət olunmuşlar. Həmin şəxslər baxış keçirilməsində hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiklərini və baxış keçirilməsi prosesində hal şahidi kimi iştirak edəcəklərini bildirmişlər. Bundan əlavə, baxış keçirilməsində iştirak etmək üçün Sabirabad RM-nin toxum analizləri şöbəsinin müdiri X2 mütəxəssis kimi dəvət olunmuşdur. Onlar Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs özü həyətdə olmuşdur. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə əkməsi, üzərində gəzdirməsi və satmaqda şübhəli olması barədə məlumat aldıqlarını bildirmiş və Təqsirləndirilən şəxs həyətinə və yaşadığı evə baxış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs həyətinə və yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə vermişdir. Bundan sonra, hal şahidlərinin, aqronom mütəxəssisin və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman evin həyətyanı sahəsindən 12 ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Onlarla birlikdə gələn aqronom da çətənə bitkilərinə baxmış, həmin bitkilərə qulluq olunması barədə rəy tərtib etmiş onlara vermişdir. Aşkar edilmiş 12 ədəd çətənə bitkiləri sintetik kisələrə yığılaraq qablaşdırılıb DİN-nin 139 saylı möhürü ilə möhürlənmiş, götürülmüşdür. Bundan əlavə, onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə soruşduqda, Təqsirləndirilən şəxs üzərində saxladığı 02 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni onlara təqdim etmişdir. Bundan başqa yaşayış evində və həyətyanı sahədə qanunla qadağan olunmuş heç bir əşya və predmet aşkar olunmamışdır. Daha sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi Şahid3 Şahid2la oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu Nizami kənd məktəbində müəllim işləyir, təqsirləndirilən şəxslə qonşuluqda yaşayır. 18 iyun 2023-cü il tarixdə həyətdə iş görən zaman polis əməkdaşları onu dəvət edərək Nizami kənd sakini Təqsirləndirilən şəxs həyətində və həyətyanı sahəsində narkotik vasitə olan çətənə bitkiləri əkməsi, üzərində gəzdirməklə, istifadə etməkdə şübhəli olması barədə məlumat aldıqlarını və həmin şəxsin həyətinə, həyətyanı sahəsindəki tikililərə və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Polis işçiləri baxış keçirilən zaman onun da hal şahidi qismində iştirak etməyini təklif etmişlər. O da baxış keçirilən zaman hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiyini və baxış keçirilən zaman hal şahidi qismində iştirak etmək istədiyini bildirmişdir. Ondan başqa polis əməkdaşları bir nəfər şəxsi də hal şahidi qismində dəvət etmişlər. Ona məlum olmuş ki, həmin şəxs Sabirabad rayon İH -N-nin Nizami kənd üzrə nümayəndəliyində işləyən Şahid4dur. Bundan sonra birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Polis işçiləri ev sahibini çağırmışlar. Ev sahibi olan Təqsirləndirilən şəxs həyətdə olmuşdur. Polislər ona yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə əkməsi, üzərində narkotik vasitə saxlaması və satması barədə məlumat aldıqlarını, təxirəsalınmaz əməliyyataxtarış tədbirlərini keçirilməsi barədə qərarla həyətinə, həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər və onlarında hal şahidi qismində iştirak edəcəklərini Təqsirləndirilən şəxs izah etmişlər. Təqsirləndirilən şəxs həyətinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Təqsirləndirilən şəxs həyətinə, həyətdəki yarımtikililərə və yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, hal şahidlərinin, aqronumun və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman, evin həyətyanı sahəsindən 12 ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Aqronom aşkar edilmiş çətənə bitkilərinə aqronom-mütəxəssis kimi baxış keçirib bitkiyə aqronotexniki qaydada qulluq olunmasını bildirmiş və bu barədə rəy tərtib edib polis əməkdaşlarına təqdim etmişdir. Aşkar edilmiş 12 ədəd çətənə bitkiləri sintetik kisəyə yığılaraq qablaşdırılıb DİN-nin 139 saylı möhürü ilə möhürlənib, polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan əlavə polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə soruşduqda, Təqsirləndirilən şəxs üzərində saxladığı 02 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni polis əməkdaşlarına təqdim etmişdir. Həyətyanı sahəyə və yardımçı tikililərə baxış keçirildikdən sonra həyətdəki evə də baxış keçirilmişdir. Lakin başqa heç nə aşkar edilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs şifahi sorğu zamanı polis əməkdaşlarına çətənə bitkilərini özü istifadəsi üçün əkdiyini bildirmişdir. Daha sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 18 iyun 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Sabirabad rayonu Nİzami kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə, həyətyanı sahəsinə və həyətyanı sahəsində olan tikililərə baxış keçirilən zaman, evin həyətyanı sahəsindən 12 ədəd yaş vəziyyətdə ümumi çəkisi – 1700 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və Təqsirləndirilən şəxs üzərindən isə 1 ədəd üzərinə “Arizova” yazısı yazılmış qara rəngli siqaret qutusunun içərisində olan 01 ədəd siqaretin göy rəngli kağızına bükülmüş və 01 ədəd ağ rəngli salfet kağızına bükülmüş ümumi təmiz çəkisi 1,48 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin istintaq materiallarında olan məhkəmə-bioloji ekspertizasının 19 iyun 2023-cü il tarixli, 18/650 nömrəli ekspert rəyindən görünür ki, 1. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda : “...Təqsirləndirilən şəxs həyətyanı sahəsindən...” sözləri yazılmış və imzalar olan 1 ədəd sintetik torbadakı cəmi 12 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi – 1700,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin bitkiləridir. Aqronomun rəyinə əsasən, təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. 2. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,58 qram, 1 ədəd salfet bükümündə təmiz çəkisi 0,90 qram, ümumi çəkisi 1,48 qram olan kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin istintaq materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ məhkəmənin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 09 ay 03 gün vaxtından əvvəl şərti azad olunmuşdur.Hazırda məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə, həyətyanı sahəsinə baxış keçirilən zaman aşkar edilmiş 12 ədəd yaş vəziyyətdə ümumi qalıq çəkisi – 1699,4qram olan çətənə bitkiləri və tədqiqatda sonrakı çəkisi 1,44 qram olan narkotik vasitə qurudulmuş marixuana işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan 20 iyun 2023-cü il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Sabirabad RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin istintaq materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4145 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda-12 ədəd əkib becərmə- kultuvasiya etmə cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, maddi sübut, özünün etirafedici və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nın 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilibyetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edilməsi müzakirə edilərkən onun barəsində Azərbaycan Respublikası CM-nin 59 cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və həmin məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən və cəzanın ağırlaşdıran hallarının olmamasını nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasının həddi daxilində 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin əvvələr də eyni cinayət əməli törətməsini və bundan nəticə çıxartmayaraq yenidən həmin cinayət fəaliyyətini davam etdirməsini onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulsa da, ona həbslə əlaqədar olmayan cəza təyin olunmasını məqsədəmüvafiq hesab etmir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs 18-20 iyun 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq 2 gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 həbs günü 2 gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılaraq üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Həmçinin, təqsirləndirilən şəxs təyin olunmuş həmin cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan əlavə, cəzaçəkmə müddətinin əvvəli hazırki gündən yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Qeyd olunanlarla yanaşı, həmçinin, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalında həbsə alınmalı və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 AZN məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməli, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs həyətindən götürülmüş 12 ədəd narkotik tərkibli çətənə bitkisinin tədqiqatdan sonra çəkisi 1699,4 qram və üzərindən götrülmüş tədqiqatdan sonra çəkisi 1,44 qram olan 2 bükümdə qurudulmuş narkotik vasitə marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18-20 iyun 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu 2(iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 05(beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin; barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilib “ həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbsə alınsın; qəti cəzanın çəkilməsi müddətinin əvvəli 23 oktyabr 2023-cü il tarixdən hesablansın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydə alınsın. Sabirabad Rayon Polis Şöbəsində saxlanılan, iş üzrə maddi sübut -12 ədəd çətənə (kannabis) bitkiləri və narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonra qalığını təşkil edən 1699,4 qram və 1,44 qram hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının cəmi 49,74 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar