Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-165/2024 23.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı ildə Sabirabad rayonunun Balvar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonunun Balvar kəndində qeydiyyatda olan və yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, Sabirabad rayonu Zəngənə kənd sakini Zərərçəkmiş şəxs1 rayonun Şıxsalahlı kəndi ərazisində yerləşən Şahid1 fermasının həyətində saxlanılan sonuncuya məxsus presbağlayan qurğunu özününkü kimi təqdim edib 3000 manata satacağına dair vəd verdikdən sonra, göstərilən məbləğdə pulu xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Sabirabad rayonu Balvar kəndi ərazisində Zərərçəkmiş şəxs1 ona çatdırılması üçün verdiyi tanışı Şahid4 əlbəəl almış, bundan sonra onun tapşırığı ilə həmin presbağlayan qurğu fermanın ərazisindən götürülməklə, Zərərçəkmiş şəxs1 razılığı əsasında Şahid4 həyətinə qoyulmuş, sonradan əmlakın sahibi Şahid1 deməsi və tələbi ilə Zərərçəkmiş şəxs1 həmin qurğunun ona məxsus olmadığını, aldadılaraq 3000 manat məbləğində pulunun ələ keçirildiyini bilib Şahid1 fermasının həyətinə qaytarmaqla, sonuncuya təhvil verdiyindən, o, Zərərçəkmiş şəxs1 3000 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 müxtəlif növ kiçik ölçülü balıqlar satacağına dair yalan vəd verib aldadaraq xx.xx.2024-ci il tarixdə, saat 13 radələrində Sabirabad rayonu Balvar kəndi ərazisində yerləşən “Oba” marketdə quraşdırılmış “E manat” ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs2 onun "xxxx" ASC-yə məxsus kart hesabına göndərdiyi 300 manat, xx.xx.2024-cü il tarixdə isə həmin ödəmə terminalı vasitəsilə göndərdiyi 1100 manat məbləğində olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 1400 manat məbləğində pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs2 1400 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən balıq alveri ilə məşğul olur. Zərərçəkmiş şəxs2 3-4 ildir ki, tanıyır və onlar bir neçə dəfə balıq alveri etmişlər. Cari ilin aprel ayında Kərəm onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng etmiş və ona belamor, tolstolob cinsli balıqlar lazım olduğunu demişdir. O, Kərəmə tolstolob və belamor cinsli balıq şəkillərini “Vatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə göndərərək, ona Salyan rayonundakı balıq vətəqəsində həmin balıqlardan olduğunu bildirmiş, Kərəm onun göndərdiyi şəkillərdəki balıqlardan istədiyini demişdir. Bundan sonra o, hər zaman balıq aldığı yer olan Salyan rayonundakı balıq vətəqəsinə getmiş, Salyanda həmin balıqlardan olsa da, Kərəmin istədiyi ölçüdə balıqların olmadığını görmüşdür. Kərəm ondan 10 ədədi 1 kq çəkidə belamor, 2-si, 3-ü 1 kq çəkidə tolstolob balıqları istəmişdir. Salyandakı vətəqədə isə daha iri həcmli balıqlar olmuşdur. Onun Kərəmə “Vatsapp”la göndərdiyi balıq şəkilləri isə Salyandan alıb Sabirabad rayonu ərazisində Padarçöl deyilən yerdəki gölə boşaldarkən çəkdiyi şəkillər olmuşdur. Həmin gün Kərəm ona onun “Vatsapp”la göndərdiyi hesab kartına 300 manat, növbəti gün isə Kərəm onun həmin hansı banka aid olduğunu unutduğu hesab kartına 1100 manat göndərmişdir. O, Kərəmin sifarişi üzrə balıqların ölçülərinin onun istəyinə uyğun olmamasını, Salyan rayonuna növbəti səfərində də həmin balıqlardan olub-olmadığına baxmağa gedəcəyini Kərəmə demişdir. Kərəm isə cavabında daha iri və daha kiçikhəcmli balıqlar istəmədiyini bildirmişdir. Salyana növbəti səfərində də Kərəmin istədiyi ölçüdə balıqların olmadığını görmüş, bu barədə ona telefonla zəng edərək, bu səfərində də onun istədiyi ölçüdə balıq olmadığı barədə məlumat vermişdir. Həmin danışıqda Kərəm ona pulunu deyil, sifariş verdiyi balıqları istədiyini demişdir. O, Kərəmə həmin balıqardan olmadığını bildirdikdə, telefonda aralarında mübahisə yaranmışdır. Kərəm ona 1400 manat pulu göndərdikdən 10-12 gün sonra balıq olmadığına, pulunu geri qaytarmaq istəsə də, geri götürmədiyinə görə həmin 1400 manatı başqa bir borcu olan adama vermişdir. Hazırda məhkəmə iclası gedişində atası Kərəmə 1400 manat pulu ödəmişdir. Bundan başqa, 2023-cü ilin sentyabr ayında o, əvvəllər alver etdiyi, normal münasibət qurduğu Sabirabad rayonu Şıxsalahlı kənd sakini Şahid1 Şıxsalahlı kəndi ərazisindəki fermasının ərazisində presbağlayan qurğu görmüş, Elçinlə danışaraq həmin qurğunu ondan istədiyini, bir il sonra pulunu verəcəyini demişdir. Elçin də onunla 3000 manata razılaşmışdır. Həmçinin, o, Elçinə presbağlayan qurğunu satmaq istədiyini bildirmişdir. Razılıqdan sonra o, həmin qurğunu Elçinin Şıxsalahlı kəndindəki fermasının həyətində saxlamış, daha sonra həmin qurğunu satmaq istədiyini bir neçə nəfərə demişdir. Bundan qohumu Niyaməddin də məlumatlı olmuşdur. xx.xx.2023-cü il tarixdə Niyaməddin ona zəng edərək, presbağlayan qurğunu almaq istəyən olduğunu demiş, daha sonra kim olduğunu bilmədiyi, ona telefonla zəng edən şəxsə zəng edərək, Şıxsalahlı kəndində Elçinin fermasına gedərək presbağlayanı götürə biləcəklərini demişdir. Elə həmin gün presbağlayanı alan Yüksəl və onunla birlikdə olan şəxs Elçinin fermasına gedərək, presbağlayanı götürüb onun yaşadığı Sabirabad rayonu Balvar kəndinə gəlmişlər. Orada Yüksəl 3000 manat pulu ona verib getmişlər. Bundan təxminən 1 ay sonra Elçin ona mobil telefonla zəng edərək, borclarının olduğunu, presbağlayanın pulunu istədiyini bildirmişdir. O, Elçinə cavabında razılıqlarının belə olmadığını, onun pulunu bir il sonra verəcəyi barədə razılaşdıqlarını xatırlatmışdır. Lakin Elçin ondan pulunu geri istəmişdir. O, bir daha pulunun olmadığını, pulunu bir il sonra verəcəyini demişdir. Bundan təxminən 3-4 gün sonra presbağlayanı alan, 3000 manatın sahibi Zərərçəkmiş şəxs1 ona zəng edərək, ona Elçinin pulunu verməli olduğunu demişdir. Onun isə verməyə pulu olmamışdır. Çünki, həmin 3000 manat pulu da borclarına vermişdir. Hazırda Zərərçəkmiş şəxs1 məxsus 3000 manat pulu da atası zərərçəkmiş şəxsə ödəmişdir. İlk dəfədir ki, cinayət məsuliyyətinə cəlb olunur. Vurulmuş ziyanları tam ödəmişdir. Məsuliyyətdən azad edilməsi üçün dövlət büdcəsinə ödəniş etməyə imkanı yoxdur. Zərərçəkmiş şəxslərdən Kərəm ondan əlavə vəsait də istəsə də, indi ödəniş etməyə imkanı olmasa da, azadlığa çıxarsa bu barədə Kərəmlə danışıb onunla razılıq əldə etməyə də çalışacaqdır. Ailəlidir və himayəsində iki azyaşlı övladı vardır. Atası xəstədir. Əməlindən peşmandır. Göstərdiklərinə əsasən o, məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs qiyabi tanıyır və aralarında heç bir düşmənçilik və ya ədavət yoxdur. 2023-cü ilin noyabr ayında təsərrüfatı üçün presbağlayan qurğuya ehtiyacı olmuşdur. Buna görə də o, traktorçusu Şahid4 və həmkəndlisi, el arasında Asiman kimi tanınan Şahid5 bu barədə bildirmişdir. Bir neçə gün sonra Yüksəl ona zəng edərək, Sabirabad rayonu Balvar kəndindən olan tanışı Niyaməddinin əmisi oğlu Nicatın presbağlayan qurğusu olduğunu, 3500 manata satdığını bildirmişdir. O, Yüksələ əgər uyğundursa, 3500 manat yox, 3000 manata presbağlayanı almaq istədiyini bildirmişdir. Daha sonra Yüksəl ona demişdir ki, Nicat 3000 manata razılaşmır. Lakin bir neçə gün sonra Yüksəl ona yenidən zəng edərək, Nicatın 3000 manata razılaşdığını demişdir. O, 3000 manat pulu Yüksələ vermiş və Asiflə Yüksəl, həmçinin Niyaməddin Nicatla telefon əlaqəsi saxlayaraq Nicatın dediyi yerə, yəni Sabirabad rayonu Şıxsalahlı kəndi ərazisindəki fermaya gedib presbağlayana baxdıqdan sonra presbağlayanı götürüb Yüksəlin evinə gətirmişlər. 3000 manat pulu isə Yüksəl Balvar kəndinə gedərək Nicata vermişdir. Təxminən 15-20 gün sonra ona tanımadığı şəxs zəng edərək, Şıxsalahlı kəndindən adının Elçin olduğunu, Bakı şəhərində yaşadığını, aldığı presbağlayanın ona aid olduğunu bildirərək presbağlayanın harada olduğunu soruşmuşdur. O, Elçinə cavabında presbağlayanı Nicat adlı şəxsdən 3000 manata aldığını demişdir. Elçin bir daha ona presbağlayanın ona aid olduğunu, Nicatın onları yalan danışaraq aldatdığını deyərək presbağlayanı ondan tələb etmişdir. O, bundan sonra Nicata zəng etmiş və Nicat ona məsələnin həll olunduğunu bildirmişdir. Bundan sonra o, Elçinə yenidən zəng edib bu barədə dedikdə, Elçin ona “Nicat özü üçün danışır, yalan deyir, presbağlayanı gətirin qoyun yerinə, yoxsa polisə müraciət edəcəm” demişdir. O, bir daha Nicata bu barədə zəng edib dedikdən sonra Nicat ona “gözlə, onda mən yığım Elçindən 10 gün möhlət istəyim” demiş və həqiqətən də Elçin ona 10 gün möhlət vermişdir. 10 gün sonra Elçin ona yenidən zəng edərək “Nicat mənim telefonlarıma cavab vermir, onun özü 1200 manat pulumu balıq satmaq adı ilə ələ keçirib, mənim malımı sizi aldadıb satıb, mənim sizə hörmətim odur ki, polisə demirəm, gətirin presbağlayanı dərhal qoyun yerinə” demişdir. O, bundan sonra el içində biabır olmaqdansa, aparıb presbağlayanı Elçinin fermasına geri qaytarmaq qərarına gəlmişdir. Şahid4 presbağlayanı aparıb götürdüyü yerə qoyduqdan sonra zəng edib Elçinə bu barədə məlumat vermişdir. Bundan sonra o, Nicatla dəfələrlə telefon əlaqəsi saxlamış və pulunu geri tələb etmişdir. Nicat hər dəfə onu aldadaraq cavabında sabah, birigün pulu geri qaytaracağını demişdir. Növbəti günlərdə o, Nicatın başqa şəxsləri aldadaraq pullarını ələ keçirdiyini eşitdikdən sonra Nicatın onun pulunu geri qaytarmayacağından əmin olub polis şöbəsinə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan Nicatın atası tərəfindən ona tam ödənilmişdir. Ona görə də onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxsin ailə vəziyyətinin də nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs balıq alverçisi kimi tanımışdır. Təqsirləndirilən şəxs 2023cü ilin təxminən aprel ayında yaşadığı Sabirabad rayonu Şəhriyar kəndinə balıq satmağa gəlmiş və o, Nicatı orada görmüşdür. Ondan haralı olduğunu soruşduqda, Göyçay rayonundan olduğunu demişdir. Onun yaşadığı Sabirabad rayonu Şəhriyar kəndi ərazisindəki çöl sahədə balıq gölü vardır və həmin balıq gölündə o, balıq saxlayıb böyütmək qərarına gələrək Nicatdan 1600 manat qarşılığında müxtəlif növ balaca balıqlar almışdır. O, həmin balıqları uzun müddət saxlamış, lakin vəhşi olduqları üçün böyüməmişlər. Düşünmüşdür ki, hava isti olduğu üçün balıqları böyüdə bilməmişdir. 2024-cü ilin mart-aprel aylarında qərara gəlmişdir ki, yenidən kiçikhəcmli balıqlar alaraq böyüdüb satsın. Buna görə də o, Təqsirləndirilən şəxs yenidən balıq almaq qərarına gəlmişdir. 2024-cü ilin aprel ayında o, Təqsirləndirilən şəxsla ona məxsus olan ***-***-**-** mobil telefon nömrəsi ilə telefon əlaqəsi saxlamış və ondan yaxşı növ balıq olub-olmadığını soruşmuşdur. Nicat ona cavabında hal-hazırda Neftçala rayonunda olduğunu, yaxşı balıqlarının, tolstolob balıqlarının olduğunu demişdir. Daha sonra ona yenidən zəng etmiş və əlində olan balıqların şəkillərindən “Vatsapp” mesajlaşma tətbiqi ilə göndərməsini istəmişdir. Nicat bir neçə dəqiqə sonra ona yaxşı vəziyyətdə bir neçə növ balıq şəkilləri göndərmişdir. Nicatla yenidən telefon əlaqəsi saxladıqda o, balıqları almaq istəyənlərin sayının çox olduğunu demiş və pulunun olmadığını, təcili ona pul göndərməli olduğunu demişdir. Bundan sonra o, dərhal Nicatın “Vatsapp”la göndərdiyi kartına xx.xx.2024-cü il tarixdə yaşadığı kənd ərazisindəki “Oba” marketdə olan terminal vasitəsilə 300 manat göndərmiş, ona yenidən zəng eləmiş və belamor balığı da istəmişdir. Nicat bir neçə dəqiqə sonra belamor cinsli balıq şəkilləri göndərmiş və o, həmin balıqları istəmişdir. Nicat ona balıqları satan şəxslərin nisyə satmadıqlarını, pul lazım olduğunu demiş və buna görə də o, növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs kartına 1100 manat da göndərmişdir. Həmin vaxt qardaşı Şahid2 orada olmuşdur. Beləcə, o, Nicata ümumilikdə 1400 manat vermişdir. Daha sonra Nicatla yenidən telefon əlaqəsi saxlamış və Nicat ona balıqları sabah gətirəcəyini demişdir. Növbəti gün Nicat ona yenidən zəng edərək özünün gələ bilməyəcəyini, başqa adam vasitəsilə balıqları göndərəcəyini demişdir. Növbəti gün də Nicata yenidən zəng etmiş və bu dəfə də başqa bir bəhanə gətirmişdir. Bundan sonrakı günlərdə o, hər dəfə Nicatla danışarkən, Nicat ona müxtəlif bəhanələr gətirərək balıqları verəcəyini demişdir. Növbəti danışıqlarından birində o, Nicatla yenidən telefon əlaqəsi saxlamış və Nicat ona pulunu geri qaytaracağını demişdir. Lakin o, pulunu deyil, balıqları tələb etmişdir. Çünki o, həyətində olan heyvanı alverçi gətirib dəyərindən ucuz qiymətə alverçiyə satmışdır ki, həmin balıqları ala bilməsi üçün Nicata təcili pul göndərsin. Hazırda ona ittiham aktı üzrə ziyan məbləği kimi göstərilmiş 1400 manat pul məhkəmə iclasında Nicatın atası tərəfindən ödənilmişdir. Lakin onun Nicata qarşı daha artıq məbləğdə tələbi vardır. Belə ki, Nicat onu aldatmasaydı o, təcili formada heyvan satmalı olmazdı. Həmçinin balıqlar ona təhvil verilmiş olsa idi, o, balıqları böyüdüb sataraq gəlir əldə edərdi. Cinayət işi üzrə hazırda onun təqsirləndirilən şəxsə qarşı şikayəti olmasa da, o, gələcəkdə Nicata qarşı mülki qaydada məhkəməyə tələb irəli sürəcəkdir. Cinayət işi üzrə cəza məsələsinə gəldikdə isə o, təqsirləndirilən şəxsin həbs edilməsinin tərəfdarı deyildir. Analayır ki, onun azyaşlı övladları vardır. Odur ki, o, təqsirləndirilən şəxsə qarşı yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun qardaşı Zərərçəkmiş şəxs2 Sabirabad rayonu Balvar kəndində yaşayan Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq 1400 manat pulunun ələ keçirilməsindən məlumatlıdır. Bütün baş verənlər demək olar ki, onun yanında olmuşdur. Qardaşı Kərəm balıq saxlamaq məqsədilə Nicat Nağırovla əlaqə saxlamış, Nicat ona istədiyi ölçü və növdə balıqlar sata biləcəyini demiş, buna görə ona əslində onda olmayan balıqların şəklini göndərmişdir. Kərəm də ona inanaraq xx.xx.2024-cü il tarixdə yaşadıqları Sabirabad rayonu Şəhriyar kəndi ərazisindəki “Oba” marketdə olan ödəmə terminalı vasitəsilə onun yanında 300 manat göndərmişdir. Növbəti gün də o, Nicatın göndərdiyi hesab kartına yuxarıda qeyd etdiyi marketdə 1100 manat pulu onun yanında göndərmişdir. Beləcə, Kərəm Nicata ümumilikdə 1400 manat pul göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, yaşadığı Sabirabad rayonu Zəngənə kəndində həmkəndlisi Zərərçəkmiş şəxs1 traktorlarını idarə edir. O, Təqsirləndirilən şəxs tanımamış, lakin onun həmkəndlisi və traktorlarını idarə etdiyi müdiri Zərərçəkmiş şəxs1 qarşı etdiyi dələduzluq əməlindən sonra tanımışdır. O, Nicatın əmisi oğlu Şahid3 tanıyır. Niyaməddin də onun kimi traktorçudur və beləcə aralarında ünsiyyət yaranmışdır. 2023-cü ilin noyabr ayında Niyaməddinlə toyaxşamı mərasimində olarkən, ona presbağlayan qurğu lazım olduğunu demişdir. Çünki Möhsün ona əvvəldən demişdir ki, onlara presbağlayan qurğu lazımdır. Niyaməddin ona cavabında Sabirabad rayonu Şıxsalahlı kəndi ərazisində, fermada satışda presbağlayan olduğunu demişdir. Onunla vədələşmişlər və növbəti gün Niyaməddin, onlarla birlikdə işləyən həmkəndlisi, el arasında Asiman kimi tanınan Şahid5lə birlikdə Sabirabad rayonu Şıxsalahlı kəndindəki həmin fermaya getmişlər. Niyaməddin həmin presbağlayanın alqı-satqısının ona tapşırıldığını demişdir. Həmin presbağlayana baxdıqdan sonra ala biləcəklərini demişlər. Niyaməddin həmin presbağlayan gəldikdən sonra Möhsünə presbağlayanın cüzi təmirə ehtiyacı olduğunu, 3500 manata satışda olduğunu demişlər. Bir neçə gün sonra Niyaməddin ona zəng etmiş və presbağlayanı almaq istəyib-istəmədiklərini soruşmuşdur. O da həmin presbağlayanı 3500 manata deyil, 3000 manata ala biləcəklərini demişdir. Niyaməddin ona cavabında “danışıb sənə deyərəm” demişdir. Təxminən yarım saat sonra Niyaməddin yenidən ona zəng etmiş və 3000 manata razılaşdıqlarını demişdir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə o, Asiflə birlikdə Möhsüngilə 3000 manatı götürməyə getmiş, götürdükdən sonra Asiflə birlikdə Şıxsalahlı kəndinə, həmin fermaya getmişlər. O və Asif presbağlayanı traktora qoşub oradan Balvar kəndinə gəlmişlər ki, 3000 manatı Nicata versinlər. Hansı ki, Niyaməddin onlara Nicatın zəng eləyəcəyini demişdir və Nicat onlara zəng edərək Balvar kəndində gözlədiyini demişdir. Balvar kəndində, küçənin başında Nicatla görüşmüşlər və orada o, Möhsünün ona verdiyi 3000 manat pulu Nicata vermişdir. Buna qədər o, Nicatı görməmişdir və ilk dəfə o, Nicatı o zaman görmüşdür. Daha sonra oradan Zəngənə kəndinə gələrək presbağlayanı evin həyətyanı sahəsinə qoymuşlar. Növbəti günlərdə o, presbağlayanı təmir etmiş və təxminən 20 gün sonra Niyaməddin ona zəng edərək, Nicatın həmin pulu presbağlayanın əsl sahibinə vermədiyini, sahibinin ona zəng edəcəyini demişdir. Bundan bir neçə dəqiqə sonra presbağlayanın əsl sahibi Elçin adlı şəxs ona zəng etmiş, presbağlayanın sahibinin o olduğunu, ona kimsənin pul vermədiyini, presbağlayanın qaytarılıb yerinə qoyulmalı olduğunu demişdir. O da bu barədə zəng edərək Möhsünə demişdir. Möhsün Elçinlə bu barədə danışdıqdan təxminən bir həftə sonra o, Asiflə birlikdə presbağlayanı aparıb Şıxsalahlı kəndindəki fermaya qoymuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs babası onun atasının əmisi oğludur və buna görə də onlar əmioğlu kimi tanınırlar. 2023-cü ilin sonlarında Nicat ona Sabirabad rayonu Şıxsalahlı kəndində tanışının fermasında presbağlayan və digər dəzgahlar, texnikalar olmasını, onların satışda olduğunu demişdir. Bir dəfə də Nicat onu oraya çağırmış və o, gedib həmin texnikalara baxmışdır. Bundan bir müddət sonra o, traktorçu yoldaşlarla birlikdə olarkən, el arasında Asiman kimi tanınan Asif adlı şəxsə demişdir ki, presbağlayan və digər texnikalar vardır ki, əmisi oğlu onları satır. Nicat ona əvvəl demişdir ki, texnika və dəzgahlar tanışınındır və həmin tanışı ona demişdir ki, onları satsın. Asif də bu barədə Yüksəl adlı şəxsə deyib və bir neçə gün sonra Yüksəl və Asif ona zəng edərək, presbağlayana gedib baxmaq istədiklərini demişlər. O, onlarla birlikdə Şıxsalahlı kəndindəki yuxarıda qeyd olunan fermaya getmiş və presbağlayanı onlara göstərmişdir. Bundan sonra geri qayıtmışlar və Nicatın ona deməsinə əsaslanıb presbağlayanın 3500 manat qiyməti olduğunu demişdir. Yüksəllə Fərman presbağlayanı 3000 manata ala biləcəklərini demişlər. O, bu barədə Nicata demiş, 2-3 gün sonra Nicat ona presbağlayanı 3000 manata sata biləcəyini, bu barədə Yüksəlgilə deməyini istəmişdir. O, Yüksəlgilə zəng edərək Nicatın 3000 manata razılaşdığını xəbər vermişdir. Onlar da bununla razılaşmışlar və presbağlayanı gedib gətirmək istədiklərini demişlər. O, onlara işi olduğunu, bu barədə Nicatla danışmalarını telefon danışığı zamanı demişdir. Bundan sonra Asif ona zəng edərək artıq presbağlayanı götürdüklərini, pulu kimə verəcəklərini soruşmuş, o, bu barədə Nicatla danışmalarını istəmişdir. Çünki, onun həmin vaxt işi olmuşdur və Nicat da əvvəldən pulun ona çatacağını, pulu əldə etdikdən sonra presbağlayanın əsl sahibinə, yəni Elçin adlı şəxsin hesab kartına göndərəcəyini demişdir. Yüksəl və Asif presbağlayanı gətirdikdən sonra 3000 manatı Nicata vermişlər və bundan təxminən 20 gün sonra əvvəllər tanımadığı Elçin adlı şəxs ona zəng edərək ona aid presbağlayanı geri qaytarmağını istəmişdir. O, Elçinə presbağlayanın onda olmadığını, Nicatın həmin presbağlayanı 3000 manata satdığını, Nicatın ona dediyi sözləri, yəni 3000 manatı presbağlayanın əsl sahibinin hesab kartına göndərəcəyi barədə dediklərini Elçinə demişdir. Elçin ona Nicatın pul göndərmədiyini demişdir. Bundan sonra o, bir daha Elçinə presbağlayanın onda olmadığını, pulu Nicatın əldə etdiyini demişdir. Daha sonra o, Nicata zəng edərək niyə belə etdiyini soruşduqda, Nicat ona “göndərməmişəm, 1-2 günə göndərəcəm, sənlik deyil, narahat olma, özüm həll eləyəcəm” demişdir. Bundan sonra artıq nələrin baş verdiyinə onun özü şahid olmasa da, Yüksəlgilin presbağlayanı aparıb Elçinin fermasına qoyduqlarını xəbər tutmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad RİHB-nin Surra kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxst oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslər və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, himayəsində iki azyaşlı övladının olmasını, əməlindən peşman olmasını, zərər məbləğinin tam ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. İş materiallarından görünür görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Sabirabad Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. Məhkəməyə ünvanlanmış tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nın 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında olduğu, həmçinin 09 oktyabr 2024-cü ildən hal-hazıra qədər həbsdə saxlandığı 2 (iki) ay 9 (doqquz) günün bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) ay 18 (on səkkiz) gün çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dən növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqına iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclasında həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqına iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-165/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-165/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver