Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-172/2024 20.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Allahverdiyevin sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sabirabad rayonu Qarağac kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində "Polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə elan edilən ittihama görə 2024-cü ilin aprel ayında Sabirabad rayonu Qarağac kəndində yaşadığı evin həyətyanı sahəsində torpağı şumlayıb istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə xeyli miqdarda, yəni 08 ədədini yetişdirərək kultivasiya etmiş, 24 iyun 2024-cü il tarixdə Sabirabad RPŞ-nin Qaragüney PB-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsinda, yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman, evin həyətyanı sahəsindən ümumilikdə 08 ədəd yaş vəziyyətdə ümumi çəkisi-2100 qram olan bitki nümunələri əkilib- becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2024-cü ilin aprel ayının əvvəllərində yaşadığı Sabirabad rayonu Qarağac kəndində yolda piyada hərəkət edərkən yerdən bir ədəd bükülmüş vəziyyətdə salfet tapmış, həmin salfeti götürüb içərisində baxdıqda içərisində narkotik tərkibli çətənə bitkilərinin toxumları olduğunu görmüşdür. Bundan sonra həmin toxumları götürüb salfetə yenidən bükmüş və yaşadığı evə gətirmişdir. Daha sonra 2024-cü ilin aprel ayının sonlarında tapdığı narkotik tərkibli çətənə bitkilərinin toxumlarını yaşadığı evin həyətyanı sahəsindəki bağda torpaqda əkmişdir. Bu vaxt niyyəti toxumlardan çətənə bitkisi yetişdirib həmin bitkidən narkotik vasitə qurudulmuş marixuna əldə edib istifadə etmək olmuşdur. Əkdiyi toxumlardan ümumilikdə 8 ədədi cücərmişdir. O, bitkilərə gündəlik olaraq su verib, diblərini yumşaltmaqla, eləcə də peyin verməklə qulluq etmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olarkən bir neçə şəxsin evinə gəldiyini görmüş, daha sonra həmin şəxslərin polis əməkdaşları olduqlarını müəyyən etmişdir. Həmin şəxslər ona yaşadığı evə hal şahidlərinin iştirakları ilə baxış keçirəcəklərini demişlər. O, polis əməkdaşları ilə razılaşmışdır. Baxış zamanı ondan yaşadığı evin həyətyanı sahəsində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet, həmçinin əkilib becərilməsi qadağan olunmuş hər hansı bitki olub-olmaması soruşulmuş, o, evinin həyətində əkilib becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə bitkiləri olmasını demişdir. Bundan sonra ona həmin bitkiləri göstərməsi bildirilmiş, o, evinin bağ hissəsinə daxil olaraq bağın orta hissəsində olan üç ədəd kiçik ölçülü və kənar hissəsində olan beş ədəd böyük uzunluğunda olan bitkiləri göstərmişdir. Polis əməkdaşları və aqronom bitkilərə baxış keçirdikdən sonra həmin bitkirləri kötüyü ilə birlikdə torpaqdan çıxartmışlar. Daha sonra isə aşkar etdikləri 8 ədəd çətənə bitkisini iki ədəd baş-başa keçirilmiş sintetik kisəyə qoyub kisənin üzərini yapışqanlı lentlə bağlayıb möhürləmişlər. Daha sonra o, polis əməkdaşları ilə birlikdə Sabirabad RPŞ-yə gəlmiş, burada müdafiəçi ilə təmin olunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Hazırda əməlindən çox peşmandır. Ailəsinə yeganə qazanc gətirən şəxsdir. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Bu günə kimi belə bir əmələ yol verməmişdir. Hazırda ailəsinin, valideynlərinin və qohumlarının üzünə baxmağa xəcalət çəkir. Göstərdiklərinə əsasən məhkəmədən barəsində həblə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu Qarağac kəndində ailəsi ilə birlikdə yaşayır. 24 iyun 2024cü il tarixdə kənddə olarkən Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb Qarağac kənd sakini Təqsirləndirilən şəxs həyətində və həyətyanı sahəsində narkotik vasitə olan çətənə bitkiləri əkməsi və narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını və həmin şəxsin həyətinə, həyətyanı sahəsindəki tikililərə və yaşadığı evə baxış keçirəcəklərini bildirib, baxış keçirilən zaman onun da hal şahid qismində iştirak etməsini təklif etdilər. O, baxış keçirilən zaman hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiyini və baxış keçirilən zaman hal şahidi qismində iştirak etmək istədiyini bildirmişdir. Ondan başqa polis əməkdaşları kənd sakini Şahid4 da hal şahidi qismində dəvət etmişlər. Bundan sonra polislərlə birlikdə Qarağac kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə getmişlər. Polis işçiləri ev sahibini çağırmışlar. Ev sahibi olan Təqsirləndirilən şəxs həyətdə idi. Polislər Vüsala həyətində narkotik tərkibli çətənə bitkiləri əkməsi və qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla həyətinə, həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər və onların da hal şahidi qismində iştirak edəcəklərini Vüsala izah etmişlər. Təqsirləndirilən şəxs həyətinə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra hal şahidlərinin, aqronom mütəxəssisin və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman, həyətdəki bağçada 8 ədəd çətanə bitkiləri aşkar edilmişdir. Onlarla birlikdə gələn aqronom da çətənə bitkilərinə baxıb, həmin bitkilərə qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına vermişdir. Aşkar edilmiş 8 ədəd çətənə bitkiləri sintetik kisəyə yığılaraq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs çətənə bitkilərini öz istifadəsi üçün əkdiyini və qulluq etdiyini bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 şahid qismində dindirilmiş Şahid3 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin Qarageny PB-nin polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, 24 iyul 2024-cü il tarixdə Sabirabad rayonu Qarağac kənd sakini Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik tərkibli çətənə bitkilərinin əkibbecərilməsi ilə məşğul olaması barədə RPŞ-nin Qaragüney PB-nin CAÜ-ə baş əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuş, Şahid1 bununla bağlı olaraq raportla polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi Şahid1 havalə olunmuş, onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, qərar əsasında Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə keçiriləcək baxışda iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin Sabirabad RPŞ-nin İB-nin müstəntiqi Fərid Cəfərzadə, ondan ibarət olması təsdiqlənmişdir. Daha sonra baxış keçirilməsi prosesində aqronom mütəxəssis qismində iştirak etməsi üçün Sabirabad RM-nin Toxum analizləri şöbəsinin müdiri Şahid5 dəvət olunmuşdur. Bundan sonra avtomobillə Təqsirləndirilən şəxs yaşadığı Qarağac kəndində yerləşən evinə getmişlər. Orada 2 nəfər hal şahidi dəvət etmişlər və hal şahidlərinin, aqronom mütəxəssisin, polis əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman həyətdə yerləşən bağçadan 8 ədəd çətənə bitkisi aşkar edilmişdir. Dəvət edilmiş aqronom isə bitkilərə baxıb, qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına təqdim etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs yaşadığı evdən, həyətyanı sahədən dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs şifahi sorğu zamanı polis əməkdaşlarına çətənə bitkilərini öz istifadəsi üçün əkdiyini və qulluq etdiyini, heç bir satış məqsədinin olmadığını bildirmişdir. Aşkar edilmiş 8 ədəd çətənə bitkiləri müstəntiq tərəfindən qablaşdırılıb götürülmüşdür. Bundan sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının 25 iyun 2024-cü il tarixli 18/608 №-li rəyindən görünür ki, "Təqsirləndirilən şəxs həyətyanı sahəsindən..." sözləri yazılmış və imzalar olan sintetik torbadakı cəmi 08 ədəd yaş vəziyyətdə ümumi çəkisi-2100,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5213 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad RİHB-nın Minbaşı KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət məsuliyyəti yaradır. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə Təqsirləndirilən şəxs göstərilən cinayəti əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, özünün etirafedici ifadəsi, şahid ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və ailəyə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə onu cəmiyyətdən təcrid etmədən islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün azadlığın məhdudlaşdırılması cəzasının dörd gününə bərabər tutulub hesablanmaqla, həmin 4 gün təyin olunan cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilərək ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan 8 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini və məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanmasının bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad RPŞ-də saxlanılan 8 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-172/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-172/2024
20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver