Məhkəmə qərarları › İş №1(056)-167/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-167/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-167/2024 09.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Allahverdiyevin sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittihama görə o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda 0,232 qram təmiz çəkidə psixotrop maddə metamfetamini qanunsuz əldə edib bir ədəd kağız bükümdə əynindəki qara rəngli cins şalvarın sol cibində saxlamış, 06 may 2024-cü il tarixdə, saat 00:40 dəqiqədə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Sabirabad şəhəri Natavan küçəsində olarkən, özünü şübhəli apardığından, şəxsiyyətinin müəyyən edilməsi məqsədilə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Sabirabad şəhəri, H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə, saat 01:45 dəqiqədə üzərində şəxsi axtarış aparılan zaman, əynindəki cins şalvarının sol cibindən 0,232 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 5 ay əvvəldən tutulduğu günə kimi narkotik vasitə istifadə etmişdir. Özünə məxsus avtomobillə rayon ərazisində taksi kimi fəaliyyət göstərir. xx.xx.2024-cü il tarixdə yaşadığı Sabirabad şəhəri, H.Həmidov küçəsi ərazisində piyada gəzərkən, yol kənarında ağ rəngli kağız bükümü olduğunu görmüş, həmin bükümü götürüb açaraq içinə baxdıqda, el arasında “patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu bilmişdir. Həmin bükümü istifadə etmək məqsədilə cibinə qoymuşdur. 06 may 2024-cü il tarixdə, saat 00:40 dəqiqədə Sabirabad şəhəri, Natavan küçəsi ərazisində piyada evinə gedən zaman polis avtomobilinin gəldiyini görmüş, polis əməkdaşlarının onun arxasınca gəldiyini düşünərək geri qayıtmaq istəmişdir. Lakin polis əməkdaşları avtomobili saxlayaraq, avtomobildən düşərək onun yanına gəlib özlərini təqdim edib kim olduğunu, həmin küçədə nə etdiyini soruşmuşlar. O, qorxduğu üçün onlara cavab verməmişdir. Onun özünü şübhəli apardığını görən polis əməkdaşları onu Sabirabad RPŞ-yə dəvət etmiş, o, etiraz etməmiş və onlarla birlikdə Sabirabad RPŞ-yə gəlmişdir. Sabirabad RPŞ-də o, özünü təqdim etdikdən sonra kim olduğu, harada yaşadığı müəyyən olunmuş və polis əməkdaşları ondan özünü nəyə görə şübhəli apardığını soruşduqda, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra o, müstəntiqin xidməti otağına qalxmış və həmin vaxt ona müstəntiq yaxınlaşmışdır. Müstəntiq tərəfindən şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilərək, hüquq və vəzifələri izah olunmuşdur. Müstəntiq ona üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etməyini bildirmiş, o da üzərində psixotrop maddə metamfetamin olduğunu bildirərək, həmin kütləni təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış və hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Müstəntiq onun təqdim etdiyi 01 ədəd bükümü açaraq içinə baxdıqdan sonra ondan həmin kütlə barədə soruşduqda o, həmin kütləni xx.xx.2024-cü il tarixdə, Sabirabad şəhəri ərazisində piyada gəzərkən yol kənarından tapdığını bildirmişdir. Müstəntiq həmin kütləni nə üçün üzərində saxladığını soruşduqda isə gələcəkdə istifadə etmək məqsədilə üzərində saxladığını və satış məqsədinin olmadığını demişdir. Şəxsi axtarışın sonunda onun üzərindən aşkar edilmiş həmin kütlə müstəntiq tərəfindən qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Artıq narkotik vasitə qəbul etməyi də tutulduğu zamandan dayandırmışdır. Göstərdiklərinə əsasən məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Elnur oğlu bildirmişdir ki, o, Sabirabad RPŞ-nin YYÇ-nin PİT Qrupunun inspektoru işləyir. xx.xx.2024-cü il tarixdə, saat 00:40 radələrində Sabirabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsi Şahid1 ilə birlikdə Sabirabad şəhəri, Natavan küçəsində xidmətdə olduqları zaman bir nəfər piyadanın onları gördükdən sonra özünü şübhəli apardığını, sanki olduğu yerdən getmək qərarına gələrək həyəcanla sürətli yeriməyə başladığını görmüşlər. Onlar idarə etdikləri avtomobili saxlayaraq avtomobildən düşmüşlər və özlərini, xidməti vəsiqələrini təqdim etdikdən sonra kim olduğunu, harada yaşadığını soruşmuşlar. Həmin şəxs onlara özünü təqdim etməkdən imtina etmiş, şəxsiyyəti barədə məlumat verməmişdir. Eyni zamanda, həmin şəxsin danışıq tərzi və davranışları onlarda şübhə yaratmış, buna görə də həmin şəxsi şəxsiyyətinin müəyyən edilməsi məqsədilə Sabirabad RPŞ-yə dəvət etmişlər. Həmin şəxs onlara etiraz etməmiş, birlikdə RPŞnin NH-yə gəlmişlər. ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Belə olduqda, o, raportla RPŞ-nin rəisinə məruzə etmiş və onlar müstəntiqin xidməti otağına getmişlər. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs özü könüllü şəkildə bildirmişdir ki, cibində psixotrop maddə metamfetmanin vardır və o, əynindəki qara rəngli cins şalvarın sol cibindəki ağ rəngli kağız bükümünü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra müstəntiq ağ rəngli kağız kəsiyinə bükülmüş salfet parçası bükümünü açdıqda, içərisində ağ rəngli, kristal tərkibli psixotrop maddə metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddənin özünə məxsus olduğunu və istifadə etdiyini, satış məqsədinin olmadığını bildirmişdir. Aşkar edilmiş bükümə iştirakları ilə baxış keçirilmiş, daha sonra isə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının “06” may 2024-cü il tarixli, 3-16-16/2-18/468 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərində.” sözləri yazılmış və imzalar olan kağız paketdəki: 01 ədəd kağız kəsiyinə bükülmüş salfet parçası bükümündə təmiz çəkisi –0,232 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin təmiz çıkisi 0,232 qram, tədqiqata sərf olundu -0,05qr, qalıq 0,182 qram. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 4894 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad RİHB-nin Şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə Təqsirləndirilən şəxs göstərilən cinayəti əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, özünün etirafedici ifadəsi, şahid ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə onu cəmiyyətdən təcrid etmədən islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən şübhəli şəxs qismində tutulmuş, Sabirabad 07 may 2024-cü il tarixli qərarı ilə barəsində xx.xx.2024-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü tarixədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında olduğu 3 ay müddət azadlığın məhdudlaşdırılması cəzasının 6 ayına bərabər tutulub hesablanmaqla, həmin 6 ay təyin olunan cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi tədqiqatdan sonra 0,182 qram olan narkotik vasitə metamfetaminin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini və məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddətin bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 2 (iki) il 6 (altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 6 (altı) ay çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 (qırx doqquz manat yetmiş dörd) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE**********00********) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad RPŞ-də saxlanılan tədqiqat nəticəsində qalıq qalmış 0,182 qram narkotik vasitə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar