Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-165/2025 23.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olmayan, ünvan 1 ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunan ittihama görə, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan iç-içə keçirilmiş iki ədəd qara rəngli sellofanın içərisinə qoyulmuş halda bir ədəd bükümdə olmaqla 445 qram çəkidə, yəni xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib, bir ədəd göy rəngli sellofanın içərisinə qoyub əlində daşımış, 26 sentyabr 2025-ci il tarixdə saat 10:47-də əməliyyat-axtarış fəaliyyətinin subyektləri Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkilləri polis kapitanı Şahid1, polis leytenantı Şahid3 və Sabirabad RPŞnin NMQ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Sabirabad rayonu Parakənd kəndində piyada hərəkət edərkən saxlanılmış, saat 10:47-dən 10:58-dək fasiləsiz videoçəkilişdən istifadə etməklə üstü yoxlanılan zaman əynində əlində olan bir ədəd göy rəngli sellofan torbanın içərsində həmin 445,0 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, saxlanıldığı vaxtdan təxminən, 10 gün əvvəl Sabirabad rayonu Cavad kəndinə balıq tutmağa getmiş, Kür çayının Cavad kəndindən keçən hissəsində iki ədəd iç-içə keçirilmiş qara rəngli polietilen torbada narkotik vasitə qurudulmuş marixuana tapmış, özü narkotik vasitə istifadəçisi olduğundan həmin marixuananı özü ilə götürüb Sabirabad rayonu Parakənd kəndində yol kənarında kolluqda gizlətmiş, 26 sentyabr 2025-ci il tarixdə saat 10 radələrində həmin yerə gedib gizlətdiyi yerdən narkotik vasitəni götürmüşdür. İçərisində şalvar və əlcək olan başqa bir göy rəngli seloffan torbaya qoyub bir qədər istifadə etmək üçün üzərindən götürmək, qalanını isə yenidən gizlətmək məqsədi ilə daşımağa başlamışdır. 26 sentyabr 2025-ci il tarixdə saat 10:47 dəqiqədə Sabirabad rayonu Parakənd kəndi ərazisində piyada hərəkət edərkən üç nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını demiş, özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Bundan sonra onun narkotik vasitə istifadəçisi olması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumatlı olduqlarını demiş, ondan üzərində narkotik vasitə olub-olması barədə sual vermişlər. O əlində olan göy rəngli sellofan torbada olan narkotik vasitəni baxışa təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim edilən sellofan torbaya baxış keçirilərkən həmin torbada ona məxsus olan 1 cüt sarı rəngli fəhlə əlcəyi, 1 ədəd şalvar, iç-içə keçirilmiş iki ədəd sellofan torbaya qoyulmuş bir bükümdən ibarət narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, həmin kütlə içərisinə qoyulduğu sellofan torbalarla birlikdə əvvəlcə tərəzidə çəkilmiş və bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmışdır. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törətmişdir. Himayəsində yaşlı və xəstə anası vardır. Atası İ Qarabağ müharibəsi iştirakçısıdır. Sağlamlıq vəziyyətinə görə işləyə bilmir. Ailəsinə yeganə qazanc gətirən şəxsdir. Göstərdiyi xüsusatlara əsasən məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini, ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, o, Sabirabad RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayoru rütbəsindədir. 26 sentyabr 2025-ci il tarixdə ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı onun tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, daha sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində ondan başqa Sabirabad RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və və Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 da iştirak etmişlər. Bundan sonra onlar xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal olunan Sabirabad rayonu Parakənd kəndinə getmiş, həmin gün saat 10:47-də Sabirabad rayonu Parakənd kəndində xidmətdə olarkən Təqsirləndirilən şəxs yolda piyada şəkildə hərəkət edərkən görmüşlər. Onlar dərhal videoçəkilişlə ona yaxınlaşmış və polis əməkdaşları olduqlarını bildirib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu qeyd etmişlər. Bundan sonra üzərində narkotik vasitə və ya psixotrop maddə vardırsa təqdim edilməsi Təqsirləndirilən şəxs təklif olunmuş, Təqsirləndirilən şəxs əlində olan göy rəngli selofan torbanı təqdim etmiş, içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Həmin sellofan torbaya baxış keçirilərkən müəyyən edilmişdir ki, içərisində bir cüt sarı rəngli əlcək, bir ədəd qara rəngli şalvar və iki ədəd iç-içə keçirilmiş qara rəngli polietilen torbada olmaqla, bir bükümdə yaşıl rəngli, qurudulmuş ot formasında, kəskin spesifik qoxuya malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr vardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin torbanın nə olması, nə vaxt və haradan əldə etməsi barədə verilmiş suallara cavab olaraq sonuncu bildirmişdir ki, həmin yaşıl rəngli ot formasında olan kütlə narkotik vasitə marixuanadır. Həmin narkotik vasitəni təxminən 10 gün əvvəl Kür çayının Cavad kəndindən keçən hissəsində çay kənarından tapmış, özü ilə daşıyıb Sabirabad rayonu Parakənd kəndindən keçən yolda özü istifadə etmək məqsədi ilə saxlamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, X1 müstəntiq tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsinin yaxınlığında gizlətdiyi narkotik vasitələri könüllü şəkildə polisə təhvil verməsi ilə əlaqədar keçirilmiş baxışda o da iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs özü və digər iştirakçılarla birlikdə bənd üstü yolla Kür çayının Sabirabad şəhəri istiqamətindən keçən hissəsinə gəlmiş, sonra Təqsirləndirilən şəxs avtomobili saxlayıb yerə düşməyi təklif etmişdir. Ona görə də avtomobili saxlayıb yerə düşmüşlər. Bundan sonra Təqsirləndirilən şəxs çay kənarında yulğun kollarının arasında nisbətən çökək yerdə torpağa basdırılmış bir ədəd ağ rəngli sintetik kisə çıxardıb təqdim edərək həmin kisənin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin narkotik vasitə çəkilmiş, daha sonra qablaşdırılaraq götürülmüşdür. İş materiallarından olan məhkəmə-bioloji ekspertizasının 27 sentyabr 2025-ci il tarixli 18/705 nömrəli ekspert rəyində göstərilmişdir ki: Tədqiqata təqdim olunmuş üzərində “...imza Bağırlı...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkisi - 445 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata istifadə olundu-0,10 qram, qalıq 444,90 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 6233 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİMDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad Rayon İHB-nin şəhər ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarından göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs göstərilən cinayəti əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, maddi sübut, özünün etirafedici ifadəsi, şahid ifadələri və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşman olmasını, ailə vəziyyətini və ailəsinə yeganə qazanc gətirən şəxs olasını Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə onu cəmiyyətdən təcrid etmədən islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək iki gün həbsdə saxlanmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla dörd gün müddət ona təyin olunan cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi tədqiqatdan sonra qalıq qalmış 444,90 qram narkotik vasitə-qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini və məhkəmə xərcinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanmasının bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 67,30 (altmış yeddi manat otuz qəpik) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad RPŞ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış çəkisi 444,90 qram olan narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-165/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-165/2025
23.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver