Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-169/2024 09.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Allahverdiyevin sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə 2 il 01 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda cəza çəkən, Sabirabad şəhəri, S.Ə.Şirvani küçəsi, döngə 2, ev 12-də qeydiyyatda olmaqla Sabirabad rayonu Suqovuşan kəndində yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama görə, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda -7,88 qram təmiz çəkidə 01 ədəd polietilen bükümdə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 10 iyun 2024-cü il tarixdə saat 12:45 dəqiqədə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri V.Əhmədov küçəsində piyada hərəkət edərkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Sabirabad şəhəri, H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon polis şöbəsinə gətirilmiş, şöbənin inzibati binasında həmin gün saat 13:20 dəqiqədə üzərində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd polietilen bükümdə təmiz çəkisi-7,88 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında yaşadığı Sabirabad rayonu Suqovuşan kəndində piyada hərəkət edərkən yerdən bir ədəd sellofan büküm görmüş, həmin sellofan bükümü götürüb içərisinə baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını müəyyən etmiş və həmin kütləni istifadə etmək məqsədilə götürüb əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. Daha sonra şəxsi işləri ilə əlaqədar olaraq Sabirabad şəhəri ərazisinə gəlmiş, həmin gün saat 13 radələrində Sabirabad şəhəri V.Əhmədov küçəsində piyada hərəkət edərkən bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərinin polis əməkdaşları olduqlarını bildirib üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu qeyd edərək onu Sabirabad RPŞyə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Sabirabad RPŞ-yə gəlmiş, orada müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşya və predmetin olub-olmaması soruşulmuş, o, üzərində nəşə olduğunu qeyd edərək əynində olan şalvarın sağ yan cibindəki bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış aparılmış və üzərində dövriyyəsi qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış və zərfin üzəri möhürlə möhürlənmişdir. Şəxsi axtarış zamanı ona verilmiş suallara cavab olaraq üzərindən aşkar edilmiş kütlənin özünə məxsus olmasını, həmin narkotik vasitəni yerdən tapdığını və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təsir olmadığını qeyd etmişdir. Sonra müstəntiq tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Hazırda törətdiyi əməldən peşmandır. Himayəsində iki azyaşlı övladı vardır. Bərbər işləməklə ailəsinə yeganə qazanc gətirən şəxsdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin polis nəfəri vəzifəsində işləyir. 10 iyun 2024-cü il tarixdə Sabirabad rayonu Suqovuşan kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu barədə Şahid1 əməliyyat məlumatı daxil olmuş, bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi sonuncuya həvalə olunmuş, Şahid1 tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunaraq əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin Sabirabad RPŞ-nin Uçot qeydiyyat işləri üzrə operatoru Şahid2 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sabirabad şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürüb Təqsirləndirilən şəxs Sabirabad şəhəri, V.Əhmədov küçəsində piyada hərəkət edən zaman müşahidə edib yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək birlikdə Sabirabad Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsini təklif etmişdir. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs özü könüllü şəkildə bildirmişdir ki, üzərində narkotik vasitə marixuana vardır. Daha sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd polietilen bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Həmin büküm müstəntiq tərəfindən açılmış və baxış keçirilən zaman içərisindəki kütlənin narkotik vasitə olan qurudulmuş marixuanaya oxşaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olduğunu və istifadə etdiyini, satış məqsədinin olmadığını, Suqovuşan kəndi ərazisində piyada gəzərkən tapdığını bildirmişdir. Aşkar edilmiş bükümə iştirakı ilə baxış keçirilmiş, daha sonra isə qablaşdırılıb möhürlənərək götürülmüşdür. İşdə olan Məhkəmə-bioloji ekspertizasının 11 iyun 2024-cü il tarixli 18/581 №-li rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız 1 ədəd polietilen bükümdə təmiz çəkisi-7,88 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli, 5733 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad RİHB-nin şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 1 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarından göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aidddir. Təqsirləndirilən şəxs 7,88 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək saxladığını və daşıdığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 188295/2022 saylı məktubda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Sabirabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(056)-48/2022 saylı hökmü ilə 02 il 1 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməmiş hisssəsi 24 gün təşkil edir. Beləliklə Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadələri, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və himayəsində iki azyaşlı övladı olmaqla ailəsinə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər də eyni xarakterli cinayət törətməsini, hazırda cəza çəkməsini, yəni şəxsin islah olunmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirilməklə cəza təyin edir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza azadlıqdan mərhum etmə ilə toplandıqda, azadlığın məhdudlaşdırılmasının iki gününə azadlıqdan məhrum etmənin 01 günü hesablanır. Məhkəmə CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsaslanaraq, hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(056)-82/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01 (bir) il 04 (dörd) ay 2 (iki) gün, azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə 1 gün azadlıqdan məhrumetmə cəzası hesablanmaqla qismən birləşdirilməsini və ona qəti olaraq azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını əsaslı və məqsədəmüvafiq hesab edir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdənxx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq 2 gün həbsdə saxlanılması müddəti ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dəyişdirilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalmış 7,86 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, məhkəmə xərci təqsirləndirilən şəxsin hesabına ödənilməlidir. Həmçinin qeyd edilməlidir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs az ağır cinayət törətdiyindən və ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəaisən əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsi müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67 və 68-ci maddələrinə əsasən Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş və çəkilməmiş qalan 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə 1 gün azadlıqdan məhrumetmə cəzası bərabər tutularaq hesablanmaqla hazırki cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 8 (səkkiz) ay 10 (on) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan və Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalmış 7,86 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-169/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-169/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver