Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-157/2023 18.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1977-ci ildə Sabirabad rayonu Ulacalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Ulacalı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə verilən ittihama görə, o, 2023-cü ilin may ayının əvvəllərində Sabirabad rayonu Ulacalı kəndində yaşadığı evin həyətyanı sahəsində torpağı şumlayıb, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə (kannabis) toxumlarını qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə xeyli miqdarda, yəni 07 ədədini yetişdirərək kultivasiya etmiş, 20 iyun 2023-cü il tarixdə Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyətyanı sahəsinə baxış keçirilən zaman yaş vəziyyətə ümumi təmiz çəkisi 110,0 qram olan 07 ədəd xeyli miqdarda əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək bildirdi ki, 2022-ci ilin sentyabr ayında Sabirabad rayonu Ulacalı kəndində su kollektorunda balıq tutmağa gedərkən yerdə 01 ədəd sellofon bükümün olduğunu görmüşdür. O, həmin sellofon bükümü götürərək içərisinə baxmış, bükülünün içərisində 07 ədəd çətənə bitkisinin toxumlarını görmüşdür. Daha sonra o, həmin toxumları əkmək qərarına gəlmiş, bu məqsədlə 2023-cü ilin may ayının əvvəlində özündə saxladığı həmin çətənə bitkisinin toxumlarını özünə məxsus həyətyanı sahədə əkmiş, mütəmadi olaraq həmin bitkilərə qulluq etmiş, ətrafındakı alaq otlarını təmizləmiş, su vermişdir. 19 iyun 2023-cü il tarixdə saat 17 radələrində onun həyat yoldaşı X2 ilə aralarında ailə-məişət münasibətləri zəmnində münaqişəsi olmuş və bu səbəbdən həyat yoldaşı DİN-in 102 Zəng Xidmətinə zəng edərək onun barəsində şikayət vermişdir. Həmin gün o, Sabirabad rayonu ərazisində olan zaman polis əməkdaşları yaşadığı həyətə gəlmişlər. Həmin vaxt yaşadığı evə, həyətyanı sahəsinə və həyətində olan yardımçı tikililərə baxış keçirilən zaman evin həyətyanı sahəsində yerləşən bağçada əkmiş olduğu 07 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Həmin vaxt yaşadığı evdə həyat yoldaşının iştirakı ilə narkotik tərkibli çətənə bitkiləri zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün №139” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra polislər tərəfindən götürülmüşdür. Hazırda həyətində narkotik tərkibli bitki əkdiyi üçün əməlindən peşmandır. Həyat yoldaşı ona qarşı əsəi olduğu üçün ondan şikayət etmiş olsa da, hazırda münasibətləri normaldır. Himayəsində bir azyaşlı övladı vardır. Ailəsinə yeganə qazanc gətirən şəxsdir. İlk dəfədir ki, cinayət əməli törtəməkdə ittiham olunur. Söz verir ki, bir daha hər hansı cinayət əməli törətməyəcəkdir. Göstərdiyi xüsusatların nəzərə alınaraq barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 Əlcabbar oğlu bildirdi ki, o, Sabirabad rayonu Mürsəlli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 20 iyun 2023-cü il tarixdə polis əməkdaşları ona zəng edərək Sabirabad rayonu Ulacalı kənd sakini Təqsirləndirilən şəxs həyat yoldaşı X1 müraciəti əsasında Təqsirləndirilən şəxs həyətində və həyətyanı sahəsində narkotik vasitə olan çətənə bitkiləri əkməsi barədə məlumat aldıqlarını və həmin şəxsin həyətinə, həyətyanı sahəsindəki tikililərə və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər və onun da hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. O, etiraz etməmişdir. Polis əməkdaşları hal şahidi kimi iştirak etmək üçün Şahid5 da dəvət etmişlər O, polis əməkdaşları ilə birlikdə Sabirabad rayonu Ulacalı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı həyətə getmişdir. Onlar Təqsirləndirilən şəxs həyat yoldaşı ilə birlikdə həyətə daxil olmuşlar və Təqsirləndirilən şəxs həyat yoldaşı Liudmyla Serebriakova onlara Təqsirləndirilən şəxs əkib-becərdiyi narkotik vasitə olan çətənə bitkilərinin yerini - yəni evin arxasındakı həyətyanı sahədə olan bağçada 07 ədəd bitkini göstərərək bildirmişdir ki, çətənə (kannabis) bitkisinə oxşar bitkilər bunlardır. Bundan sonra Liudmyla Serebriakova, hal şahidlərinin, polis əməkdaşlarının iştirakı ilə evin arxasındakı həyətyanı sahədən 07 ədəd çətənə bitkilərinə oxşar bitkilərə aqronom-mütəxəssis baxış keçirib bitkiyə aqronotexniki qaydada qulluq olunmasını bildirmiş və bu barədə rəy tərtib edib polis əməkdaşlarına təqdim etmişdir. Aşkar edilmiş 07 ədəd çətənə bitkiləri sintetik kisəyə yığılaraq qablaşdırılıb götürülmüşdür. Həyətyanı sahəyə və yardımçı tikililərə baxış keçirildikdən sonra həyətdəki evə də baxış keçirilmiş, lakin başqa heç nə aşkar edilməmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid5 Şahid4 Əlcabbar oğlu ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə X3 Regional Bölməsinin məhkəmə-bioloji ekspertizasının 21 iyun 2023-cü il tarixli, 18/656 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda : “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki cəmi 07 ədəd yaş vəziyyətdə ümumi çəkisi – 110,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən, təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşdə olan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 4177 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad RİHB-nin Ulacalı kənd üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Sabirabad RİHB-nin Ulacalı kənd üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri həyat yoldaşından, 2006 və 2010-cu il təvəllüdlü övladlarından ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarından göstərilmişdir ki, Cinayət Məcəlləsinin 237.1-ci maddəsində göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aidddir. Təqsirləndirilən şəxs 07 ədəd xeyli miqdarda narkotik vasitə olan çətənə bitkilərini kultivasiya etməsini (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etməsi cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadələri, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, törətdiyi əməlindən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət əməli törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində 1 azyaşlı uşağının olmsını və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının məqsədini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində kultivasiya etmiş olduğu kolların sayı və çəkisi də nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olar. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.2 və 10.5-ci bəndlərində göstərilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədi ilə cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması istiqamətlərdə qanun layihələrinin hazırlanması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının məqsədi həm qətimkan tədbiri seçilərkən, həm təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən cəza tətbiq etmədə humanist yanaşmanın tətbiq edilməli olduğunu özündə ehtiva edir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iki gün həbsdə saxlandığı müddət dörd gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, həmin müddət ona təyin olunan cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq cəza çəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını, iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan 7 ədəd çətənə (kannabis) bitkilərinin məhv edilməli olmasını, həmçinin məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iki gün həbsdə saxlandığı müddət dörd gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, həmin dörd gün ona təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 (qırx doqquz yetmiş dörd qəpik) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad RPŞ-də saxlanılan 7 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-157/2023
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-157/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver