Məhkəmə qərarları › İş №1(056)-168/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-168/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-168/2024 09.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Allahverdiyevin sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1961-ci ildə Sabirabad rayonunun Qasımbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olan, Sabirabad rayonunun Yuxarı-Axtaçı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialına dair işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayonu Yuxarı Axtaçı kənd sakini Təqsirləndirilən şəxs 09 avqust 2024-ci il tarixdə, saat 17 radələrində, yaşadıqları ünvanda arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətlərin pozulması səbəbilə baş vermiş münaqişə zamanı o, sərxoş halda Zərərçəkmiş şəxs ağac parçası ilə bədəninin müxtəlif nahiyələrinə, eləcə də həmin vaxt stolun üzərində götürdüyü aşaşdırmaya məlum olmayan mətbəx bıçağı ilə sol əlinə vurmaqla, Zərərçəkmiş şəxs sol bazunun orta 1\3-də bayır səthdə, sol baldırın orta 1\3-də ön səthdə qançırlar, sol əlin ovuc səthində yara ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bu əməlinə görə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, zərərçəkmiş şəxs onun arvadıdır. Onunla 1992-ci ildə ailə qurmuş, iki oğlu vardır. Onun tez-tez spirtli içki qəbul etməsi ucbatından evdə Əsli ilə davaları olmuş, poli orqanında dəfələrlə araşdırma aparılmış, işləri rayon məhkəməsinə göndərilmişdir. Əsli ilə eyni evdə yaşasalar da, uzun illərdir ki, münasibətləri yoxdur. Böyük oğlu Ceyhun ayrı təsərrüfatda, kiçik oğlu Samir onlarla birlikdə yaşayır. Özü onlarla eyni evdə yaşasa da, xörəyini özü hazırlamaqla geyimlərini özü yuyur. Həyətdə bir neçə lazımsız metallar olduğundan qərara gəlmişdir ki, metalları satıb ağacları zərərvericilərə qarşı qorumaq üçün kimyəvi məhlul alsın. Lakin Əsli metal qəbulu ilə məşğul olanları şikayət etməklə hədələdiyi üçün alıcılar metal qəbul etməkdən qorxmuşlar. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində həyətdə olan ağacları kimyəvi məhlul ilə dərmanlayarkən, Əsliyə səslənib, “cücələri kənara çək ki, onlar zəhərlənməsinlər” deyə bildirsə də, əhəmiyyət verməmiş, çıxıb qonşuluqda yaşayan oğlu Ceyhunun evinə getmişdir. O, cücələri qovalayarkən onlara balaca torpaq daş atmış və daş toyuqun birinin ayağına toxunmuş və toyuq axsamışdır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yenidən ağacları dərmanlayarkən cücələr zəhərlənməməsi üçün, Əsliyə yenə də “cücələri kənara apar zəhərlənməsinlər” deyə bildirsə də, ona məhəl qoymamış, cücələrə nə isə olduğu halda şikayət edəcəyini söyləmişdir. O, cavab olaraq Əsliyə “bezdirmə məni həyatımdan, özümə nəsə edəcəyəm sənin əlindən” deyə bildirmişdir. O, bunu dedikdən sonra Əsli valdeynlərinin goruna nalayiq sözlər işlətdiyi üçün, iradlar bildirmiş, bu zaman Əsli əlində olan ağacla sağ ayağından bir neçə dəfə vurmuş və özü onun hərəkətlərindən əsəbləşib həyətdə masa üzərində olan mətbəx bıçağın götürüb üstünə getmişdir ki, onu nalayiq söz işlətməməsi üçün qorxutsun. Lakin Əsli elə zənn etmişdir ki, onu bıçaqla vuracaq və sol əlin qabağa edərkən, əlində olan bıçaq onun əlinin içərisinə dəyərək xəsarət yetirmiş və evdən çıxıb onu şikayət etməklə hədələyib oğlu Ceyhungilə getmişdir. Sonradan eşitmişdir ki, Əsli ondan DİN-in 102 xidmətinə və RPŞ-nə şikayət edib ki, onu bıçaqla vurmuşdur. Hazırda o, məhkəmədən onun canının zərərçəkmiş şəxsdən qurtarılmasını istəyir və verilən hər bir cəzaya hazırdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, o, 1992-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, iki övladı var, böyük oğlu ailəlidir ayrı təsərrüfatda yaşayır, kiçik oğlu isə onlarla birgə yaşayır. Famil bir neçə ildir spirtli içki aludəçisidir, içki təsiri altında olaraq evdə münaqişə yaradır, dəfələrlə onu döyüb, bununla bağlı araşdırmalar olmuşdur. Bir neçə gündür Famil həyətdə olan metaldan düzəlmiş və evə lazım olan “qayçı” deyilən dəmiri satmaq fikrinə gəlmiş, hər dəfə ona satmağa icazə vermişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Famil harasa gedib spirtli içki təsiri altına yenidən evə gəlmiş, həmin günü saat 17 radələrində dəmiri satmağa imkan vermədiyi üçün aralarında mübahisə baş vermiş, onu qadına yaraşmayan nalayiq söyüşlərlə söyməyə başlamışdır. Özü ona bununla bağlı iradlarını bildirdikdə, Famil masa üzərində olan məişət bıçağını götürüb üstünə gəlmiş, bıçaqla vurmaq istədikdə, sol əlini bıçağın qarşısına vermiş, bıçaq sol əlinə batsa da, bıçağı Familin əlindən alıb kənara tullamışdır. Bundan sonra Famil yerdə olan ağacla bədən nahiyyəsinə vuraraq döyməyə başlamışdır. Özü onun əlindən qaçaraq, qonşuluqda yaşayan oğlu Ceyhunun evinə getmiş, ordan DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, RPŞ-nə ərizə ilə müraciət etmişdir ki, onun barəsində qanuni tədbir görülüb cinayət məsuliyətinə cəlb edilsin. Həmin vaxt evdə ikisi olduğundan yanlarında heç kim olmamış, baş verənləri heç kim görməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona sərt cəza təyin edilməsini xahiş edir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 496 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol bazunun orta qapalı kəllə beyn travması, baş beyn silkələnməsi ilə müşayət oluna, sağ təpə nahiyyəsində hematoma, 1\3-də bayır səthdə, sol baldırın orta 1\3-də ön səthdə qançırlar, küt əşyanın sol əlin ovuc səthində yara ilə kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmiş,əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 1(056) 78/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sabirabad Rayon İcra və Probasiya şöbəsindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 8 ay 20 gün təşkil edir. Beləliklə məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafedici ifadəsi, zərərçəkmişin ifadəsi, ekspertiza rəyi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən yaşınını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nın 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun törədilməsi hallarını nəzərə alıb, həmçinin təqsirləndirilən şəxsin zərərçəkmişə qarşı qeyd edilən xarakterli cinayəti daha əvvəllər də törətməsini, hətta sonuncu dəfə də arvadı olan zərərçəkmiş şəxsə qarşı eyni xarakterli cinayət törətməsinə görə məhkum edilib barəsində azadlığın məhdudlşadırılması cəzası təyin edilməsini, hazırda həmin cəzanı çəkməsini, buna baxmayaraq yenə də eyni xarakterli əmələ yol verməsini, yəni islah olunmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Belə olan halda məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67 və 68-ci maddələrinə əsasən Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin olunmuş və çəkilməmiş 8 (səkkiz) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə 1 gün azadlıqdan məhrumetmə cəzası bərabər tutulub hesablanmaqla hazırki cəza ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsinə gəldikdə isə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsini və onun məhkəmə iclas zalından həbs edilməli olmasını əsaslı hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381- 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67 və 68-ci maddələrinə əsasən Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş qalan 8 (səkkiz) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə 1 gün azadlıqdan məhrumetmə cəzası bərabər tutulub hesablanmaqla hazırki cəza ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs üzərində qəti olaraq 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar