Məhkəmə qərarları › İş №1(056)-175/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-175/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-175/2024 05.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1978-cı il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, işləməyən, əvvəllər Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 01 il 05 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarı ilə xx.xx.2023-cü il tarixdə vaxtından 24 gün əvvəl cəzadan şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, Sabirabad şəhəri, Füzuli küçəsi ev 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan, xeyli miqdarda, yəni bir ədəd sellofan bükümdə təmiz çəkisi 13,54 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib, üzərində saxlamış, 15 iyun 2024-cü il tarixdə saat 11:15-də Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Sabirabad rayonu İ.İsgəndərov küçəsində piyada hərəkət edərkən saxlanılaraq RPŞ-yə gətirilmiş, orada saat 11:35-də üzərinə şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan torbada təmiz çəkisi -13,54 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabirabad şəhəri, Füzuli küçəsi ev 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, təxminən 20 ildir ki narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində yerləşən bazar yolunda piyada hərəkət edərkən yol kənarında olan zibil qutusunda olan 01 ədəd sellofan torbanı götürüb, açıb içərisinə baxdıqda, orada narkotik vasitə qurudulmuş marixuana olmasını görmüşdür. Həmin kütləni istifadə etmək məqsədilə götürüb əynində olan şalvarın sağ yan cibinə qoymuş, həmin gün, yəni xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər. Qeyd edilən şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Sabirabad RPŞ-yə dəvət etdikdə polis əməkdaşları ilə razılaşıb polis şöbəsinə getmişdir. Sabirabad RPŞ-də müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulduqdan və vəkillə təmin edildikdən sonra üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ondan üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmişdir. O, üzərində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirib əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan torbada olan kütləni masanın üzərinə qoymuşdur. Həmin sellofan torba açılaraq içərisinə baxış keçirilən zaman yaşıl rəngli, spesifik qoxuya malik, bitki mənşəli kütlə olması müəyyən edilmiş, ondan həmin kütlənin nə olması və kimə məxsus olması soruşulduqda isə kütlənin narkotik vasitə qurudulmuş marixuana olması, xx.xx.2024-cü il tarixdə Sabirabad şəhəri İ.İsgəndərov küçəsində piyada gəzərkən yerdən tapdığını, həmin narkotiki öz şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Sonra aşkar edilmiş bir ədəd sellofanda olan kütlə bir ədəd ağ rəngli kağız zərfin içərisinə qoyulmuş, zərfin üzəri DİN-in 139 nömrəli möhürü ilə möhürləndikdən sonra, o və digər iştirakçılar tərəfindən zərfin üzərinə imza edilmiş və müstəntiq tərəfindən götürülmüşdür. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabirabad RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsindəydir. xx.xx.2024-cü il tarixdə Sabirabad şəhəri ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibinin o və RPŞ-nin PPXB-nın polis nəfəri polis serjantı Şahid2 ibarət olması müəyyən edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs ola biləcəyi yerlər tərəfindən əməliyyat nəzarətinə götürülmüş, xx.xx.2024cü il tarixdə saat 11 radələrində Sabirabad şəhəri İ.İsgəndərov küçəsində Şahid2la xidmətdə olarkən piyada şəkildə hərəkət edən Təqsirləndirilən şəxs görmüşlər. Həmin zaman Təqsirləndirilən şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu Sabirabad RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşaraq Sabirabad RPŞ-yə gəlmiş, orada müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı narkotik vasitə və ya digər əşya və predmet varsa, təqdim etməsi təklif edildikdə sonuncu könüllü olaraq əynindəki şalvarın sağ yan cibindən 1 ədəd sellofon torbanı çıxarıb masanın üzərinə qoymuşdur. Həmin torbanı açıb içərisinə baxış keçirdikdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin özünə məxsus olmasını, xx.xx.2024-cü il tarixdə Sabirabad şəhəri İ.İsgəndərov küçəsində piyada hərəkət edərkən yerdən tapdığını, kütləni özünün şəxsi istifadəsi üçün götürüb üzərində saxlamasını bildirmişdir. Sonra sonuncunun üzərinə tərəfindən baxış keçirilməsinə baxmayaraq əlavə heç bir əşya və ya predmet aşkar edilməmiş, bundan sonra aşkar edilmiş kütlə müstəntiq tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüş, zərfin üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonda şəxsi axtarışla əlaqədar protokol tərtib edilərək ucadan oxunmuş, o və digər iştirakçılar protokola imza edərək doğruluğunu təsdiq etmişlər. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2, digər Şahid1 göstərdiklərinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarında olan 15 iyun 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Cinayət işi materiallarında olan ƏN Məhkəmə Ekspertiza Mərkəzinin X1 məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 18/593 nömrəli ekspert rəyində qeyd olunur ki: tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən ...” sözləri və imzalar yazılmış kağız paketdə 01 ədəd polietilen torba bükümdə təmiz çəkisi 13,54 qram olan bitki mənşəli kütlə - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 5732 nömrəli rəyində qeyd olunur ki: Təqsirləndirilən şəxs kannobinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 01 il 05 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarı ilə xx.xx.2023-cü il tarixdə cəzadan vaxtından 24 gün əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Beləliklə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan marixuananı xeyli miqdarda əldə edib saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, şahidlərin ifadələri, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, baxış keçirilməsi protokolu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Eyni zamanda Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən peşmançılıq hissi keçirməsini və ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı qeyd edir ki, hazırkı cinayəti törədən zaman Təqsirləndirilən şəxs Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından xx.xx.2023-cü il tarixdə azad olunduğu gündən 2 (iki) il müddət keçmədiyinə görə, həmin hökmə əsasən yaranmış məhkumluq CM-nın 83.3.3 və 83.4-cü maddələrinə əsasən ödənilməmişdir. Azərbaycan Respublikası CM-nın 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nın 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası CM-nın 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nın xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq 2 gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq 2 gün həbsdə saxlanılması müddəti ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə-azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin «həbs» qətimkan tədbiri ilə əvəz edilməsini, onun məhkəmə iclas zalından həbsə alınmasını, cəzanın əvvəlinin bu gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmasını, ona narkomaniyadan məcburi müalicə təyin olunaraq, onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 13,52 qram narkotik vasitə qurudulmuş marixuananın məhv edilməsini, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilnsin və ona 1 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək müddətdə şübhəli şəxs qismində tutularaq 02 iki gün həbsdə saxlanılmasının 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 02 (iki) gün ona təyin olunmuş 1 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 49,74 AZN Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad rayon Polis Şöbəsində saxlanılan, ekspetiza tədqiqatından sonrakı qalıq çəkisi 13,52 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar