Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-165/2023 15.11.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittihama görə, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0,509 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz əldə edib üzərində daşımaqla, bir ədəd sellofan kəsiyi bükümündə üzərində saxlamış, 25 iyun 2023-cü il tarixdə Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri H.Əliyev prospektində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman, əynindəki şalvarının sağ yan cibindən bir ədəd sellofan kəsiyi bükümdə 0,509 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 25 iyun 2023-cü il tarixdə, saat 21:20 dəqiqədə Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən ərzaq mağazasının qarşısında atası Şahid3 ilə birlikdə piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Sabirabad RPŞ-nin inzibati binasına dəvət etmişlər. Polis şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməsi təklif olunmuş, o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən “Sobranie” markalı siqaret qutusunda olan bir ədəd ağ rəngli sellofan bükümdə psixotrop maddə metamfetamini, 01 ədəd alışqanı və 03 ədəd “Sobranie” markalı siqareti təqdim edərək masanın üzərinə qoymuşdur. Üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş kütləni 25 iyun 2023-cü il tarixdə səhər saatlarında yaşadığı Sabirabad şəhəri M.Xəlilov küçəsində piyada hərəkət edən zaman tapmışdır. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Özü yeni ailə həyatı qurmuşdur və himayəsində 2 (iki) aylıq bir övladı vardır. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, o, Sabirabad RPŞnin cinayət-axtarışı bölməsinin baş əməliyyat müvəkkili işləyir. 25 iyun 2023-cü il tarixdə xidmətdə olarkən ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, qeyd olunan məlumatın yoxlanılması ilə bağlı ilk öncə tərəfindən rəhbərliyə raportla müraciət olunmuş, daha sonra isə tərəfindən təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Sonra həmin qərarın icra olunması ilə bağlı yaradılmış əməliyyat qrupunun üzvü-cinayət-axtarışı bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə əldə etdiyi məlumat əsasında Sabirabad şəhəri H.Əliyev prospektində Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb, sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində üzərində narkotik vasitələri saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu izah edib, Təqsirləndirilən şəxs Sabirabad rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs atası Şahid3la piyada hərəkət etdiklərindən sonuncu da onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Sabirabad rayon polis şöbəsində olarkən Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmiş və vəkil gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları könüllü təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən “Sobranie” markalı siqaret qutusunda olan bir ədəd ağ rəngli sellofan bükümdə psixotrop maddə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Verilən şifahi suallara cavab olaraq Seymur Məmmədov təqdim etdiyi psixotrop maddəni yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur, oğlunun narkotik vasitələrin istifadəçisi olduğunu bilmirdi. 25 iyun 2023-cü il tarixdə oğlu Təqsirləndirilən şəxsla birlikdə evə ərzaq almaq üçün mağazaya getmişlər. Sabirabad şəhəri H.Əliyev prospektində ərzaq mağazasının qarşısında oğlu ilə birlikdə mağazaya keçmək istədikdə Sabirabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildiyi iki nəfər şəxs onlara yaxınlaşıb xidmətini vəsiqələrini göstərib özlərini bir daha təqdim etmişlər və oğlu Seymurun narkotik vasitənin istifadəsi və qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Daha sonra Seymuru rayon polis şöbəsinə aparmışlar, o da oğlunun yanında olduğundan, ata kimi o da polis şöbəsinə gəlmişdir. O, sonradan polis şöbəsində Seymurun üzərində şəxsi axtarış keçirilməsini, şəxsi axtarış zamanı oğlunun üzərindən psixotrop maddə metamfetamin aşkar edilməsini bilmişdir. İş materiallarında 26 iyun 2023-cü il tarixli, 18/674 nömrəli rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,509 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,509 qramdan tədqiqata 0,05 qramı istifadə edilmiş, 0,459 qramı qalıq qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji ekspertizasının 30 may 2023-cü il tarixli, 3332 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbul edlməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi nakoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad rayon Sabirabad RİHB-nın Şəhər İƏD nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarından göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aidddir. Təqsirləndirilən şəxs narkotik vasitə hesab edilən çəkisi 0,509 qram qram olan narkotik vasitə metamfetamin əldə edərək saxladığını və daşıdığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metamfetamin əldə edib daşımaqla saxlama cinayətini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadələri və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, şəxsiyyətinin müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşmançılıq hissi keçirməsini, artıq bu yoldan uzaqlaşması, özünün öz əməlinə tənqidi yaşaması barədə ifadəsini, yeni ailə həyatı qurmaqla himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-nın 59-cu maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun olar. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il iki gün həbsdə saxlandığı müddət dörd gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, həmin müddət ona təyin olunan cəzadan çıxılmalıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi tədqiqatdan sonra 0,459 qram olan narkotik vasitə metamfetaminin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini və məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 02 (iki) gün həbsdə saxlandığı müdət 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49.74 (qırx doqquz manat yetmiş dörd qəpik) məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE ********************) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalmış 0,459 qram narkotik vasitə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-165/2023
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-165/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver