Məhkəmə qərarları › İş №1(056)-160/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-160/2023

30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-160/2023 30.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi,Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli,İİ dərəcəli əlil, işsiz, subay, əvvəllər məhkum olunmamış, Sabirabad şəhəri H.Həmidov küçəsi ev 130 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,156 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz əldə edib üzərində daşımaqla, 01 ədəd bükümdə saxlamış, 04 iyul 2023-cü il tarixdə saat 23:30 dəqiqədə Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri H.Əliyev prospektində saxlanılaraq həmin prospektdə 91 ünvanında yerləşən Sabirabad rayon Polis Şöbəsinə gətirilib, şöbənin inzibati binasında 05 iyul 2023cü il tarixdə saat 00:50 dəqiqədə üzərində şəxsi axtarış aparılan zaman, əynindəki şalvarının sağ yan cibindən 01 ədəd polietilen kəsiyi bükümündə ümumi təmiz çəkisi 1,156 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmədə dindirilərkən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, ünvan 3 ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 04 iyul 2023-cü il tarixdə saat 23 radələrində Sabirabad şəhəri H.Əliyev prospektində piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərərək, polis əməkdaşı olduqlarını bildirmiş və onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Sabirabad rayon polis şöbəsinin inzibati binasına dəvət etmişdirlər. Dəvət olunmuş müdafiəçinin və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı video çəkiliş aparılacağı ona qabaqcadan bildirilmiş və o, buna etirazının olmadığını demişdir. Ona hüquq və vəzifəri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya-narkotik vasitə varsa onları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə saxladığı psixotrop maddə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra, şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş narkotik vasitə kağız paketə qoyularaq qablaşdırılmış, iştirakçılar və onun tərəfindən imza edilmişdir. Əlavə olaraq bildirmişdir ki, üzərində aşkar edilmiş psixotrop maddəni istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin psixotrop maddə metamfetamini yaşadığı evin yaxınlığındakı köhnə tikilinin həyətindən tapmışdır. Heç vaxt kiməsə narkotik vasitə satmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 04 iyul 2023-cü il tarixdə Sabirabad şəhəri H.Həmidov küçəsi ev 130 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu barədə daxil olmuş əməliyyat məlumatına əsasən Sabirabad RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi baş əməliyyat müvəkkili Şahid1 həvalə olunmuşdur. Onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin Sabirabad RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs Sabirabad şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşdürlər. Həmin gün Təqsirləndirilən şəxs Sabirabad şəhəri H.Əliyev prospektində müşahidə edib ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək birlikdə Sabirabad Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişdirlər. Təqsirləndirilən şəxs razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, cibində metamfetamin vardır. Daha sonra o, əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf bükümdə olan kütləni çıxarıb stolun üstünə qoymuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açılmış və baxış keçirilən zaman içərisindəki maddənin ağ rəngli, spesifik qoxuya malik psixotrop maddə olan metamfetaminə oxşaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni yaşadığı evin yaxınlığında yerləşən köhnə tikilinin həyətində gəzərkən yerdən tapdığını, öz istifadəsi üçün götürdüyünü və satış məqsədinin olmadığını bildirmişdir. Aşkar edilmiş bükümə baxış keçirilmiş, daha sonra isə qablaşdırılıb “Zərflər üçün № 139” möhürü ilə möhürlənib, təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən bundan başqa heç bir əşya və predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Şahid2 dedikləri iş üzrə şahid qismində dindirilmiş, ifadələri məhkəmə iclasında elan olunmuş Sabirabad RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat – axtarış tədbirində hal şahidi qismində iştirak etmiş Şahid3 ifadələrilə bir daha təsdiq olunmuşdur. İşə əlavə edilmiş və məhkəmədə yoxlanmış 05 iyul 2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” protokoldan və baxış keçrilmiş video görüntüdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən bir ədəd polietilen kəsiyi bükümündə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İşə əlavə edilmiş və məhkəmədə yoxlanmış məhkəmə-kimyəvi ekspertizasının 05 iyul 2023-cü il tarixli, 18/701 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 1,156 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin tədqiqatdan sonrakı qalıq çəkisi 1,106 qram təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 31.95 (otuz bir manat doxsan beş qəpik) müəyyən edilir. İşə əlavə edilmiş və məhkəmədə yoxlanmış məhkəmə-narkoloji ekspertizasının 24 avqust 2023-cü il tarixli, 5456 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşə əlavə edilmiş və məhkəmədə yoxlanmış Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşə əlavə edilmiş və məhkəmədə yoxlanmış Sabirabad Rayon İHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib daşımaqla saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, maddi sübut, özünün etirafedici və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X2 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanıyüngülləşdirən və ağırlaşdıran hallarının olmamasını, nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasının həddi daxilində 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun hesab edir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixlərdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq 01 gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 01 həbs günü 2 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla təyin olunacaq cəzadan çıxılaraq ona qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Təyin olunmuş cəza müddətinin başlanğıcı onun cəzasının icrasını həyata keçirən orqan tərəfindən qeydə alındığı vaxtdan hesablanmalıdır. Qeyd olunanlarla yanaşı, həmçinin məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilmədən saxlanmalı, seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 AZN məbləğində dəyəri ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməli, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götrülmüş 01 ədəd ağ kağız bükümündə, ekspert tədqiqatı nəticəsində qalıq qalmış -1,106 qramı təmiz çəkisi olan kustar üsulla hazırlanmış metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 iyun 2023-cü il tarixdən -06 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün həbsdə saxlanılmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılsın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin; Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın; o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın; cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut Sabirabad RPŞ-də saxlanılan tədqiqatdan sonrakı çəkisi 1,106 qr psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının cəmi 31,95 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: FÜZULİ PƏNAHOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar