Məhkəmə qərarları › İş №1(056)-162/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-162/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-162/2023 18.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 14 fevral 1975-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə verilən ittihama görə, o, 2023-cü ilin aprel ayının əvvəllərində yaşadığı ünvan 2 ünvanındakı evin həyətyanı sahəsində torpağı şumlayıb istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə xeyli miqdarda, yəni 3 ədədini yetişdirərək kultivasiya etmiş, 16 iyun 2023-cü il tarixdə Sabirabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahədən ümumi çəkisi 55,0 qram olan 3 ədəd çətənə (kannabis) bitkiləri, eyni zamanda özünün bir ədəd kağız bükümdə təqdim etdiyi şəxsi istehlak miqdarında təmiz çəkisi 0,36 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2023-cü ilin aprel ayının əvvəllərində yaşadığı M.Xəlilov küçəsində piyada gəzərkən bir ədəd büküm içərisində 3 ədəd narkotik toxumları tapmış və nə vaxtsa əkib istifadə edər deyə götürmüşdür. Bir-iki gün sonra tapdığı narkotik toxumlarını yaşadığı evin həyətində əkmək qərarına gəlmiş, yaşadığı evin bağça hissəsində torpağı yararlı hala gətirib narkotik toxumlarını bir-birindən aralıda torpağa əkmişdir. Həmin toxumları əkdikdən sonra onlara qulluq etmiş, tez və yaxşı cücərsinlər deyə bitkiləri suvarmışdır. 2023-cü ilin iyun ayının əvvəllərində həmin yerdə 3 ədəd narkotik bitkiləri bitmişdir. 16 iyun 2023-cü il tarixdə polis əməkdaşları yaşadığı evə gəlmişlər və onun narkotik vasitələrin əkini ilə məşğul olması barədə məlumat daxil olduğunu, bu səbəbdən də yaşadığı evə, həyətyanı sahəyə və həyətindəki yarımtikililərə baxış keçirilməsini bildirmişlər. O, etiraz etməmişdir. Bundan sonra o, üzərində bir ədəd kağız bükümdə qurudulmuş marixuana olduğunu bildirərək polis əməkdaşlarına təqdim etmiş və həyətində 3 ədəd çətənə bikiləri əkdiyini bildirmişdir. Daha sonra iki hal şahidi və aqronomun iştirakı ilə yaşadığı evə, həyətyanı sahəyə və yarımtikililərə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin həyətyanı sahəsində əkdiyi 3 ədəd çətənə bitkiləri polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Sonda bir ədəd kağız bükümdə təqdim etdiyi qurudulmuş marixuana və aşkar olunmuş bitkilər ayrı-ayrılıqda qablaşdırılaraq möhürlənmişdir. Hazırda əməlindən utanır və peşmançılıq hissi keçirir. 3 övladı vardır. Övladlarından biri tələbə, digər 1-i Kəlbəcər rayonunda həqiqi hərbi xidmətdədir. Özü infarkt keçirmişdir. Ailəsinə yeganə qazanc gətirən şəxsdir. Göstərdiyi xüsusatların nəzərə alınaraq barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 bildirdi ki, 16 iyun 2023-cü il tarixdə xidmətdə olarkən ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik tərkibli bitkilər əkib-becərməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, qeyd olunan məlumatın yoxlanılması ilə bağlı ilk öncə tərəfindən rəhbərliyə raportla müraciət olunmuş, daha sonra isə tərəfindən təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Həmin qərarın icra olunması ilə bağlı yaradılmış əməliyyat qrupunun üzvü olaraq o, PPXB-nin komandiri Şahid2 və Təhqiqat bölməsinin təhqiqatçısı Davud Quliyev, mütəxəssis-aqronom kimi dəvət edilmiş X2 və hal şahidləri ilə birlikdə ünvan 3 ünvanına getmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvana yaxınlaşıb qapını döydükdən sonra qapını açan Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat ilə bağlı məlumat verib, yaşadığı evə və evin həyətinə baxış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibində bir ədəd kağız bükümdə qurudulmuş marixuana olduğunu bildirib təqdim etmiş və həyətində 3 ədəd çətənə bikiləri əkdiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən 3 ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. Həmin vaxt aqronommütəxəssis kimi dəvət edilmiş Əliyar Vəliyev bitkiləri nəzərdən keçirib həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsini və həmin bitkilərin tərkibində narkotik maddələr olan çətənə bitkilərinin olduğunu bildirmişdir. Baxış zamanı başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, o, 16 iyun 2023cü il tarixdə Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətinə Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş baxışda hal şahidi kimi iştirak etmişdir. Belə ki, həmin gün Sabirabad RPŞ-nin əməkdaşları, mütəxəssis-aqronom və ondan əlavə bir nəfər hal şahidi ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına getmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvana yaxınlaşıb qapını döydükdən sonra qapını açan Təqsirləndirilən şəxs polis əməkdaşları barəsində daxil olmuş məlumat ilə bağlı məlumat verib, yaşadığı evə və evin həyətinə baxış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibində bir ədəd kağız bükümdə qurudulmuş marixuana olduğunu bildirib təqdim etmiş və həyətində 3 ədəd çətənə bikiləri əkdiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən ümumilikdə 3 ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. Həmin vaxt aqronom-mütəxəssis kimi dəvət edilmiş Əliyar Vəliyev bitkiləri nəzərdə keçirib həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsini və həmin bitkilərin tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğunu bildirmişdir. Baxış zamanı başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə X1 Regional Bölməsinin 17 iyun 2023-cü il tarixli, 18/647 nömrəli rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs həyətyanı sahəsindən...” sözləri yazılmış və imzalar olan 1 ədəd kağız paketdəki cəmi 3 ədəd yaş vəziyyətdə ümumi çəkisi 55,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərində...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,36 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Çətənə (kannabis) bitkilərinin ümumi çəkisi 55,0 qramdan tədqiqata 0,15 qramı istifadə edilmiş, 54,85 qramı qalıq qalmışdır. Marixuananın təmiz çəkisi 0,36 qramdan tədqiqata 0,02 qramı istifadə edilmiş, 0,034 qramı qalıq qalmışdır. İşdə olan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 18 iyul 2023-cü il tarixli, 4530 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad RİHB-nin şəhər üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarından göstərilmişdir ki, Cinayət Məcəlləsinin 237.1-ci maddəsində göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aidddir. Təqsirləndirilən şəxs 03 ədəd xeyli miqdarda narkotik vasitə olan çətənə bitkilərini kultivasiya etməsini (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etməsi cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadələri, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, törətdiyi əməlindən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət əməli törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, ailə vəziyyətini, sağlamlıq durumunu və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikasının CM-nın 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının məqsədini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində kultivasiya etmiş olduğu kolların sayı və çəkisi də nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olar. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.2 və 10.5-ci bəndlərində göstərilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədi ilə cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması istiqamətlərdə qanun layihələrinin hazırlanması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının məqsədi həm qətimkan tədbiri seçilərkən, həm təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən cəza tətbiq etmədə humanist yanaşmanın tətbiq edilməli olduğunu özündə ehtiva edir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iki gün həbsdə saxlandığı müddət dörd gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, təyin olunan cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq cəza çəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan 3 ədəd çətənə (kannabis) bitkilərinin məhv edilməli olmasını, həmçinin məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iki gün həbsdə saxlandığı müddət dörd gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 (qırx doqquz yetmiş dörd qəpik) AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad RPŞ-də saxlanılan 3 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar