Məhkəmə qərarları › İş №1(056)-166/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-166/2023

06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-166/2023 06.11.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Ələkbər Əlisahib oğlu Əliyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Sabirabad şəhərinəd anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi – 1,015 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 05 iyul 2023-cü il tarixdə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri, Nizami küçəsində, yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Sabirabad şəhəri, H.Əliyev prospekti 91 ünvanda yerləşən Sabirabad rayon polis şöbəsinə gətirilmiş, şöbənin inzibati binasında saat 22:25 dəqiqədə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şortun sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi - 1,015 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitə istifadə edir. 05 iyul 2023-cü il tarixdə saat 22:00 radələrində Sabirabad şəhəri Nizami küçəsində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdirərək, onu polis şöbəsinə dəvət etmişlər. O da bununla razılaşmış və polis əməkdaşları ilə birlikdə Sabirabad RPŞ-nə gəlmişdir. Polis şöbəsində ona vəkil təqdim edilmiş, hüquq və vəzifələri izah olunmuş, bununla bağlı ona bildiriş təqdim edilmişdir. Daha sonra, onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Təhqiqatçı ona təklif etmiş ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim edərək masanın üzərinə qoysun. O da əynində olan boz rəngli şortun sol yan cibində saxladığı 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamini və üzərində “Argo” yazılmış siqaret qutusunu çıxarmış və masanın üzərinə qoymuşdur. Təhqiqatçı ona üzərində olan digər əşyaları da təqdim etməsini istədikdə o, üzərində heç bir əşyanın olmadığını bildirmişdir. Daha sonra onun üzərində şəxsi axtarış keçirilmiş və üzərindən əlavə əşya aşkar edilməmişdir. Təhqiqatçı onun təqdim etdiyi 01 ədəd bükümü açaraq içinə baxdıqdan sonra ondan həmin kütlə barədə soruşduqda o, həmin kütləni bir neçə gün əvvəl Sabirabad rayonu ərazisində piyada gəzərkən tapdığını bildirmişdir. Şəxsi axtarışın sonunda onun üzərindən aşkar edilmiş kütlə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüş və üzərində “Argo” yazılmış siqaret qutusu ona geri qaytarılmışdır. Baxış video görüntü ilə qeydə alınmışdır. O, ifadəsində, həmçinin, qeyd etmişdir ki, hazırda əməlindən peşmandır və şəxsiyyətinin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, 05 iyul 2023-cü il tarixdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin Sabirabad RPŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs Sabirabad şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün Təqsirləndirilən şəxs Sabirabad şəhərində Nizami küçəsində yaşadığı evin yaxınlığında müşahidə edib Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək birlikdə Sabirabad Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etsin. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs özü könüllü şəkildə bildirmişdir ki, cibində psixotrop maddə olan metamfetamin vardır. Daha sonra əynindəki boz rəngli şortun yan cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütləyə baxış keçirilən zaman, psixotrop maddə olan metamfetaminə oxşaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümü Sabirabad rayonu ərazisindən tapdığını öz istifadəsi üçün üzərində saxladığını və satış məqsədinin olmadığını bildirmişdir. Aşkar edilmiş kütləyə iştirakları ilə baxış keçirilmiş, daha sonra isə qablaşdırılıb “Zərflər üçün № 139” möhürü ilə möhürlənib, təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən bundan başqa heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 göstərdiyinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 iyul 2023-cü il tarixli, 18/706 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi-1,015 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin tədqiqatdan sonrakı qalığı -0,965 qram olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 31,95 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5458 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ACDİÜ məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına; Nəsimi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən və Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur, hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Sabirabad rayon Sabirabad şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı ərazi üzrə müsbət xarakterizə edilir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metafetamini əldə edib, daşımaqla saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, maddi sübut, özünün etirafedici və şahid ifadələri, həmçinin digər iş materialları, o cümlədən məhkəmədə baxış keçirilmiş və iş materiallarında olan CD diskdə əks olunmuş video-görüntülərlə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilibyetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və Həmin Məcəllənin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran və yüngülləşdirən hallarının olmamasını nəzərə alaraq təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasının həddi daxilində 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza nəzərdə tutulsa da, onun əvvəllər də (Azərbaycan Respublikası ACDİÜ məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi; Nəsimi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci, 177.2.2 və 177.2.3-cü maddələri ilə) eyni xarakterli cinayətlər törətməklə məhkum olunmasını, lakin islah yolunu tutumamasını onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq və cəzanın fərdiləşdirilməsi prinsipinə istinad edərək ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini əsaslı hesab etmir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs 05 - 07 iyul 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq 2 gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 həbs günü 2 gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılaraq üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Həmçinin, təqsirləndirilən şəxs təyin olunmuş həmin cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli hazırki gündən yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalında həbsə alınmalı və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlarla yanaşı, həmçinin, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 manat məbləğində dəyəri ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməli, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan 01 ədəd sellofan bükümdə tədqiqatdan sonrakı qalıq çəkisi – 0,965 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 – 07 iyul 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir həbs günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmaqla ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalında həbsə alınsın və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan 01 ədəd sellofan bükümdə tədqiqatdan sonrakı qalıq çəkisi – 0,965 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar