Məhkəmə qərarları › İş №1(056)-155/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-155/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-155/2023 31.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Təqsirləndirilən şəxs Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2,Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Sabirabad rayonu Minbaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Sabirabad rayonu, Minbaşı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının sonlarında Sabirabad rayonu Minbaşı kəndində yaşadığı evin həyətyanı sahəsində torpağı şumlayıb, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə (kannabis) toxumlarını qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə xeyli miqdarda, yəni 4 ədədini yetişdirərək kultivasiya etmiş, 27 iyun 2023-cü il tarixdə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həyətyanı sahəsinə baxış keçirilən zaman, yaş vəziyyətə ümumi təmiz çəkisi 4000,0 qram olan 4 ədəd xeyli miqdarda əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək işin mahiyyəti üzrə qeyd etmişdir ki, Sabirabad rayonu Minbaşı kəndində ailə üzvlərilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Təsərrüfatla məşğul olaraq ailəsinin ehtiyaclarını qarşılayır. Özü təxminən 4-5 il olar ki narkotik vasitə olan el arasında “nəşə” kimi tanınan marixuadan istifadə edir. O, “nəşə”ni siqaretə doldurmaqla siqaret kimi çəkir. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün cinayət məsuliyyətinə cəlb olunmuşdur. 2023-cü ilin yanvar ayında Kür çayının sahilində gəzərkən qara rəngli torbada marixuana tapmış, onlardan 4-5 ədəd toxum əldə etmişdir. Onlardan istifadəyə yararlı 4 ədədini öz həyətlərinin baxçasında yeri şumlayaraq əkmiş, mütəmadi olaraq onlara qulluq edərək yetişdirmişdir. Çıxarılan zaman onların hündürlüyü təxminən 170 sm. olmuşdur. 27 iyun 2023-cü il tarixdə təxminən saat 14 radələrində yaşadığı evdə olarkən həyətin giriş qapısı döyülmüş, açarkən qapıda polis işçilərini görmüşdür. Polis işçiləri Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmiş və onun həyətdə narkotik tərkibli bitkilər əkməkdə şübhəli olmasını və həyətə baxış keçirmək istədiklərini bildirmişlər. Polis əməkdaşları baxış keçirilən zaman iki nəfər şəxsin hal şahidi kimi iştirak edəcəklərini bildirmişlər. Polis əməkdaşları ondan yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşlar. O da baxış keçirilməsinə heç bir etirazımın olmadığını bildirmiş və bu barədə ərizə yazıb polis işçilərinə təqdim etmişdir. O, könüllü olaraq həyətin baxça hissəsində əkib-becərdiyi 4 ədəd çətənə bitkisini polis işçilərinə göstərmişdir. Polis əməkdaşları ilə birlikdə gələn aqranom əkilmiş bitkilərə həqiqətən də qulluq edildiyini bildirmişdir. Bundan sonra, həmin 4 ədəd yaş vəziyyətdə olan əkib becərdiyi nəşə kolları torpaqdan çıxarılmışdır. Həmin nəşə kolları bir ədəd kisəyə yığılıb qablaşdırılaraq möhürlənmişdir. Sonra, sorğu-sual zamanı evində və həyətdə başqa heç bir narkotik və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olmadığını bildirmişdir. Baxışla əlaqədar protokol tərtib edilmiş, o da digər iştirakçılarla bərabər həmin protokola imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qaragüney PB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 iyun 2023-cü il tarixdə ona Sabirabad rayonu Minbaşı kənd sakini Təqsirləndirilən şəxs həyətində və həyətyanı sahəsində narkotik vasitə olan çətənə bitkiləri əkməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra, raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olundu. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin Təhqiqat bölməsinin baş təhqiqatçısı Elnur Hacıyev, Sabirabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 və ondan ibarət olması təsdiqlənmişdir. Baxış keçirilməsində hal şahidi kimi iştirak etmək üçün Sabirabad rayonu Qarağac kəndində yaşayan Şahid3 və Sabirabad rayonu Qarağac kəndində yaşayan Şahid4 dəvət olunmuşlar. Həmin şəxslər baxış keçirilməsində hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiklərini və baxış keçirilməsi prosesində hal şahidi kimi iştirak edəcəklərini bildirmişlər. Bundan əlavə, baxış keçirilməsində iştirak etmək üçün Bitki mühafizəsi və fumiqasiya(zərərsizləşdirmə) mərkəzinin Sabirabad rayon mərkəzinin aqronomu X3 mütəxəssis kimi dəvət olunmuşdur. Onlar Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs özü həyətdə olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə əkməkdə şübhəli olması barədə məlumat aldıqlarını bildirmiş və Təqsirləndirilən şəxs həyətinə və yaşadığı evə baxış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs həyətinə və yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə vermişdir. Bundan sonra hal şahidlərinin, aqronom mütəxəssisin və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman, evin həyətyanı sahəsinin baxça hissəsindən 04 ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Onlarla birlikdə gələn aqronom da çətənə bitkilərinə baxmış, həmin bitkilərə qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına vermişdir. Aşkar edilmiş 04 ədəd çətənə bitkiləri sintetik kisələrə yığılaraq qablaşdırılıb DİN-nin 139 saylı möhürü ilə möhürlənib, tərəfimizdən götürülmüşdür. Bundan başqa yaşayış evində və həyətyanı sahədə qanunla qadağan olunmuş heç bir əşya və predmet aşkar olunmamışdır. Daha sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu Qarağac kəndində ailə üzvlərilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. 27 iyun 2023-cü il tarixdə polis əməkdaşları onu küçədə görərək Sabirabad rayonu Minbaşı kənd sakini Təqsirləndirilən şəxs həyətində və həyətyanı sahəsində narkotik vasitə olan çətənə bitkiləri əkməsində şübhəli olması barədə məlumat aldıqlarını və həmin şəxsin həyətinə, həyətyanı sahəsindəki tikililərə və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Polis işçiləri baxış keçirilən zaman onun hal şahidi qismində iştirak etməyini təklif etmişlər. O da baxış keçirilən zaman hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiyini və baxış keçirilən zaman hal şahidi qismində iştirak etmək istədiyini bildirmişdir. Ondan başqa polis əməkdaşları bir nəfər şəxsi də hal şahidi qismində dəvət etmişdilər. Ona məlum olmuşdur ki, həmin şəxs Sabirabad rayon Qarağac kənd sakini Şahid4dur. Bundan sonra polislərlə birlikdə Sabirabad rayon polis şöbəsində görüşmüşlər və birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Polis işçiləri ev sahibini çağırmışlar. Ev sahibi olan Təqsirləndirilən şəxs həyətdə olmuşdur. Polislər ona yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə əkməsi barədə məlumat aldıqlarını, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərini keçirilməsi barədə qərarla həyətinə, həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər və onlarında hal şahidi qismində iştirak edəcəyini Təqsirləndirilən şəxs izah etmişlər. Təqsirləndirilən şəxs həyətinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs, hal şahidlərinin, aqronumun və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman, evin həyətyanı sahəsindən 04 ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Aqronom aşkar edilmiş çətənə bitkilərinə aqronom-mütəxəssis kimi baxış keçirib bitkiyə aqronotexniki qaydada qulluq olunmasını bildirmiş və bu barədə rəy tərtib edib polis əməkdaşlarına təqdim etmişdir. Aşkar edilmiş 04 ədəd çətənə bitkiləri sintetik kisəyə yığılaraq qablaşdırılıb DİN-nin 139 saylı möhürü ilə möhürlənib, polis əməkdaşları tərəfindən götürülmüşdür. Həyətyanı sahəyə və yardımçı tikililərə baxış keçirildikdən sonra həyətdəki evə də baxış keçirilmişdir. Lakin başqa heç nə aşkar edilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs şifahi sorğu zamanı polis əməkdaşlarına çətənə bitkilərini özü istifadəsi üçün əkdiyini bildirmişdir. Daha sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişlər. İşə əlavə edilmiş və məhkəmədə yoxlanmış 27 iyun 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Sabirabad rayonu Minbaşı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə, həyətyanı sahəsinə və həyətyanı sahəsində olan tikililərə baxış keçirilən zaman, evin həyətyanı sahəsindən 04 ədəd yaş vəziyyətdə ümumi çəkisi – 4000 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. İşə əlavə edilmiş və məhkəmədə yoxlanmış məhkəmə-bioloji ekspertizasının 28 iyun 2023-cü il tarixli, 18/678 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda : “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində...” sözləri yazılmış və imzalar olan sintetik torbadakı cəmi 04 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi – 4000 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən, təqdim olunmuş 04 ədəd çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşə əlavə edilmiş və məhkəmədə yoxlanmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4531 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal -hazırda intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin istintaq materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Əliyev X1 rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü və daha sonra Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci və 234.1-ci maddələrinə əsasən 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü və daha sonra Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 237.2.2-ci maddəsilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Sabirabad rayon məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2018-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə 01 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2018-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Hazırda məhkumluqları ödənilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi yaş vəziyyətdə ümumi çəkisi – 4000,0 qram olan 04 ədəd bitki nümunələri - əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 3999,6 qramı 29 iyun 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və Sabirabad RPŞ-də saxlanılır. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda - 4 ədəd əkib becərmə- kultuvasiya etmə cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, maddi sübut, özünün etirafedici və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nın 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edilməsi müzakirə edilərkən onun barəsində Azərbaycan Respublikası CM-nin 59 cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və həmin məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən və cəzanın ağırlaşdıran hallarının olmamasını nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasının həddi daxilində 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin əvvələr də eyni cinayət əməli törətməsini və bundan nəticə çıxartmayaraq yenidən həmin cinayət fəaliyyətini davam etdirməsini onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulsa da, ona həbslə əlaqədar olmayan cəza təyin olunmasını məqsədəmüvafiq hesab etmir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs 27-29 iyun 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq 2 gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 həbs günü 2 gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılaraq üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Həmçinin, təqsirləndirilən şəxs təyin olunmuş həmin cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan əlavə, cəzaçəkmə müddətinin əvvəli hazırki gündən yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Qeyd olunanlarla yanaşı, həmçinin, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalında həbsə alınmalı və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 AZN məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməli, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs həyətindən götürülmüş tədqiqatdan sonra çəkisi - 3999,6 qram olan 4 ədəd narkotik tərkibli çətənə bitkisinin qalıqları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27-29 iyun 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu 2(iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 05(beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin; barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilib “ həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbsə alınsın; qəti cəzanın çəkilməsi müddətinin əvvəli 31 oktyabr 2023-cü il tarixdən hesablansın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydə alınsın. Sabirabad Rayon Polis Şöbəsində saxlanılan, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs həyətindən götürülmüş tədqiqatdan sonra çəkisi - 3999,6 qram olan 4 ədəd narkotik tərkibli çətənə bitkisinin qalıqları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının cəmi 49,74 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar