Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-176/2024 15.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs – mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1998-ci ildə Sabirabad rayonu Qaragüney kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işsiz, Sabirabad rayonu Qaragüney kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, 21 fevral 2024-cü il tarixdə Sabirabad rayonu Qaragüney kəndi ərazisindən keçən X4 Sistemlərinin İstismarı İdarəsinin balansında olan “CK-1” su kanalının mühafizə zolağında yerləşən torpaq sahəsində bitmiş, meşə fonduna daxil olmayan, köküstə, yaş olmaqla, bioloji inkişafda olan, diametri 35 santimetr 350 manat dəyərində, 37 santimetr 400 manat dəyərində və 45 santimetr 650 manat dəyərində olmaqla, ümumilikdə 1400 manat dəyərində 03 ədəd qovaq cinsindən olan ağacları, oduncaq kimi yandırmaq məqsədi ilə motorlu mişarla qanunsuz kəsməklə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə 1400 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onların Sabirabad rayonu Qaragüney kəndində Şirvan-Sabirabad avtomobil yolunun kənarında ailələrinə məxsus 0,40 ha torpaq sahəsi vardır. Onlar təxminən 30 ildir ki, həmin torpaq sahəsini əkib-becərirlər. Həmin torpaq sahəsinin yaxınlığından keçən su arxının üzərində 4 ədəd quru söyüd və 3 ədəd yaş vəziyyətdə qovaq ağacları olmuşdur. Həmin ağaclar orada özləri bitmişdirlər. O, ağacların budaqlarının yaxınlıqdan keçən yüksək gərginlikli elektrik xətlərinə toxunaraq təhlükə yaratdığını görmüş, buna görə də ağacları kəsməyi fikirləşmiş və 21 fevral 2024-cü il tarixdə həmin ağacları motorlu mişarla kəsmişdir. Ağacların odunlarını isə istifadə etmək üçün digər kənddə yaşayan qardaşına vermişdir. Ağacları kəsdikdən bir gün sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin əməkdaşları gələrək onun kəsdiyi ağaclara baxış keçirib 4 ədəd söyüd ağacının quru olduğunu, lakin 3 ədəd qovaq ağacının yaş olduğunu, qovaq ağaclarını kəsdiyinə görə ekologiyaya 1400 manat vurduğunu demişlər və bu barədə akt tərtib edərək getmişlər. Bir neçə gün sonra onu Sabirabad rayon Prokurorluğuna dəvət etmişlər. Orada müstəntiq tərəfindən izahatı alınmış və əgər 1400 manat ziyanı ödəməsə barəsində cinayət işi başlanacağı bildirilmişdir. Onun maddi imkanı olmadığı üçün 1400 manat ziyanı ödəyə bilməmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də o da barəsində ədalətli qərar təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxs – mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2020-ci il tarixdən 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsində aparıcı-məsləhətçi müfəttiş vəzifəsində işləyir. 22 fevral 2024-cü il tarixdə nəzarət tədbirləri zamanı Sabirabad rayonu Qaragüney kəndi ərazisinə baxış keçirərkən Şirvan-Sabirabad avtomobil yolunun sol tərəfində yerləşən torpaq sahəsində qanunsuz ağackəsmə faktı aşkar etmişlər. Həmin vaxt orada 3 ədəd yaş vəziyyətdə qovaq, 4 ədəd quru vəziyyətdə söyüd ağacı olmaqla, ümumilikdə 7 ədəd ağacın qanunsuz kəsildiyini müəyyən etmişlər. Bununla bağlı kənd sakini Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin torpaq sahəsi ailə üzvlərinə məxsus pay torpaq sahəsidir. Qeyd edilən ağacların hər birini, özü motorlu mişarla kəsmiş, buna səbəb ağacların budaqlarının ərazidən keçən elektrik xətlərinə maneə yaratması olmuşdur. Bu barədə tərəflərindən 26 fevral 2024-cü il tarixli, 82963 nömrəli akt tərtib edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yalan danışdığını, ağacların yerləşdiyi ərazinin ailəsinə məxsus olmadığı, ağacları kəsməsi nəticəsində 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 1400 manat ziyan vurduğu məlum olmuşdur. Zərərçəkmiş şəxsin nümayəndəsi olaraq o, mülki iddianın təmin edilməsini xahiş edir, cəza məsələsinə gəldikdə isə məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, X4 Sistemlərinin İstismarı İdarəsində rəis müavini vəzifəsində işləyir. Onların idarəsi su kanallarının təmizlənməsini, təmiri, qazılması və kənd ərazilərinə su verilməsi vəzifələrini həyata keçirir. Hər bir su kanalının özünə məxsus mühafizə zolağı vardır. Həmin mühafizə zolağı idarənin balansındadır. Qeyd olunan mühafizə zolağına kənar şəxslər tərəfindən müdaxilə edilə bilməz. Su kanalının mühafizə zolağında bitən ağac və kol-koslar idarə tərəfindən kanalın təmizlənməsi və ya bərpa edilməsi zamanı zərurət yaranarsa kəsilir və ya çıxarılaraq kanalın üzəri təmizlənir. Sabirabad RPŞ-dən daxil olmuş müraciətdən sonra idarənin mühəndis-texniki işçiləri tərəfindən Sabirabad rayonu Qaragüney kənd sakini Təqsirləndirilən şəxs 3 ədəd qovaq ağacını kəsdiyi əraziyə baxış keçirilmiş və həmin ərazinin idarələrinin balansında olan “CK-1” adı ilə qeydiyyata alınmış su kanalının mühafizə zolağına aid olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs idarəyə məlumat vermədən və heç bir icazə almadan öz təşəbbüsü ilə “CK-1” su kanalının mühafizə zolağında bitən 3 ədəd qovaq ağacını kəsmişdir. İş materillarında olan; 14 mart 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, hadisə yeri Sabirabad rayonunun Qaragüney kəndinin ərazisində Sabirabad-Şirvan avtomobil yolunun kənarında yerləşən su kanalının üzərindəki torpaq sahəsidir. Baxış zamanı su kanalının üzərində bitmiş meşə fonduna daxil olmayan bioloji inkişafda olan 03 ədəd qovaq cinsli ağacın yaş halda kəsilərək məhv edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 82963 №-li akta əlavə edilmiş “X2”-nə əsasən köküstə yaş olmaqla diametri 35 santimetr 350 manat dəyərində, 37 santimetr 400 manat dəyərində və 45 santimetr 650 manat dəyərində olan qovaq ağaclarının qanunsuz kəsilməsi nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 1400 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Qaragüney kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəməyə təqdim edilmiş mülki iddiadan görünür ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs təbiətə dəymiş zərərin əvəzi olaraq 1400 manat pulun tutularaq 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259-cu maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Belə olan halda Təqsirləndirilən şəxs tərəfindən 03 ədəd qovaq cinsli ağacın yaş halda ağacının qanunsuz kəsilib məhv edilməsi nəticəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ümumilikdə vurulan ziyanın məbləği 1400 manat, yəni «xeyli miqdar» təşkil edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan ağacı qanunsuz kəsməklə təbiətə xeyli miqdarda ziyan vurma cinayətlərini törətmələri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, ilk dəfə az ağır cinayət törətməsini, şəxsiyyətinin yaşayış yerindən müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikasının CM-nın 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Həmçinin, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları Sabirabad rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə mülki iddiaya münasibətdə qeyd edir ki, Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının subyektiv hüquqa malik olub-olmamasına hüquqi qiymət verərək qeyd edir ki, “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarı da subyektiv hüquqununu 3 elementin mövcudluğu ilə əlaqələndirmiş, müəyyənləşdirilmiş 3 elementdən ikinci və üçüncüsünün birincinin mövcudluğu ilə əlaqədar olmasını müəyyən etmişdir ki, 1-ci element də öz hərəkətlərinə hüquqi ixtiyarı təşkil edir. Hazırki cinayət iş üzrə məhkəmə araşdırması həyata keçirilərkən də iş materiallarından da görünür ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi zərərçəkmiş şəxs qismində tanınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Təqsirləndirilən şəxs qarşı hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmuşdur. Məhkəmə zərərin əvəzinin ödənilməsinə dair hissə üzrə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktlarının tələbinə görə mülki hüquq pozuntusu törətmiş şəxsin birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin mülki iddiaçının balansında olan ağacları kəsməsi kimi təqsirli hərəkəti mülki iddiaçıya maddi zərər yetirilməsinə səbəb olmuşdur ki, bu hal da yuxarıda qeyd edildiyi kimi, iş materialları ilə öz təsdiqini tapmaqdadır. Tələb edilən zərər məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, hazırda tələb edilən zərər məbləği ziyan aktında göstərilən məbləğlə eynilik təşkil etmiş, ziyan məbləği mütəxəssis rəyinə əsasən hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. İşin araşdırılmış hallarına və istinad olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, mülki iddia təmin olunmaqla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə vurulmuş ziyan hesabına 1400 manat Təqsirləndirilən şəxs tutulub zərəçəkmiş şəxsə ödənilməlidir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nın 347-349, 351-353, 381- 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş ziyanın əvəzində 1400 (bir min dörd yüz) manat məbləğində pul vəsaiti alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-176/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-176/2024
15.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver