Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-177/2024 23.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Sabirabad rayonu Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Qaraqaşlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihama görə, o, özgə əmlakını gizli talamaq məqsədilə 05 iyun 2024-cü il tarixdə saat 02 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs mülkiyyətində olan Sabirabad rayonu Qaraqaşlı kəndində yerləşən ikimərtəbəli ərzaq malları marketinə arxa tərəfdən kiçik ölçülü pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq, marketin birinci mərtəbəsindəki satış piştaxtasının alt hissəsində yerləşən bir ədəd qutudan 272 manat, kassadan isə 200 manat olmaqla ümumilikdə 472 manat nağd pul vəsaitini və piştaxta ilə paralel istiqamətdə yerləşən şüşə qabın içərisinə qoyulmuş 116 ədəd bir manatlıq, 69 ədəd iki manatlıq, 106 ədəd isə üç manatlıq olmaqla ümumilikdə 572 manat dəyərində “Azercell” mobil operatoruna məxsus danışıq kartlarını talayıb Zərərçəkmiş şəxs, ümumilikdə 1044 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Sabirabad rayonu Qaraqaşlı kəndində yaşayır, Zərərçəkmiş şəxs onun qohumu və həmkəndlisidir. O, hadisə baş verən ərəfələrdə onlayn kozino, yəni internet səhifələrində qumar oyunları oynamış və həmin internet səhifələrində oynadığı qumar oyunlarında dəfələrlə pul uduzmuşdur. 2024-cü ilin iyun ayının əvvəllərində internet səhifələrində qumar oynayaraq bütün pulunu uduzmağını fikirləşərək həmin vəziyyətdən çıxmaq üçün yol axtarmış, əvvəlcə borc tapıb yenidən onlayn qumar oyunları oynayıb həmin pulu artırmağı fikirləşsə də, heç kəsin ona borc pul verməyəcəyini bilmişdir. O, son çarə olaraq yaşadığı Sabirabad rayonu Qaraqaşlı kəndində qohumu Zərərçəkmiş şəxs məxsus mağazadan oğurluq etməyi qərara almış, bu məqsədlə xx.xx.2024-cü il tarixdə gecə saat 02 radələrində Sərxoşun mağazasına getmiş, həmin mağazaya tez-tez gəlib alver etdiyi üçün mağazanın ikinci mərtəbəsində kiçik ölçülü pəncərə olması barədə əvvəlcədən məlumatlı olmuşdur. Mağazanın arxa tərəfinə keçib yerdə olan pilləkən ilə mağazanın ikinci mərtəbəsinə qalxıb özü ilə apardığı vintaçanla (otverka) ikinci mərtəbədəki balaca pəncərəni açıb içəriyə daxil olmuş, mağaza daxilində kameralar olduğunu bildiyi üçün dərhal yaxınlıqda vitrində olan xalatı başının üzərinə örtərək üzünü gizlətməyə çalışmışdır. Daha sonra pilləkənlərlə birinci mərtəbəyə düşmüş, orada mağazanın satış piştaxtasının arxa hissəsinə keçmiş və yerə əyilib yeşikdə olan pulları, kassada olan pulları, şüşə qabın içərisində olan sim konturları da götürüb saymadan əynində olan şalvarın ciblərinə qoymuş, bundan sonra dərhal mağazanın daxilində olan pilləkənlərlə binanın ikinci mərtəbəsinə qalxaraq orada üzərindəki xalatı yerə atmış və pəncərədən çıxaraq yenidən pilləkənlərlə aşağıya düşmüşdür. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında kənd ərazisində yerləşən bazara getmiş, orada oğurladığı pulları və danışıq kartlarını saydıqda ümumilikdə 742 manat pul, 116 ədəd 1 manatlıq, 69 ədəd iki manatlıq, 106 ədəd 3 manatlıq danışıq kartları oğurladığını müəyyən etmişdir. Həmin gün oğurladığı pulun bir hissəsini onlayn qumar oyunlarında uduzmuş, pulun yerdə qalan 193 manat hissəsini isə istintaqa təqdim etmişdir. Oğurladığı danışıq kartlarını bir ədəd sellofan torbada yaşadığı çöl sahəsindəki qamışlıq yerdə gizlətmiş, həmin zaman niyyəti bir müddət keçdikdən sonra danışıq kartlarını satıb pul əldə etməkdən ibarət olmuş, xx.xx.2024-cü il tarixdə qeyd edilən danışıq kartlarını istintaqa təqdim etmişdir. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törədir. Ailəlidir və himayəsində bir azyaşlı uşağı vardır. Ailəsinə yeganə qazanc gətirən şəxs odur. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmişdir və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Göstərdiyi halların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəməyə ərizə ilə müraciət edən Zərərçəkmiş şəxs ərizəsində göstərmişdir ki, təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı ödəmişdir. Gələcəkdə ona qarşı şikayət və tələbi olmayacaqdır. İstintaqa vermiş olduğu və məhkəmə iclası zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində görünür ki, o,Sabirabad rayonu Qaraqaşlı kəndində yaşayır, həmin kəndin mərkəz hissəsində ona məxsus market vardır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında hər gün olduğu kimi marketin qapısını açıb içəriyə daxil olmuş, satış piştaxtasının arxa hissəsinə keçib təmizlik işləri ilə məşğul olan zaman bir neçə ədəd mobil telefon üçün danışıq kartlarının yerdə olmasını görmüşdür. O, mağazadan oğurluq olmasından şübhə edərək kassaya, kassanın yanında qutuda olan pullara və şüşə qabın içərisində olan pullara baxdıqda kassada olan 200 manat, qutuda olan 272 manat pulun, eləcə də şüşə qabda olan 116 ədəd bir manatlıq, 69 ədəd iki manatlıq, 106 ədəd isə üç manatlıq danışıq konturlarının olmamasını müəyyən etmişdir. Mağazanın yerləşdiyi binanın ikinci mərtəbəsində qalxdıqda orada vitrində olan paltarlardan bir ədəd qadın üçün olan xalatın yerə atıldığını, eləcə də kiçik ölçülü pəncərənin açıq olmasını gördükdə oğurluq olmasını dəqiqləşdirmiş və Sabirabad RPŞ-yə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları mağazaya baxış keçirdikdə o, mağazada təhlükəsizlik kamerası olduğunu bildirmiş və həmin kameraya polis əməkdaşları baxış keçirmişlər. Hadisə baş verərkən keçirdiyi həyəcan və stresdən ilkin ərizəsində mağazadan 1150 manat dəyərində nağd pul və 970 manat dəyərində danışıq konturlarının oğurlanmasını bildirmiş, lakin həmin gün yenidən hesablama apararkən mağazadan dəqiq olaraq 472 manat məbləğində nağd pul və 572 manat dəyərində danışıq kartlarının oğurlanmasını müəyyən etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı var. Sabirabad RİHB-nin Quruzma kənd İƏD-nin nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın növünü və həddini müəyyən edərkən, himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən, törədiyi cinayət əməlini etiraf etməklə əməlindən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət əməli törətməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Bundan əlavə, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus mağazadan oğurlanmış 193 manat məbləğində nağd pul, 116 ədəd bir manatlıq, 69 ədəd iki manatlıq və 106 ədəd üç manatlıq danışıq kartlarının Zərərçəkmiş şəxs geri qaytarılması, həmçinin iş üzrə məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nın 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) günün bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək və yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus mağazadan oğurlanmış 193 manat məbləğində nağd pul, 116 ədəd bir manatlıq, 69 ədəd iki manatlıq və 106 ədəd üç manatlıq danışıq kartlarının Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-177/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-177/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver